Məhkəmə qərarları › İş №1(012)-703/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-703/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-703/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Müdafiəçilər: Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakı ilə 12 avqust 1994-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yataqxanada qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1993-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin 1(012)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq 02 il 05 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkilməyən hissəsi 01 il 01 ay 27 gün təşkil edən, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayon, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan hər biri 75 manat olmaqla 150 manat dəyərində 2 ədəd samovarı, bir ədəd 250 manat dəyərində “Prado” markalı avtomobilin manitorunu, bir ədəd 120 manat dəyərində su matorunu, 08 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində isə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədilə yenidən həmin ünvana qanunsuz daxil olub zirzəmidən hər biri 120 manat olmaqla 240 manat dəyərində iki ədəd su matorunu, bir ədəd 40 manat dəyərində “İcer” markalı əyləc bəndini və bir ədəd 200 manat dəyərində qaz sobasını cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayon, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan hər biri 75 manat olmaqla 150 manat dəyərində 2 ədəd samovarı, bir ədəd 250 manat dəyərində “Prado” markalı avtomobilin manitorunu, bir ədəd 120 manat dəyərində su matorunu, 08 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində isə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədilə yenidən həmin ünvana qanunsuz daxil olub zirzəmidən hər biri 120 manat olmaqla 240 manat dəyərində iki ədəd su matorunu, bir ədəd 40 manat dəyərində “İcer” markalı əyləc bəndini və bir ədəd 200 manat dəyərində qaz sobasını cəmi 1000 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, hadisəni təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsinin təstiq etdiyini bildirmiş və ifadəsinin elan edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yataqxana ünvanında qeydiyyatda olmaqla yaşayır. Əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda isə barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin məhkəmə istintaqı aparılır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 onun kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. Orxanla dostluq münasibəti olduğundan hər gün görüşür və birlikdə vaxt keçirirlər. 04 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İST petrol yanacaq doldurmaq məntəqəsinin yaxınlığında Orxanla görüşmüş və öz aralarında qərara gəlmişlər ki, pulları olmadığından oğurluq etsinlər. Oğurluq hadisəsini törətmək üçün konkret yer müəyyən etmədiklərindən oğurluq edə biləcəkləri yaşayış evi axtarmağa getmişlər. Belə ki, birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan Digah qəsəbəsi istiqamətində piyada olaraq hərəkət etməyə başlamışlar. Saat 22 radələrində Digah qəsəbəsində məhlələrin arası ilə piyada hərəkət edən zaman işıqlarının sönülü olduğu iki ev görmüşlər. Həmin evlər bir həyətin içərisində tikilmişdir. Orxan ilə aralarında qərarlaşdırmışlar ki, həmin evlərdən birinə daxil olsunlar. Bu məqsədlə evin hasarından həyətə tullanmışlar. Həyətdə olan iki evin əvvəlcə birinə yaxınlaşmışlar, evin zirzəmisinə yaxınlaşdıqda qapının kilidli olmadığını görüb içəri daxil olmuşlar. Orxan alışqanın işığını yandıraraq ətrafa nəzər yetirməyə başlamış, oradan 2 ədəd samovar, bir ədəd avtomobil manitoru, 2 ədəd işıq gücləndirici və bir ədəd su matorunu götürüb evin həyətinə qoymuşlar. Bundan sonra həyətdə olan digər evin zirzəmisinə daxil olmaq üçün evə doğru getmişlər. Evin zirzəmisinin qapısının qıfıl ilə kilidli olduğunu görüb, Orxan evin həyətində dəmir parçası taparaq həmin dəmir parçası ilə zirzəminin qıfılını sındırmış, zirzəmiyə daxil olmuşlar və zirzəmi qaranlıq olduğundan Orxan alışqanın işığını yandıranda zirzəmidə su matorunun olduğunu görmüşlər. Lakin oradan heç nə götürməyib qərara gəlmişlər ki, evə girib evdən də oğurluq etsinlər. Bundan sonra evin qapısı bağlı, pəncərlərində isə dəmir barmaqlıqlar olduğundan barmaqlıqları sındırmaq üçün Orxan evin həyətindən dəmir parçası tapmış, onun köməkliyi ilə Orxan dəmir barmaqlıqları sındırmışdır. Birlikdə evin içərisinə daxil olmuşlar, lakin evin içərisində qiymətli hər hansı bir əşya tapa bilməmişlər. Evdə qırmızı rəngli boş çamadan görüb həmin çamadanı götürmüşlər ki, zirzəmidən oğurladıqları əşyaları çamadana yığıb özləri ilə aparsınlar.Bir ədəd avtomobil manitorunu və iki ədəd işıq gücləndiricini çamadanın içərisinə qoymuşlar. 2 ədəd samovarı isə evin zirzəmisindən götürdükləri sellofan torbaya qoyub həyətin giriş qapısını açıb çölə çıxmışlar. Çamadanı Orxan, samovarlar olan sellofan torbanı o götürmüş, oğurluq etdikləri evdən təxminən 15 metr məsafədə yerləşən qamışlıq ərazidə gizlətmişlər ki, oğurladıqları əşyalar ağır olduğundan həmin əşyaları avtomobil tapandan sonra gəlib götürərlər. Bundan sonra İst petrola doğru hərəkət edib əşyaları aparmaq üçün avtomobil axtarmağa başlamışlar. Yanacaq doldurma məntəqəsinin yaxınlığında qara rəngli Ravon markalı avtomobil dayandığını görmüşlər. Orxan avtomobilə yaxınlaşıb taksi olduğunu öyrənmiş və taksi sürücüsünə usta olduqlarını bildirib yaxında olan əşyaları aparmaq lazım olduğunu demişlər. Orxan avtomobildə ön oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Avtomobili əşyaları gizlətdikləri yerin yaxınlığında saxlatdırmış və əşyaları götürüb avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra avtomobili Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yanında saxlatdırmışlar. Taksi sürücüsünə 5 manat pul verdikdən və sürücünü yola saldıqdan sonra əşyaları orada gizlətmişlər. 05 dekabr 2024-cü il tarixdə istifadəsində olan mobil telefonu ilə lalafo.az saytına daxil olmuş və orada samovar alan adamların biri ilə əlaqə saxlayaraq həmin adamla Balaxanı yolunda görüşüb 2 ədəd samovarı 160 manata özünə aid şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Digər əşyaları həmin samovarı satdıqları adamın tanışına 80 manata satmışlar. Əldə etdikləri pulu Orxan ilə birlikdə xərcləmişlər. İki gün sonra, yəni 06 dekabr 2024-cü il tarixdə Orxanla Mehdiabad qəsəbəsində görüşmüşlər. Orxan ona həmin yerdən yenidən oğurluq etməyi təklif etmişdir. Onun isə həmin gün işi olduğu üçün onunla getməkdən imtina etmişdir. 08 dekabr 2024-cü il tarixdə Orxanla görüşən zaman sonuncu ona 06 dekabr 2024-cü il tarixdə həmin evin zirzəmisindən 2 ədəd su matoru, bir ədəd əyləc bəndini və bir ədəd qaz sobasını oğurlayaraq evin həyətində saxladığını bildirmiş, həmin əşyaları oradan birlikdə götürüb satmağı təklif etmişdir. O da Orxanla həmin ünvana gedib əşyaları oradan götürüb Sabunçu bazarında tanımadıqları şəxslərə 60 manata satmışlar, əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bir ədəd əyləc bəndi isə Orxanda qalmışdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirini bir daha etiraf edərək, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, hadisəni təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsinin elan edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yaşayır. Əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Abşeron rayon məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Belə ki, o da onun kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. Onunla dostluq münasibəti olduğundan hər gün görüşür və birlikdə vaxt keçirmişlər. 04 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İST petrol yanacaq doldurmaq məntəqəsinin yaxınlığında Kamranla görüşmüş və öz aralarında qərara gəlmişlər ki, pulları olmadığından oğurluq etsinlər. Oğurluq hadisəsini törətmək üçün konkret yer müəyyən etmədiklərindən oğurluq edə biləcəkləri yaşayış evi axtarmağa getmişlər. Birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan Digah qəsəbəsi istiqamətində piyada olaraq hərəkət etməyə başlamışlar. Saat 22 radələrində Digah qəsəbəsində məhlələrin arası ilə piyada hərəkət edən zaman işıqlarının sönülü olduğu iki ev görmüşlər. Həmin evlər bir həyətin içərisində tikilmişdi. Kamran ilə aralarında qərarlaşdırmışlar ki, həmin evlərdən birinə daxil olsunlar. Bu məqsədlə evin hasarından həyətə tullanmışlar. Həyətdə olan iki evin əvvəlcə birinə yaxınlaşmışlar. Evin zirzəmisinə yaxınlaşdıqda qapının kilidli olmadığını görüb içəri daxil olmuşlar. Alışqanın işığını yandırmış və alışqanın işığı altında ətrafa nəzər yetirməyə başlamışlar. Oradan 2 ədəd samovar, bir ədəd avtomobil manitoru, 2 ədəd işıq gücləndirici və bir ədəd su matorunu götürüb evin həyətinə qoymuşlar. Bundan sonra həyətdə olan digər evin zirzəmisinə daxil olmaq üçün evə doğru getmişlər. Evin zirzəmisinin qapısının qıfıl ilə kilidli olduğunu görüb, evin həyətində dəmir parçası taparaq həmin dəmir parçası ilə zirzəminin qıfılını sındırmışlar. Zirzəmiyə daxil olmuşlar və zirzəmi qaranlıq olduğundan alışqanın işığını yandıranda zirzəmidə su matorunun olduğunu görmüşlər. Lakin oradan heç nə götürməyib qərara gəlmişlər ki, evə girib evdən də oğurluq etsinlər. Bundan sonra evin qapısı bağlı, pəncərlərində isə dəmir barmaqlıqlar olduğundan barmaqlıqları sındırmaq üçün evin həyətindən dəmir parçası tapmışdır. Kamranın köməkliyi ilə dəmir barmaqlıqları sındırmışdır. Birlikdə evin içərisinə daxil olmuşlar, lakin evin içərisində qiymətli hər hansı bir əşya tapa bilməmişlər. Evdə qırmızı rəngli boş çamadan görüb həmin çamadanı götürmüşlər ki, zirzəmidən oğurladıqları əşyaları çamadana yığıb özləri ilə aparsınlar. Bir ədəd avtomobil manitorunu və iki ədəd işıq gücləndiricini çamadanın içərisinə qoymuşlar. 2 ədəd samovarı isə evin zirzəmisindən götürdükləri sellofan torbaya qoyub həyətin giriş qapısını açaraq çölə çıxmışlar. Çamadanı o, samovarlar olan sellofan torbanı Kamran götürüb oğurluq etdikləri evdən təxminən 15 metr məsafədə yerləşən qamışlıq ərazidə gizlətmişlər ki, oğurladıqları əşyalar ağır olduğundan həmin əşyaları avtomobil tapandan sonra gəlib götürərlər. Bundan sonra İst petrola doğru hərəkət edib əşyaları aparmaq üçün avtomobil axtarmağa başlamışlar. Yanacaq doldurma məntəqəsinin yaxınlığında qara rəngli Ravon markalı avtomobil dayandığını görmüşlər. O, avtomobilə yaxınlaşıb taksi olduğunu öyrənmiş və taksi sürücüsünə usta olduqlarını bildirib yaxında olan əşyaları aparmaq lazım olduğunu demişlər. Orxan avtomobildə ön oturacaqda, o isə arxa oturacaqda əyləşmişdi. Avtomobili əşyaları gizlətdikləri yerin yaxınlığında saxlatdırmışlar və əşyaları götürüb avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra avtomobili Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığın yanında saxlatdırmışlar. Taksi sürücüsünə 5 manat verdikdən və sürücünü yola saldıqdan sonra əşyaları orada gizlətmişlər. 05 dekabr 2024-cü il tarixdə Kamran istifadəsində olan mobil telefonu ilə lalafo.az saytına daxil olmuş və orada samovar alan adamların biri ilə əlaqə saxlayaraq həmin adamla Balaxanı yolunda görüşüb 2 ədəd samovarı 160 manata özünə aid şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Digər əşyaları həmin samovarı satdıqları adamın tanışına 80 manata satmışlar. Əldə etdikləri pulu Kamran ilə birlikdə xərcləmişlər. İki gün sonra, yəni 06 dekabr 2024-cü il tarixdə Kamranla Mehdiabad qəsəbəsində görüşmüşlər. Kamrana həmin yerdən yenidən oğurluq etməyi təklif etmişdir. Kamranın həmin gün işi olduğu üçün onunla getməkdən imtina etdiyindən həmin evə özü tək daxil olmuş, evin hasarından evin həyətinə tullanaraq zirzəmidə gördüyü 2 ədəd su matorunu, 01 ədəd maşın naklatqasını və bir ədəd qaz sobasını zirzəmidən çıxardıb evin həyətinə qoymuşdur ki, Kamran ilə birlikdə götürüb həyətdən çıxardar. Bundan sonra evi tərk etmiş və 08 dekabr 2024-cü il tarixdə Kamranla görüşən zaman ona 06 dekabr 2024-cü il tarixdə həmin evin zirzəmisindən 2 ədəd su matoru, bir ədəd avtomobil nakladkası və bir ədəd qaz sobası oğurlayaraq evin həyətində saxladığını bildirib həmin əşyaları oradan birlikdə götürüb satmağı təklif etmişdir. Kamranda razılaşdıqdan sonra həmin ünvana gedib əşyaları oradan götürüb Sabunçu bazarında tanımadıqları şəxslərə 60 manata sataraq əldə etdikləri pulu öz aralarında bölmülər. Naklatqanı isə özündə saxlamışdır. Həmin şəxslərə onlara satdıqları əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Birinci dəfə əşyalar çox olduğu üçün Kamranla birlikdə ikisinin daşıyıb aparması mümkün olmamış, ona görə də ikinci dəfə Kamranla birlikdə həmin həyətə yenidən daxil olaraq oradan 2 ədəd su matorunu, 01 ədəd maşın naklatqasını və bir ədəd qaz sobasınıda oğurlamışlar. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə aydınlıq gətirərək qeyd etmişdir ki, Abşeron rayon, Digah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan evin zirzəmisinə daxil olmamış, zirzəminin çöl hissəsində dayanmış, yalnız yad şəxslər görərsə Təqsirləndirilən şəxs1 xəbər etmək məqsədi olmuşdur. Bundan sonra onlar həmin ərazidən götürülən əşyaları sataraq müəyyən məbləğdə vəsait əldə etmişdirlər. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirini bir daha etiraf edərək, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakinn sonunculara qarşı şikayət və tələbinin olmamasını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayon, Digah qəsəbəsi ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Digah qəsəbəsində bir həyətin içərisində iki fərdi yaşayış evi vardır. Həmin evə yay fəslində getdiklərindən hazırda orada yaşayış yoxdur. 05 dekabr 2024-cü il tarixdə o həmin evə nəzarət etmək məqsədilə gedən zaman bir evin dəmir barmaqlıqlarının sındırıldığını, həmin evin zirzəmisinin qıfılınında sındırıldığını görmüşdür. Həmin zirzəmidən hər hansı bir oğurluq hadisəsinin baş verdiyini görməmişdir. Evdən isə bir ədəd qırmızı çamadanın oğurlandığını görmüşdür. Digər evin zirzəmisi isə kilidli olmamış və həmin zirzəmiyə baxdıqda orada olan iki ədəd samovarın, bir ədəd su matorunun, iki ədəd işıq gücləndiricinin və bir ədəd Prado markalı avtomobilin manitorunun oğurlandığını görmüşdür. Növbəti dəfə yəni 10 dekabr 2024-cü il tarixdə evə gedən zaman kilidi sındırılmış zirzəmidə olan bir ədəd qaz sobasının, iki ədəd su matorunun və bir ədəd İcer markalı əyləc bəndinin oğurlandığını görüb bu barədə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Belə ki, hər biri 120 manat olan üç ədəd su matoru, bir ədəd 200 manat dəyərində qaz sobası, bir ədəd 250 manat dəyərində Prado markalı avtomobilin manitoru, bir ədəd 40 manat dəyərində İcer markalı naklatka yəni əyləc bəndi və hər biri 75 manat olan iki ədəd samovar oğurlamışdır. İşıq gücləndirici və çanta köhnə olduğundan istifadəyə yararsız olmuş və həmin əşyalara görə ona maddi ziyan dəyməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 13 dekabr 2024-cü il tarixdə, saat 21:20-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olduğundan Təqsirləndirilən şəxs1 barəsində həmin maddələrlə cinayət işi başlanmış, istintaq aparılması üçün icraara qəbul edilmiş və Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə, istintaqı aparılmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;

5. Abşeron rayon Məhkəməsinin 14 dekabr 2024-cü il tarixli, 4(012)-848/2024 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

6. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 dekabr 2024-cü il tarixdə, saat 18:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur;

7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir;

8. Abşeron rayon Məhkəməsinin 21 dekabr 2024-cü il tarixli, 4(012)-862/2024 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3500 manat cərimə cəzasına məhkum olunmuş, bundan sonra o, yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 manat cərimə cəzasına məhkum olunmuş, həmin cəza Abşeron rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qərarı ilə 11 ay 27 gün islah işləri növündə cəza ilə əvəz olunmuş və cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır;

10. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmünə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur;

11. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə 21 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş itiham öz qüvvəsində saxlanılmış və məhkəmə məsuliyyətinə verilmiş, təqsirləndirilən şəxslərin əməli yaşayış yerinə qanunsuz daxil olma kimi qiymətləndirilməli, iş üzrə şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, götürülmüş maddi sübut və diigər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə, və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə, cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi və üzərinə “İcer” sözləri yazılmış avromobilin tormoz sisteminə aid əylənc üzlüyü cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınaraq, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilməsi, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməli vahid niyyətlə əhatə olunan qəsdlə törədildiyindən həmi fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, həmçinin təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 186.1-ci maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir;

12. Abşeron rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 4(012)-126/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 15 gün, yəni 28 mart 2025-ci il tarixədək uzadılmışdır;

13. Abşeron rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 4(012)-125/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 15 gün, yəni 03 aprel 2025-ci il tarixədək uzadılmışdır;

14. Abşeron rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 1(012)-703/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəməyə verilərək, iş məhkəmə baxışı təyin edilmişdir;

15. Sumqayıt şəhər Probasiya Şöbəsinin 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Məhkəməsinin 16 fevral 2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 30 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatdan keçmiş və 19 dekabr 2024-cü il tarixə cəzasının çəkilmiş hissəsi 01 il 03 ay 19 gün, çəkilməmiş hissəsi isə 01 il 01 ay 27 gün təşkil edir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətin “təkrarlığı” əlaməti mövcud olmadığından ona elan edilmiş ittihamdan həmin Məcəllənin 177.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, məhkəmənin icraatında olan təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan iş, əməlin təkrar törədilməsi kimi qiymətləndirilə bilməz. Bu hal əgər şəxs təqsirli bilinərsə cəza təyini zamanı cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsas hesab edilməlidir. Bir əmələ cinayətlərin təkrar törədilməsi və cinayətlərin məcmusu kimi qiymət verilməsi isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin, yəni ədalət prinsipinin ziddinə olmuş olar. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Beləliklə məhkəmə, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin elan olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 barəsində irəli sürülmüş ittihamla özünü yaşayış sahəsinə daxil olmaq hissədə təqsirli bilməməsi ilə əlaqədar bildirir ki, onun öz ifadəsi və digər təqsirləndirilən şəxsin ifadəsi ilə təsdiq edilir ki, onlar arasında əvvəlcədən rolların bölüşdürülməsi olmuş, o, həmin səbəblə hasarın çölündə dayanaraq yad adamların gələcəyi halda məlumat vermək rolunu daşımışdır. Bu da öz növbəsində istintaq orqanı tərəfindən əməlinin düzgün tövsif edildiyini göstərir. Beləliklə məhkəmə, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin elan olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs1 qarşı cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 13 dekabr 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmamasını əməlində cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzazsına məhkum olunması halını hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq residivin müəyyən edilməsi zamanı nəzərə almamasını, cəzanı ağırlaşdıran hal olaraq nəzərə almır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən ona əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan Məcələnin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 1(012)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün hissəsinin 02 (iki) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 oğlunun azadlığının faktiki olaraq 19 dekabr 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş həmin büronun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 1(012)-69/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş həmin büronun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar