Məhkəmə qərarları › İş №1(012)-70/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-70/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-70/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə, 06 avqust 1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən əsassız azad olunması ilə bağlı vəkil vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkmədə qərar qəbul etdirməklə əvvəlki vəzifəsinə bərpa edirəcyini yalan vəd verib aldatmaqla xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxsdən 2000 (iki min) manat, sonuncunun bacısı X3 məxsus “**********464272” nömərli “Leoban”a aid kart hesabından mobil tətbiq vasitəsi ilə ona məxsus “**********737961” nömrəli “Leobank”a aid kart hesabına mobil tətbiq vasitəsi ilə köçürmə yolu ilə xx.xx.2023-cü il tarixdə saat 13:55-də göndərilən 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:13-də göndərilən 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:36-da göndərilən 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında verilən 3000 (üç min) manat, ümumilikdə 10000 (on min) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxsə 10000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, , barəsində şikayət etmiş olan Zərərçəkmiş şəxs sonuncunun bacısı Şahid2 vasitəsi ilə tanımışdır. Həmin vaxtlar o, Kristal ünvan 4 ünvanında kirayə yaşamışdır. Arzu ilə tanış olduğu zaman mənzilin özünə aid olmasını bildirmişdir. Belə ki, Arzu ilə tanış olaraq ünsiyyət qurduqdan sonra sonuncu ona 2002-ci ildən 2022-ci ilə qədər Bakı şəhərində yerləşən 149 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işlədiyini bildirmişdir. Lakin 2022-ci ildə Təhsil Nazirliyinin əmri ilə əsassız olaraq işdən azad edildiyini və işdən azad edilməyi ilə bağlı müxtəlif Məhkəmə İnstansiyalarına müraciət etdiyini söyləmişdir. Xeyrinə qərar çıxarılsa da, Apelyasiya məhkəməsi tərəfindən həmin qərarən ləğv edildiyini və bu barədə Ali Məhkəməyə müraciət etsə də, Ali Məhkəmənin Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladığını ona bildirmişdir. O, Arzunu dinlədikdən sonra Cavanşir adlı tanış vəkilinin olduğunu, həmin vəkilin vasitəsi ilə yenidən bu işlə məşğul olaraq xeyrinə qərar çıxartdıra biləcəyini söyləmişdir. O, bu barədə həmin vəkil kimi tanıdığı Cavanşir adlı şəxslə bu barədə danışmış və Cavanşir bu işlə məşğul olmaq üçün 5000 manat pul istəmişdir. O da, bu barədə Arzuya demişdir. Arzu onunla razılaşmış və həmin pulu ona hissə-hissə verəcəyini bildirmişdir. Arzu ona məxsus “**********737961” nömrəli “Leobank”a məxsus bank kart hesabıma xx.xx.2023-cü il tarixdə saat 13:55-də 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:13-də 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:36-da 2000 (iki) min manat pul göndərmişdir. Bununlada o, Arzudan məhkəmədə xeyrinə qərar çıxarılacağı adı ilə ümumilkdə 5000 ( beş min) manat pul almış və həmin pulu Cavanşirə vermişdir. Lakin Cavanşir işi həll edə bilmədiyi üçün pulu ona geri qaytarmış, həmin vaxtlarda isə pula ehtiyacı olduğu üçün həmin 5000 manat pulu öz şəxsi işlərinə sərf etmişdir. Bunun üçün də Arzunun pulunu qaytara bilməmişdir. Əlavə olaraq Cavanşir adlı şəxsi vəkil kimi tanıdığını, lakin həmin şəxsin anket məlumatları və mobil nömrəsini bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ildən 2022-ci ilə qədər Bakı şəhərində yerləşən 149 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmiş və 2022-ci ildə Təhsil Nazirliyinin əmri ilə əsassız olaraq işdən azad edilmişdir. O, işdən azad edilməyi ilə bağlı müxtəlif Məhkəmə İnstansiyalarına müraciət etdikdən sonra xeyrinə qərar çıxarılsa da, Apelyasiya məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş və o, bu barədə Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Şikayət ərizəsi ilə bağlı bildirmişdir ki, özünü onlara “Denis” adı ilə tanıtmış, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsi 2023-cü ilin iyul ayının ortalarında bacısı Xuraman Mövsumovanın vasitəsi ilə tanımışdır və Təqsirləndirilən şəxs Kristal ünvan 4 ünvanında yaşadığını bildirmişdir. O, Samirə ilə tanış olan zaman sonuncu həmin mənzilin özünə məxsus olmasını bildirmişdir. Sonradan isə Samirənin həmin ünvanda kirayə yaşadığını öyrənmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə ünsiyyətdə olduqdan sonra sonuncu bildirmişdir ki, məhkəmələrdə onun xeyrinə qərar çıxarılmasına köməklik edə bilər. O, Samirədən bu işi kimin görəcəyini soruşduqda bildirmişdir ki, Cavanşir adlı vəkilin köməkliyi ilə bu iş həll olunacaq. O, Samirəyə Cavanşir ilə onu görüşdürməsini dedikdə Samirə bildirmişdir ki, işə başlayanda həmin şəxslə onu görüşdürəcək. Samirə ona demişdir ki, vəkillə danışdıqdan sonra işin həlli üçün nə qədər pul lazım olduğunu ona deyəcək. 2023-cü ilin iyul ayının ortalarında Samirə ilə yaşadığı ünvan 3 ünvanında görüşmüşdür. Samirə ona işin həlli üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. O da, Samirəyə həmin pulu bir neçə dəfəyə verə biləcəyini bildirmişdir. Samirə də cavabında bildirmişdir ki, bir neçə dəfəyə versə də, pulu vəkilə tam çatdığında işə başlayacaq. O da, Samirə ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə qızıllarını “Gran Kredit”-nin Xırdalan filalına qoyaraq oradan 12 ay müddətində 2100 manat pul götürmüş və həmin günü ünvan 3 ünvanda Samirə ilə görüşüb 2000 manat pulu ona vermişdir. Bundan başqa eyni məqsədlə bacısı X3 məxsus “**********464272” nömrəli “Leobank”a məxsus bank kart hesabından mobil tətbiq vasitəsi ilə Samirənin ona verdiyi “**********737961” nömrəli “Leobank”a məxsus bank kart hesabına xx.xx.2023-cü il tarixdə saat 13:55-də 2000 (iki min) manat pul göndərmişdir. Bundan başqa eyni məqsədlə xx.xx.2023-cü il tarixdə saat 15:13-də 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:36-da 2000 (iki) min manat pulu Samirənin ona verdiyi “**********737961” nömrəli “Leobank”a məxsus bank kart hesabına göndərmişdir.Bundan başqa eyni məqsədlə xx.xx.2023-cü il tarixdə qızıllarını “Gran Kredit”-nin Xırdalan filalına qoyaraq oradan 12 ay müddətində 2800 manat pul götürmüş, həmin pulun üzərinə 200 manat da qoyaraq həmin günü ünvan 3 ünvanda Samirə ilə görüşərək 3000 manat pulu ona vermişdir. Bununla da, Samirə vəkilin vasitəsi ilə məhkəmədə onun xeyrinə qərar çıxarılacağı adı ilə ondan ümumilikdə 10000 (on min) manat pul almış olmuşdur. 2023-cü ilin avqust ayının ortalarında o, Samirəyə zəng edərək vəkillə görüşmək istəmiş və həmçinin işinin hansı yerdə olduğunu soruşmuşdur. Samirə isə ona müxtəlif bəhanələr gətirərək onu vəkil ilə görüşdürməmişdir. Avqust ayının sonlarında artıq Samirənin onu aldatdığından şübhələnərək pulunu tələb etməyə başlamışdır. Samirə ona pulunu tezliklə qaytaracağını bildirmişdir. O, Samirəyə demişdir ki, əlbə-əl verdiyi 5000 manata görə qızıllarını lombarda qoyaraq pul götürmüş və lombard faizləri də hazırda 2500 manat olmuş, heç olmasa lombardın pulunu bağlamasını xahiş etmişdir. Samirə ona dəfələrlə tezliklə 7500 manat pul tapıb verəcəyini və bundan sonra qızıllarını lombarddan çıxara biləcəyini bildirmişdir. Lakin Samirə vədinə əməl etməmiş və bu günə kimi pulunu verməmişdir. Həmçinin onun telefon zənglərini bloklamışdır. Samirə bu barədə maraqlandıqda öyrənmişdir ki, Samirənin barəsində Gəncə polis idarəsində cinayət işi olmuşdur və barəsində cinayət işi getdiyi ərəfələrdə ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Hazırda isə ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Özünü onlara “Denis” kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndikləri şəxsi, onlar ilə bacıları olan Şahid2 tanış etmişdir. Bacısı Arzu 2002-ci ildən 2022-ci ilə qədər Bakı şəhərində yerləşən 149 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işlədiyini və 2022-ci ildə Təhsil Nazirliyinin əmri ilə əsassız olaraq işdən azad edildiyini qeyd etmişdir. Arzu işdən azad edilməyi ilə bağlı müxtəlif Məhkəmə İnstansiyalarına müraciət etmiş, xeyrinə qərar çıxarılsa da, Apelyasiya məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş və Arzu, bu barədə Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bildirmişdir ki, özünü onlara “Denis” adı ilə tanıtmış, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsi 2023-cü ilin may ayının ortalarında bacısı Xuramanın vasitəsi ilə tanımışdırlar. Təqsirləndirilən şəxs Kristal ünvan 4 ünvanında yaşamış və həmin mənzilin özünə məxsus olmasını onlara bildirmişdir. Lakin Samirə tərəfindən aldanıldıqdan sonra bilmişdir ki, Samirənin həmin ünvanda kirayədə qaldığı aydın olmuşdur. Belə ki, Samirə, onun bacısı Arzunun məhkəmə işlərində yaranmış problemlərinə görə xeyrinə qərar çıxarılmasına köməklik edə biləcəyini bildirmişdi. Samirə bu işin Cavanşir adlı vəkilin köməkliyi ilə həll olunacağını bildirmiş və bacısı Xuraman, Arzu ilə Samirəni tanış etdikdən sonra Samirə ona vəkillə danışaraq işin həlli üçün nə qədər pul lazım olduğunu Arzuya deyəcəyini bildirmişdir. 2023-cü ilin iyul ayının ortalarında Arzu, Samirə ilə sonuncunun yaşadığı ünvan 3 ünvanında görüşmüşdürlər. Samirə bu işin həlli üçün 10.000 manat pul lazım olduğunu Arzuya demişdir. Bundan sonra Arzu ilə Samirə razılaşmışdırlar. xx.xx.2023-cü il tarixdə bacısı Arzu qızıllarını “Gran Kredit”-nin Xırdalan filalına qoyaraq oradan 12 ay müddətində 2100 manat pul götürmüş və həmin günü ünvan 3 ünvanda Samirə ilə görüşərək sonuncuya 2000 manat pulu vermişdir. Bundan başqa Arzu eyni məqsədlə Şahid1 məxsus “**********464272” nömrəli “Leobank”a məxsus bank kart hesabından mobil tətbiq vasitəsi ilə Samirənin vermiş olduğu “**********737961” nömrəli “Leobank”a məxsus bank kart hesabına xx.xx.2023-cü il tarixdə saat 13:55-də 2000 (iki min) manat pul göndərmişdir. Bundan başqa Arzu eyni məqsədlə xx.xx.2023-cü il tarixdə saat 15:13-də 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:36-da 2000 (iki) min manat pulu Samirənin verdiyi “**********737961” nömrəli “Leobank”a məxsus bank kart hesabına göndərmişdir. Bundan başqa Arzu eyni məqsədlə xx.xx.2023-cü il tarixdə qızıllarını “Gran Kredit”-nin Xırdalan filalına qoyaraq oradan 12 ay müddətində 2800 manat pul götürmüş, həmin pulun üzərinə 200 manat da qoyaraq həmin günü ünvan 3 ünvanında Samirə ilə görüşərək 3000 manat pulu orada sonuncuya vermişdir. Bununla da, Samirə vəkilin vasitəsi ilə məhkəmədə Arzunun xeyrinə qərar çıxarılacağı adı ilə sonuncudan ümumilkdə 10000 (on min) manat pul almışdır. 2023-cü ilin avqust ayının ortalarında bacısı Arzu, Samirəyə zəng edərək vəkillə onu görüşdürməsini istəmiş və həmçinin işinin hansı yerdə olduğunu soruşmuşdur. Lakin Samirə, müxtəlif bəhanələr gətirərək Arzu ilə vəkili görüşdürməmişdir. Avqust ayının sonlarında Arzu, artıq Samirənin onu aldatdığından şübhələnərək sonuncudan pulunu tələb etməyə başlamışdır. Samirə yaxınlarda pulunu qaytaracağını bildirmişdir. Arzu, Samirəyə əlbə-əl verdiyi 5000 manata görə qızıllarını lombarda qoyaraq pul götürdüyünü və lombard faizlərinin də hazırda 2500 manat olduğunu deyərək heç olmasa lombardın pulunu bağlamasını xahiş etmişdir. Samirə isə Arzuya dəfələrlə söz verərək yaxınlarda 7500 manat pul tapıb verərək qızıllarını lombarddan çıxarmağa kömək edəcəyini bildirsə də, Samirə vədinə əməl etməmiş və bu günə kimi Arzunun pulunu verməmiş və sonuncuya qarşı dələduzluq edərək 10.000 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqdim edilmiş votsap yazışmaları, ödəniş qəbzləri və bank çıxarışlarına baxış zamanı tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs votsap vasitəsi ilə Təqsirləndirilən şəxs ilə yazışmalar etmiş, həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsdən pul aldığını həmin yazışmalarda etiraf etmişdir. Həmçinin ödəniş qəbzlərindən də görünür ki, X3 məxsus “**********464272” nömərli “Leobank”a məxsus kart hesabından mobil tətbiq vasitəsi ilə Samirə Qasımoya məxsus “**********737961” nömrəli “Leobank”a məxsus kart hesabına mobil tətbiq vasitəsi ilə köçürmə yolu ilə xx.xx.2023-cü il tarixdə saat 13:55-də 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:13-də 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə saat 15:36-da 2000 (iki) min manat pul köçürülmüşdür. Həmçinin bank çıxarışlarından görünür ki, xx.xx.2023-cü il tarixdə “Gran Kredit”-nin Xırdalan filalına qoyaraq oradan 12 ay müddətində 2100 manat, xx.xx.2023-cü il tarixdə isə 12 ay müddətində 2800 manat pul götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə BPİ-in xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Gəncə Şəhər Məhkməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 326.2-ci maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 05 faiz məbləğdə pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzası iki gününə bir gün hesablanmaqla 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hesab edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 ay 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2024-c il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-270/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzanın icrası ilə bağlı şöbədə qeydiyyata alınmış və cəza müddəti həmin tarixdən hesablanmağa başlamışdır. Təqsirləndirilən şəxs barəsində olan 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 02 ay 12 gün hissəsini çəkmiş, 10 ay 08 gün hissəsi çəkilməmiş qalmışdır. Axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə yerləşdirilmiş və iş üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etsə də Gəncə BPİ-in xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və o bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını hazırda çəkməkdədir. Ona görə də hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış votsap yazışmaları, ödəniş qəbzləri və bank çıxarışları saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Gəncə şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il müddətinə azdlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət nəzərə alınaraq, həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar