Məhkəmə qərarları › İş №1(012)-715/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-715/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-715/2025 28.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi almasında və «Bolt» şirkətində işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd etmiş və bu niyyətlə xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 1550 manat pulunu ələ keçirib vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Nailə Zamanov bibisi qızıdır, Şahid isə Nailənin qızıdır. 2024cü ilin noyabr ayının axırlarında bibisi qızı Nailənin evinə qonaq gəlmiş və şəxsi işləri ilə bağlı bir neçə gün idi ki, onların evində qalmışdır, Cavadlı X2 qızı Şemşat ilə nişanlıdır. 04 dekabr 2024-cü il tarixdə günorta radələrində evdə oturub söhbət edərkən söhbət Şemşatın nişanlısından düşmüş və Şemşat nişanlısının sürücülük vəsiqəsinin olmadığına görə Bolt şirkətində işə qoşula bilmədiyini demişdir. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün Şemşata demişdir ki, nişanlısının həm sürücülük vəsiqəsini və həm də iş məsələsini həll edə bilər. Bundan sonra Şemşat zəng vurub nişanlısı Vüqara onun sözlərimi demiş, Vüqar da ona bildirmişdir ki, gəlib özü onunla söhbət edəcəkdir. Onların danışığından bir saat keçmiş Vüqar evə gəlmiş və evdə oturub çay içib bir qədər söhbət etmişlər. Vüqara demişdir ki, 1100 manat müqabilində sürücük vəsiqənin alınmasında köməklik edə bilər, həm də ona Bolt şirkətində işə qoşulmağa da köməklik edə biləcəyini əminlikdə demiş, sonuncunun işə qoşulması üçün isə 450 manat pul verəcəyini demişdir. Vüqar onun təklifləri ilə razılaşmış və çıxıb getmişdir. Həmin günü axşam radələrində Vüqar yenidən gəlmiş və bir də oturub mənimlə söhbət etmiş, hər iki işinin həllini ondan xahiş etmişdir. Ona hər iki işini eyni vaxtda həll edəcəyimi bildirib Vüqardan ümumilikdə 1550 manat pulu götürmüş, 3 gündən sonra təcili olaraq Naxçıvana qayıtmalı olmuş və pula ehtiyacı olduğu üçün Vüqardan aldığı pullara öz problemlərinə xərcləmiş və sonuncunun işi ilə maraqlana bilməmişdir. Üstündən 10 gün keçmiş Vüqarın ondan polis idarəsinə şikayət etməsi barədə məlumat almışdır. Göstərmişdir ki, Vüqardan pulu öz tələbatı üçün almış, lakin yaxın əlaqələrindən istifadə edib sonuncunun işini xahiş etməyi fikirləşmiş, ondan aldığı pulları hər hansı şəxsə vermək fikri olmamışdır. Lakin sonradan özünün şəxsi problemləri olduğu üçün Vüqardan aldığı pulları özünə xərcləmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şemşad Zamanxanova ilə nişanlıdır. X3 ünvan 4 ünvanında yaşayır. 04 dekabr 2024-cü il tarixdə X3 ona zəng vurub bildirmişdir ki, qohumu Təqsirləndirilən şəxs onlardadır və qohumu ona sürücülük vəsiqəsi almaqda köməklik edə bilər, həmçinin nişanlısı onun Bolt şirkətində işə qoşulmaq fikrinin də olduğunu qohumuna dediyi üçün sonuncu hər iki işi həll edə biləcəyini nişanlısı ona demişdir. Bundan sonra nişanlısının yaşadığı evə gəlib orada Fəraqi ilə görüşmüş və söhbət etmişlər. Fəraqi ona 1100 manat müqabilində sürücük vəsiqəsinin alınmasında köməklik edə biləcəyini demiş, həm də bildirmişdir ki, 450 manat pul versə onu Bolt şirkətində işə qoşulmağa köməklik göstərə bilər. O da razılaşmış, həmin günü axşamı yenidən nişanlımgilə gəlmiş, hər iki işini həll edəcəyini Fəraqi boynuna götürdüyü üçün ona ümumilikdə hər iki iş üçün 1550 manat pul vermişdir. Fəraqi bir həftə ərzində onun işini həll edəcəyini, sürücülük vəsiqəsini alıb Bolt şirkətində işə başlayacağını bildirmişdir. Lakin sonradan sonuncunun dediyi vaxt tamam olsa da, onunla görüşə bilməmiş, Fəraqi ilə hər dəfə telefon əlaqəsi saxlayanda ona müxtəlif vədlər vermiş, sonra isə telefonunu söndürmüş və zənglərinə cavab verməmiş, buna görə də aldanıldığını başa düşdüyü üçün Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid qismində tanınaraq dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə nişanlanmışdır. X4 dayısı oğlu Təqsirləndirilən şəxs müvəqqəti olaraq onların evində yaşamışdır. 04 dekabr 2024-cü il tarixdə günorta radələrində evdə söhbət edərkən nişanlısı barədə Fəraqi ondan maraqlanmış, sonuncuya demişdir ki, nişanlısı Vüqar Bolt şirkətində işə qoşulmaq istəyir, lakin həm sürücülük vəsiqəsi ondan istəyirlər, həm də işə götürmələrinə tam söz vermirlər. Belə olduqda Fəraqi ona əminliklə dedi ki, yaxın əlaqələrindən istifadə edib nişanlısının həm iş məsələsini və həm də sürücülüyünü həll edə bilər. O belə olan halda zəng vurub nişanlısı Vüqara bu barədə demiş, Vüqar demişdir ki, gəlib özü söhbət edəcəkdir. Onların danışığından bir saat sonra nişanlısı Vüqar onlara gəlmiş və qohumu Fəraqi ilə görüşmüş, onlar evdə oturub çay içib söhbət etmişlər. Fəraqi Vüqara 1100 manat müqabilində sürücük vəsiqəsinin alınmasında köməklik edə biləcəyini demiş, həm də bildirmişdir ki, 450 manat pul verərsə onu Bolt şirkətində işə qoşulmağa da köməklik edə bilər. Onlar bir qədər söhbət edəndən sonra Vüqar Fəraqinin təklifləri ilə razılaşmış və çıxıb getmişdir. Həmin günün axşamı Vüqar yenidən onlara gəlmiş və yenidən Fəraqi ilə hər iki işinin həlli ilə bağlı söhbət etmişlər. Fəraqi də tam məsuliyyəti ilə Vüqarın işini həll edəcəyini boynuna götürmüş və hər iki iş üçün Vüqardan ümumilikdə 1550 manat pulu götürmüş, Fəraqi bir həftə ərzində Vüqarın işini həll edəcəyini, sürücülük vəsiqəsi alıb Bolt şirkətində işə başlayacağını əminliklə bildirmişdir. Qohumu Fəraqi 3 gündən sonra çıxıb Naxçıvana qayıtmış, lakin sonradan sonuncunun dediyi vaxt tamam olsa da, Vüqar onunla görüşə bilməmiş, Fəraqi ilə hər dəfə telefon əlaqəsi saxlayanda ona müxtəlif vədlər verməyə başlamış, sonra isə telefonunu söndürüb zənglərinə cavab verməmiş, buna görə də nişanlısı aldanılmağmı başa düşüb polis idarəsinə ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan bütünlüklə ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq, barışmışdır. Bunun nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar