Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-699/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid2, müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natama orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvvəllüdlü Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “AL” marketin yaxınlığında həmkəndlisi yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X2 ilə görüşüb sonuncunun onu ad gününə dəvət etməməsi səbəbindən mübahisə yaradaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq ictimai yerdə heç bir əsaslı səbəb olmadan şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək üzrəində gəzdirdiyi silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs qəsdən 2 dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd, sağ dirsək büküşü nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Rafiq oğlunu bir neçə ildir tanıyır, lakin onunla heç bir əlaqəsi olmayıb. 17 avqust 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Abşeron rayonu Masazır qəsəbsində Səid adlı dostu ona Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Rafiq oğlunun onu söydüyünü xəbər vermişdir. Ona görə də Səiddən Eminin mobil telefon nömrəsini almış və Eminə zəng edərək onun arxasınca söyüş söydüyü üçün onunla görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs yaşadıqları Masazır qəsəbəsindəki “AL” marketin yanında onu gözləyəcəyini demiş, Emin isə buna etiraz etməmişdir. Orada Emini gözlədiyi vaxt yoldan keçən Polad adında tanışı onu görmüş və yanına gəlib onunla görüşərək evinə tərəf getmişdir. Emin gəlib onunla görüşdükdə artıq 18 avqust 2022-ci il, saat 02 radələri olmuşdur. Eminə, onu arxasınca söydüyünü eşitdiyini dedikdə, Emin onu arxasınca söyməsini etiraf etmişdir. Ona görə də aralarında mübahisə başlamış və mübahisə zamanı əynindəki şalvarının kəmərinin arxa-bel hissəsinə taxdığı bıçağı çıxardıb açmış və bıçaqla Emini vurduqda bıçaq Eminin qolunun altından, vurduğu ikinci bıçaq zərbəsi isə Eminin dirsək nahiyyəsindən dəymişdir. Emin ona “bağışla üzr istəyirəm” dedikdən sonra hərəkətlərini dayandırmış və oradan uzaqlaşıb, yaşadığı evə getmişdir. Evinə piyada gedərkən, valideyinləri onda bıçağı görməməsi üçün xatırlamadığı yerdə bıçağı tullamışdır. Bir neçə gündən sonra Eminin anası tərəfindən onun barəsində polisə şikayət etdiyini eşitmişdir. Hadisədən əvvəl yanında olan Səid və Polad adlı dostları hadisəni görməmiş, onun bıçaqla Emini vuracağını bilməmişlər. Hadisəni heç kəs görməmiş, onlara mübahisə zamanı heç kəs yaxınlaşmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan kimi 1500 manat məbləğində pul ödənildiyinə görə zərəçəkmiş şəxs şikayətini geri götürmüşdür. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi məhkəmə baxışı zamanı fikirlərini dəyişərək ondan şikayətçi olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşuluqlarında yaşayan Təqsirləndirilən şəxs qonşu kimi, bir neçə ildir tanıyır, aralarında heç bir narazılıq olmamışdır, rastlaşdıqda sadəcə salamlaşmışlar. Son iki ildir ki, Vəlini ümumiyyətlə görmür. 17 avqust 2022-ci il tarixdə ad gününü yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, “Tufan” marketin yaxınlığında yerləşən, adını bilmədiyi kafedə Fərid və Amin adlı dostları ilə qeyd etmiş, saat 23 radələrində birlikdə kafedən çıxaraq, evlərinə getmişlər. Evdə olduğu vaxt Vəli ona “Whatsapp” tətbiqi vasitəsilə onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Vəliyə cavabında indi gecdir, sabah görüşəcəyini bildirdikdə, Vəli ona indi görüşməyi tələb edərək, ortaya söyüş qoymuşdur. O, isə Vəlinin tələb etdiyi yaşayış olan yerdən kənar yerə gedə bilməyəci, öz küçələrində görüşə biləcəyini bildirmişdir. Ona görə də Vəlinin dediyi Masazır qəsəbəsində, evlərinin yaxınlığında yerləşən “AL” marketin yaxınlığına onunla görüşməyə getmişdir. Beləliklə, Vəli ilə 18 avqust 2022-ci il, saat 02 radələrində görüşmüşdür. Vəli ilə görüşə tək getmişdir. Vəlinin yanında isə onunla təxminən eyni yaşda olan tanımadığı 2 nəfər oğlanı görmüşdür. Vəli yanındakı həmin oğlanlara “siz gedin, bizim söhbətimiz var” dedikdən sonra həmin oğlanlar oradan uzaqlaşaraq getmişlər. Vəli qəfildən onun sifətinin sağ nahiyyəsindən yumruqla 1 dəfə vurduqdan sonra, bel tərəfindən çıxartdığı bıçaqla ona vurduğu zərbələrdən sağ qolunun bilək nahiyyəsindən və sol qolunun altından xəsarət almışdır. Vəli onun xəsarət aldığını gördükdə qaçıb getmiş və bıçağı özü ilə aparmışdır. Oradan evinə getmişdir. Anası səhər onun üstündə qan ləkələrin gördükdə, hadisə barədə ona demişdir. Hadisəni heç kəs görməmiş və və hadisə yerinə heç kəs yaxınlaşmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə barışıq versələr də hazırda şikayətçidirlər. Məhkəmə iclasında zərərçəkənin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda oğlu Zərərçəkmiş şəxs, kiçik oğlu Qiyas və anası Şahid4 ilə birlikdə yaşayır. Həyat yoldaşı Raqif 2010-cu ildə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində anası Məhbubə onu yuxudan oyadaraq Eminin qolunun qanlı olduğunu demişdir. Səhər açıldıqda Emindən nə hadisə baş verdiyini soruşduqda Emin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu demişdir. Olunun deməsinə görə xx.xx.2022-ci il tarixdə doğum gününü dostları Fərid və Amillə birlikdə kafedə qeyd etdiyini gecə vaxtı eşidən Vəli, oğlu Eminə votsapp vasitəsilə onu niyə ad gününə dəvət etmədiyini soruşmuş, Emin ona “sənin olmağını istəmirəm” demişdir. Vəli bundan sonra Emini görüşə çağırdıqda, Emin sabah görüşərik demişdir. X8 məcbur edərək çölə çağırmışdır. Ona görə Emin çölə çıxaraq Vəli ilə evlərindən bir qədər aralıda görüşüb söhbət etdikləri vaxt, Vəli yumruqla Eminin sifətinə bir dəfə vurmuş, sonra bıçaqla Eminin sağ qoluna və sol kürək nahiyyəsinə zərbə vuraraq, xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində oğlu Təqsirləndirilən şəxs Masazır qəsəbəsində Emin adlı oğlanı bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmiş, hadisə barədə oğlu Vəlidən soruşduqda Vəli, Emin onu söydüyünə görə bıçaqla vurduğunu etiraf etmişdir. Eminin anası Günay hadisə barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə onlardan xəbərsiz müraciət etmişdir. Emin və onun valideyinləri ilə barışıq etmək üçün xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində əri Asəf, oğlu Vəli, baldızı X3, qaynı X4 ilə birlikdə onların yaşadıqları Masazır qəsəbəsindəki evlərinə getmiş, onları Eminin nənəsi Məhbubə və anası Günay qarşılayıb evə dəvət etmişlər. Evdə oturub söhbət etdikləri zaman oğlu Vəli, Məhbubənin nəvəsi Emin ilə barışıb görüşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda qızı Şahid1 və onun yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 18 avqust 2022-ci il tarixdə gecə vaxtı Şahid2 oğlu Vəli, onun nəvəsi Emini bıçaqla vuraraq xəsarət yetirmişdir. O, Eminin çölə çıxdığını gördükdə küçəyə çıxaraq Emini geri çağırmışdır. Həmin vaxt Eminin yanında bir nəfərin olduğunu görmüşdür. Emin isə ona bildirmişdir ki, qayıdacaq. Daha sonra o, evə daxil olmuşdur. Emin evə gəldikdə məlum olmuşdur ki, Vəli ona bıçaqla xəsarət yetirmişdir. Eminin anası Günay hadisə barədə həmin tarixdə ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində evdə olduqları vaxt nəvəsi Emini bıçaqla vuran Vəli, atası Şahid2, anası Haciyeva Mehriban, əmisi Asif və onların bacısı X3 barışıq üçün onların evinə gəlmişlər. İşin materiallarında olan “MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1923 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs olan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşin materiallarında olan“MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1934 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Rafiq oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd, sağ dirsək büküşü nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası- iti, kəsici-deşici alətin(lərin) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar işin məhkəmə baxışında sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə təklikdə söhbət etmək istəmiş, onunla söhbətini ümumiyyətlə heç kəsin eşitməsini və onların söhbətinə heç kəsin müdaxilə etməsini istəməmişdir. Bunun üçün də zərərçəkmiş şəxsi heçkim olmayan yerə dəvət etmiş, lakin zərərçəkmiş şəxsin təkidindən sonra isə zərərçəkmiş şəxsin yaşadığı küçədə18 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “AL” marketin yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs özü yanlarında olan iki nəfər tanışını oradan uzaqlaşdırmışdır. Hadisənin isə ümumiyyətlə şahidi olmamış, münaqişə zamanı onlara yaxınlaşan, küçəyə çıxan olmamışdır.Market isə həmin vaxt bağlı olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, hesab etdi ki, Vəlini ad gününə dəvət etmədiyinə görə Vəli onunla söhbət etmək istəyir. Ancaq mübahisə zamanı Vəli onun sonuncuya qarşı söyüş işlətdiyini irad tutmuşdur. Vəlinin zərərçəkmiş şəxsə ad gününə dəvət edilməməklə bağlı bir fikir bildirməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bu hallar isə onu göstərir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mübahisə şəxsi münasibətlər zəminində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, mübahisə gecə vaxtı olmuş, mübahisə hər hansı şəxsi narahat etməmiş, mübahisəni görən, mübahisənin baş verdiyi yerdə toplaşan, mübahisədən narahatlıq keçirən şəxslər müəyyən edilməmişdir. Mübahisə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik etməsini və ictimai qaydanı pozmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməsi tərəflər arasında münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz.Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun düzgün olmayan hərəkət kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128ci maddəsi ilə də tövsif olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “hər kəsin gözü qarşısında” zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi bıçaqla vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin şahidi olmayan ümumi tanışları ilə (şahid) məhdudlaşdırmış, həmin “hər kəs”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, ittihamda istinad olunan silah qismində istifadə olunan bıçaq da maddi sübut kimi götürülməmiş, onun əlamətlərini göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Eyni zamanda, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində baş verdiyindən Abşeron rayonu, Masazır kəndindəki AL marketin yaxınlığında ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, hansısa narahatçılığa səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan habelə Təqsirləndirilən şəxs tərəfindən bıçaq və ya digər əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən, həm də zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən əməl törətməsi, yetkinlik yaşına çatmayan şəxs olması əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair əməli CM-nin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-699/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-699/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver