Məhkəmə qərarları › İş №1(012)-738/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-738/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-738/2024 26.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 0,613 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Abşeron rayonu Hökməli qəsəbəsində daşıyaraq üzərində saxlamış, 23 mart 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 20:50-dan 21:00-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəgli cins şalvarının sağ yan cibindən həmin 0,613 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Qobu PB-nə gətirilməyi ilə bağlı onu bildirib ki, xx.xx.2024-cü il tarixdə 20 yanvar metrosu ərazisindən yerdən bir büküm şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni tapıb üzərində "Prima" yazısı olan siqaret qutusunu çıxarıb içinə qoyub şəxsi istifadəsi üçün Hökməli qəsəbəsi ərazisindən işi ilə əlaqədar keçib gedərkən piyada hərəkətdə olan zaman yolda iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis olduqlarını deyib, özlərini təqdim edərək şübhəli olduğunu və onlarla Qobu polis bölməsinə getməyi təklif edəndə onlara etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada üzərində narkotik maddə olmasını etiraf edib və bölmədə ona xidməti iş otaqlarından birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona müdafiəçimin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş. Daha sonra video görüntü ilə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və video çəkliş aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş. O da, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən üzərində "Prima" yazısı olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş və içərisi açılaraq bir büküm şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşakar olunmuşdur. Təqsirləndirilən şəxs onu haradan aldığı barədə sual verildikdə o xx.xx.2024-cü il tarixdə 20 yanvar metrosu yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş üzərində "Prima" yazısı olan siqaret qutusu və bir büküm şəffaf rəngli sellofana bükülmüş bükülü zərfə qoyularaq qablaşdırıb möhürlənmiş, protokol tərtib edilmiş və ekspertizaya göndəriləcəyi barədə ona bildirilmişdir. Əlavə olaraq üzərinə şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, video çəkilişdən əvvəl üzərinə şəxsi axtarış keçirilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2003-cü ildən xidmət edir. 2021-ci ildən Abşeron RPİnin Qobu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Nizami rayon C.ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 23 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə Şahid2 tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi, Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 da qrupun üzvü olmuşdur. Bundan sonra həmin gün yəni, 23 mart 2024-cü il tarixdə saat 20 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində Qobu-Hökməli yolu ilə hərəkət edən zaman Təqsirləndirilən şəxs orada olduğunu gormuşlər. Ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu deyib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət etmiş, orada üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd üzərində “Prima” yazısı əks olunan siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra iştirakçılar zərf üzərində və protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2024-cü il tarixdə 20 yanvar metrosu yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilmədiyini, üzərində şəxsi axtarış və götürmə aparılan zaman Şahin Rzayevə qarşı heç zorakılıq və ya təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1631 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə” yazılar və imzalar olan zərfdəki üzərində “Prima” yazısı olan siqaret qutusunda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,613 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 4 ədəd siqaretin içərisində narkotik vasitələr vəpsixotrop maddələr aşkar olunmamışdır (qalıq 0,563 qram - 0,05 qram psixotrop maddə metamfetmain tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 2254 №-li eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,563 qram psixotrop maddə metamfetmain Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə barəsində CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 69.3, 70-ci maddələri tətbiq edilərək 1 il şərti sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə barəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə barəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə barəsində CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarxili qanuna əsasən CM-nin 177.3.2-ci maddəsi həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilib CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay 27 gün təyin edilmiş və azad olunmuşdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə barəsində CM-nin 29/177.2.1, 29/177.2.3-2, 180.2.2, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 ay 16 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəgli cins şalvarının sağ yan cibindən psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,563 qram psixotrop maddə metamfetmain məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,563 qram psixotrop maddə metamfetmain məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar