Məhkəmə qərarları › İş №1(012)-730/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-730/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-730/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdar bir ədəd bükümdə çəkisi 0,584 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən duz gölü ərazisinə daşımış və üzərində saxlamış, 26 dekabr 2024-cü il tarixdə, saat 12 radələrində X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda saxlanılıb Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən X3 inzibati binasına gətirilib orada xidməti otaqların birində həmin tarixdə saat 13:40-dan 13:47-dək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 0,584 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, narkoman xəstəliyinə düçardır və hər gün bir qayda olaraq qeydiyyatda olduğu Sumqayıt Narkoloji dispanserindən metadon suyu əldə edərək, ağrılarının sakitləşməsi üçün qəbul edir. Hadisə günü o, dispanserə getmək üçün dayanacaqda avtobus gözləyərkən içərisində 3 nəfər şəxsdən ibarət olan olan avtomobil orada dayanaraq, onu nəqliyyat vasitəsinə əyləşdirmişlər. Onlar həmin ərəfədə ona qarşı fiziki gücdən istifadə etməsələr də, lakin avtomobilə əyləşən zaman ünvanına nəlayiq ifadələr işlətmişlər. O, əvvəllər də məhkumluq dövrü yaşadığından və polis əməkdaşlarının hərəkətinə bələd olduğundan onlara anasının xəstə olmasını, üzərindən aşkar olunacaq narkotik vasitəsinin çəkisinin az miqdarda olarsa həm ibtidai həm də məhkəmə istintaqında ona qarşı irəli sürüləcək ittihamı qəbul edəcəyini demiş, lakin sonuncular həmin təkliflə razılaşmamışlar. Onu şübhəli olaraq saxladıqdan təxminən 1 saat sonra üzərində videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş, onlar axtarışa başlamamazdan qabaq fikirləri dağınıq olan zaman cibinə qoyulan narkotik vasitəni masanın altına atmış, çəkiliş aparılan zaman isə üzərində heç bir narkotik vasitə olmadığını bildirmiş, belə olduqda çəkiliş yarıda saxlanılaraq, ona başqa nisbətən kiçik ölçülü büküm verilmişdir. Yenidən həmin qanunsuz maddəni cibinə qoyulmuş və yenidən çəkiliş keçirilmişdir. O, ilkin çəkiliş zamanı vəkildən imtina etsə də, vəkil otaqda qalmış oradan getməmişdir. Bundan sonra onu 48 saat müvəqqəti saxlanma yerində saxladıqdan sonra buraxmış, lakin o, həmin qanunsuz hərəkətlər barədə nə vəkilə, nə də hər hansı orqana məlumat verməmiş, videoçəkiliş zamanı etirafının səbəbi isə ailəsinin onun yardımına ehtiyacı olması olmuşdur. Düşünmüşdür ki, razılaşmasa onu daha ağır əməllərdə tittiham edə bilərlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, nə saxlanılan vaxt, nə də idarədə ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin polis əməkdaşlarının davranışından belə başa düşmüşdür ki, onların dediklərin qəbul etməsə ona qarşı daha ağır ittiham irəli sürüləcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi səmimi və inandırıcı hesab edilmir, belə ki onun üzərinə ilkin araşdırılma zamanı vəkilinin iştirakı ilə video çəkilişlə baxış və axtarış aparılan zaman o, əməlini etiraf etmiş, məhkəmə iclasında heç kəsin ona fiziki zor tətbiq etmədiyini yalnız daha ağır maddə ilə ittiham olunacağından qorxduğu üçün etirafedici ifadə verdiyini bildirmişdir. O, bildirir ki, ona birinci təklif edilən narkotik vasitənin çəkisinin çox olmasından ehtiyat edərək onu stolun altına atmış, daha sonra isə ona yeni büküm təqdim edilmişdir. Onun dediklərinə əsasən bütün bu proseslər müdafiəçinin gözü önündə olmuş olmalı idi. Onun özünü təqsirli bilməyərək, ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin X3 əməkdaşı Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, 26 dekabr 2024-cü il tarixdə təxminın saat 12 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən duz gölünün yaxınlığında digər həmkar yoldaşı ilə birlikdə baş vermiş oğurluq hadisələri ilə əlaqədar xidmətdə olarkən, bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə ona yaxınlaşaraq polis əməkdaşı olduğunu, hərəkətlərində şübhəli məqamlar olduğundan onlarla birlkdə X4 getməyi dəvət etmişlər. Sonrada adını bildiyi Təqsirləndirilən şəxs onlara etiraz etmədən bölməyə gəlmiş, inzibati binanın xidməti otaqlarınını birində hüquq və vəzifələri izah edilərək, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edildikdən sonra videoçəkilişdən istifadə etməklə üzərində qanunla qadağan olunmuş həe hansı əşya olubolmadığı soruşularaq, varsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs könüllü olaraq geyindiyi cins şalvarının sağ yan cibindən bir ədəd rəngli sellofanlı bükümü təqdim edərək, içərisində 25 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 10 manata əldə etdiyi psixotrop maddə - metamfetamin olmasını bildirmişdir. Bundan sonra tərəfindən keçirilən axtarış zamanı şübhəlinin üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Aşkar olunmuş büküm zərfə qoyulduqdan sonra tərtib edilmiş protokol hərkəs tərəfindən imzalanmışdır. Bundan əlavə Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən və ya üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin X3 əməkdaşı Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması haqqında” 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 26 dekabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablanmışdır;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 dekabr 2024-cü il tarixli, 6/5583 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmi çəkisi 0,584 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kusar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,584 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,534 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir;

3. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlamaqla, Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və digər qətimkan tədbirinin seçilməsinə” dair 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polsin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 08 yanvar 2025-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 11 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsndə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, qəti olaraq 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, bundan sonra Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsndə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, qəti olaraq 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qərarı ilə 09 (doqquz) ay 29 (doqquz) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir;

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 13 mart 2025-ci il tarixli, 1555 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

8. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncunun üzərindən aşkar edilərək götürülmüş, 0,584 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra maddi sübutun ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,534 qram çəkidə hissəsi saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, şəxsi axtarış və götürmə zamanı keçirilməsinin videoçəkili əks olunmuş 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək, cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/5583 nömrəli rəyi, ambulator X1ya dair 13 mart 2025-ci il tarixli, 1555 nömrəli rəyi, “diskə baxış keçirilməsi haqqında protokol” və işdə olan digər hüquqi sənədlər iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmişdir.

Şəxsi axtarış və götürmə aparılması haqqında 26 dekabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdə, sonuncu əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edərək, həmin bükümdəki kütlənin psixotrop madddə olan metamfetamin olmasını, həmin kütləni 25 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat aldığını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı o nə vəkillə konfidensial görüş zamanı nə də ki daha sonralar bu barədə müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş videogörüntü olan diskə baxış keçirilən zaman müəyyən edilir ki, o, könüllü olaraq cibində saxladığı bükümü təqdim edərək, özünəməxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı hal müəyyən edilmədiyindən onun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminin miqdarını, həmçinin yüngülləşdirici və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədrinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 Ekspert komissiyasının 13 mart 2025-ci il tarixli, 1555 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,534 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dən növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,534 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar