Məhkəmə qərarları › İş №1(012)-702/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-702/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-702/2025 05.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Böyük Qışlaq ərazi dairəsi, Böyük Qışlaq kəndində qeydiyyatda olan və ünvan 1 küçəsi, mədən 1, nömrəsiz fərdi yaşayış evində yaşayan, hazırki iş üzrə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, barəsində başqa iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-48/2026, 30 yanvar 2026-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pərdəçi № 1” adlı pərdə-tül mağazasının qarşısından keçərkən satıcı Şahid1 divanın üzərində yuxuladığını görüb mağazadan oğurluq etmək qərarına gələrək, qanunsuz içəri daxil olub taxta mebeldən olan pul kassasının kilidini qayçı ilə sındıraraq, kassadan 3577 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi motosikletlə hərəkətdə olan zaman “Bol mart” mağazası ilə üzbəüzdə yerləşən “Pərdə tül aləmi” mağazasının içərisindəki satıcının divanda oturaq vəziyyətdə yuxuya getdiyini görmüş, satıcının yatmasından istifadə edib mağazadan oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də motosikleti saxlayıb mağazanın içərisinə daxil olmuşdur. Daha sonra mağazanın içərisində taxta mebeldən olan pul və digər əşyaların qoyulduğu yerə yaxınlaşmış, lakin siyirmənin bağlı olduğunu görüb oradan pərdəni kəsmək üçün istifadə olunan qayçını götürmüş, bu zaman yuxarı mərtəbədən müştəri düşdüyünü görmüş, müştərinin onu görməməsi üçün pərdənin arxasında gizlənmiş, müştəri keçib getdikdən sonra isə yenidən kassa olan hissəyə yaxınlaşmış və qayçı ilə kassanın kilidini sındırmışdır. Bu zaman orada xeyli sayda 100, 50, 20, 10, 5 və 1 manatlıq pul əskinasları olduğunu görmüş, bundan sonra oradan pulların hamısını götürüb mağazadan çıxmış və mağazanın qarşısında saxladığı motosikletə minib oradan uzaqlaşmışdır. Sonradan isə pulu saydıqda 3500 manatdan çox pul olduğunu görmüş, həmin pulu isə qısa zamanda, yəni 1-2 gün ərzində gecə klublarında spirtli içkilərə və istirahətə xərcləmişdir. O, ifadəsində əlavə olaraq 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pərdə tül aləmi” mağazasının kassasından təxminən 3500 manat pul oğurladığını, oğurluq hadisəsini tək törətdiyini, həmin zaman yanında heç kəsin olmadığını, oğurluq hadisəsini törətməyi heç bir kəslə razılaşdırmadığını, törətdiyi əməlin oğurluq olduğunu bildiyini, etdiyi cinayətdən peşman olduğunu, oğurladığı pulu tam olaraq saymadığını, lakin pulu saydıqda orada 3500 manatdan çox pul olduğunu gördüyünü bildirmişdir. Sonda maddi ziyanı ödəmək üçün imkanının olmadığını, əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin dekabr ayından Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pərdəçi №1” adlı pərdə-tül mağazasını icarə əsasında işlədir. O, gün ərzində təxminən 2-3 saat həmin mağazada olur. Qalan vaxtlarda isə Bakı şəhəri və rayonlarda yerləşən filiallarda olur. O, Xırdalan şəhərində yerləşən filialda olmadığı müddət ərzində oraya satıcı Şahid1 nəzarət edir. 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində mağazalar şəbəkəsinin Şəmkir rayonunda yerləşən filialında olan zaman Pərviz onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq xırda pul götürmək üçün kassaya baxdıqda orada pul olmadığını aşkar etdiyini demiş, o, Pərvizə müşahidə kamerasına baxmasını və bundan sonra yenidən ona məlumat verməsini demiş, bir qədər sonra Pərviz onunla əlaqə saxlayaraq müşahidə kamerasına baxdığını və oğurluq hadisəsinin həmin gün saat 17 radələrində mağazaya müştəri qismində gələn bir nəfər azyaşlı şəxs tərəfindən edildiyini demiş, həmçinin müşahidə kamerasındakı görüntüləri ona göndərmişdir. O, videogörüntülərə baxdıqda oğurluq hadisəsinin həmin şəxs tərəfindən törədilməsinə əmin olmuş, daha sonra Pərvizlə əlaqə saxlayaraq kassada nə qədər pul olduğunu soruşmuş, Pərviz gün ərzində təxminən 1400-1500 manat məbləğində satış olduğunu demiş, o da bu səbəbdən DİN-nin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Lakin sonradan mağazaya gəlib hesabat apardıqda əvvəlki gündə də edilən satışın pullarının kassada olduğunu və kassadan 3577 manat pul oğurlandığını müəyyən etmiş, həmçinin şikayət ərizəsində kassadan oğurlanmış pulun məbləğini 3577 manat olaraq göstərmişdir. O, ilkin müraciətində oğurlanmış pulun məbləğini dəqiq bilmədiyi üçün 1450 manat göstərdiyini, lakin sonradan mağazada dəqiq hesabat apardıqda oğurlanmış pulun məbləğinin 3577 manat olmasını bildiyini, bu səbəbdən də şikayət ərizəsində kassadan oğurlanmış pulun məbləğini və ona dəymiş ziyanı 3577 manat olaraq göstərdiyini, bundan başqa oğurluq hadisəsinin 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində baş verdiyini, bunun müşahidə kamerasında olan saat və DİN-nin “102” xidmətinə etdiyi müraciətin vaxtı ilə də təsdiq olunduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, ondan şikayətçidir. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pərdəçi № 1” adlı pərdə-tül mağazası vardır. O da həmin mağazada satıcı işləyir. 18 avqust 2024-cü il tarixdə saat 15:30 radələrində işdə olan zaman baş ağrısı olduğu üçün ağrıkəsici dərman atmış, bu səbəbdən də mağazanın içərisində oturduğu divanda yuxuya getmiş, həmin vaxt mağazanın kassasının açarı onda olmuşdur. Bir qədər sonra mağazada satıcı işləyən Şahid2 onu oyadaraq xırda pul lazım olduğunu, kassanın açıq vəziyyətdə olduğunu və orada pul olmadığını deyərək pulu onun götürübgötürmədiyini soruşmuş, o, Nurlana pulu götürmədiyini demiş, bundan sonra onun özü də kassanın olduğu yerə getmiş, bu zaman kassanın olduğu mebelin üzərində pərdəni kəsmək üçün istifadə olunan qayçının olduğunu, kassanın kilidinin isə sındırıldığını görmüş, bundan sonra oğurluq olması onlara məlum olmuşdur. Daha sonra mağazanın içərisində quraşdırılmış müşahidə kamerasına baxmış, bu zaman saat 17 radələrində mağazaya bir nəfərin gəlməsini, onun yuxuya getdiyini görərək ölçmə masasının üzərində olan qayçını götürüb kassa olan tərəfə keçməsini, sonradan isə mağazadan çıxıb getməsini görmüşdür. Videogörüntülərə baxdıqda mağazanın kassasındakı pulun həmin şəxs tərəfindən oğurlanmasına əmin olmuş, bundan sonra mağazanın sahibi Zərərçəkmiş şəxsla əlaqə saxlayıb baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, Zərərçəkmiş şəxs da bu barədə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng vurub müraciət etmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlib oranı müayinə etmişlər. O, həmin vaxt mağazada ondan başqa satıcı işləyən Şahid2 olduğunu, lakin mağazada müştəri olduğu üçün Nurlanın həmin şəxslərlə birlikdə mağazanın ikinci mərtəbəsində olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət əməlinin tövsif olunması haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi iləi istintaqı aparılan ********* nömrəli cinayət işi Həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Şahidin qanuni nümayəndəsinin cinayət prosesində iştirakına xitam verilməsi və təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə təqsirləndirilən şəxs Hüsenov Şahniyar Qəzənfər oğlunun qanuni nümayəndəsi təyin edilmişdir. - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “tetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınmış, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış, ifadələrin erində yoxlanılması və digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 fevral 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan görüntülərdən Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pərdəçi № 1” adlı pərdə-tül mağazasına daxil olması, mağazanın içərisində olan şəxsin yuxuya getdiyini əmin olduqdan sonra ölçmə masasının üzərində olan qayçını götürərək mağazanın kassa hissəsinə doğru getməsi müəyyən edildi. - “Amnistiya aktının tətbiq edilməsi barədə” 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 107/2025 saylı, 15 yanvar 2025-cu il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Qeyd olunduğu kimi yetkinlik yaşına çatmayanalara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş olan əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlinin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 18:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 küçəsi, mədən 1, nömrəsiz fərdi ev ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-48/2026 saylı, 30 yanvar 2026-cı il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və baş vermiş oğurluq hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarına saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 40 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 440 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 18:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 küçəsi, mədən 1, nömrəsiz fərdi ev ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt Şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış və baş vermiş oğurluq hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-48/2026 saylı, 30 yanvar 2026-cı il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar