Məhkəmə qərarları › İş №1(012)-701/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-701/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-701/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olan, Abşeon rayonu, st. Sumqayıt məcburi köçkünlər şəhərciyi, bina 11, mənzil 31-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 15 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs və iki övladı ilə bərabər yaşadığı Abşeron rayonu, St.Sumqayıt məcburi köçkünlər şəhərciyi, bina 11, mənzil 31-də Sevinc Quiyeva ilə sonuncunun atasıgilə getmək istəməsi, ona xərcləmək üçün pul verməməsi səbəbindən, yəni şəxsi münasibətlər zəmnində mübahisə edərək üzərinə hücum edib Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyyələrindən əli ilə qəsdən zərbələr vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın sol alın-gicgah və ənsə nahiyələrinin dərialtı hematomaları, sağ alt və üst göz qapaqları nahiyəsinin, sol alt və üst göz qapaqları nahiyəsinin qançırları, sol gözün ağlı qişasına qansızma, sol bazunun, sağ dirsəyin, sol çiyin qurşağının arxa hissəsinin, sol bud nahiyəsinin geniş sahəli qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2003-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onlaın birgə nikahlarndan 3 övladları dünyaya gəlmiş və 2021-ci ildə rəsmi olaraq boşanmışdırlar. Lakin yaşadıqları mənzil onlara dövlət tərəfindən verildiyi üçün hər ikisi övladları ilə birlikdə həmin mənzildə yaşayır. Sevinclə rəsmi olaraq boşandıqdan sonra onun özbaşına, ondan icazəsiz hərəkət etməsi onun heç xoşuna gəlməmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları mənzildə olarkən, Sevinc atasıgilə gedəcəyini demişdir. O, isə Sevincə təxminən 1-2 gün əvvəl atasıgilə getdiyini və bu səbəbdən də getməməsini bildirmişdir. Bundan sonra o, Sevincdən cibində pul olmadığı üçün xərcləmək üçün ona pul verməsini xahiş etmişdir. Sevinc isə ona kobud cavab verdiyi üçün əsəbləşmiş və onunla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əli ilə Sevincin sifət nahiyəsinə və dəqiq xatırlamadığı digər bədən nahiyələrinə təxminən 3-4 dəfə zərbə vurmuş və bundan sonra mənzildən bayıra çıxmışdır. Bayırda olan zaman oğlu Şahid yaşadıqları mənzilə gedib Sevinclə birlikdə çıxıb getmələrini görmüşdür. Lakin onlarla qarşılaşmamışdır. Sevinclə aralarında baş vermiş mübahisə təxminən 5-7 dəqiqə davam etmiş və həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onlarn birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Onlar 2021-ci ildə rəsmi olaraq boşanmışdırlar. Lakin yaşadıqları mənzil onlara dövlət tərəfindən verildiyi üçün hər ikisi övladları ilə birlikdə həmin mənzildə yaşayır. Sahiblə rəsmi olaraq boşansalar da, Sahib onun işlərinə qarışmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı mənzildə olarkən Sahibə atasıgilə gedəcəyini demişdir. Sahib isə 1-2 gün əvvəl atasıgilə getdiyi üçün oraya getməyinə etiraz etmişdir. Bundan sonra Sahib xərcləmək üçün ondan pul istəmişdir. O, Sahibə xərcləmək üçün pul verməyəcəyini dedikdə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Sahib əli ilə onun sifət nahiyəsinə və dəqiq xatırlamadığı digər bədən nahiyələrinə təxminən bir neçə dəfə zərbə vurmuş və bundan sonra mənzildən bayıra çıxmışdır. O da oğlu Səyyada zəng edib bu barədə məlumat vermişdir. Oğlu Səyyad yaşadıqları mənzilə gəlib onu görən kimi dərhal u102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Daha sonra oğlu ilə birlikdə həmin mənzildən çıxıb xəstəxanaya getmişdir. Sahiblə aralarında baş vermiş mübahisə yaşadıqları evdə olmuş, təxminən 5-7 dəqiqə davam etmiş və həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən əməli törtətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığın nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma anası, Təqsirləndirilən şəxs isə onun doğma atasıdır. Atası və anası təxminən 2 ildir ki, boşanıblar. Lakin yaşadıqları mənzil onlara dövlət tərəfindən verildiyindən hamısı eyni mənzildə yaşayır. Bu müddət ərzində də atası dəfələrlə sərxoş halda anası Sevinc ilə mübahisələr etmiş, yaşadıqları evdə münaqişə yaratmışdır.xx.xx.2023-cü il tarixdə işdə olan zaman anası onunla telefon əlaqəsi saxlayıb atası Sahiblə dalaşmasını bildirmişdir. O, dərhal yaşadığı mənzilə getmiş və anasının sifət nahiyəsindəki xəsarətləri görüb DİN-nin “102” xidmətinə məlumat vermişdir. Bundan sonra anası ilə birlikdə mənzildən çıxaraq xəstəxanaya müraciət etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı üzərində aşkar olunmuş xəsarətlər-qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, başın sol alıngicgah və ənsə nahiyələrinin dərialtı hematomaları, sağ alt və üst göz qapaqları nahiyəsinin, sol alt və üst göz qapaqları nahiyəsinin qançırları, sol gözün ağlı qişasına qansızma, sol bazunun, sağ dirsəyin, sol çiyin qurşağının arxa hissəsinin, sol bud nahiyəsinin geniş sahəli qançırları bərk-küt əşyanın (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-52/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 09 (doqquz) ay 10 (on) gün təşkil edir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Abşeron rayon üzrə bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Quliyev X5 rayonu, St. Sumqayıt, bina 11, mənzil 31-də müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2 saylı Abşeron rayon MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 ay 08 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 09 ay 10 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, St. Sumqayıt, məcburi köçkünlər şəhərciyi, bina 11, 31 nömrəli evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Xırdalan şəhər Bürosunun vəkili X3 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 20 saat olmaqla,120 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməldə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 11 ay 08 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 09 ay 10 gün hissəsi hazırki cinayət işi üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23.00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icasına nəzarət edən orqanı iş yerinin dəyişdiilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Sumayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar