Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-695/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-ci il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Qaradağ Rayon Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 180.1-ci maddələri ilə cinayət işi baxılma mərhələsində olduğu halda, təkrarən tamah niyyəti ilə 20 dekabr 2024-cü il tarixdə xalası Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsində yerləşən fərdi evdə qonaq olarkən evin qonaq otağından sonuncunun 01 ədəd 2930 manat dəyərində “Samsung Galaxy S24” markalı mobil telefonunu, həmin telefonun üzərində olan 9 manat dəyərində ***-***-**-** saylı və 5 manat dəyərində olan ***-***-**-** saylı telefon nömrəllərini və 01 ədəd 100 manat dəyərində olan kaburanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3044 manat ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xalası Seyranənin Abşeron rayonu Xırdalan şəhəri, H.Zeynalabdin küçəsində yaşadığı evə qonaq kimi gəlib axşam orada qalaraq, qonaq otağında xalası ona yer salmış və orada yatmışdır. xx.xx.2024-cü il tarixdə yerdən durmuş və pulu olmadığı üçün yatdığı qonağ otağında masanın üstündə xalasına məxsus olan “Samsung S24 ultra” maraklı telefonu oğurayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə orada qonaq otağında masanın üstündə olan mobil telefonu götürüb cibinə qoyub evi tərk etmişdir. Bakı şəhərinə 20 yanvar metrostansiyasının yaxınlığına gəlib orada telfonların təmiri və satışı ilə məşqul olan əvvəllər tanımadığı şəxsə yaxınlaşıb telefonu göstərmiş və öz telefonu olduğunu və satmaq istəməsini demişdir. Telefon alan şəxs şəxsiyyət vəsiqəsini istəmiş və şəxsiyyət vəsiqəsini həmin şəxsə vermiş və o, vəsiqənin surətini çıxartmışdır. Əvəlcə telefonu həmin şəxsə 1200 manata satmaq isdədiyini bildirmiş, lakin həmin şəxs baha olduğunu deməklə 950 manata razılaşaraq telefonu 950 manata satmışdır. Həmin şəxsdən 950 manat alaraq telefonu ona vermişdir. Aradan az bir zaman keçəndən sonra xalası Seyranə zəng etmiş və telefonu geri qaytarmasını dedikdə, ona telefonu satdığını və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəməsini, həmçinin əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvana qonaq kimi gəlmiş 18 yaşlı bacısı oğlu Təqsirləndirilən şəxs onlara gələrək qonaq kimi axşam orda qalmışdır. xx.xx.2024-cü il tarixdə evdə olduğları zaman saat 17 radələrində hamam otağına daxil olmuş, və Məhəmmədin evdə olmadığını görmüş və evdə olan övladlarından Məhəmmədin harada olmasını soruşanda onlar Məhəmmədin siqaret almaq üçün mağazaya getdiyini bildirmişdir. Bundan sonra qonaq otağında masanın üzərində olan 1 sentyabr 2024-cü il tarixdə “İrsad Electronics” mağazasından kreditlə aldığı “Samsung S24 Ultra” markalı **********46188 İMEİ, F0051BCFBE75 MAC kodlu 2930 manat dəyərində mobil telefonunun və telefonun üzərində olan 100 manat dəyərində kobronun yerində olmadığını müəyyən etmişdir. Daha sonra həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəyə digər telefonla zəng etdikdə zəngin açılıb söndürülmüşdür. xx.xx.2024-cü il tarixdə Məhəmmədlə əlaqə saxlayan zaman o, telefonu “Neftçilər” metrostansiyası yaxınlığında satdığını bildirmişdir. 2930 manata xx.xx.2024-cü il tarixdə aldığı “Samsung S24 Ultra” markalı mobil telefonu, telefonun üzərində olan 100 manat dəyərində kobronu və ***-***-**-** saylı və 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəllərini Məhəmməd oğurlamaqla ona ümumilikdə 3044 (üç min qırx dörd) manat maddi ziyan vurmuş, telefon nömrəllərinin balansında hər hansı məbləğdə kontur olmamışdır. Təqsirləndirilən şəxslə barışmışlar,ona olan ziyan ödənilmişdir, ona qarşı hər hansı tələbi, həmçinin şikayəti yoxdur, odur ki, təqsirləndirilən şəxsin tutulmamasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon satışı və alışı ilə məşğul olan dükanda satıcı işləyir.xx.xx.2024-cü il tarixdə saat 18 radəllərində özünü Məhəmməd kimi təqdim edən şəxs dükana gələrək “Samsunq S24 ultra” markalı mobil telefonu 1200 manata satmaq istədiyini bildirmişdir.Həmin telefonu 950 manata ala biləcəyini dedikdə o, razılaşmış və ondan şəxsiyyət vəsiqəsini alaraq surətini çıxarmış və telefonu alaraq həmin şəxsə 950 manat pul ödəmişdir. Həmin telefonu təxminən 10-gündən sonra “Tap.az” sayıtında elan yerləşdirib 1050 manata tanımadığı şəxsə satmışdır. Həmin telefonun üzrəində telefon nömrəsi və ya kobrosu olmamış, həmin telefonun oğurluq olmasını bilməmiş və telefonu satdığı şəxsi tanımır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə, saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Abid qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli, 9/10709 saylı rəyindən görünür ki, 01 ədəd “Samsung S24 Ultra” markalı, 2024-ci il istehsalı olan, təmirdə olmamış, hər hansı nasazlıq və ya zədəsi olmayan, saz vəziyyətdə olan mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1630,00 manat 02 ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə (dublikat) 8,00 manat müəyyən edilir. Həmin mobil telefonun üzərində olan kobro təqdim edilmədiyindən və haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadıgı göstərilmişdir.Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən Həmin Məcəllənin 177.2.2-ci maddəsiə tövsif edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 yanvar 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini ehtiva edir. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi habelə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmədə müəyyən olunur ki, ibtidai istintaq zamanı fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. 10 mart 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla təqsirləndirilən şəxsin Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə cinayət işi baxılma mərhələsində olduğu halda hazırki cinayət hadisəsi üzrə təkrarən oğurluq cinayəti törətdiyinə görə onun əməli “təkrarçılıq” yaratdığı üçün cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən 177.2.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki,əgər Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin icraatında olan işin yekunlaşmağını gözləyərək qərar çıxarılarsa,bu təqsirləndirilən şəxsin işinə ağlabatan müddətdə baxılmasına əngəl törədə bilər, eyni zamanda Qaradağ Rayon Məhkəməsinin icraatında olan iş üzrə ittihamedici və bəraətverici hökmlərin çıxarılmasından asılı olmayaraq, yekunda şəxsin əməli yenə CM-in 177.1-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxsin əməli CM-in 177.2.2-ci maddəsindən 177.1-ci maddəsinə tövsif edilməlidir, ona görə ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təkrarçılıq ittihamı verilmiş cinayətlə əlaqədar Bakı şəhər Qaradağ Rayon Məhkəməsində mühakimə edilməkdədir, belə olan halda təqsirləndirilən şəxsə 177.2.2- ci maddə ilə təqsirli bilinib cəza verilməsi heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz prinsipinin və heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz prinsipinin pozulması olar. Eyni zamanda təqsirləndirilən şəxsin ittiham olunduğu Bakı şəhər Qaradağ Rayon Məhkəməsində baxılan cinayət işi üzrə təqsirli olub-olmadığını da müəyyən etmək mümkün deyildir. Belə ki, hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi hazırki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən qiymətləndirilə bilməz. Ona görə də, ona elan edilmiş ittiham üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Lənkəran rayonu, Girdəni kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 12/2025 saylı cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Lənkəran rayonu, Girdəni kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Lənkəran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)- 12/2025 saylı cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-695/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-695/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver