Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-707/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Yardımlı rayonu Qabaqdibi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Qabaqdibi kəndində qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi S.Aşıq küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 mart 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq, evin həyətindən hər birinin dəyəri 50 manat olan 6 ədəd manqalı, hər birinin dəyən 30 manat olan iki ədəd yarımçıq manqalı, hər birinin dəyəri 50 manat olan 2 ədəd dəmir barmaqlığı, hər birinin dəyəri 5 manat olan 4 ədəd dəmir boruları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 480 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 mart 2023-cü il tarixdə saat 03 radələrinədə Zərərçəkmiş şəxs2 usta kimi işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Yaşayış massivi nömrəsiz fərd yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs2 məxsus 4 ədəd laqonda və 3 ədəd dreli gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 aprel 2023-cü il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Bülbül küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan 1 ədəd 180 manat dəyərində olan dreli, 1 ədəd 1000 manat dəyərində olan prefaratoru, 1 ədəd 230 manat dəyərində olan laqondanı, 250 manat dəyərində olan hamam aksessuarlarını, 20 ədəd 85 manat dəyəridə olan vintili, 630 manat dəyərində olan elektrik naqillərini və 250 manat dəyərində olan plastik boruları gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2625 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 aprel 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 2 ünvanının yaxınlığında yerləşən sonuncuya məxsus natamam tikilmiş evin birinci mərtəbəsindəki pəncərədən qanunsuz içəri daxil olaraq, oradan 1 top 4 mm-lik 150 manat dəyərində elektrik naqillərini, 250 manat dəyərində taxta kəsən mişarı (lobziki), 300 manat dəyərində preforatoru, 120 manat dəyərində laqondanı götürüb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 820 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, Yardımlı rayonu, Qabaqdibi kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində nömrəsii fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayə yaşayır. Bir azyaşlı oğlan övladı vardır. Rəsmi heç bir yerdə işləmir. Gündəlik olaraq fəhləliklə məşğul olub ailəsini dolandırır. Təxminən 1 ay müddətində ailəsində olan maddi sıxıntılara və işsizliyə görə oğurluqlar etmədə başlamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı Abşeron rayonu. Masazır qəsəbəsində Sarı Aşıq küçəsində gəzmişdir. Bu zaman maddi sıxıntısı olduğundan, oğurluq etmək qərarına gəlmişdir. Həmin küçə ilə gedərkən yaxınlıqda olan evlərdən birində işıq yanmadığını görmüşdür. Yaxınlıqda olan evlərdən birində hasarın daşlarının hörülmədiyini, sadəcə olaraq üst- üstə qoyulduğunu görmüşdür. Həmin evin işıqlarının yanmadığına baxmışdır. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmamasından istifadə edib, həmin hasarda olan daşları aşağı tullamağa başlamışdır. Bir neçə daşı aşağı tullayıb həmin həyətə keçmişdir. Bu divar iki evin birləşməsi zamanı arada yaranmış boşluqdan olan bir divar olmuşdur. Yəni, iki evin birləşməsi olan bir yer idi. O, həyətə düşərkən orada iki evin hasarı olan boşluqda bəzi əşyaların olduğunu görmüşdür. O, həmin əşyaları oğurlayıb satmağı qərara almışdır. Həmin hasarlar arasında olan boşluqdan təxminən 6 ədəd manqalı ayrı-ayrılıqda götürmüşdür. Daha sonra isə həmin boşluqdan iki ədəd yarımçıq manqalı, iki ədəd dəmir barmaqlığı və dəmir boruları götürmüşdür. Həmin əşyaları əvvəlcədən özü ilə götürdüyü dəmir arabaya yığmışdır. Daha sonra isə həmin əşyaları yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən evə gətirərək həyətə yığmışdır. Səhəri gün isə həmin dəmir manqallar və oğurladığı digər əşyaları yaşadığı məhəllədən keçən səyyar metal qəbulu ilə məşğul olan şəxsə 80 manata satmışdır. Həmin əldə etdiyi pul ilə isə evin kommunal xərclərini və digər borclarını ödəmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə eyni qayda ilə Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Massiv adlanan ərazidə gəzmişdir. Bu zaman yenidən oğurluq etməyi qərara almışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Masazır qəsəbəsi, Yeni Massiv adlanan ərazidə olarkən işıqları yanmayan iki mərtəbəli yarımtikili bir ev görmüşdür. O, həmin evdən oğurluq etməyi qərara almışdır. Həmin evin ətrafında fırlandıqda ikinci mərtəbədə balkonun açıq olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin balkonuna çıxmağı qərar almışdır. Həmin evin balkonuna çıxmış, evin içi qaranlıq olduğundan üzərində olan alışqanın işığı ilə ətrafa işıq salmağa başlamışdır. İçəridə gəzdikdə yarımtikili otaqlardan birində drel və laq onda olduğunu görmüşdür. O, həmin alətləri oğurlayıb satmağı qərara almışdır. Ətrafa baxıb içərisi boş olan un kisəsinin olduğunu görmüşdür. Həmin yerdə olan laqonda və drelləri əlində olan boş kisəsinin içərisinə yığmışdır. O, torbanın içərisinə təxminən 3 ədəd drel və 4 ədəd laqonda qoymuşdur. Daha sonra balkondan baxıb qaranlıqda həyətdə heç kəsin olmadığına əmin olduqdan sonra həmin drel və laqonda olan kisəni ikinci mərtəbənin balkonundan aşağı atmışdır. Dalınca isə özü balkondan aşağı tullanaraq həmin kisəni götürmüş və yaşadığı evə tərəf gəlmişdir. O, həmin laqonda və drelləri yaşadığı həyətin arxasında gizlətmişdir. Daha sonra səhəri gün həmin drel və laqondaların şəkilini çəkib onları “Tap.Az” saytında satışa qoymuşdur. Təxminən bir gün sonra isə həmin drel və laqondaları tanımadığı şəxsə 45 manat satmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Bülbül küçəsində piyada hərəkətdə olan zaman yenidən maddi imkanı zəif olduğundan oğurluq etməyi qərara almışdır. Həmin tarixdə gecə saat 04 radələrində Masazır qəsəbəsi. Bülbül küçəsində olarkən orada tikilmiş evlərdən birinin yarımtikili olması və işıqlarının yanmaması onu cəlb etmişdir. O, həmin evdə heç kəsin olmadığına əmin olmuşdur. Bundan sonra həmin evdən oğurluq etməyi qərara almışdır. Bu zaman həmin evin qara rəngli darvazasının üzərindən tullanıb həyətə keçmişdir. Həmin həyətdə qum topasının olduğunu görüb burada işlərin getdiyinə əmin olmuşdur. Həmin evin ikinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra tullanıb ikinci mərtəbənin pəncərəsinə çıxmışdır. İçəri keçib əlində olan alışqanın işığı ilə otaqları gəzməyə başlamışdır. Otaqları gəzərkən drel, laqonda, elektrik naqilləri plastik borular və digər usta əşyalarının olduğunu görmüşdür. Həmin əşyaları oğurlamağı qərara almışdır. O, həmin əşyaları bu dəfə özü ilə gətirdiyi ağ rəngli torbanın içərisinə yığmışdır. Evin içərisində olan bir ədəd drel, bir ədəd prefarator, hamam aksesuarlar, elektrik naqilləri vintillər və plastik turbaları özü ilə gətirdiyi torbaya yığmışdır. Həmin torba ilə evin birinci mərtəbəsinə düşmüşdür Evin birinci mərtəbəsinin pəncərəsini açıb həmin kisəni həyətə qoymuşdur. Daha sonra isə divarda elektrik naqillərinin olduğunu görmüşdür. Həmin naqillərin bəzilərini əli ilə dasıyıb çıxartmışdır. Həmin naqilləri də ağ rəngli kisənin içərisinə qoymuşdur. Plastik borulardan bəzilərini isə əlində saxlamışdır. Ətrafa baxıb heç kimsənin olmadığını gördükdən sonra həmin əşyaları yaşadığı Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən mənzilinə gətirmişdir. Əşyaları həyətdə gizlətdikdən sonra yatmağa getmişdir. Səhəri gün həmin əşyaları şəkillərini çəkib “Tap.az” saytına qoymuşdur. Həmin günü oğurladığı əşyaları “TaP.az” saytında tanımadığı şəxsə 45 manata satmışdır. Əldə elədiyi pul ilə evin kommunal borclarını ödəmiş və ərzaq almışdır. Bundan başqa, adətən oğurluqları gecə vaxtı törətdiyi üçün Zərərçəkmiş şəxs4 evindən də oğurluğu gecə vaxtı törətmişdir. Belə ki, 18 aprel 2023-cü il tarixdə gecə yuxudan oyanıb yaşadığı Masazır qəsəbəsini piyada gəzmişdir. Evlərdən hansında yaşayış yoxdursa həmin evlərdən birinə daxil olub oradan oğurluq etməyi planlaşdırmışdır. O, Masazır qəsəbəsində gəzən zaman bir evin işıqlarının yanmadığını və evdə yaşayış olmadığını görmüşdür. Buna görə də evin hasarından həyətə daxil olmağı planlaşdırmışdır Evin giriş hissəsinin qapıları olmadığına və taxta materialdan bağlandığına görə asan formada taxtaları aralayıb evin həyətinə daxil olmuşdur. Ev iki mərtəbəli olmaqla natamam tikilmişdir. Daha sonra evin sağ tərəfinə keçib iki evin arasında yerləşən pəncərənin qarşısına yaxınlaşmışdır. Pəncərəni əli ilə itələyən kimi pəncərə açılmışdır. O, evin içərisinə daxil olmuşdur. O, orada evin içərisindən oğurlayıb satmaq üçün əşyalar axtarmağa başlamışdır. Evin birinci mərtəbəsində oradan 1 top mis elektrik naqilini, taxta kəsən mişarı (lobzik), preforatoru, laqondanı oğurlamışdır. Oğurladığı əşyaları isə evin içərisində tapdığı sellofan paketə yığmışdır. Elektrik naqilini əridib yol ilə metal qəbul edən tanımadığı avtomobilə 9.50 manata, digər əşyaları Tap.az saytında elan yerləşdirib 3-4 gün ərzində tanımadığı şəxsə 45 manata satmışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərdi ki, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla ünvan 2-da yaşayır. Rəsmi olaraq Laçın rayonu, Çıraqlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, F.Əmirov küçəsində yerləşən 19 nömrəli evin yaxınlığında özünə məxsus natamam tikilmiş fərdi yaşayış sahəsi vardır. Həmin evdə halhazırda yaşayış yoxdur. O, hər gün öz evinə təmir işləri ilə əlaqədar gəlib nəzarət edir, ordakı işlərin gedişi ilə maraqlanmışdır. O, sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə saat 17 radələrində evindən qapıları bağlayıb çıxıb getmişdir. Səhəri gün yəni, 18 aprel 2023-cü il tarixdə saat 17 radələrində evinə nəzarət etməyə gələn zaman evinin birinci mərtəbəsində yerləşən iki evin arasında olan pəncərənin açıq vəziyyətdə olmasını, evin birinci mərtəbəsində yerləşən tikinti alətlərinin oğurlandığını aşkar etmişdir. Belə ki, evə daxil olmuş naməlum şəxs və şəxslər evindən 1 top 4 mm-lik 150 manat dəyərində elektrik naqilini, 250 manat dəyərində taxta kəsən mişar (lobzik), 300 manat dəyərində prefarator, 120 manat dəyərində laqondanı oğurlanmışdır. O, ilkin ifadəsində evində olan 4 bağlamada olan divar kağızının oğurlanmasını bildirsə də səhvən yazmışdır. Ancaq digər əşyaların oğurlanması ilə ona 820 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdi ki, Tovuz rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi ev 28-də ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ili fevral ayında öz evi ilə qonşunun evi arasına hasar çəkmişdir. Həmin hasarın arasınc.. boşluq qaldığından evdəki istifadə etmədiyi əşyalar həmin yerə qoymuşdur. 2023-cü ilin fevral ayında isə həmin yerə 6 ədəd özü düzəltdiyi manqal və 2 dənə isə yarımçıq manqal qoymuşdur. Bundan başqa isə evin pəncərəsinin barmaqlıqlarını da həmin araya qoymuşdur. xx.xx.2023-cü il tarixdə yaşadığı evin arxa hissəsində olan qonşu ilə onun hasarının arasında olan daşların yerə töküldüyünü görmüşdür. Bu zaman oraya baxdıqda buradan həyətə daxil olan naməlum şəxsin və ya şəxslərin oradan 6 ədəd hər birinin dəyəri 50 manat olan manqalı, 2 ədəd hər birinin dəyəri 30 manat olan yarımçıq manqalı, 2 ədəd hər birinin dəyəri 50 manat olan dəmir barmaqlıqları, 4 ədəd kiçik ölçülü hər birinin dəyəri 5 manat olan dəmir boruların oğurlandığını görmüşdür. Bu səbəbdən də həmin hadisə ilə bağlı DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bu oğurluq hadisəsi zaman; ona ümumilikdə 480 manat ziyan dəymişdir. Hadisəsinin kim tərəfindən törədildiyindən onun xəbəri yoxdur. Oğurluqla bağlı şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər, ərizə ilə məhkəməyə müraciət edərək onlara dəyən ziyanın tam olaraq ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını və işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Bülbül küçəsində yaşayır. Onun Abşeron rayonu, Masazlı qəsəbəsi Bülbül küçəsində özünə məxsus fərdi yaşayış evi vardır. Hal- hazırda özü başqa yerdə qaldığından həmin evdə yaşayış yoxdur. Həmin evdə tikinti işləri gedir. O, sonuncu dəfə 09 aprel 2023-cü il tarixdə səhər saat 07 radələrində özünə məxsus Masazır qəsəbəsi, Bülbül küçəsində yerləşən mənzilinə getmişdir. Tikinti işlərinin necə və hansı formada getməsi ilə maraqlanmışdır. Bu zaman həmin evin ikinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görmüşdür. O, sonuncu dəfə bir gün əvvəl evdən çıxan zaman həmin pəncərəni bağlı vəziyyətdə bağlayıb çıxdığını yadına düşmüşdür. Evə daxil olub otaqlara baxmağa başlamışdır. Bundan sonra, evdən oğurluq edilməsi ona məlum olmuşdur. Evə baxan zaman ona məlum olmuşdur ki, 08 aprel 2023-cü il tarixdən 09 aprel 2023-cü il tarixdə saat 07 radələrinədək naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 01 ədəd dəyəri 180 manat olan drelin, 01 ədəd dəyəri 1000 manat olan prefaratorun, 01 ədəd dəyəri 230 manat olan laqondanın, ümumi dəyəri 250 manat olan hamam aksesuarlarının, dəyəri 630 manat olan elektrik naqillərinin, 10 ədəd radiatorun ümumi dəyəri 85 manat olan 20 ədəd vintilin, dəyəri 250 manat olan yapışdırıcı kleylər və fıtinqlərin və plastik boruların aksessuarlarını oğurlamışdırlar. Oğurluq nəticəsində ona ümumilikdə 2625 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, O, ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Yaşayış massivində yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsində, X4 adlı şəxsin evində usta kimi işləmişdir. O, İqbalın evində “aqlay”daşları vurmaqla məşğuldur. Buna görə də özünə məxsus bir sıra təmir alətlərini həmin evdə qoyub getmişdir. Çünki hər gün gəlib gedən zaman həmin təmir alətləri ona lazım olmuşdur. 24 mart 2023-cü il tarixdə axşam saat 21 radələrində həmin yarımtikilidən çıxan zaman təmir alətlərini də orada qoyaraq evin qapısını bağlayıb çıxmışdır. Növbəti gün yəni, 25 mart 2023-cü il tarixdə saat 09 radələrində həmin evə gələrək qapını açmış və otağa girmişdir. Bu zaman otaqları gəzərkən dünən tikinti işləri apardığı otaqda yığdığı tikinti üçün istifadə etdiyi müxtəlif növ 03 ədəd drel alətinin və 04 ədəd laqondanın yerdinə olmadığını görmüşdür. Daha sonra ətrafa baxıb digər əşyaların yerində olduğuna əmin olduqdan sonra “DİN”nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin oğurluq nəticəsində ona 960 manat ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 02 may 2023-cü il tarixdən hal-hazıradək olan həbsdə olduğu, cəmi 07 ay 20 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 03 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Yardımlı rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Yardımlı rayon Probasiya şöbəsi icra etməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 ay 20 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 03 ay 20 gün müddət ona təyin edilmiş 02 il müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Yardımlı rayonu ərazisini və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə zalında dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Hökmün icrası Yardımlı rayon Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-707/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-707/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver