Məhkəmə qərarları › İş №1(012)-763/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-763/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-763/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci ildə Lənkəran rayonunun Port-İliç şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçillərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə səhər vaxtı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,855 qram olan xeyli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış və üzərində saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində küçədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Qobu polis bölməsinin inzibati binasına gətirilib, orada həmin gün saat 20:17-dən saat 20:25-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 0,855 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadə edir. 28 fevral 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyim formasında olan şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və onlarda onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğuna dair məlumat olmasını bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğu etiraf etmiş, onların təklifinə etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Qobu PB-na getmişdir. Bölmənin xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, ilk öncə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmiş, daha sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o əynindəki cins şalvarının cibində olan şəffaf rəngli sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin narkotik vasitəni 28 fevral 2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata almış və öz şəxsi istifadəsi üçün daşımışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra ona qarşı fiziki güc və zorakılıq tətbiq olunmamışdır. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Sonda əməlindən səmimi peşman olduğunu, ayrıldığı üçün bir uşağın saxlanması ilə əlaqədar aliment ödəməsini, anasının övladına baxmaqda maddi çətinlik çəkməsini bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs” adlı şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakı ilə 28 fevral 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmiş, o, əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə X4 bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib, şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Araza üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara razılaşaraq birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində şübhəli şəxsə hüquqları izah olunaraq, müdafiəçi dəvət olunmuş, müdafiəçisinin iştirakı ilə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuş, təklifdən sonra sonuncu əynində olan cins şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, tozşəkilində spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan narkotik vasitənin heroin olmasını, öz istifadəsi üçün Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmadı. Bundan sonra şəxsin təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəklində, narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürüldü, sonra isə şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib olunmuş, həmin protokola da imzalar etmişdirlər. Məhkəmə iclasına dəvət edilmiş şahid Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 28 fevral 2024-cü il tarixdə, saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işinin başlanması haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1222 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 245» möhür əksi “Təqsirləndirilən şəxs...” və s. Soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,855 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,805 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qabil oğlu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 4(012)-208/2024 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X2 haqqında 22 aprel 2024-cü il tarixli, 2587 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Qabil oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Maddi sübut kimi tanıma” haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qalıq çəkisi-0,805 qram narkotik vasitə hesab edilən heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi” haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qabil oğlunun etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilərək, şəxsin üzərinə baxış keçirilərkən götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,855 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ********* №-li cinayət işi üzrə maddi sübut tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,805 qram çəkidə narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cə il təvəllüdlü X5 adlı uşağı vardır. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qabil oğlu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olmasıını, tanımadığı şəxsdən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində 10 manata almasını, həmçinin istiadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini 28 fevral 2024-cü il tarixdə törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 28 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2587 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,805 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin Növbətçi Hissəsində saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 0,805 qram, narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Museyib oğluna məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar