Məhkəmə qərarları › İş №1(012)-709/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-709/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-709/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 127.2.3 və 221.2.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinə getmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu ərazisindən taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında digər iki sərnişinin yanında əyləşib hərəkətdə olarkən cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək alkoqol sərxoşluğu vəziyyətində mobil telefonla uca səslə danışıb ünvansız nəlayiq söyüşlər söydüyünə görə avtomobilin salonunda əyləşmiş sərnişinlərin haqlı narazılığına laqeydlik və etinazlıq göstərdiyi üçün sürücü Zərərçəkmiş şəxs avtomobili Bakı Beynəlxalq Avtovağzalı ərazisində saxlayıb avtomobildən düşməsini tələb etdikdə heç bir əsaslı səbəb olmadan sonuncunun ağız nahiyəsindən bir dəfə yumruqla vuraraq ona alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, bundan sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək həmin günü saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında Şahin Abbasovun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yerləşən evinin qarşısına gedərək bir saat əvvəl aralarında olmuş mübahisəni cüzi səbəb gətirib onunla mübahisə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla bir dəfə sifətindən vuraraq ona burun sümüklərinin yerdəyişən sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, şəxsiyyəti istintaqa məlum olmayan qrupun üzvü isə onun arxdan hər iki qolunu sıxıb hərəkətini məhdudlaşdıraraq ona sağ bazu nahiyəsinin qançırı ilə nəticələnən, sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkənlə barışıq əldə etmələrini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 1 həftədən çoxdur ki, avtomobili nasaz vəziyyətdə olduğu üçün avtomobilsiz hərəkət etmək məcburiyyətində qalmışdur. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində “20 Yanvar” metrostansiyasından çıxaraq Hökməli qəsəbəsinə getmək üçün yoldan keçən 1 manatlıq taksilərin birinə əyləşmiş, həmin vaxt avtomobildə ön sərnişin oturacağında, arxa sağ oturacağda bir qadın əyləşmiş və o da arxa oturacağa əyləşmişdir. Bundan sonra bir nəfərdə arxa oturacağda gələrək əyləşmiş və o orta oturağa keçmiş, təxminən 1 saat əvvəl spirtli içki qəbul etdiyi üçün taksiyə əyləşərkən sərxoş olmuşdur. Taksidə əyləşərkən telefon ilə danışmağa başlamış və sağ tərəfində əyləşən tanımadığı qadın ona irad bildirərək telefon ilə yavaş danışmağımı bildirmişdir. O da heç bir narazıçılıq bildirməmiş və razılaşmış, bir qədər irəlilədikdən sonra avtomobili idarə edən sürücüdə arxaya çevrilərək “Biraz yavaş danışda!” deyərək irad bildirdmiş və o da, yenə heç bir narazıçılıq bildirməmişdir. Avtomobil hərəkətinə davam edərkən o, telefon danışığını bitirmiş və həmin vaxt sağ tərəfində əyləşən qadına zəng gəlmiş və bu dəfə o qadına biraz telefon ilə yavaş danışmasını bildirmişdir. Bu vaxt sürücü avtomobili Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində saxlayaraq avtomobildən yerə düşmüşdür. Daha sonra xanım əyləşən qapıya yaxınlaşaraq qadını avtomobildən düşürmüş, daha sonra başında olan papağı aşağı çəkərək görməyi məhdudlaşdıraraq onu yumruqla başından vura-vura maşından düşürmüşdür. Avtomobildən düşürtdükdən sonrada başından vura-vura onu yerə yıxmış, yoldan keçən sürücülər onları ayırmış və həmin sürücü avtomobilinə minərək oradan uzaqlaşmışdır. Bundan sonra o və həmin avtomobildən düşürdüyü qadın orada qalmış, özü taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin avtomobilin ünvanını bilmiş, yəni həmin avtomobil qaldığı qapını tanımışdır. Yoldan keçən digər taksi ilə Abşeron rayonu, Hökməli qəsəbəsinə getmiş, Orada olarkən eyni məhəllədə yaşadığı, həm də, dostu olan Əliyə belə bir şey olduğunu demiş və həmin şəxsin qapısını tanıdığını, məsələni aydınlaşdırmaq üçün onu özünə məxsus taksi fəaliyyəti ilə məşğul olduğu “Chevrolet Cobalt” markalı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsinə aparmasını bildirmişdir. Əli etiraz etməmiş və onun göstərdiyi istiqamətdə avtomobili idarə edərək həmin şəxsin qapısına getmişdir. Orada olarkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs qapını döyərək çölə çağırmış, Şahin çölə çıxana qədər onunla eyni məhəllədə yaşayan Şahid3 oraya gəlmiş, Şahin çölə çıxan kimi əli ilə sinəsindən vurmuş və o da qəfildən sağ əli ilə bir dəfə yumruqla sonuncunu vurmuş, daha sonra orada olan şəxslər onları ayırmış və onlar avtomobilə əyləşərək geri qayıtmışlar. Göstərmişdir ki, baş vermiş hadisə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində təxminən saat 2-3 dəqiqə ərzində baş vermiş, baş vermiş hadisə zamanı orada o, onu oraya aparan taksi sürücüsü, mübahisə etdiyi Şahin Abbasov, onunla eyni məhəllədə yaşayan Şahid3 və digər 2 nəfər tanımadığı şəxslər olmuş, baş vermiş hadisə zamanı əlində və yaxud üzərində hər hansı əşya olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayəti – tələbi olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, "Atico" dərman preparatları satışı ilə məşğul olan şirkətdɔ sürücü işlɔyir. Hər gün işə gedərkən və geri qayıdarkən yolüstü müştərilər götürür. xx.xx.2024-cü il tarixdə işdən evə gayıdarkən idarə etdiyi «Mercedes Benz» markalı ** FM *** nömrɔ nişanlı avtomobilini metronun "20 Yanvar" stansiyasında saxlayaraq 4 nəfər müştəri götürmüş, onlardan biri qadın, üçü isə kişi olmuşdur. Arxada əyləşən kişi müştərinin, adını sonradan bildiyi Sənan adlı şəxsin sərxoş vəziyyətdə olduğu hiss olunmuş, həmin Sənan adlı şəxs yolda mobil telefonla yüksək səslə danışaraq avtomobilində olan digər müştəriləri də narahat etmiş, bir qədər keçmiş onun yanında əyləşmiş digər tanımadığı müştəri ilə Sənan adlı şəxsə hərəkətlərinə görə irad bildirmiş və Sənan da onunla kobud danışaraq demişdir ki, «düş rədd ol, başqa maşınla get». O, Sənanın hərəkətlərinə görə salon güzgüsündən arxaya baxıb iradını bildirdikdə Sənan arxadan onun ünvanına nəlayiq söyüşlər söymüş, həmin vaxtı avtomobili Bakı-Sumqayıt şosse yolu ilə hərəkətdə olmuş və Bakı Beynəlxalq avtovağzalı ilə üzbəüz ərazidə hərəkət etmişdir. Sənanın onu söydüyünü görüb maşını həmin ərazidə saxlamış və düşüb arxa qapıya yaxınlaşaraq onu maşından düşməsini tələb etmişdir. Sənan onun avtomobilinə mindikdə sərxoş olmuş və özü də sözlərindən bunu eşitdirmiş, lakin Sənan maşından düşmək istəməyib ona gözləmədiyi anda yumuruq atmış, sonuncunun atdığı yumruq onun alt dodağının sol hissəsinə dəyərək xəsarət almış, belə olan halda o əl atıb sonuncunu maşından düşürməyə cəhd etmiş və sonuncu bu anda onun sinəsinə əl atıb onun əynindəki köynəyi dartışdırmışdır. Sənanın yolun ortasında etdiyi hərəkətlərə görə yoldan keçən maşınlar saxlamış və tanımadığı şəxslər toplaşmış, oraya toplaşmış tanımadığı şəxslər onu ondan aralaşdırmış, lakin Sənan sərxoş olduğundan ona əl qol atmaqda davam etdiyi üçün o, məcbur olub maşına əyləşmiş və oradan uzaqlaşmış, müştəriləri isə götürməmişdir. Ekologiya postuna çatanda isə arxadan gələn maşın onu saxlatdırmış və maşınından düşmüş iki müştərini onun maşınına əyləşdirmiş ki, yolda qalmasınlar. O da sonuncuları gətirib Lukoyl YDM-nin yanında düşürmüş və yoluna davam edib evinə gəlmişdir. Evinə gəlib əynini dəyişdikdən təxminən yarım saat sonra evin giriş darvazasının və pəncərəsinin zərbə ilə döyüldüyünü eşitdiyi üçün bayıra çıxmış və darvazanın qarşısında təxminən 10 nəfər şəxsin dayandığını görmüşdür. Onlardan biri təxminən 180-185 boylu olan, üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsin ona yaxınlaşaraq nə səbəbə Sənanı yolda maşından düşürdüyü barədə maraqlanmağa başlamışdır. Həmin vaxtı Sənan da həmin şəxsin yanında dayanmış, o, həmin oğlana demişdir ki, «gəl mən səni başa salım, nə səbəbə onu maşından düşürmüşəm». Bunu deyib bir qədər dayandığı yerdən aralaşmaq istəmiş, həmin anda gözlənilmədən Sənan ona hücum edib yumruqla bir dəfə burun nahiyəsinən vurmuş, bu anda onunla söhbət etmək istəyən şəxs onu tutub saxladığı üçün Sənan ikinci zərbəni ona atmış və onun atdığı ikinci zərbə sifətinə dəymiş və zərbədən onun üst dişi sınmışdır. Aldığı zərbələr qəfildən olduğu üçün özünü itirmiş və halı özündə olmadığından onları kimlərin aralaşdırdığını görə bilməmiş, eyni zamanda həmin şəxslərin oradan necə getmələrini xatırlamır. Göstərmişdir ki, qapısına Sənanla birlikdə gəlmiş digər şəxslərin ona qarşı hər hansı hərəkətlərinin şahidi olmamış, yalnız Sənan onu iki zərbə ilə vurub və onunla gəlmiş üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxs onu tutduğu üçün Sənan ikinci zərbəni ona vurmuşdur. Yaranmış dava dalaş təxminən yarım saata qədər davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, icarə əsasında idarə etdiyi “Ravon” markalı 99-**-217 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır. Aralarında normal münasibət olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30-da Sənan ona zəng edərək taksi lazım olduğunu bildirmiş, onda həmin vaxt Sənanın yanına gəlmiş və sonuncu orada olarkən bir taksi sürücüsü ilə mübahisə etdiyini, aydınlaşdırmaq üçün həmin şəxsin qapısını tanıdığını və avtomobili həmin ünvana sürməyi bildirmişdir. Sənan avtomobilə minərkən bir nəfərdə tanımadığı şəxs onların avtomobiliinə əyləşərək onlarla gələcəyini demişdir. Bundan sonra Sənan, o və həmin tanımadığı şəxs Sənanın göstərdiyi istiqamətdə yola düşmüş, avtomobili idarə edərək həmin şəxsin qapısına getmişdir. Orada olarkən Sənan, adını sonradan bildiyi Zərərçəkmiş şəxs qapını döyərək çölə çağırmış, Şahin çölə çıxana qədər onlarla eyni məhəllədə yaşayan Şahid3 da, oraya gəlmiş, Şahin çölə çıxdıqdan sonra qapıda bir nəfər tanımadığı şəxslə söhbət etməyə başlamış, o da həmin şəxsin arxasında dayanmış, həmin vaxtı Sənan da onların yanında olmuş, söhbət anında Sənan qəfildən sağ əli ilə Şahinin burun nahiyəsinə bir dəfə yumruqla vurmuş, belə olan halda o, cəld Sənana yaxınlaşmış və onu Şahindən aralaşdırıb maşınına mindirmiş və haradan götürmüşdürsə, aparıb orada da düşürmüşdür. Göstərmişdir ki, baş vermiş hadisə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində təxminən saat 2-3 dəqiqə ərzində baş vermiş, hadisə zamanı orada o, Sənan, sonuncunun mübahisə etdiyi Şahin Abbasov, onunla eyni məhəllədə yaşayan Şahid3 və digər 2 nəfər tanımadığı şəxs olmuş, hadisə zamanı o heç kimə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən sexdə dəmirçi işləyir. Belə ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır və aralarında normal münasibət olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30-da işlədiyi sexdən çıxaraq yaşadığı evə gedərkən yolun kənarında Turalın dayandığını görmüş, o, sonuncunun yanına çatanda sonuncu Sənanın bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini demiş və həmin şəxsin Sənanı vurduğunu bildirərək məsələnin nə olduğunu öyrənmək üçün Sənangilin qarşısında hərəkətə başlayan avtomobil ilə həmin yerə doğru getməyə başladığını bildirmişlər. O da Tural ilə birlikdə sonuncunun idarə etdiyi avtomobilə əyləşmiş və ünvana doğru getməyə başlamış, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ünvana gedib çatmışlar. Döngəni döndükdən sonra avtomobildən düşərək cibindən siqaret çıxararaq çəkməyə başlamış, Turalda avtomobildən düşərək Sənan və Əlinin getdiyi istiqamətə doğru getmiş, təxminən 5 dəqiqə sonra Tural yenidən yanına qayıtmış və oradan getməyi bildirmişdir. O, yola düşdükdən sonra ondan orada nə baş verdiyini soruşduqda sonuncu ona Sənanın həmin şəxsi bir dəfə yumruqla vurduğunu bildirmiş, bundan sonra isə yaşadığı məhəlləyə gələrək aptekdən övladı üçün yemək almış və yaşadığı evə getmişdir. Göstərmişdir ki, baş vermiş hadisə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində təxminən 5 dəqiqə ərzində baş vermiş, lakin hadisə baş verən yerin yaxınlığında olmadığı üçün hadisəninin hansı formada baş verdiyini görməmiş, hadisə zamanı orada olmadığı üçün mübahisədə kimlərin iştirak etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, alkapon ustası kimi fərdi olaraq işləyir. Belə ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır və aralarında normal münasibət olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30-da yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən onlarla eyni məhəllədə yaşayan Əli ona zəng edərək Sənanın bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini demiş və həmin şəxsin Sənanı vurduğunu bildirərək məsələnin nə olduğunu öyrənmək üçün həmin şəxsin ünvanına gedəcəyi bildirmişdir. O da küçəyə çıxmış və Sənan ilə Əlinin məhəllədə dayandığını görmüşdür. Həmin vaxt Əli ona avtomobillərinin arxasınca öz avtomobili ilə gəlməyi bildirmiş, o da öz avtomobilinə əyləşərkən yolun kənarı ilə məhəllədə dəmirçi işləyən Əlisəttarın gəldiyini görmüş, sonuncu ona yaxınlaşaraq nə olduğunu soruşduqda Sənanın mübahisə edərək döyüldüyünü və qarşısında hərəkətə başlayan avtomobilin arxasınca hərəkət edərək həmin yerə doğru gedəcəklərini bildirmişlər. Bundan sonra Əlisəttarda onunla birlikdə idarə etdiyi avtomobilə əyləşmiş və ünvana doğru getmişlər. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ünvana gedib çatmış, döngəni döndükdən sonra avtomobildən düşmüş və Sənangilin arxasınca getmişdir. Lakin Əlisəttar onunla oraya getməmiş və avtomobili saxladığı yerdə dayanmışdır. Oraya gedib çatdıqdan sonra Sənan qapını döyərək həmin şəxsi çölə çağırmış, orada mübahisə yaranmış və Sənan, yumruq ilə həmin şəxsin burun nahiyəsinə zərbə vurmuş və Əli ilə digər yaxınlıqda olan şəxslər onları ayırmışlar. Onun mübahisənə müdaxilə etməməsinə səbəb isə bir qədər aralada dayanması olmuş, bundan sonra Sənanı avtomobilə mindirərək oradan aparmış, təxminən 5 dəqiqə sonra o da avtomobilin yanına Əlisəttarın yanına qayıtmış və buradan getməyi bildirmiş, yola düşdükdən sonra Əlisəttar ondan nə baş verdiyini soruşduqda sonuncuya Sənanın həmin şəxsi bir dəfə yumruqla vurduğunu bildirmiş, bundan sonra isə yaşadığı məhəlləyə gələrək Əlisəttarı məhəllə düşürmüş və yaşadığı evə getmişdir. Göstərmişdir ki, baş vermiş hadisə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində təxminən 5 dəqiqə ərzində baş vermiş, hadisə zamanı orada o, taksi sürücüsü Əli, adını sonradan bildiyi Şahin Abbasov, onunla eyni məhəllədə yaşayan Sənan, Əlisəttar və 2 nəfər tanımadığı şəxslər olmuş, o, ümumiyyətlə mübahisədə iştirak etməmiş və orada heç kimə xəsarət yetirməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 67 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ bazu nahiyəsinin qançırı, küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəni hissələrinin təsirindən əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən:burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ bazu nahiyəsinin qançırı həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Zərərçəkənin təqsirləndirilən şəxslə barışması CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), zərərçəkənlə barışıq əldə edilməsini, cəzanı ağırlaşdıran halın olmamasını,onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2025-ci il tarixdən tutulduğu, xx.xx.2025-ci il tarixdə barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi və hal-hazıradək həbsdə olması nəzərə alınaraq, hal-hazıradək həbsdə olduğu 04 ay 06 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasə iki günə 01 gün hesabı ilə 08 ay 12 gün müddət təyin edilmiş cəzasından çıxılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 21:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bu əsasda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etdiyindən məhkəmə hesab edir ki, ona 220 (iki yüz iyirmi) manat, əvvəlki məhkəmə iclaslarında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etdiyindən məhkəmə hesab edir ki, ona 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə olduğu 04 ay 06 gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə 08 ay 12 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etdiyindən ona 220 (iki yüz iyirmi) manat, əvvəlki məhkəmə iclaslarında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etdiyindən ona 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar