Məhkəmə qərarları › İş №1(012)-752/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-752/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-752/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində “İnstaqram” sosial şəbəkəsində tanış olduğu və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin M10 hesabına 17 manat pul göndərdikdən sonra sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarına ağacın dibinə qoyduğu bir ədəd şəffaf sellofan kəsiyinin içərsində ağ rəngli kağız bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 0,176 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) əsasında götürüb satış məqsədi olmadan qanunsuz əldə edib Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinə daşımış və üzərində saxlamış, xx.xx.2024cü il tarixdə saat 12 radələrində Abşeron rayon polis idarəsinin Post patrul xidməti bölüyünün əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi ərazisində xidmətdə olduqları zaman yaşadığı 25 nömrəli binanın yaxınlığında özünü şübhəli apardığına görə saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün saat 14:40-dan 14:55-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sol ayağında olan corabın içində həmin bir ədəd bükümdə 0,176 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadəsini təkzib etməklə bildirdi ki, o, narkotik vasitələrdən ağrılarını sakitləşdirmək üçün istifadə edir. O, hadisə günü, təxminən gündüz 11-12 arası idarə etdiyi nəqliyyat vasitəsində övladı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən X1rkən əvvəllər tanımadığı 6 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayan kimi işgəncə tətbiq etməyə başlamışlar. Belə ki, o, avtomobilin sükanında olarkən onu maşının pəncərəsindən çıxarmış, bu zaman üz nahiyəsi yerə dəyərək, xəsarət almışdır. Bundan sonra onu övladı ilə birlikdə idarəyə aparmış, uşaq təxminən 6-7 saat orada qaldıqdan sonra ailəsi aparmışdır. O, 3 gün müddətində idarədə saxlanılmış, saxlanıldığı hər gün polis əməkdaşları tərəfindən ona işgəncə verilmiş, xəsarətlər yetirilmişdir. Polis əməkdaşları onun qarşısına bir büküm narkotik vasitə qoyaraq, boynuna almalı olduğunu dedikdə, məcbur qalaraq qəbul etməli olmuş və bunları videoçəkiliş aparılarkən ifadəsində təstiq etmişdir. Bir qədər sonra yenidən onun qarşısına 04 büküm olmaqla narkotik vasitə qoyulmuş və bunu da qəbul edilməsi üçün döyülsə də, lakin bu dəfə aldığı xəsarətlərə, verilən işgəncələrə baxmayaraq həm bükümlərdəki narkotik vasitənin ona aid olmasını təstiq etməmişdir. Məhkəmə iclasında ifadə verən polis əməkdaşlarını ilk dəfə görür, həmin şəxslər onun saxlanılmasında iştirak etməmişlər. Ona döyülməyi barədə heç kimə heç nə deməməyi tapşırıldığına görə o, başına gələnlər barədə nə müstəntiqə, nə vəkilə heç bir şey bildirməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, videoçəkiliş zamanı üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamin ona məxsus olmamışdır, işgəncə gördüyü üçün, məcbur olaraq o cür ifadə vermişdir. Vəkil və müstəntiqlə görüşdüyü zaman onlara heç nə deməməsinin səbəbi, bu barədə əvvəlcədən ona polis əməkdaşları tərəfindən tapşırıq verilməsi olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş və ifadəsi elan edilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Post patrul xidmətinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə saat 12 radələrində polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində piyada xidmətdə olarkən bir nəfər şəxsin həmin kompleksin ərazisində yerləşən 25-ci binanın yaxınlığında onları görən kimi idarə etdiyi “Toyota Prius” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb onlardan aralaşmaq istədiyini görmüşlər. Onlar həmin şəxsin narkotik vasitə istifadəçisi olduğundan, eləcə də üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələnib dərhal yaxınlıqda xidmət aparan 47-63 çağırışlı patrul avtomobilinə bu barədə məlumat vermişlər. Həmin şəxs idarə etdiyi avtomobillə onlardan bir qədər aralaşsa da 47-63 çağırışlı patrul avtomobilində xidmət aparan əməkdaşlarla birlikdə patrul avtomobili ilə süni tıxac yaradaraq həmin “Toyota Prius” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Bundan sonra onlar “Toyota Prius” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlandığı yerə yaxınlaşmışlar və 47-63 çağırışlı patrul avtomobilində xidmət aparan əməkdaşların köməkliyi ilə həmin şəxsi Abşeron RPİ-yə gətirmişlər və sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə aidiyyatı üzrə göstəriş verilməsi üçün Abşeron RPİ-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da sol ayağnda olan corabın içindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb stolun üstünə qoyaraq içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və təqdim etdiyi həmin bir ədəd bükümdəki psixotrop maddə metamfetamini “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsdən xx.xx.2024-cü il tarixdə saat 01 radələrində 17 manat müqabilində yolun kənarına qoyulmuş yerdən götürərək öz istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin Post patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində xidmət edir və rütbəsi polis serjantıdır. 07 dekabr 2024-cü il tarixdə saat 12 radələrində polis nəfəri, polis serjantı X5 ilə birlikdə 47- 63 çağırışlı patrul avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində xidmətdə olarkən yaxınlıqda piyada xidmət aparan polis nəfərləri, polis serjantı Şahid1 və Şahid2 bir nəfər şəxsin həmin kompleksin ərazisində yerləşən 25ci binanın yaxınlığında onları görən kimi idarə etdiyi “Toyota Prius” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb aralaşdığı, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğundan, eləcə də üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan şübhələndikləri barədə onlara məlumat vermişlər. Bundan sonra onlar 47-63 çağırışlı patrul avtomobili ilə süni tıxac yaradaraq həmin “Toyota Prius” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili “Qurtuluş-93” yaşayış kompleksi ərazisində 25-ci binanın yaxınlığında saxlamışlar. Qeyd edir ki, onlar həmin avtomobili saxlatdıqdan sonra sürücü onlardan yayınıb aralaşmaq üçün avtomobili geriyə sürərkən xidməti avtomobilin ön hissəsinə də toxunduğu üçün avtomobili sürüb qaçmağa imkanı olmamışdır. Bundan sonra onlar həmin şəxsi Abşeron RPİ-yə gətirmişlər və sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan həmin şəxs barəsində müvafiq tədbir görülməsinə göstəriş verilməsi üçün Abşeron RPİ-nin rəisinə raportla müraciət etmişlər. Həmçinin sonradan onlara məlum olmuşdur ki, Abşeron RPİ-nin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bildirir ki, Təqsirləndirilən şəxs onlardan aralaşıb qaçmaq üçün idarə etdiyi “Toyota Prius” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə sürərkən xidməti avtomobilin ön hissəsinə yavaş toxunduğuna görə xidməti avtomobilə heç bir zədə yetirməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid X5 da digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 dekabr 2024-cü il tarixli, 6/5414 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksləri olan, “X4... imza Vəkil Vüsal Əliyev...imza şübhəli şəxs” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,176 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 0,136 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə, istintaqı aparılmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və digər qətimkan tədbirinin seçilməsinə” dair 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

6. “Maddi sübut kimi tanınma” haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin – ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 19 dekabr 2024-cü il tarixli, 7895 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

9. “Sübutların qiymətləndirilməsi” haqqında 25 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, istintaq zamanı alınmış təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və ona əlavə olunmuş videogörüntülər olan 01 ədəd DVD diski, diskə baxış keçirilməsi haqqında protokol, ekspert rəyləti iş üzrə sübut növü kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,136 qram psixotrop maddə - metamfetaminin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınmışdır;

10. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin“gəlir məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir.

Şəxsi axtarış və götürmə aparılması haqqında 07 dekabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdə, sonuncu əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd qara rəngli mobil telefonu və sol ayağında olan qara rəngli corabın içərisində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülmüş bükülünü çıxarıb, qarşısındakı masanın üzərinə qoyaraq, təqdim etməklə bildirdi ki, özü narkotik istifadəçisidir, hazırda təqdim etdiyi bir ədəd bükülüdə olan içərisində ağ rəngli kristal maddənin özünə məxsus olan psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün 07 dekabr 2024-cü il tarixdə, saat 01:00-da Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsin ona göndərdiyi kart hesabına M10 vasitəsi ilə ödədiyi 17 manat müqabilində mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun kənarına qoyulmuş yerdən götürərək öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsini təhlil edərək hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçinin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişlə həyata keçirilməsi, vəkillə konfidensial görüşünün təmin edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı o nə vəkillə konfidensial görüş zamanı nə də ki, daha sonralar bu barədə müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş videogörüntü olan diskə baxış keçirilən zaman müəyyən edilir ki, o, könüllü olaraq üzərində saxladığı bükümü çıxarıb təqdim etmiş və həmin qanunsuz vasitənin ona məxsus olmasını şübhə altına alan hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilmədiyindən onun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz vasitə olmadığını, onlar tərəfindən təzyiqlərə və işgəncələrə məruz qaldığından psixotrop maddənin özünün olduğunu və etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmədə dinlənilən şahid ifadələrindən, üzərinə baxış keçirilərkən aparılmış video çəkilişdən aydın olur ki, saxlanıldığı gündən Təqsirləndirilən şəxs etirafedici ifadələr vermiş, təzyiqə məruz qalması ilə bağlı heç bir dövlət qurumuna müraciətlər etməmiş, üzərində xəsarətin olması barədə məlumat verməmişdir. Həmçinin şahidləri ilk dəfə gördüyünü bildirsə də, video çəkilişdən həmin şahidlərin onu saxlayan şəxslər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti nəzərdən keçirilərkən ona qarşı işgəncə göstərilməsi ehtimalı heç bir halda inandırıcı görünmür, həmçinin o, ifadəsində uzun müddət işgəncə gördükdən sonra etirafedici ifadə verdiyini bildirsə də, saxlanıldığı vaxtdan idarəyə gətirilib üzərinə baxış keçirilməsi anına 2 saatdan artıq olmayan vaxt keçməsi onun ifadəsini təkzib edir. Həmçinin o, çəkilişdən sonra yenidən iki gün davamlı döyüldüyünü və əlavə olaraq 04 büküm narkotik vasitənin ona məxsus olmasını etiraf etməsinin tələb edildiyini bildirmişdir ki, bu da heç bir halda inandırıcı deyildir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs polis idarəsində olarkən fiziki zor tətbiq edilmişdirsə sonuncu ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olduğu halda bunu etməmiş, bu barədə yalnız məhkəmə iclasında bildirmişdir. Bu hallar da təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadənin məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlməyə imkan verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eləcə də əməlində cəzanı yüngülləşdirən halların müəyyən edilərək, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədrinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 haqqında 19 dekabr 2024-cü il tarixli, 7895 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsinin mümkün olmadığı və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülsə də, lakin məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması (İİ qrup əlil olması) müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə müvafiq olaraq narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmənarkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir (21-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin edilə bilməz. Lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,136 qram psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 25 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 260 (25 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dən növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,136 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 260 (25 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar