Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-724/2022 28.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi, rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən 1100,0 kv.metr torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququ verən sənəd almasına köməklik edəcəyini yalandan vəd verərək, 2022-ci ilin aprel ayının sonunda 5000 manat məbləğində, 2022-ci ilin iyul ayının ortalarında isə 300 manat məbləğində pulunu Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-263 ünvanında yerləşən tikinti ofisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, həyat yoldaşı ilə və 2 azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev-94, mənzil 10-da yaşayır. Əvvəllər Biləcəri və Xocahəsən Bələdiyyəsndə vergi şöbəsinin müdiri işləmişdir. Daha sonralar ev və torpaq alqı-satqısına, həmçinin sənədlərinin alınmasına köməklik etməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər onunla eyni qəsəbədə yaşayan sakin kimi tanısa da yaxın münasibəti olmamışdır. Lakin 2022-ci ilin aprel ayında tarixini dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs ona zəng edib Sumqayıt şossesinin kənarında, Binəqədi rayonu ərazisində olan 11 sot torpaq sahəsinə DƏDRX-dən sənəd almaq istədiyini dedikdən sonra onlar görüşüb həmin torpaq sahəsinə baxmağa getmişlər. O, həmin torpaq sahəsinin Neft şirkətinin ərazisində yerləşdiyinə görə bununla bağlı yalnız məhkəmədən qərar almaq lazım olduğunu söyləmiş və tanışları ilə danışacağını bildirmişdir. Amma heç kimlə bu barədə danışmayıb 2-3 gün sonra Mehmana zəng edib Mehmanın Xırdalan şəhərində işlədiyi tikintinin ofisində görüşmüşdür. Həmin yerə qonşusu Şahidla getmişdir. Qonşusu Şahid taksi fəaliyyəti ilə məşğul olduğuna o, İlkindən onu Xırdalana aparmasını xahiş etmişdir. Onlar görüşdükdən sonra o, Mehmandan həmin torpaq sahəsinə aid sənədlərin ksero surətini istəmiş və bu işin həlli üçün 5300 manat pul lazım olacağını bildirmişdir. Zərərçəkmiş şəxs da razılaşıb, işlədiyi tikintinin ofisində ona həmin torpaq sahəsinin Bələdiyyə sənədlərinin ksero surətini və 5000 manat pul vermişdir. O, da qalan məbləği də torpağın sənədi tam hazır olduqdan sonra alacağını söyləmişdir, 2022-ci ilin sentyabr ayınadək məhkəmə yolu ilə torpağın DƏDRX-dən çıxarışını alıb verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da razılaşmışdır. Bundan sonra onlar tez-tez telefonla əlaqə saxladıqları vaxtı o, Mehmana torpağın sənədləri ilə məşğul olduğunu və sənədlərin yaxın günlərdə hazır olacağını demişdir. Təxminən 2 ay sonra 2022-ci ilin iyul ayının ortalarında tarixini dəqi xatırlamadığı gündə ***-***-**-** nömrəli mobil telefonu ilə Mehmana zəng edib, sənədin düzəlməsi üçün əlavə 300 manat lazım olduğunu söyləmişdir. Mehna Vəlixanov da gəlib iş yerindən götürməyini söylədikdən sonra o, İlkindən onu Xırdalan şəhərinə Mehmanın işlədiyi tikintinin ofisinə aparmasını xahiş etmiş və Xırdalan şəhərinə gedib Mehmanla görüşüb Mehmandan 300 manat pul almışdır. O, pulu alıb sənədlərin sentyabr ayınadək hazır olacağını deyib getmişdir. Həmin ərəfədə ailəsində yaranan bəzi şəxsi problemləri ilə bağlı o, bir müddət ölkədən çıxmaq qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə Türkiyəyə getmişdir. Zərərçəkmiş şəxs ondan şikayət etdiyini polis əməkdaşları onu axtarmaq üçün yaşadığı evə getdikləri vaxt bilmişdir. Həmin vaxtı o, Türkiyədə olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödədiyinə, Zərərçəkmiş şəxs ilə barışdığına və dövlət büdcəsinə 25 faiz ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs məhkəmə baxışında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evində yaşayır. Təxminən 10 il əvvəl Biləcəri qəsəbəsi ərazisindən aldığı 11 sot torpaq sahəsinə DƏDRX-dən çıxarış almaq qərarına gəlmiş və əvvəllər Biləcəri bələdiyyəsində işləyən Təqsirləndirilən şəxs bu işlə məşğul olduğunu eşidib, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini öyrənib Cavidə zəng etmiş və Caviddən Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinə DƏDRX-dən çıxarış almaq istədiyini bildirmişdir. Cavid də razılaşmış və ertəsi günü onunla həmin torpaq sahəsinə baxıb, 2-3 gün sonra Xırdalan şəhərində işlədiyi tikintinin öfısinə yanma gəlib onunla görüşmüşdür. Cavid ondan həmin torpaq sahəsinə aid sənədlərin ksero surətini istəmiş və bu işin həlli üçün 5300 manat pul lazım olacağını bildirmişdir. O, da razılaşmış və 2022-ci ilin aprel ayında tarixini dəqiq xatırlamadığı gündə Xırdalan şəhərində işlədiyi tikintinin ofisində Cavidə həmin torpaq sahəsinin Bələdiyyə sənədlərinin ksero surətini və 5000 manat pul vermişdir. Cavid qalan 300 manatı da sonra alacağını söyləyib, 2022-ci ilin sentyabr ayınadək məhkəmə yolu ilə torpağın DƏDRX-dən çıxarışını alıb verəcəyini bildirmişdir. O, da razılaşmışdır. Bundan təxminən bir ay sonra Cavid ***-***-**-** nömrəli mobil telefonu ilə ona zəng edib, sənədin düzəlməsi üçün əlavə pul lazım olduğunu söyləmişdir. O da Xırdalan şəhərində tikintinin ofisində Təqsirləndirilən şəxsla görüşüb 300 manat pul vermişdir. Cavid də pulu alıb sənədlərin sentyabr ayınadək hazır olacağını bildirmişdir. O, da Cavidə inanıb gözləməyə başlamışdır. Bundan bir müddət sonra o, Cavidin mobil telefonuna zəng çatmadığını görüb axtarmağa başlamış və həmin vaxtı ona Cavid başqalarından da torpaq sənədi düzəltmək adı ilə müxtəlif məbləğlərdə pullar aldığına görə həmin adamlardan gizləndiyi məlum olmuşdur. O, da Cavidin onu da aldatdığını başa düşüb, Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsindəki evinə getmiş, lakin Cavidi tapa bilməmişdir. Ailə üzvüləri onun evdə olmadığını, ölkə xaricində olduğunu söyləmişlər. O, da bunu bildikdən sonra Cavidin onu da aldadaraq torpaq sahəsinə sənəd düzəltmək adı ilə 5300 manat pulunu ələ keçirdiyini yəqin edib, bu barədə polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənilməsi, təqsirləndirilən şəxslə barışması barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. .Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 5300 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 1327 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəl şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-724/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-724/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver