Məhkəmə qərarları › İş №1(012)-759/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-759/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-759/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs mebel əşyaları düzəltməsi barədə yalandan vəd verib aldadaraq bu niyyətlə ondan xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzində 1500 manat pulu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, evlidir və 3 övladı var. Onlardan biri azyaşlıdır. Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr ayından tanıyır. Belə ki, o, həmin ərəfələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Ər-Riyad’ ticarət mərkəzində mebel mağazası vardır və mebel satışı ilə məşğul olmuşdur. Belə ki, ilk öncə sifarişi qəbul edir və mebeli hazırladıqdan sonra müştəriyə təhvil verirmişdir. Lakin 2024-cü ilin noyabr ayında işləri pisləşmiş və borcları yaranmışdır. Buna görə də mağazası bağlanmışdır. Zərərçəkmiş şəxs isə həmin ərəfədə mağazasına 01 ədəd divan və stolla birlikdə 06 ədəd stul sifariş vermişdir. Həmçinin həmin mebellərin ödənişi olan 1500 manatı vermişdir. Lakin mağazası bağlandığı üçün o, həmin mebeli təhvil verə bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs aldığı pulu da geri qaytara bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs barəsində şikayət etmişdir. Etdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs aldığı pulu borclarına xərcləmişdir. Mağazası bağlandığı ərəfədə və sifarişi təhvil verə bilməyəcəyini bildiyi halda Zərərçəkmiş şəxs pulu almağına səbəb borclarını ödəmək və pis vəziyyətdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs mebeli təhvil vermək və ya aldığı pulu geri qaytarmaq olmuşdur. Sonradan zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Əməlindən peşmançılıq çəkir, İşin xitam olunmasını xahiş edir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayında yaşadığı ev üçün yeni mebel almaq qərarına gəlmişdir. Buna görə həmin mebeli Abşeron rayonu. Xırdalan şəhəri ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzindən almaq istəyirmiş. xx.xx.2024-cü il tarixdə həmin ticarət mərkəzinə tək getmişdir. Bir çox mağazaya baxandan sonra Rahim adlı şəxsin mağazasında göstərilən mebel onun xoşuna gəlmişdir. Belə ki, o, ev üçün 1 (bir) ədəd divan, 1 (bir) ədəd stol və 6 (altı) ədəd stul almalı imiş. Rahimlə aralarında 1500 (min beş yüz) manat müqabilində həmin əşyaları almağa razılaşmış və orada həmin pulu Rahimə vermişdir. Rahim isə 3 (üç) həftə ərzində əşyaları hazır edəcəyini bildirmişdir. Lakin həmin müddətdən sonra Rahim müxtəlif bəhanələr gətirməyə başlamış və əşyaları təhvil verməyi gecikdirmişdir. Sonra isə telefonlara cavab verməmişdir. Bu zaman o, başa düşmüşdür ki, Rahim adlı şəxs onu aldatmışdır. Buna görə də o, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Bu hadisə nəticəsində ona 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyinə görə onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Abşeron RPl- nin MSYnə təhvil verilmiş və xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və xx.xx.2025-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək Abşeron RPl-nin X2 azad edilmişdir. xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış və xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar