Məhkəmə qərarları › İş №1(012)-732/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-732/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-732/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən,, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar şəhəri, Bulqan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, ünvan 2ixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya ev alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Real market» mağazasında quraşdırılmış «Mpay» ödəniş terminalından ona məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartına köçürdüyü 2500 manat və xx.xx.2024-cü il tarixdə eyni ünvanda, eyni ödəniş terminalından, "xxxx" KB ASC tərəfindən emissiya edilmiş «Leobank» kartına köçürdüyü 500 manat, ümumilikdə 3000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmişə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək, əlavə olaraq bildirmişdir ki, onun sənədlə adı Rza olsada, tanışları onu Kamran kimi tanıyırlar. Barəsində şikayət edən Zərərçəkmiş şəxs 1 ildən çox müddətdir ki, tanıyır. Onunla Bakı şəhəri, 3-cü mikrorayon bazarının qarşısında yerləşən Eleon hoteldə tanış olmuş, həmin hotelin texniki işlərinə nəzarət etmişdir. Özü kamera quraşdırılması və servisi ilə məşğul olur. Həmin hotelin texniki işlərinə də baxır. Məryəm isə həmin hoteldə xadimə işləmişdi. Tanışlığı burdan yaranmış və sonradan onunla qeyri-rəsmi münasibəti olmuşdur. 2024-cü ilin mart ayının əvvəllərində Məryəm ona demişdir ki, ev almaq istəyir. Bunun əsasında Məryəmə təklif etmişdir ki, ev almaq istəyirsə ona köməklik göstərə bilər. Məryəmə demişdir ki, tanışları var, lakin evi almaq üçün 3000 manat pul verməlidir. Məryəm onunla razılaşmış, onun kartına əvvəlcə 2500 manat pul göndərmiş, sonradan isə 500 manat pul da əlavə olaraq göndərmişdir. Məryəmdən 3000 manat pulu onu aldadıb almışdır. Bundan sonra Məryəm ondan evi soruşduqda, ona bir qədər vaxt lazım olduğunu bildirmişdir. Ondan aldığı pulu öz tələbatlarına xərcləmişdir. Sonradan Məryəm pulu geri tələb etdikdə ona müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmış, lakin qaytara bilməmişdir. Əvvəlki məhkəmə prosesi zamanı 2800 manat ödəniş edə biləcəyini bildirdikdə zərərçəkmiş qəbul etməmiş, pulu ona faizlə götürüb verməsinə əsaslanaraq artıq məbləğ istəmişdir. Hazırda həmin pul da xərclənmişdir. Azadlığa buraxılarsa qısa vaxt ərzində borcu tam ödəmək niiyyətində olduğunu bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, Kamran adlı şəxsi elektrik kimi tanıyır. 2024-cü ilin mart ayında Kamran ona ev almağında köməklik göstərəcəyini deyib ilkin ödəniş olaraq ondan 5000 manat pul istəmişdir. Ona 3000 manat pulunun olduğunu bildirmiş və Kamran həmin 3000 manat pulu ona göndərməyini, üzərinə özünün də 2000 manat qoyub ona ev alacağını bildirmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən «Real»> marketin daxilində olan terminal vasitəsilə Kamranın ona verdiyi 416973****9825 saylı kartına 2500 manat və xx.xx.2024-cü il tarixdə isə 500 manat pul göndərmişdir. Sonradan həmin şəxslə əlaqə saxladıqda ona müxtəlif bəhanələr gətirərək ev almaqda kömək etməmişdir. Bundan sonra Kamrandan pulunu geri tələb etmiş, lakin Kamran pulunu verməkdən imtina etmişdir. Bu səbəbdən Kamranın ona qarşı dələduzluq etdiyini başa düşüb DİN-in "102" Xidməti- Zəng mərkəzi sisteminə məlumat vermişdir. Sonradan Kamranın əsl adının Rza olduğunu öyrəndiyini, ona 3000 manat pul verdiyini və həmin pula görə ümumilikdə 7400 manat faizlə birlikdə qaytardığını bildirərək zərəri tələb etmiş, şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;

3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur;

4. “Axtarış elan edilməsi” haqqında 01 oktyabr 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan olunmuş və o, saxlanıldıqda Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir;

5. “Cinayət işinin icraatın dayandırılması” haqqında 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin saxlanılıb, istintaqa təqdim olunanadək barəsində axtarış elan olunmuşdur;

6. “Axtarışda olan şəxsin tutulması” haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir;

7. “Cinayət işi üzrə dayandırılmış icraatının təzələnməsi” haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, 28 fevral 2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılaraq, istintaqa təhvil verildiyindən ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir;

8. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında 02 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 mart 2025-ci il tarixldə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 31 oktyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242 M.”A” bəndinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 30 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezdentinin 27 dekabr 1995-ci il tarixli. 425 saylı “əfv” fərmanı tətbiq olunmaqla, azad olunmuş, bundan sonra Mingəçevir şəhər Məhkəməsinin 25 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin törədilməsində təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-191/2022 saylı, 16 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur;

10. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və məhkəmə məsuliyyətinə verilmiş, iş üzrə şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir;

11. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 1(012)-732/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, haqqında axtarış verilmiş, sonuncu 05 noyabr 2025-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;

12. Bakı şəhər Probasiya İdarəsinin 17 noyabr 2025-ci il tarixli, məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-191/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs axtarışda olduğu üçün Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmamış və cəzasını çəkməmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, o, Zərərçəkmiş şəxs ev alacağına dair yalan vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «Real market» mağazasında quraşdırılmış «Mpay» ödəniş terminalından ona məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartına köçürdüyü 2500 manat və «Leobank» kartına köçürdüyü 500 manat, ümumilikdə 3000 manat pulunu alıb ələ keçirməklə sonuncuya ziyan vurub dələduzluq etmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvələr də qəsdən cinayət törətməyə görə məhkum edilməsini və həmin cəzanı çəkmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə törətdiyi az ağır cinayət əməlinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)- 191/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə) 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, onun əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-191/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 05 noyabr 2025-ci il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində məhkəmə istintaqı zamanı seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hərhansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 6 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 256 manat (06 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-191/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 saatın hər iş saatının 6 manatdan, digər 20 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 256 manat (06 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar