Məhkəmə qərarları › İş №1(012)-762/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-762/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-762/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Sarıyev X4 rayonu, Balaxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində xeyli miqdarda bir ədəd şəffav rəngli selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan çəkisi 0,715 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Digah qəsəbəsinə daşımış və üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 20 yanvar 2025-ci il tarixdə saat 12:41-də Abşeron rayon polis idarəsinin X3 əməkdaşları tərəfindən Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq massivində yerləşən məscidin yaxınlığında saxlanılaraq, orada həmin tarixdə saat 12:41dən saat 12:50-yə kimi üzəri yoxlanlan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 0,715 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq qeyd etmişdir ki, o,artıq narkotik vasitələrdən istifadə etmir. O, 20 yanvar 2025-ci il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manat məbləğində narkotik vasitə olan heroin əldə edərək, cibinə qoymuş, təxminən bir neçə saat keçdikdən sonra nahar fasiləsinə yaxın müddətdə Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq massivində yerləşən məscidin yaxınlığında olarkən üç nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirərək, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları tərəfindən hadisə yerində ilk olaraq ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra aparılan videoçəkiliş altında könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş heroini təqdim etmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan sonra onu Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nə gətirmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o üzərində gəzdirdiyi narkotik vasitəni satış niyyəti ilə yox, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir. Sonda etdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı övladının və baxıma ehtiyacı olan yaşlı valideynin olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin X3 əməkdaşı Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 20 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar Şahid1 raportla bölmə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə aldıqdan sonra əməliyyat qrupunun üzvləri sonuncudan, ondan və X2 ibarət əməliyyat qrupunun yaradılmış və bir yerdə əməliyyat tədbirləri keçirmişlər. 20 yanvar 2025-ci il tarixdə saat 12:41 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onlar Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq massivində yerləşən məscidin yaxınlığında zahiri əlamətlərinə uyğun gələn Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, ilk olaraq şəxsiyyətini təstiq edən sənədi tələb etmiş, lakin sonuncu üzərində hər hansı bir sənədinin olmadığını və özünü şübhəli apardığından, həmçinin zahiri əlamətlərti məlumatda olan şəxsin xarakterizə etdiyindən ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı etiraz etməmiş və elə hadisə yerindəcə əməliyyat qrupunun üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzəri videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, “bir-neçə ay olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi narkotik vasitə heroini 20 yanvar 2025-ci il tarixdə 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli selofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib olunmuş, o, və digər qrup üzvləri həmin protokolu imzalamışlar. Bundan sonra şübhəli şəxs Abşeron rayon polis idarəsi Mehdiabad polis bölməsinə gətirilərək, təhvil verilmişdir. Bundan əlavə Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahi Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 20 yanvar 2025-ci il tarixdən saat 12:41-dən hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 yanvar 2025-ci il tarixli, 3-16-16/2-6/287 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut...” yazıları olan 01 (bir) ədəd zərfin içərisində 01 ədəd sellofan paketdə təmiz çəkisi 0,715 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,715 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,665 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmiş və istintaqı aparılmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində digər qətimkan tədbiri seçilməsi” haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir;

7. “Maddi sübut kimi tanınma və saxlanılması” haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,715 qram narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 0,665 qram narkotik vasitə-heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir;

8. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 15 mart 2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirlənsirilməsinə dair cinayət işinə 19 dekabr 2016-cı il tarixdə Sabunçu rayon Polis İdarəsində baxılma mərhələsində olarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, bundan sonra Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarına əsasən Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndi tətbiq edilməklə, həmin cəza 01 il müddətinə azaldılmış, bundan sonra həmin məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 09 ay 14 gün hissəsi 04 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, sonuncu 14 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;

9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında 01 mart 2025-ci il tarixli, 1198 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatındadır;

10. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 02 aprel 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, sonuncunun üzəri yoxlanılan zaman götürülmüş 0,715 qram narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınaraq ekspertizadan sonra qalan 0.665 qram narkotik vasitə heroinin saxlanılmasından ötrü Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalı, istinraq tərəfindən təqdim edilmiş üzərində şəxsi axtarış keçirilməsi barədə 01 ədəd video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət iinin materiallarına əlavə edilməli, istintaq zamanı souncunun özünü müdafiə etmək üçün heç bir dəlil gətirməməsi nəzərə alınmaqla, iş üzrə məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişdir;

11. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 mart 2019-cu il təvəllüdlü X5 adlı uşağı vardır.

Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 20 yanvar 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadəsi məqsədi ilə əldə edib üzərində daşıması ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 20 yanvar 2025-ci il tarixdə, saat: 12:41 dəqiqədə Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq Massivi, Məscidin yaxınlığında saxlanılaraq,üstü yoxlanılmış, üzərindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun əməlində cəzan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin məhkəmənin 21 dekabr 2021-ci il tarixli qərarına əsasən Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndi tətbiq edilməklə, ona təyin edilmiş cəzanı çəkməsi 01 il müddətinə azaldılmış, son olaraq həmin məhkəmənin 24 yanvar 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 09 ay 14 gün hissəsi 04 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və sonuncu 14 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması və həmin cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun əməli residiv kimi qiymətlənirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən hazırki vaxtadək 01 ildən artıq müddət keçdiyindən o, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, narkotik vasitənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini, himayəsində azyaşlı övladının olmasını onun əməlində cəzanı yüngülləşdirən hal olaraq müəyyən edilməsini, həmçinin əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 07 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 Ekspert komissiyasının 01 mart 2025-ci il tarixli, 1198 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 12 fevral 2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,665 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatının hər iş saatının 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 165 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 12 fevral 2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,665 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar