Məhkəmə qərarları › İş №1(012)-74/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-74/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-74/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Qobustan rayonu Ərəbşahverdi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qobustan rayonu, Ərəbşahverdi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs mərhum anasına mərmərdən qəbirüstü abidə hazırlayacağına dair yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Xırdalan qəbiristanlığında 600 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Xəzinə Palace” şadlıq sarayının qarşısında 850 manat, xx.xx.2021-ci il tarixdə isə yenə də “Xəzinə Palace” şadlıq sarayının qarşısında 150 manat olmaqla ümumilikdə 1620 (min altı yüz iyirmi) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməmiş, Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirdi ki, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilir. Qəbir daşları düzəldib satmaqla məşğul olur. 2021-ci ilin oktyabr ayında sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs onun mobil telefonuna zəng edərək anasının vəfat etdiyini və anası üçün baş daşı düzəltdirmək istədiyini bildirmiş, daha sonra onlar Xırdalan qəbirsanlığında görüşmüşlər. Həmin günü Rəşad yanında Elşad adlı dostu ilə Xırdalan qəbirsanlığında yerləşən ona məxsus sexə gəlmişlər. Orada o, Rəşada nümunə olaraq bir neçə mərmərdən olan qəbir daşları göstərmiş, Rəşad nümunələrin içərisindən ağ mərmərdən olan qəbir daşını seçib bəyəndikdən sonra həmin qəbir daşının qiymətini daşınıb 1500 manata razılaşmışlar. Bundan əlavə 120 manat usta pulu danışmışlar. Bununla da ümumilikdə 1620 manat müqabilində o, Rəşada qəbir daşını və qəbir yerinin ətrafını düzəldib 01 ay müddətinə təhvil vermək barədə söz vermişdir. Ödənişi isə Rəşad hissəhissə ödəməli imiş. İlkin olaraq həmin gün Rəşad ona 600 manat pul vermişdir. Bundan sonra o işə başlamış, növbəti gün o Rəşadla görüşüb onunla birlikdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən mərmər satışı sexinə getmişlər. Orada o Rəşada düzəldəcəyi daşı göstərib bir daha fikrini dəqiqləşdirmiş, Rəşad daşa baxıb bir daha seçimini dəqiqləşdirib təsdiq etmişdir. Həmin gün Rəşad ona 870 manat pul vermişdir. Bir neçə gün sonra isə o, Rəşadla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Xəzinə Palace şadlıq sarayında görüşüb görüşüb ondan 150 manat pul almışdır. Bununla da o Rəşaddan ümumilikdə 1620 manat pul almışdır. O qəbir daşının işlərini görmüş, lain baş daşını quraşdıran zaman ehtiyatsızlıqdan baş daşını çatlatmışdır. Rəşad da həmin çatlamış baş daşını qəbul etməmiş, ondan yenidən baş daşı sifariş verməsini tələb etmişdir. Lakin o, yeni baş daşının qiymətinin 2000 manat olacağını dedikdə Rəşad razılaşmamış və əvvəl verdiyi pulu da geri istəmişdir. O pulu olmadığı üçün Rəşada pul qaytara bilməmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında anası vəfat etdiyindən ona qəbirüstü abidə düzəltdirmək məqsədilə usta axtarmağa başlamış, həmin vaxt özünü Qarabala kimi təqdim edən şəxslə tanış olmuşdur. Daha sonra dostu Elşadla birlikdə xx.xx.2021-ci il tarixdə Qarabala adlı şəxslə Xırdalan qəbristanlığında görüşmüşlər. Qarabala məzara baxdıqdan sonra 1620 manat müqabilində anasına məxsus məzara qəbirüstü abidə düzəldəcəyini dedikdə o, Qarabala ilə razılaşıb ilkin olaraq orada Qarabalaya 600 manat pul vermişdir. Qarabala həmin pulun 1500 manatını mərmər daşlar üçün, 120 manatını isə əl xərci olaraq istəmişdir. Bundan sonra Qarabala onu və dostu Elşadı Xırdalan qəbristanlığında dolaşdıraraq bir neçə məzarı göstərib, onları da özünün düzəltdiyini bildirmişdir. Daha sonra Qarabala onları Binəqədi rayonunda yerləşən daş sexinə apararaq məzarüstü abidələri düzəldərkən daşları oradan götürdüyünü bildirdimişdir. xx.xx.2021-ci il tarixdə o, yenidən Qarabala ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Xəzinə Palace” şadlıq sarayının qarşısında görüşərək ona daha 870 manat pul vermişdir. Bir neçə gün sonra, xx.xx.2021-ci il tarixdə isə yenə də həmin yerdə Qarabalaya 150 manat vermişdir. Bir müddət sonra Rəşad mərhum anasının məzarına baş çəkməyə getdikdə heç bir iş görülmədiyini gördükdə Qarabaladan səbəbini soruşmuş, o da hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və heç bir iş görməmişdir. Bir müddət sonra isə ümumiyyətlə telefon zənglərinə belə cavab vermədiyi üçün Qarabala adlı şəxsin ona qarşı dələduzluq etdiyini başa düşüb baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə və Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həm qonşusu, həm də dostudur. 2021-ci ilin oktyabr ayında Rəşadın anası rəhmətə getmiş, onun dəfn işlərini başa çatdırdıqdan bir neçə gün sonra, xx.xx.2021-ci il tarixdə Rəşadın mərhum anasının məzarüstü abidəsini düzəltdirmək məqsədilə Xırdalan şəhərində yerləşən qəbristanlıqda maraqlanan zaman Qarabala adlı şəxslə tanış olmuşlar. O Qarabalanı ilk dəfə orada görmüşdür. Qarabala onlara qəbir daşı düzəltdiyini və uzun müddət bu işlə məşğul olduğunu bildirmişdir. Bu zaman Rəşad onunla 1620 manat müqabilində razılaşmış, Qarabala adlı şəxs 1620 manat müqabilində qəbirüstü abidə düzəldəcəyinə söz vermişdir. Həmin vaxt Rəşad Qarabalaya ilkin olaraq onun yanında 600 manat vermişdir. Bundan sonra həmin şəxs onları Xırdalan qəbristanlığında gəzdirib bir neçə qəbir üstü abidə göstərərək onları da düzəltdiyini demişdir. Daha sonra onları Binəqədi rayonunda bir sexə apararaq qəbir daşlarını oradan götürdüyünü bildirmişdir. Daha sonra 2021-ci ilin noyabr-dekabr ayı ərzində bir neçə dəfə Rəşadla birlikdə qəbristanlığa getsələr də Qarabala adlı şəxsin heç bir iş görməmişdir. Bundan başqa Rəşadın Qarabalaya nə vaxt və nə qədər pul verməsi barədə məlumatı yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib və cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Ona görə də məhkəmə hesab edir ki, hazrki halda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindəz azad edilə bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2013-cü il təvəllüdlü Mövlan Əsədov və xx.xx.2020-ci il təvəllüdlü İlayda Əsədova və xx.xx.2015-ci il təvəllüdlü Təhmasib Əsədov adlı 3 azyaşlı övladının olmasını və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 01 iyul 2022-ci il tarixdə qərar qəbul edilmiş, lakin, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı elan etmək mümkün olmamışdır. Bu səbəbdən 01 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 07 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Abşeron rayon polis idarəsinə gəlmiş və X2 təhvil verilmişdir. 08 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edildiyindən onun 07 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə kimi tutulduğu 1 gün müddət nəzərə alınmaqla cəzası yüngülləşdirilməli və qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1100 (bir min yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 07 avqust 2022ci il tarixdən 08 avqust 2022-ci il tarixə kimi tutlduğu 1 gün müddət nəzərə alınmaqla qəti olaraq 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar