Məhkəmə qərarları › İş №1(012)-752/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-752/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-752/2024 21.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu Rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz, ev 2, mənzil 1-də olan zaman, sonuncunun mobil telefonunda olan “Birbank” mobil tətbiqinə daxil olaraq, Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə məxsus 4169-7388- 1324-2553 nömrəli plastik kartından özünün adına olan "xxxx" ASC-yə məxsus 4098- 5844-6424-4746 nömrəli “Leobank” plastik kartına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 63 manat, xx.xx.2023-cü il tarixdə, 110 manat, 07.11,2023-cü il tarixdə 98 manat, 88 manat, 92 manat, xx.xx.2023-cü il tarixdə 121 manat, 11 manat 93 qəpik, 36 manat və 35 manat pulu köçürmüş, xx.xx.2023-cü il tarixdə iki dəfə olmaqla “Bolt” taksi xidməti ilə taksi sifariş edərək 2 manat 53 qəpik və 3 manat ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 711 manat 46 qəpik pulu elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edib gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs cəmi 711 manat 46 qəpik ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun Pirşağı qəsəbəsində qonşusudur. O, Zərərçəkmiş şəxs 15-20 il müddət olar ki, tanıyır və onunla münasibətləri həmişə normal olmuşdur. Usta kimi işləməsə də elektronika mallarının proqramlarından anlayışı var. Təxminən 5 və ya 6 noyabr 2023-cü il tarixdə o, qonşusu Zərərçəkmiş şəxs evində televizoru və internetini düzəltmiş, bu zaman onun mobil telefonundan istifadə etmişdir. Zərərçəkmiş şəxs diqqətinin onda olmadığını görüb “Birbank” mobil tətbiqinə daxil olmuş və kartda 687 manat pul olduğunu görmüş, həmin kartdan özünə məxsus 4098-5844-6424-4746 nömrəli “Leobank” kartına ilkin olaraq 50 manat pul göndərmişdir. Daha sonra televizoru qoşduqdan sonra evə getmiş və həmin leobank kartında olan 50 manat pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Təxminən 3-4 gün sonra qonşusu Zərərçəkmiş şəxs ona zəng edərək evdə “WİFİ” aparatının parolunu dəyişmək lazım olduğunu bildirmiş və onu çağırmışdır. O da “WİFİ” aparatının parolunu dəyişmək məqsədi ilə yenidən qonşusu Zərərçəkmiş şəxs evinə getmiş və “WİFİ” parolunu dəyişmək üçün sonuncu özünə məxsus mobil telefonu ona vermişdir. O, Nazimin telefonunun onda olmasından istifadə edərək, yenidən “Birbank” tətbiqinə daxil olmuş, kartda 600 manatdan bir qədər artıq pul olduğunu görmüş və yenidən həmin kartdan özünə məxsus 4098-5844- 6424-4746 nömrəli “Leobank” kartına ardıcıl olaraq 63 manat, 110 manat, 88 manat pul göndərdikdən sonra telefonu sonuncuya qaytarıb, yaşadığı mənzilə getmişdir. Təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs yenidən evində televizorda kanalların pozulduğunu və onun gəlib düzəltməyini istəmiş, o isə hazırda tarixi dəqiq xatırlamadığı vaxtda yenidən onun evinə getmişdir. Evdə televizorda kanalları yığarkən yenidən Zərərçəkmiş şəxs mobil telefonunu götürmüş, “Birbank” mobil tətbiqinə daxil olmuş, 300 manatdan bir qədər yuxarı məbləğ olduğunu gördükdə, həmin pulu oğurlamağı qərara almış və həmin pulu da hissəhissə “Leobank” kartına atmışdır. Daha sonra ordan çıxıb yaşadığı evə gəlmişdir. Kart hesabında olan Zərərçəkmiş şəxs oğurladığı pulları şəxsi ehtiyyaclarına xərcləmişdir. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində qonşusu X1 hesabından hissə-hissə olmaqla 50, 63, 110, 98, 88 və digər yadında qalmayan məbləğləri olmaqla ümumilikdə 700 manata yaxın pul oğurlamışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən o, tarixləri və ələ keçirdiyi pulların dəqiq məbləğini tam xatırlamasa da lakin çıxarışa baxdıqda həmin ödəniş və köçürmə əməliyyatlarının onun tərəfindən aparılması yadına düşmüşdür. Pulu kartdan bir dəfəyə köçürməyin bilinəcəyindən qorxduğu üçün hissə-hissə köçürmə hərəkətlərini etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, həmin vaxt işsiz olduğundan maddi çətinlikləri olduğu üçün bu əməli törətdiyini və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəyərək, barışıq əldə etməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ilə yaxın müddət ərzində tanıyır. Bu müddət də aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Nurlan onun qonşusu Hümmətin oğludur. Onun bildiyinə görə Təqsirləndirilən şəxs evlərə gedərək televizor və antenaların yığılması, krosnu aparatlarının quraşdırılması ilə məşğul olurmuş. Evdə televizorunun antenası pozulanda və kanallar qarışan zaman habelə evdə internet işləməyən zaman o, Nurlanı evdə gəlib telefonu və interneti düzəltməsi üçün də çağırmışdır. 2023-cü ilin təxminən noyabr ayında o, evdə televizorun antenası xarab olan zaman qonşusu Nurlanı çağırıb kanalları yığmasını istəmiş, Nurlan da onlara gəlib televizoru düzəltməyə başlamışdır. Televizoru düzəlib internetə qoşmaq üçün Nurlan ondan ona məxsus “Samsung” markalı telefonu istəmiş, o da öz telefonunu ona vermişdir. Telefonunda olan “Birbank” proqramında isə ona məxus "Kapital Bank” tərəfindən verilmiş 4169-7388-1324-2553 kart hesabı olmuşdur. Həmin kart hesabında isə təxminən 700 manat pulu olsa da, lakin həmin pul ona lazım olmadığından o, pulu kartda saxlamışdır. O, özünə məxsus olan telefonu Nurlana vermişdir. Təxminən 1 ay sonra isə kart hesabında olan pulu çıxartmaq istəyən zaman pulunun olmadığını görmüşdür. O, bu zaman kartında cəmi 2 manat pul qaldığını görmüş və həmin pulu da hesabından çıxartmışdır. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs hər dəfə onların evinə gəlib kanalları düzəldən zaman onun telefonundan istifadə etmişdir. Telefonunda olan “Birbank” proqramında isə kod olmadığından başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun kart hesabından bir neçə dəfəyə öz kart hesabına 700 manat pul göndərərək 700 manatını ələ keçirmişdir. Ona baş vermiş oğurluq zamanı təxminən 700 manat ziyan dəymişdir. O, baş vermiş hadisə ilə bağlı qonşusu Təqsirləndirilən şəxs şübhələnmişdir. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması” barədə 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toprlanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin tərtkib əlamətləri olduğundan faktla bağlı ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Zərərçəkmiş şəxs məxsus 4169-7388-1324-2553 saylı ödəniş kartından xx.xx.2024-cü il tarixli çıxarışa əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış əməliyyatlar nəticəsində xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 63 manat, xx.xx.2023-cü il tarixdə, 110 manat, xx.xx.2023-cü il tarixdə, 98 manat, 88 manat, 92 manat, xx.xx.2023-cü il tarixdə 121 manat, 11 manat 93 qəpik, 36 manat və 35 manat pul köçürülmüş, xx.xx.2023-cü il tarixdə isə iki dəfə olmaqla “Bolt” taksi xidməti ilə taksi sifariş edilərək 2 manat 53 qəpik və 3 manat ödəniş edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, onunla barışmış, ona görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən, "xxxx" ASC tərəfindən verilmiş 4169- 7388-1324-2553 nömrəli plastik kartından "xxxx" ASC-yə məxsus 4098-5844-6424-4746 nömrəli “Leobank” plastik kartına xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 63 manat, xx.xx.2023-cü il tarixdə, 110 manat, 07.11,2023-cü il tarixdə 98 manat, 88 manat, 92 manat, xx.xx.2023-cü il tarixdə 121 manat, 11 manat 93 qəpik, 36 manat və 35 manat pulu köçürmüş, xx.xx.2023-cü il tarixdə iki dəfə olmaqla “Bolt” taksi xidməti ilə taksi sifariş edərək 2 manat 53 qəpik və 3 manat ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 711 manat 46 qəpik pulu elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edib gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs cəmi 711 manat 46 qəpik məbləğində pulu ələ keçirməklə oğurluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək, barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə şəxsin islah olunmasını mümkün sayır. Ona görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək - 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət müddət həbsdə saxlama müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq, ona hazırki hökmlə təyin olunmuş cəzadan 04 gün çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar