Məhkəmə qərarları › İş №1(012)-724/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-724/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-724/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 48/27, mənzil 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Hüseynbala Əliyev küçəsi ev 117, mənzil 223-də yaşayan və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə qızının rəfiqəsi Zərərçəkmiş şəxs mənzilinin qapısının açarını əvvəldən çantasına götürüb 23 dekabr 2024-cü il tarixdə saat 01:45 radələrində sonuncunun Abşeron rayonu Xırdalan şəhəri, "xxxx" MTK blok 2, 248 nömrəli mənzilinə həmin açarla qapını açmaqla qanunsuz daxil olub, mənzilin yataq otağında yerləşən şkafdan Zərərçəkmiş şəxs məxsus 17.340 manat dəyərində 10.200 ABŞ dolları və 3000 manatı, ümumilikdə 20.340 manat pulu gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 48/17, mənzil 3-də qeydiyyatda olsada, Bakı şəhəri, Hüseynbala Əliyev küçəsi ev 117, mənzil 223-də qızı Nərmin Həmidli və oğlu Yusif Həmidli ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, əksər hallarda evlərdə uşaqlara baxmağa gedib qarşılığında pul alır. Zərərçəkmiş şəxs 4-5 il olar ki, tanıyır, qızı Nərminin rəfiqəsidir, Nuranə onlarda çox qalıb. Təxminən bir ay bundan qabaq Nuranə onlarda evdə qalanda onun əl çantasında çoxlu pullar olduğunu görmüş, Nuranə onlardan gedəndə həmin pullar olan çantası onlarda qalmışdı. O da çantada pulları görüb fikirləşmişdir ki, bu pullarla bütün borcunu bağlayardı. Belə ki, Sumqayıt şəhərində yaşayan Aidə adlı sələmçi qadından 2020-ci ildə 5.500 ABŞ dollar sələmə pul götürmüş, bir il həmin sələmin faizini versədə, sonradan verə bilməmişdir. Həmçinin dolların kursu qalxanda da çox ziyan etmiş və 19.000 manata yaxın borcu yaranmışdı. Aidə adlı qadın ona hədə gəlmişdi ki, ya onun pulunu verəcək, ya da onun başına oyun açacaq. 2024-cü ilin dekabr ayının ortalarında Aidənin oğlu Faiq ona zəng edərək anası Aidəyə çatacaq pulu verməyini tələb etmişdi. Nuranə ilə əlaqə saxlayıb onun Abşeron rayonu Xırdalan şəhəri Nuray MTK-da yerləşən evinə gedib həmin pul dolu çantasını ona vermiş və evində də 5-10 dəqiqə oturmuşdu. Səhəri günü Nuranə yenə onlara gəlmiş və onun çantasında olan evinin açarlarından birini götürmüş ki, dünənki günü ona verdiyi pulları yəqin ki, evində saxlayır, Nuranə qızı Nərminlə rəfiqədi, buna görə heç kim ondan şübhələnməz və Nuranə evdə olmayanda onlara gedib həmin puldan oğurlasın. Həm də bilmişdir ki, Nuranə gecə klublarına gedir və gecədən səhərə qədər klubda olur, evlərində heç kim qalmır. Tarixi dəqiq yadında da deyil, 2024-cü ilin dekabr ayının 20-si 24-ü arası Nuranənin gecə vaxtı saat 01 radələrində Nuranənin evində olmadığını, gecə klubunda olduğunu bilib tanımadığı taksi maşını ilə onlara getmiş və əvvəlcədən Nuranənin çantasından oğurladığı açarla evinin qapısının üst qıfılını açıb mənzilə daxil olmuş və yataq otağında olan güzgül dolabın gözündən çəhrayı rəngli paketə bükülmüş pulları götürmüş və gəldiyi kimi də mənzildən çıxmışdır. Yolda olan vaxtı maşının pəncərəsindən Nuranənin evinin açarını pəncərədən tullamışdır. Pulları yaşadığı evə aparıb öz otağında olan paltar şkafına qoymuşdu. Təxminən 2 gün sonra pulları götürüb Aidənin oğlu Faiqlə İnşaatçılar metrosunun yanında görüşmüş, Nuranənin evindən oğurladığı pullardan 8000 ABŞ dolları və 5400 manat pulu sayıb Faiqə vermişdir. Bundan sonrab bilmişdir ki, Nuranə evindən oğurluq olmasına görə polisə şikayət etmişdir. Bu gün, yəni 16 yanvar 2025-ci il tarixdə də onu Abşeron rayon polis idarəsinə dəvət edəndə, artıq polislərə yalan danışmağın mənasız olmasını bilmiş və Nuranənin evindən oğurluq edib pullar oğurlamağını etiraf etmişdir. Nuranənin evindən pul oğurlamağına görə çox peşmandır, dəymiş ziyanı ödəməyə hazırdır, xahiş edir onu bağışlasınlar. Nuranənin evindən pulları özü tək oğurlamış, bu işdə ona heç kim köməklik etməmişdir. Nə də ki, pulları oğurlayan zaman onu kənardan heç kim görməmişdir. Onun evindən 8000 ABŞ dolları və 5400 manat pul oğurlamışdır. Onun Zərərçəkmiş şəxs məxsus olan və oğurluq etdiyi evə, evdəki otaqlara daxil olmağa, mənzildə olan əşyalardan istifadə etməyə, baxış keçirməyə icazəsi olmamışdır. X2 və ya oğlu Yusif Həmidliyə pul oğurlamağı barədə heç bir söz deməmiş, həmçinin onlara qabaqcadan pul oğurlayacağı barədə vəd verməmişdir. Həmin əməli törətdiyi gün, eləcə də əvvəl və sonra hər hansı şəxsə bu barədə məlumat verməmişdir. Həmin əməli törətməkdə ona kimsə təşkilatçılıq, təhrikçilik, yaxud bu və ya digər formada köməklik etməmiş, özü planlaşdırmış, özü də icra etmişdir. Pulu oğurlamaqda məqsədi isə borclarını bağlamaq olmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyini, yəni 21000 manat məbləğində pul ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişin ondan şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu, əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdi ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə o özü zəng etmiş, belə ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evə gəlmiş, yaşadığı mənzil binanın 15-ci mərtəbəsində yerləşir. Biraz istirahət etmiş və yataq otağındakı kamota baxmışdır. Özünə məxsus içərisində 10.200 ABŞ dolları və qalanı milli pul olmaqla ümumilikdə 21000 manat pulu olan çəhrayı rəngli paketin yerində olmadığını, paketin və içərisində 350 manat pul qaldığını görmüşdür. Onun ilk ağlına gəlmişdir ki, Zülfiyyə xanıma zəng etsin. Ona görə də Zülfiyyə xanıma zəng etmiş və birlikdə axtarmağı təklif etmiş və Zülfiyyə də gəlmişdir. Nə qədər axtarsalarda da pulu tapa bilməmişlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə pulu sayaraq yerinə qoymuşdu. Həmin pullar 10.200 ABŞ dolları və 3000 manat idi. Evinin açarını yalnız evin təmzilikçisi Zülfiyyə adlı qadına vermiş, lakin o da son 10 gündür ki, evə gəlmir. Beləliklə ona ümumi olaraq 21000 manat miqdarda maddi ziyan dəymişdir. Həmin oğurluq hadisəsi ilə əlaqədar xahiş edir bütün şübhəli şəxsləri müəyyən edib dindirilsin və təqsirkar şəxsləri məsuliyyətə cəlb edilsin. Hadisə baş verdikdən sonra DİN-nin 102 xidmətinə zəng etdikdən sonra polislər yaşadığı evə gəlib evə baxış keçirmişlər, izahatını almışlar və getmişlər. O da polis əməkdaşlarının arxasınca polis idarəsinə gəlmişdir. Polis idarəsində səhərə qədər qalmış, saat 06 radələrində yaşadığı evə qayıtmışdır. Günorta saat 01-02 radələrində yaşadığı binanın həyətində olarkən Zülfiyyə onun yaşadığı binaya gəlmişdir. Onunla görüşdükdən sonra Zülfiyyə onun yaşadığı mənzilə qalxmışdır. Səbinə həmin vaxt mənzildə olmuş, arxasınca bir qədər sonra o özü mənzilə qalxmışdır. Həmin vaxt Zülfiyyədə qış ayaqqabılarını saxladığı yerə baxaraq ayaqqabıların içini axtarmış və ona baxmağını görüb demişdir ki, pulu əvvəllər burada saxlayırdı. O, heç bir vaxtı pulunu ayaqabıların içində saxlamağı barədə Zülfiyyəyə heç bir məlumat verməmişdir. Həttda pulun hazırda oğurlanmamışdan qabaq saxladığı yer barəsində də Zülfiyyəyə heç bir söz deməmişdir. Dekabr ayın 27-dən sonra Zülfiyyənin telefonuna zəng etsədə, ona zəng çatmamış, həmçinin Zülfiyyə öz 30.000 min izləyicisi olan “instaqram” hesabını da bağlamışdır. Onunla heç bir formada əlaqə saxlaya bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 06 may 2025-ci il tarixli teleqramdan görünür ki, mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı istintaqda verdiyi ifadəsini təsdiqləyir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur və səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat 18:40 dəqiqədə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin müstəntiqi Kənan Yasinlinin xx.xx.2025-ci il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 06 may 2025-ci il tarixli teleqramdan görünür ki, mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı istintaqda verdiyi ifadəsini təsdiqləyir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur və səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, təqsirləndirilən şəxsin etirafedici ifadələri iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, Abşeron RPİ-nin CAŞ-dan daxil olmuş 01 ədəd DVD disk və iki ədəd “səfər haqqında hesabat”a baxış cədvəlləri sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. - Diskdə olan video görüntüyə və iki ədəd “səfər haqqında hesabat”a baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməzdən əvvəl taksi maşını ilə 23 dekabr 2024-cü il tarixdə saat 01:45 radələrində ünvan 1 ünvanından Chevrolet markalı **-YD-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə hərəkət edərək həmin günü saat 02:02 radələrində Abşeron rayonu, H.Əliyev prospekti 1608 ünvanına gəlmiş, Abşeron rayonu Xırdalan şəhəri, "xxxx" MTK blok 2-nin müşahidə kamerasından görünür ki, saçı sarı rəngli, uzun qış plaşı əynində başını örpəklə bağlayaraq lift vasitəsi ilə mənzil 248-ə qalxıb həmin mənzilə daxil olur, həmin günü həmin mənzildən çıxıb saat 02:54 radələrində Abşeron rayonu, H.Əliyev prospekti 1608 ünvanından Kia K5 markalı **- AV-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə ünvan 4 ünvanına quraşdılmış müşahidə kamerasından görünür ki, başına örtdüyü örpəyi açaraq lift vasitəsi ilə yuxarı mərtəbəyə qalxır Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla, cəmi 2 gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış Abşeron RPİ-nin CAŞ-dan daxil olmuş 01 ədəd DVD disk və iki ədəd “səfər haqqında hesabat”a baxış cədvəlləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin CAŞ-dan daxil olmuş 01 ədəd DVD disk və iki ədəd “səfər haqqında hesabat”a baxış cədvəlləri cinayət işinin materiallarında saxlanılsın Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar