Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-758/2023 01.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Naxçıvan MR, Şərur rayonu, Dizə Ərazi Dairəsi, Dizə kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı övladları X1 oynamaq istəməsi ilə bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən, yəni ailə daxili münasibətlər zəminində baş vermiş narazılıq üstündə mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən zərbələr endirərək, ardınca ondan aralanmaq istəyən Zərərçəkmiş şəxs arxasınca otaqdakı masanın üzərində olan bir ədəd məişət təyinatlı BOSH markalı ütünü sonuncunun kürək nahiyəsinə doğru qəsdən ataraq vurub Zərərçəkmiş şəxs sağ gözün üst göz qapağının, sağ gözaltı və bel nahiyələrinin qançırları, sol kürək, sağ bazu nahiyələrinin sıyrıqları, boyun fəqərələrində hərəkət məhdudluğu ilə müşayiət olunan sağ kürək və boyun nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Mənzər İbrahimova ilə 2014-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan iki uşaqları var. xx.xx.2023-cü il tarixdə axam saatlarında Mənzər oğlu Rəsulun küçəyə çıxmaq istəyərkən üstünə qışqırdığına və üzərinə gedib vurmaq istəməsinə görə əsəbləşmiş, bu zaman Mənzərin üzərinə gedərək əliylə onun sifətinə və bədən nahiyələrinə bir neçə zərbələr vurduqdan sonra masanın üzərindəki ütünü götürüb Mənzərə tərəf atmışdır. Ütü Mənzərin kürək nahiyəsinə dəymişdir. Bundan sonra o evdən çıxıb getmişdir. Hazırda əməlindən peşmandır, zərəçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 2 övladı var. xx.xx.2023-cü il tarixdə saat 18.00 raddələrində oğlu Rəsul küçəyə çıxmaq istəmiş, lakin Rəsulun səhhətində nasazlıq olduğu üçün o Rəsulun küçəyə çıxmasına etraz etmişdir. Bu vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs onun üstünə hücum edərək yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Cəsarətin əlindən güclə qurtulub qaçmaq istəyərkən stolun üstündəki ütünü götürüb ona atmışdır. Ütü onun kürəyinə dəymişdir. Bundan sonra Cəsarət onun ünvanına nalayiq ifadələr işlədərək evdən çıxıb getmişdir. Aralarında baş vermiş dava-dalaşın Mehdiabad qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən evlərində olduğunu, həmin vaxt evdə onlardan başqa övladlarının da olduğunu göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının "MTE və PA ETT Birliyi" X5 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1408 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarət - sağ gözün üst göz qapağının, sağ gözaltı və bel nahiyələrinin qançırları, sol kürək, sağ bazu nahiyələrinin sıyrıqları, boyun fəqərələrində hərəkət məhdudluğu ilə müşayiət olunan sağ kürək və boyun nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixdə hadisənin törədilməsində alət kimi istifadə edilmiş bir ədəd məişət təyinatlı “BOSH” markalı ütü maddi sübut 29 iyul 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN- in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixdə hadisənin törədilməsində alət kimi istifadə edilmiş bir ədəd məişət təyinatlı “BOSH” markalı ütünün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi qızına göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut “BOSH” markalı ütünün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 60 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-758/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-758/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver