Məhkəmə qərarları › İş №1(012)-743/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-743/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-743/2024 29.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyət ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs ucuz qiymətə pizza bişirmək üçün soba və dondurucu satacağını yalandan vəd verib inandırmış, bu məqsədlə sonuncudan xx.xx.2023-cü il tarixdə saat 14:26 radələrində 50 manat, 14:34 radələrində 50 manat, 16:38 radələrində 300 manat və 17:29 radələrində isə 300 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 700 manat pulunu alıb, ələ keçirərək, vədinə əməl etməyib, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 01 il müddət olar ki, tanıyır. Bu müddət ərzində onun Zərərçəkmiş şəxs ilə arasında heç bir ədavət və mübahisə olmamışdır. Xalası oğlu Anar Abbasov restoran işi ilə məşğuldur və restoran üçün lazımi avadanlıqları alıb satır. O da Zərərçəkmiş şəxs Anar sayəsində tanımışdır. xx.xx.2023-cü il tarixdə tanımadığı bir müştəri restoran avadanlıqları satdığını ona bildirmişdir. Həmin şəxsin satdıqları, dönər aparatı, xəmir yoğuran aparat və pizza bişirmək üçün olan qaz sobası və soyuducu olmuşdur. Həmin müştəri bu malın hamısını 700 manata satacağını bildirmişdir. O da Zərərçəkmiş şəxs tanıdığından bu əşyaları almasını istəmiş və zəng etmişdir. xx.xx.2024cü il tarixdə axşam saatlarında o, tanışı Zərərçəkmiş şəxs adlı qadına zəng edərək qaz sobası, dondurucu, xəmir yoğuran aparat dönər aparatın hamısının bir yerdə 700 manata satıldığını bildirmişdir. O, sevincə demişdir ki, bu əşyaları almağa pulu yoxdur, ona pul versin, birlikdə bu əşyaları alaq sonra daha baha qiymətə satsınlar. Belə ki, bunları indi ucuz qiymətə alıb daha sonra isə baha qiymətə sataraq Sevincə öz pulunu götürəcəyini, özünün də öz pulunu götürəcəyini bildimiş, Sevinc də onunla razılaşmışdır. O, üzərində bank kartı olmadığından və atası Şahid məxsus bank kartı onun üzərində olduğundan Sahibə məxsus kartı özündən xəbərsiz Zərərçəkmiş şəxs göndərmişdir. Sevincdən ona həmin əşyaları almağı üçün 700 manat pul göndərməsini istəmişdir. Sevinc də onun göndərdiyi kart hesabına ilkin olaraq xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 100 manat pul göndərmişdir. Sevinc ona hal - hazırda pulu olmadığını, özünün də pul müştərilərdən pul gözlədiyini və müştərilər pul göndərən kimi pulu göndərəcəyini demişdir. O da razılaşmışdır. Təxminən 2-3 saat sonra Sevinc həmin karta 300 manat, bundan təxminən 1-2 saat sonra isə Sevinc yenidən onun göndərdiyi kart hesabına 300 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs ona 700 manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs əlində olan malların şəkillərini göndərmişdir. O, Zərərçəkmiş şəxs zəng edərək mallarını istəyirsə indi göndərə biləcəyini demiş, Sevinc də ona Bəhruz adında bir şəxsin nömrəsini verərək dedi Bəhruzla danışmasını və malları sonuncuya göndərməsini demişdir. O da Bəhruzla danışmışdır. Bəhruzla danışan zaman o, Bəhruza malları indi göndərmək istədiyini demişdir. Bəhruz da ona indi saatın gec olduğunu, səhər göndərməyinin daha yaxşı olduğunu demişdir. O da heçnə deməmişdir. Zəng edib Zərərçəkmiş şəxs Bəhruzun malları səhər göndərmək istədiyini demişdir. Sevinc də ona “sata bilirsənsə sat sata bilmirsənsə sabah tezdən göndərərsən” demişdir. xx.xx.2023-cü il tarixdə o, Sevincin ona nömrəsini verdiyi Bəhruz adlı şəxslə danışaraq “malları indi göndərim ?” deyə soruşmuşdur. Həmin şəxs də ona “hələ işdə deyiləm işə gedib çıxanda xəbər eləyərəm” demişdir. O, yenidən zəng edib Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş, Sevinc də ona sata bilmirsə pulunu qaytarmasını demişdir. O da Sevinclə razılaşmışdır. Sevinclə danışaraq “gözlə mallar bir həftəyə satılsın pulunu verəcəyini demişdir. Təxminən bir gün sonra həmin malları Samirə adlı qadına 800 manat satmışdır. Lakin həmin qadın onu aldadaraq pulunu verməmişdir. Daha sonra eşitmişdir ki, həmin Samirə adlı qadın dələduzluq əməlləri törətdiyinə görə tutulub. Həmin qadın onun 800 manat pulunu vermədiyindən o da Zərərçəkmiş şəxs 700 manat pulunu verə bilməmişdir. O, Zərərçəkmiş şəxs pizza bişirmək üçün qaz sobası, dondurucu satmaq məqsədi ilə 700 manat pulunu almışdır. Daha sonra həmin malları tanımadığı Samirə adlı qadına satmışdır. Lakin həmin qadın onun pulunu vermədiyindən o, Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. O, sözügedən dələduzluq cinayətini tək törətmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. Həmçinin bu barədə atası Şahid xəbəri olmamışdır. Sadəcə Sahibin kartı onda olduğundan o, kartı Zərərçəkmiş şəxs adlı qadına göndərib pulu bu karta vurmasını istəmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, restoran və ikinci əl əşyalarının alışı satışı ilə məşğul olur. Satdığı müxtəlif əşyaları adətən sosial şəbəkələrdə və “Lalafo” və “Tap.az” kimi saytlarda yerləşdirməklə satır. O, Zaur adlı şəxsi şəxsən tanımasa da, Zaurla onlayn yolla alış veriş etmişdir. xx.xx.2023-cü il tarixdə əvvəllər demək olar ki, tanımadığı Zaur adlı şəxs ona ***-***-**-** mobil nömrəsindən Votsapp sosial şəbəkəsi vasitəsi ilə zəng edərək ucuz restoran avadanlıqlarının satışı ilə məşğul olduğunu və əlində hal-hazırda ucuz qiymətə dondurucu, pizza sobası və xəmir qarışdıran aparat olduğunu və həmin məişət avadanlıqlarını təcili olaraq bazar qiymətindən ucuz qiymətə satdığını bildirmişdir. O da fikirləşmişdir ki, həmin restoran avadanlıqlarını ucuz qiymətə alıb üstünə bir miqdarda pul qoyaraq başqa şəxslərə satsın. Zaur adlı şəxs ona 300 manata pizza bişirmək üçün sobanı, 300 manata dondurucunu və 100 manata isə soyuducunu satacağını demişdir. Ona da həmin əşyaların qiyməti ucuz olduğundan maraqlı gəlmişdir. O, Zaur adlı şəxsə ona satdığı əşyaların şəkillərini atmağını demişdir. Zaur da ona satdığı avadanlıqların şəkillərini göndərmişdir. O, Zaurun ona atdığı avadanlıqların şəkilləri içərisində pizza sobası və dondurucunu bəyənmişdir. Həmin şəxs ona əşyaları sabah səhər 12 kimi gətirəcəyini demişdir. O, Zaur adlı şəxsə əşyaları aldıqdan sonra pulu ödəyəcəyini demişdir. Lakin Zaur adlı şəxs ona müxtəlif bəhanələr gətirərək “əgər indi almasaz satılacaq çünki ucuz qiymətə qoymuşam” demişdir. Zaur adlı şəxs dərhal ödənişi ödəməyəni ondan tələb etmişdir. O, ilkin olaraq həmin şəxsə xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində 50 manat pul göndərmişdir. Bir neçə dəqiqə sonra Zaura yenidən 50 manat pul göndərmişdir. Təxminən 2-3 saat sonra Zaur adlı şəxsə pizza sobası və dondurucu satmaq adı ilə yenidən 300 manat pul göndərmişdir. Daha sonra yenidən Zaur adlı şəxsin kart hesabına 300 manat pul göndərmişdir. Bununla da o, Zaur adlı şəxsə pizza sobası və dondurucu satmaq adı ilə 700 manat pul göndərmişdir. Zaur adlı şəxs ona sifarişləri xx.xx.2023-cü il il tarixdə saat 12 kimi çatdıracağını bildirmişdir. O da Zaura inanmışdır. Lakin xx.xx.2023-cü il tarixdə o, Zaur adlı şəxsə zəng edən zaman sonuncuya zəng çatmamışdır. O, Zaur adlı şəxsə pizza sobası və dondurucu satmaq adı ilə xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrindən saat 17:30 radələrinədək olan müddət ərzində ümumilikdə 700 manat pul göndərmişdir. Lakin həmin şəxs onun etibarından sui istifadə edərək onu aldadıb 700 manat pulunu ələ keçirmişdir. Baş vermiş hadisə nəticəsində ona 700 manat məbləğində maddi ziyan dəymişdir. O, Zaur adlı şəxsə əvvəllər iş görüb hər hansı pul əldə etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Allahşükür oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun “Kapital Bank” dan özünə məxsus 4169-7388-5526-0604 nömrəli “Birbank” kartı var idi. Həmin kartı o, təqaüdçü olduğundan və evdən çox çıxa bilmədiyindən oğlu Təqsirləndirilən şəxs vermişdir ki, işlətsin. Oğlu Təqsirləndirilən şəxs isə maşın təmiri ilə məşğul olan ustadır. O, həmin kartı oğlu Zaura təxminən 6-7 ay bundan əvvəl vermişdir ki, işlətsin. Həmin kart ilə oğlunun hansı fəaliyyətlə məşğul olmasından xəbərim olmamışdır. Həmin karta pul gələndə və ya gedəndə onun xəbəri olmamışdır. Bir sözlə həmin kart onun adına olsa da, o, həmin kartı oğlu Təqsirləndirilən şəxs vermişdir ki, işlətsin. Onun özünə məxsus “Kapital Bank” tərəfindən verilmiş 4169-7388-5526-0604 nömrəli “Birbank” kart hesabından oğlu Təqsirləndirilən şəxs dələduzluq yolu Zərərçəkmiş şəxs aldadaraq onun 700 manat pulunu ələ keçirməsindən xəbəri olmamışdır. O, xəstə olduğundan mobil telefon işlədə bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəza müddəti başa çatmışdır. Abşeron rayon polis idarəsinin 02 fevral 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs oğluna vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar