Məhkəmə qərarları › İş №1(012)-760/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-760/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-760/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Qazax rayonu, Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmayan, Şamaxı rayonu, Saqiyan Ərazi Dairəsi, Şirvan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Qayıbov küçəsi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Qayıbov küçəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə saxladıqları ona məxsus ehtiyat pulun onun tərəfindən sərf olunması ilə bağlı fikir ayrılığı səbəbindən ailədaxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən yumruğu ilə sonuncunun baş, sifət, təpiklə isə ayaq nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin dərıaltı hematoması, sağ bud və sağ diz oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onlar 2020-ci ildən rəsmi nigah əsasında ər- arvad münasibətində yaşayır və bu nikahdan 2021 -ci il təvəllüdlü Günay Malxarova dünyaya gəlib. 2023-cü il tarixdə o, işləmək üçün Rusiya Federasiyasına getmiş, geri qayıdan zaman qazandığı 5.000 manat pulu ehtiyat üçün saxlamaq məqsədilə Zərərçəkmiş şəxs vermişdir. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində yaşadıqları evdə olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs üzərində pul olması üçün 100 manat istəmiş, lakin sonuncu qarşılığında 50 manat pul gətirib evdə ehtiyat pulun tükəndiyini səbəb gətirərək ona dediyi məbləği verməkdən imtina etmişdir. Bundan sonra onların aralarında ailədaxili münaqişə zəmnində mübahisə yaranmış və o, yumruqla Ayselin baş nahiyəsindən, vuraraq ona xəsarət yetirmiş və daha sonra 100 manat pulunu götürüb evdən çıxıb getmişdir. Təhqiqatda əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, onlar 2020-ci ildən rəsmi nigah əsasında ər- arvad münasibətində yaşayır və bu nikahdan 2021 -ci il təvəllüdlü Günay Malxarova dünyaya gəlib. 2023-cü il tarixdə o, işləmək üçün Rusiya Federasiyasına getmiş, geri qayıdan zaman qazandığı 5.000 manat pulu ehtiyat üçün saxlamaq məqsədilə Zərərçəkmiş şəxs vermişdir. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində yaşadıqları evdə olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs üzərində pul olması üçün 100 manat istəmiş, lakin sonuncu qarşılığında 50 manat pul gətirib evdə ehtiyat pulun tükəndiyini səbəb gətirərək ona dediyi məbləği verməkdən imtina etmişdir. Bundan sonra onların aralarında ailədaxili münaqişə zəmnində mübahisə yaranmış və o, yumruqla Ayselin baş nahiyəsindən, təpiklə isə ayağından vuraraq ona xəsarət yetirmiş və daha sonra 100 manat pulunu götürüb evdən çıxıb getmişdir. Mübahisə zamanı Aysel ona qarşı heç bir fiziki təsir göstərmədiyini, mübahisənin təxminən 3-5 dəqiqə birgə yaşadıqları evin içərisində baş verdiyini, həmin zaman azyaşlı övladının evdə olduğunu göstərmişdir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Onlar 2020-ci ildən rəsmi nigah əsasında ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2021-cu il təvəllüdlü Malxarova Günay dünyaya gəlib. İlk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra onların ailədə mübahisələr yaranmağa başlamışdır. Buna səbəb isə Rüstəmin evə ehtiyac üçün qoyduğu pulu heç bir əsas göstərmədən ondan istəməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 18.30 radələrində yaşadıqları evdə olan zaman Rüstəm iləaralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə Rüstəmin evdə olan ehtiyat puldan istəyən zaman Ayselin 100 manat əvəzinə 50 manat gətirib verməsi olmuşdur. Belə ki, Aysel ona evdə olan pulun getdikcə azalmasım bildirib ona artıq pul verməkdən imtina etdiyi üçün Rüstəm əsəbiləşərək qonaq otağında yumruqla onun baş, sonra isə təpiklə onun sağ ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra Rüstəm 100 manat pulu alıb otağı tərk edərək evdən çıxıb getmişdir. Həmin vaxt Rüstəmə heç bir müqavimət göstərmədiyini və ona heç bir xəsarət yetirmədiyini, mübahisənin birgə yaşadıqlarıevin içərisində baş verdiyini, həmin zaman evdə azyaşlı övladının olması, mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, şikayət və tələbi ona xəsarət yetirən əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Sonda o, məhkəmədən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığın nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 782 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin dərialtı hematoması, sağ bud və sağ diz oynağı nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə şikayət verən şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Qayıbov küçəsi fərdi yaşayış evini gecə saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 30 saat olmaqla,180 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməldə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Qayıbov küçəsi fərdi yaşayış evini gecə saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar