Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-75/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, məh. 21 ünvanda kirayədə yaşayan barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasardan keçməklə həyətinə, sonra isə evin yanında olan saxlanc yeri kimi nəzərdə tutulmuş anbara qapısını açmaqla qanunsuz olaraq daxil olub orada yerdə olan 1 ədəd 100 manat dəyərində samovar, divarda quraşdırılmış kombinin içərisini sökərək hər biri 20 manat olmaqla ümumi 60 manat dəyərində 3 ədəd kombinin şamları və 1 ədəd 140 manat dəyərində kombinin farsunkasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 300 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tək yaşayır. Heç bir yerdə işləmir. Narkotik istifadə edir. İşsiz olduğuna görə son zamanlar maddi sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində evdən çıxıb Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəlləyə getmişdir. Həmin ərazidə boş ev axtarmağa başlamışdır. Bir qədər getdikdən sonra piyada hərəkət edərkən işıqları sönmüş bir mərtəbəli ev görmüşdür. O, həmin evdə heç kimin olmadığını düşünüb oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həyətdə bir mərtəbəli ev və evin yanında anbar kimi nəzərdə tutulmuş yer olmuşdur. O, anbara yaxınlaşmış, anbarın qapısının ağzında yerdə qoyulmuş daşı kənara çəkmiş, həmin vaxt anbarın dəmir şiferdən olan qapısı açılmışdır. O, anbara daxil olmuşdur. Orada divarda olan kombini sökərək içərisində olan 3 ədəd şam və 1 ədəd farsunkanı götürmüşdür. Bundan sonra anbarda yerdə olan bir ədəd samovarı da götürmüşdür. Oğurladığı həmin əşyaları götürüb hasardan keçməklə küçəyə düşüb həmin yerdən uzaqlaşmışdır. Həmin samovarı yaşadığı evə aparıb sonra satmaq üçün həyətdə gizlətmişdir. Oğurladığı kombiyə aid 3 ədəd şam və 1 ədəd farsunkanı isə yolda gedərkən lazım olmadığını düşünüb xatırlamadığı yerdə atmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində olan zaman iki nəfər mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona oğurluqda şübhəli olduğunu bildirərək Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində onunla fərdi söhbət zamanı o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs evinin həyətində olan anbardan oğurluq etdiyini etiraf etmişdir. Özündə saxladığı oğurladığı samovarı istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs evinin həyətində olan anbara daxil olmaqda məqsədi həmin yerdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada tikintidə usta işləyir. Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə özünə məxsus 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə arada ailəsi ilə gedib qalırlar. Vaxtı olanda da gedib evinə baş çəkir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evinə baş çəkən zaman hər şey qaydasında olmuşdur. Evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində evinə getmişdir. Evin həyətinə daxil olmuş, evə yaxınlaşdıqda evin yan tərəfində anbarın qapısının ağzında qoyduğu daşın yerində olmadığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal anbara daxil olmuşdur. İçəridə yerdə olan 1 ədəd 400 manat dəyərində samovarın yerində olmadığını görmüşdür. Bundan başqa anbarda divarda quraşdırılmış kombinin sökülmüş vəziyyətdə olduğunu, kombinin içərisində olan 3 ədəd hər biri 20 manat olmaqla ümumi 60 manat dəyərində şamlar və 1 ədəd 140 manat dəyərində kombinin farsunkasının oğurlandığını aşkar etmişdir. Bir qədər sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək evinə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuş ki, naməlum şəxs və ya şəxslər evinin həyətində olan anbarın qapısını açmaqla içər daxil olub oradan 1 ədəd 400 manat dəyərində samovar, 3 ədəd hər biri 20 manat olmaqla ümumi 60 manat dəyərində kombinin şamları və 1 ədəd 140 manat dəyərində kombinin farsunkası oğurlamışdır. Ona məxsus evdən qeyd etdiyi əşyalar oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəydiyini bildirmişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, DİO-da 2015-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Saray qəsəbəsidir. xx.xx.2022-ci il tarixdə vət. Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə və xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evinin həyətində olan anbardan bir ədəd samovar, 3 ədəd kombinin şamları və 1 ədəd kombinin farsunkasının oğurlanması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi cinayətində Sumqayıt şəhəri, məh. 21 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Saray polis bölməsinin sahənin polis nəfəri Şahid2la birlikdə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhərində görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra sözügedən cinayətin törədilməsində şübhəli olduğunu bildirdikdən sonra Zahidi Abşeron rayon Polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Zahid də etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı Zahid Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evdən oğurluq etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə zəruri istintaq hərəkətləri keçirilməsi üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təmin edilmişdir. İş üzrə şahid Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/5014 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş təxminən 5-6 litr su tutumuna malik, üzərində markalanma yazıları olmayan, gövdəsində dalğavari naxışlar olan, arxa hissəsində təxminən 7x7 sm ölçüdə batıq olan odun samovarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 100 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(006)-535/2016 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinə xx.xx.2017-ci il tarixdə olunan dəyişikliklərə əsasən qüvvədə olan normalara uyğunlaşdırılmaqla 05 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və əməlində cinayətin residivi olduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 1(012)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17/40-8 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində olan anbar kimi nəzərdə tutulmuş saxlanc yerindən oğurladığı istintaqa təqdim etdiyi 1 ədəd 5-6 litr su tutumuna malik, üzərində markalanma yazıları olmayan, gövdəsində dalğavari naxışlar olan odun samovar sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1 ədəd samovarı zərərçəkmiş şəxsə qaytarmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin prokuror tərəfindən həmin vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edildiyindən və hazırda həmin hökm üzrə cəza çəkdiyindən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutlduğu 30 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş 1 ədəd samovar sahibinə qaytarılmış hesab olunmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi eyni zamanda məhkəmə istintaqı zamanı müdafiəçi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını indiki hökmlə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edildiyindən və hazırda həmin hökm üzrə cəza çəkdiyindən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş 1 ədəd samovar sahibinə qaytarılmış hesab olunsun. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı müdafiəçi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-75/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-75/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver