Məhkəmə qərarları › İş №1(012)-718/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-718/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-718/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Abşeron rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxil olan 0,549 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini 10 manat müqabilində əldə edib əynində olan cins şalvarının sağ yan cibinə qoyaraq Xırdalan şəhəri, Masazır qəsəbəsinə daşımış və saxlamış, 15 fevral 2024-cü il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-yə gətirilərək, həmin gün saat 13:50-dən 13:59-a kimi idarənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd bükümdə 0,549 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 15 fevral 2024-cü il tarixdə ünvan 4 ünvanın yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirməklə birlikdə polis idarəsinə gəlməsini təklif etmişlər. Abşeron rayon Polis İdarəsində xidməti otaqların birində ilk öncə üzərində şəxsi axtarış aparılacağı bildirilməklə, hüquq və vəzifələri izah olunmuş, daha sonra vəkilin iştirakı ilə videoçəkilidən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan şəffaf selofana bükülmüş bir ədəd bükümü təqdim edərək, içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Sonda etdiyi əməldən peşman olmasını, artıq narkotik vasitə istifadəçisi olmamasını, ümumiyyətlə narkotik vasitədən cəmi bir–neçə dəfə istifadə etdiyini, bu xəstəlikdən tam sağalmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əməlyyat tədbiri nəticəsində 15 fevral 2024-cü il tarixdə, təxminən saat 17 radələrində digər əməkdaş Şahid2 ilə birlikdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmiş, idarədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının yan cibində saxladığı bir ədədə şəffaf selofan bükülünü cıxararaq, təqdim etmiş, Bakı şəhəri Nəsimi rayonu ərazisindən tanımadığı şəxsdən 10 (on) manata özü qəbul etmək üçün aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərində qanunla qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan, bir ədəd şəffaf sellofan büklü təhqiqatçı tərəfindən götürülərək, kağız zərfə qoyulub möhürlənərək, qablaşdırılmış və bu barədə protokol tərtib edilərək, həmin protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/940 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,549 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maadə - metafetamindir. Tədqiqata təqdim olunmuş metafetaminin təmiz çəkisi - 0,549 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 0,499 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir;

4. “Cinayət işinin başlanması” haqqında 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;

7. “Cinayət işi üzrə maddi sübut kimi tanıma” haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,549 qram çəkidə psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir;

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X2 haqqında 28 mart 2024-cü il tarixli, 1956 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabionidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmuş, lakin hal-hazırda müayinə zamanı sonuncuda narkomaniya xəstəlikləri aşkar olunmur, narkamaniya xəstəliyindən əzab çəkmir, narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür;

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır

10. “Sübutların qiymətləndirilməsi” haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2024-cü il tarixli, 6/940 nömrəli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1956 №li ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək, götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,549 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 01 ədəd zərfdə - 0,499 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, həmçinin 15 fevral 2024-cü il tarixdə şəxsin üzərində aparılmış şəxsi axtarış və götürülmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır.

11. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 1(012)-718/2024 saylı qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 26 avqust 2024-cü il tarixdə tutularaq, aidiyyəti üzrə təhvil verilmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 1(012)-718/2024 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilərək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji” Mərkəzinin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması” haqqında 11 mart 2024-cü il tarixli, 1155 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs AMP (-), THC (-), TML (-), MTD (-), MOP (-) aşkar edilməmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə 15 fevral 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və maddə olub-olmaması, olduğu halda könüllü təqdim edilməsi təklif edildikdə o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində kristal formaya bənzər psixotrop maddə olan metamfetaminə bənzəyən kütləni təqdim edərək, həmin kütlənin metamfetamin olduğunu, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məcburi müalicəyə ehtiyacı olmamasını, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayon Probasiya Şöbəsinə məlumat vermədən Sabirabad rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X2 haqqında 28 mart 2024-cü il tarixli, 1956 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,499 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyrimi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə olduğu 01 (bir) ay, 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayon Probasiya Şöbəsinə məlumat vermədən Sabirabad rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sabirabad rayon Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,499 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyrimi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar