Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-740/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Madeyra” mebel evinin yaxınlığında yerləşən fərdi yaşayış evinə qonaq gələn qonşusu Zərərçəkmiş şəxs ilə evdə «nərdtaxta» masa üstü oyunu oynayan zaman həmin oyunu səhv oynamasına görə ona irad tutan Zərərçəkmiş şəxs əsəbiləşib həmin səbəbdən şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərkən həmin mübahisə əsnasında evdə olan bir ədəd özünə məxsus dəmirdən, məişət əşyası hesab edilən elektrik rəndə-mişarı götürüb həmin elektrik rəndə-mişarı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İlqarı təxminən 5 ildir ki, tanıyır. Onunla həmyerli kimi yaxın münasibətləri olmuş, eyni zamanda Masazır qəsəbəsində onunla qonşuluqda kirayədə yaşayir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masazır qəsəbəsində kirayədə yaşadığı evdə olarkən İlqarı özünün yaşadığı evə nərd oynamağa dəvət etmişdir. Oyun zamanı o səhvə yol verdiyi üçün, İlqar ona öz iradını bildirmişdir. Bu zəmində aralarında mübahisələri yaranmış, mübahisə vaxtı İlqar onu nalayiq ifadələrlə təhqir etdiyi üçün və onu vurmaq istədiyi üçün o da əsəbiləşərək özünə məxsus elektrik mişarını (lobzik) götürərək həmin mişarla İlqarın baş nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Onun başından qan axdığını görüb qorxduğu üçün evdən çıxıb getmişdir. X3 ilə aralarında olan mübahisənin Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşadı evdə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt başqa kənar şəxs olmamışdır. Maddi imkanı olmadığı üçün zərərçəkmişlə sonradan maraqlana bilməmiş, ona hər hansı formada maddi yardım gösttərməmişdir. Zərərçəkmiş şəxslə aralarında barışıq əldə edə bilməsə də, əməlindən peşmandır. Nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun verdiyi ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin verdiyi ifadə ilə, ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Madeyra” mebel mağazasının arxasında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 4-5 ilə yaxındır ki, tanıyır. Onun həmyerlisidir, həmdə ki, onunla qonşuluqda kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində evdə yatdığı vaxt Şirin ona zəng edərək onu nərd oynamağa çağırmış, o da həyətə düşüb Şirinin yaşadığı mənzilə keçmişdir. Həmin vaxt Şirin spirtli içki qəbul etdiyi üçün ona da təklif etmiş və onlar nərd oynaya-oynaya içki qəbul etmişdirlər. Şirin oyunu səhv oynadığından ona sözlə iradını bildirmişdir. Bu zəmində Şirinlə aralarında mübahisə yaranmış və mübahisə vaxtı Şirinə oynamaq istəmədiyini deyərək ayağa qalxıb getmək istəyərkən Şirin yerdən elektrik mişarını götürüb mişarın kəsici hissəsi ilə onun baş nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən başından xəsarət almış və başından qan axmağa başlamışdır. Şirin başından qan axdını görüb köməklik etmək əvəzinə əksinə evdən çıxıb getmişdir. O, dəfələrlə Şirindən ona kömək etməsini xahiş etsə də Şirin ona kömək etmədən onu orda tək qoyub getmişdir. O, da bundan sonra əvvəlcə DİN-nin “102” xidmətinə, sonra isə təcli tibbi yardıma müraciət etmişdir. Təcli tibbi yardım avtomobili ilə Abşeron rayon Mərkəzi xəstəxanasına getmiş, xəstəxanada başına 4 yerdən cərrahi tikişlər qoyulmuşdur. Baş vermiş mübahisənin 2-3 dəqiqə ərzində davam etmişdir. Hadisədən sonra da Şirin onunla maraqlanmamış, bir dəfə də olsun ona baş çəkməmiş, barışmağa cəhd göstərməmişdir. Şirinin belə laqeyd yanaşması, hadisə vaxtı onu orda tək köməksiz qoyub getməsi, təqsirli ola-ola bir dəfə də olsun üzürxaqlıq etməməsinə görə Şirindən şikayətçidir və onun barəsində qanunauyğun cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 666 saylı ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərindəmüəyyən edilmiş xəsarətlər – başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə ağır çəkiyə malik alət (elektrik rəndəsi) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. -“Zərərçəkmiş şəxs qismində tanınma” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 aprel 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Qəbələ şəhəri, C.Cabbarlı küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. -Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşadığı müddət ərzində özünü nizamlı-intizamlı aparmış şəhər əhalisi və qonşularla həmişə mehriban münasibətdə olmuş, yaşadığı müddət ərzində özü və ailəsi haqqında hər hansı bir hüquq pozma və cinayət xarakterli məlumat daxil olmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-42/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının 10% məbləğində pul dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 24 gün islah işləri cəzası saxlanılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cumaddəsinə əsasən cəzasını yüngülləşirən eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sonuncu dəfə xx.xx.2014-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancının 10% məbləğində pul dölət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 24 gün islah işləri cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyə görə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsi və ümumiyyətlə barışığa cəhd etməməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Qəbələ şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Qəbələ şəhəri, C.Cabbarlı küçəsi, ev 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 20 iyirmi beş saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Qəbələ şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-740/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-740/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver