Məhkəmə qərarları › İş №1(012)-749/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-749/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-749/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1977-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi 15A, mənzil 43-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin yayında Abşeron rayonu, Xırdalan şəhər sakini X6 vasitəsilə tanış olduğu Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 dövlət orqanlarında rəhbər vəzifələrdə işləmək istəyini bildikdən sonra sonuncunun əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gələrək Zərərçəkmiş şəxs1 verdiyi pul müqabilində işə düzəltmə ilə əlaqədar vasitəçilik edəcəyini bildirib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin etdirmək barədə yalan vədlər verərək xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1la birgə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Abşeron rayon 1 saylı notariat kontorunun inzibati binasına gəlib cinayətkar niyyətini pərdələmək məqsədilə sonuncudan 40.000 AZN (qırx min) pul məbləğini guya borc kimi alaraq kredit müqaviləsi kimi rəsmləşdirdikdən dərhal sonra 40.000 AZN (qırx min) pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Abşeron rayon 1 saylı notariat kontorunun inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1 şəxsən alıb aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa о, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun oğlu X8 Azərbaycan Respublikası Təhsil Nazirliyinə işə düzəldəcəyini yalandan vəd edib aldadaraq 15 sentyabr 2022-ci il tarixdə Abşeron rayonunun ərazisində yerləşən Abşeron rayonu, “Ekologiya postu”-nun yaxınlığında yerləşən “Yaşıl bağ” kafesində Zərərçəkmiş şəxs2 15.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, əvvəllər DSMF-nin Beyləqan rayon şöbəsində mühasib vəzifəsində işləmiş, sonra öz ərizəsi ilə işdən azad edilmişdir. Bundan sonra ev alqı-satqısı ilə məşğul olmuşdur. Rəfail Quliyevlə 2022-ci ilin ortalarında tanış olmuşdur. Bir dəfə Rəfail Quliyev ona əvvəllər müxtəlif vəzifələrdə çalışmasını hazırda isə təqaüdə çıxdığını bildirmişdir. Onun həmin ərəfədə işləri yaxşı olmadığından, həmçinin ailədə də maddi sıxıntılar olduğundan Rəfaildən ona 30.000-40.000 AZN məbləğində borc verə biləcək tanışının olub-olmaması ilə maraqlanmışdır. Onun həmin borc məbləğini istəməkdə məqsədi həm maddi və şəxsi ehtiyaclarını qarşılamaq, həm də qeydiyyatda olduğu Dünyamalılar kəndində mal-qara təsərrüfatı qurması ilə bağlı olmuşdur. Rəfail ona bu barədə dostları ilə maraqlanıb, xəbər edəcəyini bildirmişdir. 2022-ci ilin avqustunda Rəfail ona borc verəcək tanışın olduğunu bildirmiş və həmin ayın xatırlamadığı günlərinin birində o, Rəfail və Şahid2 adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranların birində görüşmüşdür, sonuncunun onun tanışı olmasını, ona 40.000 AZN pul verə biləcəyini demişdir. O da Rafiqi ilk dəfə orada tanımış və ona iş qurmaq istədiyini bildirib, 40.000 AZN borc pul istədikdə, sonuncu ona həmin pulu oğlunun vasitəsi ilə göndərəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə X5 onu tanış etmişdir. O, həmin vaxtadək Elməddini tanımamış və görməmişdir. Onlar “Ekologiya postu” kimi adlanan ərazidə yerləşən “Şamlıq” restoranında çay içmiş və söhbətə başlamışdırlar. O, Elməddinə demişdir ki, 2-3 ay ərzində işlərini düzəldib həmin borcu 2 (iki) hissə şəklində qaytaracaq. Həmçinin Elməddinin ona inanması üçün o, notariusa gedərək, borcu rəsmiləşdirməyi təklif etmiş, sonuncu isə edilən təklifi qəbul etmişdir. Onlar 1 saylı Abşeron notariat kontoruna gedərək, borc müqaviləsi bağlamaqla notariusda təsdiq etmişdir. Bundan sonra Elməddin ona 40.000 manat məbləğində pulu borc şəklində vermiş, sonuncu isə həmin pulu ev, ailə və şəxsi ehtiyacları üçün xərcləmiş, lakin onun rayonda mal-qara təsərrüfatı qurmaq istəyi də alınmamış, bu səbəbdən həmin puldan heç bir məbləğ qalmamışdır. Bundan sonra Rafiq və Elməddin ona mütəmadi olaraq zəng edərək borclarını tələb etmiş, lakin o, borcu qaytara bilmədiyindən mobil telefondarı söndürərək, istifadə etməmişdir. Bu ilin əvvəllərindən etibarən müxtəlif şəxslərin evində qalmış, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində Abşeron RPİ polis əməkdaşları tərəfindən barəsində açılmış axtarış işinə görə saxlanılmış və idarəyə gətirilmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 3 ilə yaxındır ki, tanıyır. Onların tanışlıqlarının əksəriyyəti ev alqı-satqı işi ilə ikisinin də məşğul olmaları ilə başlamışdır. Həmin 3 il müddət ərzində onlar vaxtaşırı birlikdə işləmiş və aralarında dostluq münasibətləri yaranmışdır. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkında yerləşən kafedə o, Sahib ilə görüşmüşdür. Onlar kafedə çay içən zaman onun maddi vəziyyəti yaxşı olmadığından o, Sahibdən maddi vəziyyəti yaxşı olmadığı üçün faizə pul istəmiş, sonuncu ona pul tapa bilsə verəcəyini bildirmişdir. Bundan sonra başqa mövzulardan danışmış və bir qədər sonra sağollaşmışdırlar. 15 sentyabr 2022-ci il tarixdə Sahib 5000 manat pul toplayıb, günorta saat 2-3 radələrində onunla ilə Abşeron rayonu, Ekologiya postunun yaxınlığında yerləşən “Yaşıl Bağ” restoranında görüşmüşdür. Həmin zaman Sahib cibindən 5000 (beş min) manat pulu çıxaraq ona təqdim etmiş, sonuncu isə həmin pulu hər ay ödəyəcəyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, 40.000 məbləğində pulu Zərərçəkmiş şəxs1 işə təyin etdirmək üçün yox, borc kimi istəmişdir. Bundan başqa o, Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyən hər hansı qohumu yoxdur və hər hansı şəxsə pulu verəcəyini, hər hansı vəzifəli şəxs vasitəsilə kimisə işə təyin etdirəcəyini bildirməmişdir. O, Zərərçəkmiş şəxs1 40.000 mənləğində pulu borc kimi almış, işə düzəltmək adı ilə və dələduzluq yolu ilə almamışdır. Onların nə üçün belə dediyini bilmir. X3 “WhatsApp” hesabından Rəfail Quliyevin hesabına Zərərçəkmiş şəxs1 CV, yəni iş məlumatları köçürməsi barədə heç bir məlumatı yoxdur. Pulun hamısı ona çatmışdır və puldan heç kəsə hissə verməmişdir. O, Zərərçəkmiş şəxs2 15000 yox, 5000 manat pulu faizə götürmüşdür.Sonra isə borcunu qaytarmışdır. Onun oğlunu işə düzəltmək kimi vədi olmamışdır. Nəzərə alınmasını barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməllərinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) müxtəlif şöbələrində və müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ilin əvvəllərindən təxminən 1 il müddətində işsiz olmuşdur. Yenidən DƏDRX sistemində rəhbər vəzifələrdə çalışmaq istəmiş, Bahadurla bu barədə söhbət etmiş, o da, ona dost-tanışları ilə soraqlaşıb xəbər edəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin yay aylarında Bahadurla birgə Bakıya gəlmişdir. Bahadur demişdir ki, Rəfail adlı dostu var, onunla görüşsünlər, iş barədə bəlkə kömək edə bilər, çünki Rəfailin əlaqələri genişdir, o da tanış olsun. Onlar Rəfail ilə Abşeron rayonunda yerləşən, “Ekologiya postu”nun yaxınlığındakı restoranların birində görüşmüşdürlər. Buna kimi Rəfaili görməmişdir və tanımamışdır. Bahadurun deməsinə əsasən, Rəfail çoxdanki tanışı olmuşdur, etibarlı adamdır, əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifədə çalışıb təqaüdə çıxmışdır. Söz əsnasında o, Rəfailə işsiz olduğunu deyərək yenidən işə qəbul olmaq istədiyini demişdir. Bu vaxt Rəfail ona çox yaxşı tanışlarının olduğunu, bu işdə ona köməklik edəcəyini söyləmişdir. Bir müddət sonra Rəfail onun nömrəsini Bahadurdan götürmüş və əlaqə saxlamışdır. Rəfail ona zəng edərək DƏDRX-də işə qəbul üçün bir nəfər etibarlı şəxsi tapdığını bildirmiş özü üçün də ondan bu xdmətinə görə 2500 manat pul almış, iş üçün 40.000 manat tələb olunduğunu bildirmişdir. Onun təkidindən sonra bildiyinə görə atası onun iş məsələsini də həll edəcəyini bildirən Elçin adlı şəxslə görüşmüşdür. Rəfail və Elçinlə görüşdən sonra atası ona zəng edərək “Mən bu adamların sözlərinə inanmadım, düzələn işə oxşamır, onlara 40.000 AZN pul vermək doğru deyil. Məndən deməkdir, amma əgər istəyirsənsə, öz işindir, sənin işinə qarışmıram” demişdir. Elə bu danışıqdan bir neçə saat sonra Rəfail ona zəng edərək “Atan bu işə razılıq vermədi, lakin bu iş çox yaxşı işdir, hər an əldən çıxa bilər” demişdir. Həmçinin o, ilk dəfə Rəfailin telefonu ilə Elçin ilə də danışmışdır. Sonuncu özünü ona təqdim etdikdən sonra atasına dediklərini təkrarlayaraq PA-da qaynının işlədiyini, sonuncu vasitəsilə onu DƏDRX-nin Xaçmaz rayon ərazi idarəsinin rəisi vəzifəsinə təyin etdirəcəyini söyləmiş və bunun üçün 40.000 AZN pul istəmişdir.O, həqiqətən də bu işin alınacağına inanmış, 40.000 AZN pul hazırlamış xx.xx.2022-ci il tarixdə o, “Ekologiya postu”-nun yaxınlığındakı restoranların birində Elçin və Rəfaillə görüşmüşdür. Etibarlılıq üçün onlar notariusda xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlamışdırlar və guya borc alan kimi Elçinin adı qeyd edilmişdir. İmzalar çəkildikdən sonra notariusda 40.000 AZN pulu Elçinə ətir sellofanının içərisində əlbəəl vermişdir. Elçin demişdir ki, 3-4 gün ərzində əmri çıxacaq. Elçinə 40.000 AZN-i əmri çıxandan sonra vermək istəyirmiş, lakin Elçin pulun verilməsini rəsmləşdirməyi təklif etdikdə o, belə başa düşmüşdür ki, müqavilə kimi sənədləşdirsələr, gələcəkdə bir problem olsa, pulunu ala bilər. Lakin o, əslində pulu borc kimi yox, işə düzəlmə məsələsinin həlli üçün Elçinə vermişdir. Elçini ilk dəfə görüb onu tanımadan ona borc verməsi inandırıcı olmazdı. Bir daha bildirir ki, verilən pul borc niyyəti ilə deyil iş məqsədi ilə verilmişdir. Rəfailə “şirinlik” kimi verdiyi 2500 manatı sonuncu ona geri qaytarmışdır. Zərər ödənilmədiyi üçün zərəri tələb edir və ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs alqı-satqı işi ilə əlaqəli təxminən 3 ilə yaxındır ki, tanıyır. Həmin 3 il müddət ərzində onlar vaxtaşırı olaraq birlikdə işləmiş və aralarında dostluq münasibətləri yaranmışdır. O, Elçinə oğlunu işə düzəltmək istədiyini bildirmiş, sonuncu ona Hacı adlı dostunun olduğunu və Hacının oğlunu Təhsil Nazirliyində işlədiyini bildirərək oğluna köməklik edə biləcəyini qeyd etmişdir. Bundan sonra Elçin eyni anda kənarda telefon ilə danışıb gələrək bu işin 15000 (on beş min) manata həll ola biləcəyini bildirmiş, sonuncu razılaşmışdır. 15 sentyabr 2022-ci il tarixdə o, həmin pulu toplayıb günorta saat 2-3 radələrində Elçin ilə Abşeron rayonu, Ekologiya postunun yaxınlığında yerləşən “Yaşıl Bağ” restoranında görüşmüşdürlər. Həmin zaman o, cibindən 15000 (on beş min) manat pulu çıxaraq oğlunun işinin həll edilməsi üçün Elçinə təqdim etmişdir. Bundan sonra Elçin narahat olmamağını və işin tezliklə həll olunacağına söz vermişdir. Daha sonra onlar həmin masada yemək yeyərək həmsöhbət olmuş və bir neçə saat sonra oradan çıxaraq sağollaşmışdırlar. Həmin gündən sonra o, hər dəfəsində Elçinlə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşsa da sonuncu ona hər dəfəsində bir neçə gün sonra həll olunacağını və narahat olmamağını bildirirmişdir. Bir dəfə qardaşı ilə Elçinin ünvanına getmiş, Elçinin həyat yoldaşı onları qarşılamış Elçinin evdə olmadığını bildirmişdir. Elçini sonradan Elçin həbs olunana qədər görməmişdir. Elçini əvvəllər etibarlı adam kimi tanımış, onun etibarından istifadə edəcəyini, onu aldadacağını düşünməmişdir. Hadisə nəticəsində ona 15000 manat ziyan dəymişdir. Ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəməyə dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, 2022-ci ilin əvvəllərindən bir neçə ay ərzində oğlu Elməddin işsiz olmuşdur. Elməddin Bahadur adlı tanışının ona işə düzəlməkdə Rəfail adlı şəxsin kömək edə biləcəyini bildirmiş, o və oğlu həmin zamana qədər Rəfail adlı şəxsi tanımamış və görməmişdirlər.xx.xx.2022-ci il tarixdə o, Bakıya gəlmiş oğlunun iş məsələsini həll edəcək şəxsləri tanımaq və danışmaq məqsədi ilə onlarla yəni, Rəfail və Elçin adlı şəxslərlə Nərimanov rayonunda yerləşən restoranların birində görüşmüş, lakin həmin görüşə qədər o, sonuncuları görməmişdir. Görüş zamanı Rəfail ona Elçini təqdim edərək yaxın dostu olduğunu demiş və sonuncunun əli ilə bir neçə şəxsi də işə düzəltdiyini söyləmişdir. Elçin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında (PA) vəzifəli tanışları olmasını, həmçinin qaynın da orada işlədiyini demiş və DƏDRX-nin Xaçmaz rayon ərazi idarəsinin rəisi vəzifəsinə Elməddini təyin etdirə bilər, lakin bunun üçün 40.000 AZN pul lazımdır. O isə fikirləşərək qərar verəcəyini bildirmiş və görüşü tərk etmişdir. Görüşdən sonra oğluna zəng edərək həmin şəxslərin sözlərinə inanmadığını, davranışlarının qəribə olduğunu bildirmiş və 40.000 AZN pul verməyin doğru olmadığını söyləmişdir. Bunun səhərisi gün o, şəxsi işləri ilə əlaqədar Türkiyə Respublikasına getmiş, səfərdən qayıtdıqdan sonra isə ona məlum olmuşdur ki, oğlu Elməddin Elçin adlı şəxsə Abşeron rayonunda yerləşən 1 saylı notariat kontorunda DƏDRX-nin Xaçmaz rayon ərazi idarəsinin rəisi vəzifəsinə düzəlmək üçün 40.000 AZN pul vermiş və nəticədə aldadılmışdır. Məhkəməyə dəvət edilərək, şahid qismində dindirilmiş Şahid4 Ömar oğlu iclas zamanı verdiyi ifadəsində göstərdi ki, eşitdiyinə görə Sahib 2022-ci ilin sentyabr aylarında oğlunu işə düzəltmək üçün nəfər Elçin adlı şəxsə pul vermiş, lakin sonuncu işi həll etməmişdir. Sahib ondan birlikdə Elçinin yaşadığı ünvana gəlməyini istəmişdir. O, Sahib ilə birlikdə həmin gün Elçinin yaşadığı evinə getmişdir. Qapını bir qadın açmış. Onlar həmin qadından Elçini soruşduqda həmin qadın ağlamağa başlamış və sonuncunun 2 gündür ki, evdən çıxıb getdiyini və artıq əlaqə saxlaya bilmədiyini bildirmişdir. Bundan sonra onlar çıxıb getmişər. Bir müddət sonra həmin qadın Sahib ilə əlaqə saxlayaraq, Elçin ilə danışdığını və sonuncunun 15000 manat pul aldığını təsdiq etdiyini və aytaracağını dediyini bildirmişdir. Məhkəməyə dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Elçin əmlak alğısatqısı ilə məğul olmuşdur. Son zamanlar Elçinin maddi problerləri olduğu üçün ailədə də münasibətlər normal olmamışdır. 16 fevral 2023-cü il tarixdən Elçin pul məsələsi ilə bağlı problemi olduğuna görə polis tərəfindən axtarıldığını bildirərək, 10-15 günə hər şeyi qaydasına qoyacağını deyib evdən getmişdir. Bir-iki gün sonra iki nəfər yaşlı kişi onların evinə gələrək Elçini soruşmuş, Sahib müəllim Elçinə iş üçün 15000 manat pul verdiyini bildirmiş, Elçini ona görə axtardıqlarını demişdir. O, da Elçinin harda olduğunu bilmədiyini bildirmişdir. Elçinin dediyinə görə həmin şəxslərdən işə düzəltmə məsələsinə görə pul almış, lakin Elçini də aldatdıqlarına görə həmin məsələni həll edə bilməmişdir. Elçin evdən getdikdən sonra bir neçə dəfə telefon əlaqələri olsa da, sonradan Elçinlə əlaqə saxlaya bilməmişdir. Zalda olan zərərçəkmiş şəxslərdən Elçinin nə məqsədlə, hansı məbləğdə pul alması, həmin şəxsləri hansı işə və kimin vasitəsi ilə düzəltməyə söz verməsi barədə onun dəqiq məlumatı yoxdur. Yalnız Elçindən və onlardan eşitdiklərinə görə deye bilər ki, Elçin pulun iş məqsədi ilə verildiyini və özünün də aldadıldığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs1 10 ilə yaxındır ki, tanıyır. Belə ki, Elməddin yaşadığı Quba rayonunda DƏDRX-nin rəis müavini olmuşdur və beləcə münasibətləri yaranmışdır. Elməddin 2022-ci ilin əvvəllərinə qədər müxtəlif vəzifələrdə çalışmış, 2022-ci ilin əvvəllərindən isə bir müddət işsiz olmuşdur. Elməddinlə həmin ərəfədə tez-tez görüşdükdə sonuncu ona deyirmiş ki, yenidən DƏDRX-nin Quba və ya Xaçmaz regional şöbəsinə qayıtmaq istəyir, əgər mümkün olsa, orada rəhbər vəzifədə çalışarmış. O da bu barədə dost-tanışları ilə soraqlaşıb məlumat verəcəyini bildirmişdir. Elə həmin zaman yadına Rəfail adlı bir tanışı düşmüşdür. Sonuncu əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifələrdə çalışmış, hazırda təqaüdə çıxmışdır. Rəfaillə 7-8 il öncə Abşeron rayonu, Xırdalan şəhərində tanış olmuşdurlar. Belə ki, bacısı Gülbəniz Xırdalanda qaldığı üçün tez-tez oraya gedib-gəlirmiş. Elə söhbət zamanı Rəfail çox adamın işinə yaradığını, işə düzəlməsi üçün köməklik göstərdiyini demişdir, həmçinin 1-2 tanışı da bunu təsdiq etmişdir. Rəfaili etibarlı biri kimi tanıdığından düşünmüşdür ki, bəlkə elə bu məsələyə görə də onlara köməklik edə bilər. Bunun üçün Rəfaillə mobil telefon vasitəsilə əlaqə saxlamış və məsələni bildirmişdir. Rəfail də tanışlarla soraqlaşacağını və ona xəbər edəcəyini bildirmişdir. 2022-ci ilin təxminən yay aylarında Rəfail ona zəng edərək “Əgər yolunuz düşsə, Xırdalana gəlin, görüşək” demişdir. O da bir neçə gün sonra Elməddinlə birgə Xırdalan şəhərinə gəlmiş və “Ekologiya postu”nun yaxınlığında yerləşən restoranların birində Rəfaillə birgə oturmuşdurlar. Ona kimi Elməddin Rəfaili görməmiş və tanımamışdır. O, Rəfaili Elməddinə təqdim etmiş və bildirmişdir ki, Rəfail onun çoxdanki tanışıdır, etibarlı adamdır. Söz əsnasında Elməddin Rəfailə hazırda işsiz olduğunu və mümkün olarsa, DƏDRX-nin Xaçmaz rayon şöbəsində işə düzəlmək istədiyini demişdir. Bu vaxt Rəfail onlara çox yaxşı tanışlarının olduğunu, bu işdə onlara köməklik etmək üçün səy göstərəcəyini söyləmişdir. Görüşdən bir neçə gün sonra Rəfail ona zəng edərək “Bahadır, o dediyimiz iş düzəlir, tez Elməddinin CV-ini mənə göndər” demişdir. O da sevinə-sevinə Elməddinə zəng etmiş, Elməddin də tezliklə ona “WhatsApp” hesabına CV atmış, O da CV-ni Rəfailə yönləndirmişdir. Bundan bir neçə gün sonra Rəfail ona zəng edərək demişdir ki, “Elməddinin CV-nə baxıblar, əslində köhnə işçiləri işə bərpa etmirlər, amma sənin xatirinə bu iş alınacaq, Elməddini DƏDRX-nin Xaçmaz rayon şöbəsində rəis vəzifəsinə təyin etdirmək olar”. O, bunun üçün nə lazım olduğunu dedikdə Rəfail 40.000 AZN pul verilməli olduğunu demişdir. Artıq pul məsələsi ilə bağlı danışıqların Elməddinin özü tərəfindən aparılmasını məsləhət bildiyindən Rəfailə Elməddinin nömrəsini vermiş və Elməddin ilə Rəfail özləri danışmışdırlar. Elməddinin deməsinə görə, Rəfail ona DƏDRXnin Xaçmaz rayon şöbəsində rəis vəzifəsinə təyin etdirmək üçün tanış tapdığını, həmin tanışın bu işə görə 40.000 AZN pul istədiyini demiş, Elməddin də atası ilə məsləhətləşmişdir. Elməddin həmçinin ona demişdir ki, Rəfail işə qəbul üçün vasitəçi tapdığına görə Elməddindən 5000 AZN pul istəmiş, Elməddin isə Rəfailin bu xidmətinə görə yalnız 2500 AZN pul verəcəyini demişdir. Elməddin həmin zaman üzərində pul olmadığı üçün ondan 2500 AZN borc pul istəmiş, o da Elməddinə əlbəəl vermişdir. Sonradan Elməddin 2500 AZN-i Rəfailin oğlunun bank kartı hesabına göndərmişdir. Sonrakı görüşlərdə iştirak etməsə də məlumatı olmuşdur ki, Elməddinin atası Rafiq, Rəfail və sonuncunun tanışı, onun isə tanımadığı Elçin adlı şəxs Bakıda görüşmüş, X1 qohumunun işlədiyini bildirmiş, 40.000 AZN pulu Elməddinin işə düzəlməsi üçün istəmiş, həmin pulun PA-dakı qohumuna çatacağını demiş, Rafiq isə razı olmamış, lakin sonradan Elməddin 40.000 AZN pulu Elçin adlı şəxsə DƏDRX-nin Xaçmaz rayon şöbəsində rəis vəzifəsinə təyin edilməsi üçün Rəfailin yanında vermişdir. Guya Elçinin deməsinə görə 3-4 gün ərzində Elməddinin işə təyin olunma əmri çıxmalı olmuşdur. Lakin günlər keçdikcə hər dəfə yalan vədlər verilmiş və “bugün-sabah” deyilə-deyilə nə iş düzəlmiş, nə də pul qaytarılmışdır. Mobil telefonu format olunduğundan Rəfaillə onun arasında bu işlə bağlı olan yazışmalar silinmişdir və təqdim olunması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32,4, 312.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 barəsində törədilmiş dələduzluq cinayəti ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmışdır;

2. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, ibtidai istintaqı davam etdirilmişdir;

3. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrıə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir;

4. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəsi ilə davam etdirilmişdir;

5. Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32,4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərar ona elan olunmaqla surətinin təqdim edilməsi qərara alınmışdır;

6. “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış qəbul edilməsi” haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir;

7. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 may 2006-cı il tarixdə Beyləqan rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-2-ci maddəsi ilə təqsirli bilinərək, 05 il sınaq müddəti müəyyən edilməklə, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;

8. “Axtarışda olan şəxsin tutulması haqqında” 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsində tutularaq, Abşeron RPİ-yə gətirilmişdir;

9. Abşeron rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 4(012)-947/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

10. “Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32,4, 312.1-ci maddələrindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmaqla, cinayət işi istintaqı aidiyyəti üzrə Abşeron RPİ-yə göndərilmişdir;

11. Abşeron rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 4(012)-113/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay 25 (iyirmi beş) gün olmaqla, ibtidai istintaq müddətinin sonuna kimi, yəni 29 aprel 2024cü il tarixədək uzadılmışdır;

12. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

13. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir;

14. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə” haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir;

15. “Sübutların qiymətləndirilməsi” haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, ittihamı təsdiq edən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, baxış, üzləşdirmə və digər istintaq protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyin, yaranma mənbələrinə və əldə edimə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir;

16. Abşeron rayon Məhkəməsinin 27 aprel 2024-cü il tarixli, 4(012)-364/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün, yəni 14 may 2024-cü il tarixədək uzadılmışdır;

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək heç kimi aldatmadığını, 40.000 məbləğində pulu Zərərçəkmiş şəxs1 işə təyin etdirmək üçün yox, borc kimi aldığını, Zərərçəkmiş şəxs2 15000 manat deyil, cəmi 5000 manat aldığını həmin vəsaiti də onun oğlunun işə düzəldilməsi məqsədi ilə deyil borc kimi faizlə aldığını və qaytardığını bildirməsinə baxmayaraq, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, habelə digər mötəbər dəlillərlə, həmçinin özünün dolayı ifadəsi ilə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, Bahadur və Rəfail arasında telefon yazışmaları, sənədlərin göndərilməsi və həmin sənədlərin sonradan Təqsirləndirilən şəxs göndərilməsi, öncə Zərərçəkmiş şəxs1 atası ilə aralarında görüş təyin olunması və yalnız bundan sonra E. Kərimovla görüşmələri həmin vaxt zərərçəkmişin 40.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermək üçün gətirməsi, borc müqaviləsi bağlanarkən borcun qısa vaxtda qaytarılacağı barədə razılıq, zərərçəkmiş şəxs tərəfindən onları əlaqələndirən şəxsə 2500 manat miqdarında vəsaitin “şirinlik” kimi verilməsi onu sübut edir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında etibarlı borc müqaviləsinin bağlanması inandırıcı olmamaqla, əsl həqiqətin gizlədilməsinə, niyyətin pərdələnməsinə yönəlmişdir. Pulun verilməsi əvvəlcədən verilmiş vəddin yerinə yetirilməsinə nail olmaq məqsədi daşımışdır. Belə ki, E. Kərimov tərəfindən tanımadığı şəxsə 40.000 manat borc verməsi və borc verən tərəf olaraq başqa şəxsə də 2500 manat şirinlik verməsinin ağılabatan izahı yoxdur. E. Yusifovun ifadəsində bildirdikləri inandırıcı olmamaqla sadalanan sübutlarla təkzib edilmişdir. Zərərçəkmiş şəxs2 15000 manat deyil 5000 manat borc almasını və həmin vəsaiti qaytarmasını bildirməsi də, inandırıcı olmamaqla iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. E. Yusifov xx.xx.2022-ci il də E. Kərimovdan 40.000 manat aldığı halda 20 gün keçməmiş S. Cavadovdan pulu borca və sələm aldığını bildirməsi onun ifadəsinin səmimi olmamasını təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərin tam və ya qismən ödənilməməsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 dekabr 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs1 xeyrinə 40000 manat və Zərərçəkmiş şəxs2 xeyrinə 15000 manat məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs1 xeyrinə 40000 manat və Zərərçəkmiş şəxs2 xeyrinə 15000 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar