Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-7/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.04.2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt avtomobil yolunda yerləşən «Riyad» ticarət mərkəzinin yaxınlığındakı ərazidə özünə məxsus Hyundai Elantra markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirən zaman Zərərçəkmiş şəxs idarə etdiyi “London Taxsi» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmasına sonuncunun irad bildirməsini cüzi səbəb gətirərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə növbətçi hissənin iş rejimini pozmuş və Zərərçəkmiş şəxs heç bir səbəb olmadan nəlayiq söyüşlərlə söyüb təhqir edərək onun sifət nahiyəsindən ardıcıl yumruqzərbələri ilə vurmuş və ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sağ gözündə görmə itiliyinin zəifləməsi ilə nəticələnən sağ gözətrafı yumşaq toxumaların, sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə əhatə olunmaqla qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hyundai Elantra markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 01.04.2020-ci il tarixdə saat təxminən 17 radələrində tanışı Şahid ilə birlikdə Sumqayıt-Bakı şosse yolunun Bakı şəhəri istiqamətində, Vaz-ın dairəsindən üzü Masazır qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Bu zaman karantin postu olduğu üçün yol sıxlıq olmuş, bu zaman arxada adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi «London Taksi» **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Qəzənfər adlı şəxsə əli ilə işarə etmişdir ki, avtomobilini arxaya hərəkət etdirsin. Bu zaman Qəzənfər ona demişdir ki, o, avtomobili arxaya hərəkət etdirdikdə onun avtomobilinə toxunmuşdur. Həmçinin Qəzənfərə bununla bağlı iradını da bildirmiş və sonra avtomobilindən düşmüş, sonuncuya avtomobilini arxaya hərəkət etdirməməsinə görə irad bildirmiş, bu zaman Qəzənfərin onun üstünə gəlməsini görüb əli ilə Qəzənfərin sifətindən arxaya doğru itələmiş, bu anda Qəzənfər avtomobilinə əyləşib çıxıb getmişdir. Sonradan Qəzənfərin onun barəsində Abşeron rayon polis idarəsinə şikayət etməsi barədə məlumat almışdır. Əlavə olaraq göstərmişdir ki, hadisə zamanı yalnız əli ilə Qəzənfərin sifətindən arxaya doğru itələmiş, sonuncuya başqa xəsarətlər yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış və əməlindən səmimi peşmandır. Həmçinin, onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını istəyir, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, taksi fəlaiyyəti ilə məşğul olur, «London Taxsi» **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobillə sərnişinləri Bakı şəhəri və Abşeron rayonu üzrə müvafiq yerlərə çatıraraq ailəsini dolandırır. 01.04.2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “London taksi” markalı avtomobili ilə Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt Bakı istiqamətində Riyad ticarət mərkəzinin qarşısı ilə hərəkət etmiş, bu zaman yol tixac olduğu üçün avtomobillər dayanmış, həmin vaxtı ondan qarşıda Hyunday Elantra markalı **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, bu zaman həmin avtomobil arxaya doğru hərəkət edərək onun avtomobilinin qarşı hissəsinə toxunmuş, bu zaman adının sonradan Mənsur olduğunu bildiyi sürücüyə irad bildirmiş ki, nəyə görə arxaya baxmırsan və onun avtomobilinə toxunursan. Onun bu sözündən sonra Mənsur avtomobildən düşərək onun yanma gəlmiş, o, yenidən sonuncuya iradını bildirdikdə sürücü Mənsur onu nəlayiq ifadələrlə söyüb təhqir etməyə başlamış, bu zaman o, avtomobilindən düşüb onu nə səbəbə söyməsini dedikdə sürücü Mənsur heç bir əsas olmadan onun sağ sifət nahiyyəsindən bir neçə dəfə ardıcıl yumruq zərbələri ilə vurmuş, həmin vaxtı Mənsurun avtomobilində sərnişin kimi əyləşmiş adını sonradan bildiyi Yusif adlı şəxs maşından düşərək onlara yaxınlaşmış və Mənsuru ondan aralaşdırıb avtomobilə əyləşdirmiş və çıxıb getmişlər. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş və sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Əlavə olaraq göstərmişdir ki, onların arasında olan mübahisə təxminən 5 - 10 dəqiqə davam etmiş, həmin vaxtı sıxlıq olduğu üçün digər avtomobillərin sürücüləri də onların mübahisəsinə gəlmiş, lakin onların heç birini tanımır, belə ki, yumruq zərbələrindən sonra huşu özündə olmamışdır. Mənsurun idarə etdiyi Hyunday Elnarta markalı avtomobil arxaarxaya hərəkət etdikdə onun avtomobilinə toxunsa da, avtomobilə hər hansı miqdarda maddi ziyan dəyməmiş, hadisə zamanı sürücü Mənsurun yanında olmuş şəxs tərəfindən ona hər hansı formada təzyiq edilməmiş və onu döyməmişdir. Eyni zamanda hadisə vaxtı o, nə Mənsura və nə də ki, Yusifə xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və AR-sı DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru vəzifəsinə işləyir. 14 sentyabr 2020-ci il tarixdə, saat 14 radələrində YPX-nin inspektoru X2 ilə Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətdə olarkən “VAZ-21214 minik” markalı, 66BX106 dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşələrində görməni məhdudlaşdıran örtük olduğu tərəfindən aşkar edildiyi üçün həmin avtomobil tərəfindən saxlanılmışdır. Həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edib və sürücüyə saxlama səbəbini izah etdikdən sonra sənədlərin təqdim etməsini tələb etmişlər. Sürücü sənədlərini təqdim etdikdən sonra sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitdiyini aşkar etmişlər. Onlar sürücüdən digər sənədlərini gətirməsini tələb etdikdə, sürücü avtomobilə yaxınlaşıb digər sənədləri gətirməyə getmişdir. Bu zaman həmin sürücünün avtomobildən uzaqlaşaraq həmin ərazidən qaçdığını görmüşlər. Onlar avtomobili cərimə meydançasına aparmaq üçün avtomobilə yaxınlaşanda avtomobilin sürətlər qutusunun yanında beşbarmaq adlanan əşya, mətbəx bıçağı və bir ədəd “TT” markalı tapançaya oxşar tapança olduğunu görmüşlər. Ona görə də onlar X8 məlumat verərək bu barədə raportla müraciət etmişlər. Ondan sonra təhqiqatçı və hal-şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirilərək aşkar edilmiş həmin əşyalar təhqiqatçı tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər.Məlum olmuşdur ki, həmin avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs adlı şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərilmişdir ki, X4 dostudur və onunla münasibətləri bir dost kimi həmişə normal olmuşdur. 01 aprel 2020-ci il tarixdə saat 17 radələrində Mansura məxsus olan Hyundai Elanrta markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt Bakı şosse yolu ilə Vaz-ın dairəsinə gəlmiş, orada «Təşəbbüs» restoranının qarşısında karantinlə bağlı sıxlıq olduğu üçün Mənsur maşını arxaya doğru hərəkət etdirmək istədikdə arxada saxlanılmış London Taksi markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adının Zərərçəkmiş şəxs olduğu kimi bildiyi şəxs qışqıraraq «korsunuz» demiş, həmin vaxtı Mənsur avtomobildən yerə düşmüş, avtomobilə baxdıqda Mənsurun idarə etdiyi avtomobilin Qəzənfərin avtomobilinə dəymədiyini görmüş, bundan sonra Mənsur Qəzənfərə «rədd ol çıx get» demiş, həmin vaxtı sonuncu ilə Mənsur arasında mübahisə olduğu üçün sonuncu Qəzənfərin sifət nahiyyəsindən bir dəfə yumruq ilə vurmuş, həmin anda o, maşından düşüb Mənsura yaxınlaşmış və avtomobilə əyləşdirdikdən sonra oradan çıxıb getmişlər. Əlavə olaraq göstərmişdir ki, hadisə ani olaraq baş vermiş, həmin vaxtı onun tərəfindən Qəzənfərə hər hansı formada təzyiq edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə - tibbi ekspertizasının 08.04.2020-ci 1 tarixli, 652 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün ağlı qişasına qansızına ilə müşayiət olunan və sağ gözündə görmə itiliyinin zəifləməsi ilə nəticələnən sağ gözətrafı yumşaq toxumaların - sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə əhatə olunmaqla qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası - bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 01.04.2020-ci il tarixdə dava dalaş zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr-icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müddət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş müdafiəçi X3 Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-7/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-7/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver