Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-76/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1985-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, YAT-2, H.Z.Tağıyev küçəsi, ev 7, mənzil 6-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi ev 2/3-də yaşamış, barəsində 08 avqust 2022-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 21 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında 15 manata satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı1) daxil edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi 0,527 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsinə daşımaqla üzərində saxlamış, 08 may 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, Abşeron RPİ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,527 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, YAT- 2, H.Z.Tağıyev küçəsi, ev 7, mənzil 6-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi ev 2/3-də yaşayır. Fərdi olaraq işləyib ailəsini dolandırır. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən çəkmək yolu ilə qəbul edir. Lakin, narkoloji dispanserdə qeydiyyatı yoxdur. O, 07 may 2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin əldə etmişdir. Bundan sonra həmin bükümü göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin bükümü axşam istifadə etmək istəmişdir. 08 may 2022-ci il tarixdə 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığına gələn zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özünü Abşeron RPİ-nin əməkdaşı olduğunu bildirmişdir. Polislər onun narkotik vasitələrin qanunsuz üzərində gəzdirməyində şübhəli olduğumu bildirib, bu barədə onlarda əməliyyat məlumatlarının olduqlarını bildirmişdilər. Bundan sonra onu Abşeron RPİ-nə dəvət etmişdilər. Hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişdilər. Üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində qanunsuz olaraq saxladığı hər hansı əşyanın olub-olmadığı soruşmuşdular. O da səmimi olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd bükülü olmasını və içərisində narkotik vasitə olan heorin olduğunu bildirib təqdim edə biləcəyini bildirmişdir. Polislərin razılığından sonra cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan olan heroini çıxarıb təqdim etmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Daha sonra üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini, hər hansı psixi təziqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2015-ci ildən xidmət edir. 2020-ci ildən hal hazırda Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Abşeron rayonu, Xırdalan şəhəri, YAT-2, H.Z.Tağıyev küçəsi ev 7, mənzil 6-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi ev 2/3-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 08 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi, Şəhriyar Şəmşirli tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, o da qrupun üzvü olmuşdur. Bundan sonra həmin günü yəni, 08 may 2022-ci il tarixdə saat 00:30 radələrində məlumat əsasında, onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsinə Farizin yaşadığı evin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs dayandığını görmüşdülər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirmiş və barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdilər. Sonra Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya və predmet olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükülünü könüllü olaraq çıxarıb təqdim etmiş, həmin bükülü polis əməkdaşı tərəfindən açılıb içərisinə baxıldıqda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2022-ci il tarixli 6/2661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 56» dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,527 (qalıq 0,477) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 30 iyul 2022-ci il tarixli 4170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4170 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 fevral 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarına əsasən, Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, cəza müddəti 08 ildən 04 il 10 aya endirilmiş və xx.xx.2018-ci ildə isə cəzanın sonu ilə azad edilmişdir. Hal-hazırda məhkumluğu ödənilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş cinayət işinin materiallarında olan bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və məhkəmədə baxış keçirilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslansada ibtidai istintaq zamanı prosessual pozuntulara yol verilmişdir. Belə ki, Abşeron RPİ CAŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenentı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarın əsaslandırma hissəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə olunmasında daşıması ehtimalını nəzərə alaraq ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurətinin yarandığı qeyd edilmiş və Cinayət Prossesual Məcəlləsinin 445.1-ci maddəsinin və "Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə istinad olunmuşdur. Lakin, həmin qərarın "qərar verdim” hissəsində Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, yalnız həmin qərarın müvafiq orqanlara göndərilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması və.s Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə əsasən 445.2. «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1)şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2)cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Yuxarıda qeyd edilən normalardan aydın göründüyü kimi əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Lakin cinayət prosessual qanunvericiliyin tələbinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Abşeron RPİ cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenentı Şahid1 qərarda Təqsirləndirilən şəxs ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar verilməsini göstərilməmiş, yoxlanılması üçün məhkəməyə göndərilməmiş, üstəlik qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul olunmuş, bununla da CPM-nin pozuntusuna yol vermişdir. Daha sonra iş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddəyə bənzər maddə dərhal zərfə qoyulub qablaşdırılaraq möhürlənməli və bütün iştirakçılar tərəfindən imzalanmalı olduğu halda bütün bunlar hadisə yerində yox, bir müddət sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə polis idarəsində gətirilərək orada rəsmiləşdirilmişdir. Halbuki, CPM-nin 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübut kimi əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1 - əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq özünün və şahidin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır.Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya hədd yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində xx.xx.2003-cü il təvəllüdlü Əhliman Tərlanzadə adlı 1 azyaşlı övladının olmasını və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Xürrəm Tərlanzadə adlı bir yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. 08 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi istintaq materialları ilə kifayət qədər sübut olunduğundan 09 may 2022-ci il tarixdə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair 09 may 2022-ci il tarixli vəsatət Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təmin edilərək, təqdimatla Abşeron rayon məhkəməsinə göndərilmiş, Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Abşeron rayon polis idarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, yəni 08 avqust 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Abşeron rayon məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarı ilə 08 may 2022-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. Ona görə də 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 03 ay həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə 65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,477 qram narkotik maddə heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 03 ay həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,477 qram narkotik maddə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-76/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-76/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver