Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-71/2020 17.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsnun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 19.03.1956-cı il tarixdə Füzuli şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, ona Abşeron Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 315.1 və 188.1-ci maddələri olan cinayət işi üzrə köməklik göstərəcəyinə, yəni yüngül cəza veriləcəyinə dair yalan vədlər verib aldadaraq inandırmış, bu məqsədlə 2018-ci ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Neapol” dairəsi adlanan ərazidəki meyvə mağazasında işləyən istintaqla müyyən edilməyən şəxs vasitəsi ilə 600 manat məbləğində pulu, həmin günün səhəri yenidən eyni ünvanda daha 1300 manat məbləğində pulu, bir neçə gün sonra Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi adlanan ərazidə 1400 manat məbləğində pulu, 2018-ci ilin dekabr ayının sonunda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, «Milla» zavodunun qarşındakı ərazidə 1000 manat pulu, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 4300 manat məbləğində nağd pulunu ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2018-ci ilin dekabr ayında tanışı Lalənin mobil telefonuna zəng gəlmiş, Lalə hamamda olduğuna görə onun telefonunu açıb zəngə cavab vermiş, telefonda onunla danışanın sonradan Zərərçəkmiş şəxs olduğunu bilmiş, sonuncu ondan Laləni soruşmuş, o da sonuncuya Laləyə bir qədər sonra zəng vurmasını xahiş etmişdir. Nurəddin ondan kim olduğumu soruşmuş və o da özünü təqdim etmiş, bundan sonra Nurəddin ondan harada işlədiyini soruşmuş, o da sonuncua yalan olaraq «Qızıl-Aypara» cəmiyyətində işlədiyini bildirmişdir. Nurəddin telefonda ona bildirmişdir ki, onun barəsində Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 188.1 və 315.1-ci maddələri ilə cinayət işi vardır. O, Nurəddinə Abşeron Rayon Məhkəməsində tanışları olduğunu və müəyyən pulun müqabilində ona köməklik edə biləcəyini bildirmişdir. O, ilk dəfə Zərərçəkmiş şəxs Abşeron RPİ-də bu işlə bağlı təhqiqat araşdırması dövründə görmüş, bundan əvvəl onunla ancaq telefon əlaqəsi saxlamışdır. Nurəddinlə birinci dəfə telefonla danışdığından iki gün sonra, özü sonuncunun mobil telefonuna zəng vuraraq onun Abşeron Rayon Məhkəməsində olan işinə görə 1400 manat pul istəmiş, Nurəddin həmin pulu verə biləcəyini söyləmiş və belə olduqda sonuncuya 1400 manat pulu Bakı şəhəri, Xətai rayonu, ərazisində yerləşən «Üç qardaşlar» adlanan marketə gətirməsini bildirmişdir. Belə ki, həmin marketdə qonşusu işləmiş, hazırda həmin şəxsin adını xatırlamır. 15.12.2018-ci il tarixdə təxminən saat 15 radələrində Nurəddin ona zəng vuraraq bildirmişdir ki, onun dediyi ünvana 1400 manat pulu gətirmişdir. O da həmin pulu orada işləyən qonşusuna verməsini xahiş etmişdir. Nurəddin sonradan ona zəng vuraraq 1400 pulu marketdə onun üçün saxladığını bildirmiş və o da həmin gün, yəni 15.12.2018-ci il tarixdə saat 16 radələrində həmin marketə gedib 1400 manat pulu götürmüş, sonradan əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Pulu qurtardıqdan sonra yenidən Nurəddinə zəng vurmuş və onun Abşeron Rayon Məhkəmsində olan işinin həlli üçün ondan əlavə 1400 manat da pul istəmişdir. Nurəddin ona bildirmişdir ki, üstündə pul yoxdur, lakin Bakı şəhəri, 8-ci kilometr adlanan əraziyə taksi göndərsə, orada onun qəssab işləyən qohumu həmin 1400 manat pulu verə bilər. Bu səbəbdən 20.12.2018-ci il tarixdə əvvəllər tanıdığı Sədrəddin adlı taksi sürücüsünü Nurəddin dediyi ünvana göndərmiş, Sədrəddin həmin pulu Nurəddinin dediyi qohumundan alıb gətirib ona vermişdir. Bundan sonra 25.12.2018-ci il tarixdə yenidən Nurəddinə zəng vuraraq 1000 manat pul da əlavə istəmiş, Nurəddin onunla razılaşmış və onun dediyi yerə, yəni Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə bir nəfər adını xatırlamadığı taksi sürücüsünü göndərmiş, həmin sürücü Nurəddindən 1000 manat pulu alıb gətirib ona vermiş, sonra Nurəddin dəfələrlə ona zəng vuraraq, ondan işinin nə yerdə olduğu barədə maraqlanmış və o da hər dəfə sonuncuya yalan vədlər vermişdir. Ümumilikdə Nurəddindən 3800 manat pul almış, Nurəddindən pulu məhkəmədə olan işini həll etmək üçün alsa da, əldə etdiyi pulları öz şəxsi tələbatı üçün xərcləmişdir. Təqsirləndirilən şəxs sonda o, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində Abşeron Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 315.1-ci və 188.1-ci maddələri ilə cinayət işi olmuşdur. Həmin işə görə ona yüngül cəza verilməsinə köməklik etməsi üçün tanışı Məhərrəm vasitəsilə Nəzakət adlı şəxslə tanış olmuşdur. Nəzakətlə telefon vasitəsilə danışan zaman özünü “Qızıl Aypara” Cəmiyyətinin nümayəndəsi kimi təqdim etmiş, 5000 manat müqabilində məhkəmə işində köməklik edəcəyini bildirmişdir. O, Nəzakətə 5000 manata imkanının olmadığını, 3000 manata imkanı olduğunu bildirmiş, bu söhbət onların arasında təxminən 2018-ci ilin dekabr ayında olmuşdur. O, Nəzakətlə danışan zaman Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol adlanan ərazidə yerləşən meyvə mağazasına pulu qoymasını bildirmiş, özü həmin yerə getmiş və 600 manat pulu orada tanımadığı 30-35 yaşlı şəxsə vermişdir ki, Nəzakət gəlib götürəcəkdir. Sonra Nəzakətin həmin pulu götürüb götürmədiyini bilməmiş, həmin günün səhəri yenidən qeyd olunan mağazadakı oğlana 1300 manat da vermiş, sonra Nəzakətin həmin pulu götürüb götürmədiyini bilməmişdir. Bir neçə gündən sonra Nəzakət ona zəng vuraraq əlavə pul da verilməli olduğunu bildirdiyi üçün xalası oğlu Samirdən xahiş etmişdir ki, Nəzakətin göndərdiyi taksiyə 1400 manat pul versin. Sədrəddin adlı şəxs “Mercedes” markalı avtomobillə xalası oğlu Samirlə 8-ci km bazarının yaxınlığında görüşüb pulu ondan götürmüşdür. Bir neçə gün sonra Nəzakət yenidən ona zəng edərək 1000 manat pul da yenidən lazım olduğunu bildirmişdir. Nəzakət ona demişdir ki, «taksi göndərirəm pulu ona ver». O da 2018-ci ilin dekabr ayının sonlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən «Milla» zavodunun yaxınlığında qara rəngli “Mercedes” markalı nömrə nişanını görmədiyi taksinin sürücüsünə 1000 manat da pul vermişdir ki, Nəzakətə çatdırsın. Həmin günü Nəzakət ona zəng vuraraq pulu aldığını bildirmiş, sonra Nəzakət ona verdiyi vədə əməl etməmiş, ona heç bir köməklik etməmişdir. Nəzakətə ümumilikdə 4300 manat pul vermişdir ki, onun məhkəmədə olan işini həll etsin, lakin pulu əldə etdikdən sonra Nəzakət onu aldatmışdır. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4300 manat maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də vurulmuş maddi ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olaraq, ona qanunvericilikdə nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 2018-ci ilin əvvəlləri telefon vasitəsi ilə Nəzakət adlı qadınla tanış olmuşdur. Nəzakət ona zəng vurmuş və özünü 23 yaşlı xanım kimi təqdim etmiş, sonuncu ilə uzun müddət telefonda söhbət etmişlər. Lakin Nəzakətlə görüşməmiş, sonuncu ona “Qızıl Aypara” cəmiyyətində işlədiyini və yüksək vəzifəsinin olduğunu bildirmişdir. O, bir neçə dəfə Nəzakətlə görüşmək istəsə də Nəzakət onunla görüşməmişdir. Həmin ərəfədə Nurəddin adlı tanışı ona kiminlə danışdığını soruşmuş və o da sonuncuya Nəzakət adlı qızla danışdığını bildirmişdir. Nurəddinə Nəzakətin “Qızıl Aypara” Cəmiyyətində işlədiyini bildirmiş, sonra Nurəddin Nəzakətlə maraqlanmağa başlamış və Nəzakətlə onun telefonu vasitəsi ilə danışdıqda məhkəmə işində ona kömək etməsini xahiş etmişdir. Bundan sonra Nurəddin və Nəzakət özləri danışmağa başlamış, bir müddət sonra məlum olmuşdur ki, Nurəddin Nəzakətə məhkəmədə olan işinə görə 4300 manat pul vermiş, Nurəddin həmin vaxta kimi hələ də Nəzakəti görməmişdir. Bundan sonra Nəzakəti axtarmağa başlamış və onu tapmış, məlum olmuşdur ki, Nəzakət 1956-cı il təvəllüdlü qadındır və uzun müddət onları aldatmışdır. Bundan sonra Nurəddin Nəzakətdən pulunu tələb etmiş və sonuncu müxtəlif bəhanələr gətirərək Nurəddindən aldığı pulu qaytarmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 may 2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 178.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə 20.10.2017-ci il tarixli qanunu tətbiq edilərək, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 178.3.3-cü maddələri, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilərək, cəzası 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. 13.02.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsi ilə müəyyən edilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 07 may 2013-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs hazırda böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilindiyininəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərresidivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin göstərilən hal məhkəmə tərəfindən cəza təyin edərkənTəqsirləndirilən şəxsşəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxsnun törətdiyi cinayət əməllərini etiraf etməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən X4 ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmə haqqında 26 avqust 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-519/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığından, onun barəsində axtarış elan edilərək, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 19.11.2019-cu il tarixli, 128-79553 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsə də, onun barəsində həbs qətimkan tədbiri başqa cinayət işi bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən seçildiyindən, “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətində islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəksin və cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-71/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-71/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver