Məhkəmə qərarları › İş №1(012)-765/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-765/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-765/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi Novruz oğlunun iştirakı ilə, xx.xx.1994-cü ildə Xızı rayonu Xızı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, Novxanı Bağ massivi, 3730 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya 4500 manat müqabilində 1 baş inək, 22 baş qoyunu Bərdədə mal bazarından almaqla Bakı şəhərində ona təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bakı beynəlxaq avtovağzal kompleksinin qarşısında ona verdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə Quba rayonunda yerləşən elektron ödəmə terminalı vasitəsilə onun təqdim etdiyi “5243-7544-4047-9978” nömrəli bank kartına göndərdiyi 4000 manat, xx.xx.2023-cü il tarixdə eyni üsulla Abşeron rayonu Masazır dairəsi yaxınlığında yerləşən elektron ödəmə terminalı vasitəsilə göndərdiyi 360 manat, eləcə də həmin gün mobil tətbiq vasitəsilə göndərdiyi 40 manat pulunu vahid niyyətlə alıb vədinə əməl etmədən ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, arvadı X4, övladı Mürsəlova Gülxarə ilə birlikdə yaşayır. 2018-ci ildən 2023-cü ilin noyabr ayına qədər Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat idarəsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində işləmişdir. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəlləri Zərərçəkmiş şəxs ilə metronun Memar Əcəmi stansiyasında təsadüf nəticəsində tanış olub. Belə ki, onun əlində ağır çanta olduğundan ona kömək edib. Yol boyu söhbət əsnasında ondan nə işlə məşğul olmasını soruşduqda, həmin zaman ona polis əməkdaşı olaraq işlədiyini bildirmişdir. Bundan sonra telefonla zəngləşib danışmış, “whatsapp” ani mesajlaşma mobil tətbiqi ilə yazışmışlar. Söhbət əsnasında Zinyətə bildirmişdir ki, polis əməkdaşı olmaqla yanaşı da həm də iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə də məşğul olur. Bu zaman Zinyət bildirmişdir ki, onun da maddi vəziyyəti aşağıdır, əlində biraz pulu vardır, və o da pul qoyub bu işlə məşğul olmaq istəyir ki, maddi vəziyyəti stabilləşsin. Bundan bir neçə gün sonra 2023-cü il oktyabr ayının 20-dən sonrakı xatırlamadığı gündə Bakı Avtovağzalının yaxınlığında fəaliyyət göstərən Şəki kafesinin birinci mərtəbəsində Zinyətlə görüşməklə, ondan əlbəəl 100 manat yol pulu almış, Bərdə rayonuna, mal bazarında heyvanlarla maraqlanmaq üçün getmiş, həmin gün axşam da Bakıya qayıtmışdır. Bir neçə gün sonra xidmətində istirahət günü olanda Bərdəyə getməzdən əvvəl Zinyətə bildirmişdir ki, Bərdəyə heyvan almağa gedir. Danışığı zamanı ondan mal-qara almaq müqabilində 4000 manat pul istədiyini bildirmiş, Bərdə mal bazarında həmin pulun müqabilində heyvan alıb ona gətirib verəcəyini vəd etmişdir. Həmin vaxt tanışı Kamran adlı şəxsin “Unibank”-a məxsus bank hesab kartı üzərində olduğundan Zinyətdən xahiş etmişdir ki, həmin karta pulu göndərsin. O da həmin karta 4000 manat pul göndərmişdir. Bərdə rayonuna getmiş, bazarda mal heyvanın yaxşı olmadığını görüb heçnə almadan Bakıya geri qayıtmışdır. Əvvəlcə düşünmüşdür ki, Zinyətdən aldığı pulu geri qaytarsın, sonra geri qaytarıb yenidən pulu istəsə onun pulu qaytarması uzun vaxt çəkəcəkdi. Bu səbəbdən də iki gündən sonra yenidən Bərdəyə gedib mal-qaranı alacağını bilfitmişdir. Bundan sonra onun başqa bir problemi çıxmış, başqa bir adama borcu olduğu üçün Zinyətdən aldığı pulu məcbur qalıb başqa şəxsə olan borcunu bağlamışdır. Təxminən bir həftə sonra əlavə pul lazım olduğundan Zinyətə bildirmişdir ki, əlavə 400 manat da pul lazımdır. Zinyət də ona əlavə olaraq 400 manat pul göndərmişdir. O həmin pulu da öz problemlərinə xərcləmişdir. Bundan sonra Zinyət ona zəng edərək pulundan 400 manat istəmiş, o şübhələnməsin deyə başqa bir adamdan 400 manat alıb Zinyətə göndərmişdir. Nəticədə Zinyətə 4100 manat borcu qaldı. Bir müddət keçdikdən sonra Səyyad pul tapa bilməmiş, yəni vədinə əməl edə bilməyib onu aldatdığını açıb danışmışdır. Bundan sonra Zinyət barəsində polisə şikayət etmişdir. Zinyətin pulunu hissə-hissə qaytarmaq niyyətindədir. Zinyətə təqdim etdiyi bank kartı tanışı Şahid1 məxsus olmaqla “Unibank”ın bank kartı olmuşdur. Həmin kartın hesab nömrəsi və digər məlumatları barədə hazırda xatırlamır. Zərərçəkmiş şəxs mal-qara alıb ona vermək məqsədilə göndərdiyi 4500 manat pulu müxtəlif bankomatlardan çıxarmışdır. Həmin puldan 400 manatını Zinyətə qaytarmış, 4100 manat pulu isə hazırda adını xatırlamadığı borclu olduğu bir şəxsə borcumu qaytarmaq üçün əlbəəl vermişdir. Tanışı Şahid1 məxsus bank kartı vasitəsilə Zərərçəkmiş şəxs göndərdiyi pul vəsaitlərini əldə etməsiylə əlaqədar Şahid1 heç bir məlumatı olmamışdır. Ümumiyyətlə onun bu məsələyə heç bir aidiyyəti olmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ata, ana və qardaşı ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Masazır dairəsi yaxınlığında təsadüfən tanış olmuş, həmin vaxt onun polis əməkdaşı olduğunu öyrəndikdən sonra Şuşa şəhərinə getmək istədiyini, lakin portaldan qeydiyyat üçün hansı sənədlərin lazım olduğunu bilmədiyini demiş, Səyyad həmin gün də polis formasında olmaqla xidməti vəsiqəsini də ona göstərmişdir. Onun xidməti vəsiqəsində Daxili İşlər Nazirliyinin Maddi texniki təminat idarəsində serjant kimi xidmət etdiyi görünürdü. Onunla sənədlərlə əlaqədar telefon vasitəsilə əlaqə yaratmağa başlamışdır. Bir müddət sonra Səyyadla əlaqə saxlayarkən 2023-cü ilin oktyabr ayının təxminən 20-dən sonrakı müddətdə özünün həm də iribuynuzlu heyvan alqı-satqısı ilə məşğul olduğunu, bu işdə yaxşı qazanc olduğunu, istəsə onu da həmin işə qoşa biləcəyini bildirmişdir. Səyyadla razılığa gəlmişlər ki, Səyyada 4500 manat verəcək, o isə həmin pulla 1 baş inək, 22 baş qoyun Bərdədə mal bazarından almaqla Bakı şəhərində ona təhvil verməlidir. xx.xx.2023cü il tarixdə Səyyadla Bakıdakı beynəlxaq avtovağzalda görüşmüş, ona Bərdəyə mal bazarına gedəcəyini bildirmiş, Səyyada ilkin olaraq 100 manat məbləğində pulu əlbəəl vermişdir. xx.xx.2023-cü il tarixdə Səyyadın ***-***-**-** mobil nömrəsinə zəng vurmaqla danışmış, 4500 manat onun kart hesabına köçürdükdən sonra, 1 baş inək, 22 baş qoyunu Səyyad təhvil alacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı Şahid2 zəng vuraraq 4000 manat pulu “Milli ön” aparatı vasitəsilə dediyi kart hesabına köçürməsini istəmiş, qardaşı Murad Quba rayonunda yerləşən “Milli ön” aparatı vasitəsilə Kamran Səfiyevə məxsus “5243-7544-4047-9978” Unibank hesabına köçürmüşdür. Səhəri gün xx.xx.2023cü il tarixdə Səyyad ona zəng edib daha sərfəli qiymətə mal-qara alacağına inandırıb, daha 1200 manat pul istədkdə o qədər pulu olmadığını bildirib xx.xx.2023-cü il tarixdə Masazır dairəsi yaxınlığında Araz marketdə yerləşən aparatdan 360 manat məbləğində pulu Kamran Səfiyevə məxsus “5243-7544-4047-9978” Unibank hesabına, 40 manat məbləğində pulu isə özünün telefonundaki “Kapital bank” mobil tətbiqi vasitəsilə həmin hesaba göndərmişdir. Qeyd edilən köçürmələrdən sonra Səyyad xx.xx.2023-cü il tarixdə onun mal-qarasının Bakıya gətirilib çatdırılacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Səyyadla Masazır dairəsi yaxınlığında görüşdükdə artıq Zinyətə təhvil verilməli olan malqaranı satıb, 1200 manat qazanc əldə etdiyini bildirmiş, ondan həmin pulun harda olmasını soruşduqda üzərində olmadığını, evdə atasının seyfində olduğunu, və xx.xx.2023-cü il tarixdə yenidən Bərdəyə mal-qara gətirmək üçün gedəcəyini bildirmiş, xx.xx.2023-cü il tarixdə Bərdədən qayıtdıqdan sonra onun zənglərinə cavab verməməyə başlamışdır. xx.xx.2023- cü il tarixdə Əcəmi metrostansiyasının çıxışında Səyyadla görüşmüş, onun dediyi hesaba köçürdüyü 4500 manat pulla alınan mal-qaranın satışından əldə edilən qazancın 2400 manat olduğunu, lakin yenə bəhanələr gətirərək həmin qazancı da vermədən ondan yenidən pul istədiyini, vəziyyətin belə olduğunu gördükdə ona artıq pul verməyəcəyini dedikdə onu təhqir edərək çıxıb getmişdir. Zinyət artıq başa düşmüşdür ki, Səyyad onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə olduqdan sonra məcbur qalıb əvvəlcə daxili işlər orqanlarına, sonra prokurorluq orqanlarına bu barədə yazılı müraciətlər etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onun 4500 manat pulunu ələ keçirmiş, həmin puldan 400 manatını geri qaytarmış, hazırda onun aldadıb qaytarmadığı pulun məbləği 4100 manatdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində anası Safura Sefiyeva, nənəsi Sefiyeva Gözəllə birlikdə yaşayır. Subay olmaqla Sumqayıt şəhəri 34-cü məhəllədə icarə əsasında çay evi işlətməklə qazanc əldə edir. Özünü polis əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxsla 2023-cü ilin iyun ayında tanışlığı başlayıb. Həmin vaxt qeyd etdiyi ünvanda çay evi işlədərkən Səyyad oraya çay içmək məqsədilə gəlib getməyə başlamış, polisin xidməti geyim formasında gəlmiş, özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Səyyad ayda 1 dəfə olmaqla çay evinə gəlib getmiş, gələrkən də içdiyi çayın pulunu ödəmişdir. 2023-cü ilin oktyabr ayının xatırlamadığı günündə Səyyad işlətdiyi çay evinə gələrək ondan “Unibanka” məxsus plastik kartını istəmiş, öz kartının evdə qaldığını, kart hesabına ona çatacaq pul göndəriləcəyini və həmin pulu bankomatdan çıxarıb kartı qaytaracağını bildirmişdir. Səyyad kartı götürüb işini gördükdən sonra gətirib kartı özünə qaytarmışdır. Həmin vaxtdan 4-5 gün sonra Səyyad yenə həmin məqsədlə ona məxsus plastik kartı istədikdə kartı ona vermiş, kartı götürdükdən sonra Səyyad geri qayıtmamışdır. Onun polis əməkdaşı olduğunu nəzərə alıb bir müddət onu arayıb axtarmamışdır. Sonradan onun telefon nömrəsinə zəng vurduqda ona zəng çatmadığı məlum olmuşdur. Özünə məxsus kart “Unibank”-dan aldığı kart olmaqla kartın nömrəsi “5243-7544-4047-9978” kimi olmuşdur. Səyyad plastik kartı ondan aldıqdan sonra onunla əlaqəsi olmamış, onun karta qəbul etdiyi və çıxardığı məbləğlərlə bağlı da heç bir məlumatı olmamışdır. Heç vaxt mal-qara satışı ilə məşğul olmamış, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə onunla telefon vasitəsilə danışmamış, onu ümumiyyətlə tanımamış, nə həmin telefon danışığından, nə də kartına hər hansı pul vəsaiti köçürülməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri – ata,ana və bacısı Zinyətlə birlikdə Quba rayonu Timiryazev qəsəbəsində yaşayır. xx.xx.2023-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə ona zəng vuraraq onun dediyi bank kartının hesabına ödəniş terminalı vasitəsilə pul köçürməyini xahiş etmiş, bacısının bir neçə gün əvvəldən verdiyi 4000 manat pulu götürüb Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində yerləşən ödəniş terminalı vasitəsilə “5243-7544-4047-9978” nömrəli Unibank hesabına 4000 manat pulu 50 manatlıq əskinaslar formasında ödəniş terminalına daxil etməklə qeyd etdiyi hesaba köçürmüş və terminalın təqdim etdiyi ödəniş qəbzini götürmüşdür. Bacısı Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı polis əməkdaşı ilə tanışlığı yaranmış, Səyyad polis olaraq onun etibarını qazanmış, və onlar birlikdə mal-qara alqı-satqısı işinə girməyə razılaşmış, o da 24 oktyabr tarixində Səyyadın Zinyətə təqdim etdiyi kart hesabına 4000 manat pulu həmin məqsədlə köçürmüşdür. Lakin Səyyad sonradan Zinyətin etibarından sui-istifadə edib aldadaraq onun 4100 manat pulunu bugünə qədər qaytarmamış, ona qarşı dələduzluq əməlini törətmişdir. Səyyad bacısı Zinyətdən ümumilikdə 4500 manat pulu aldadaraq almış, lakin bir dəfə həmin pulun 400 manatını qaytarmaqla onun etibarını qazanmaq istəmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: MilliÖN elektron ödəmə sistemindən çıxarılmış qəbzlərin suərtindən görünür ki, xx.xx.2023-cü il tarixdə Quba rayonu H.Əliyev pr, ASAN xidmət ünvanındakı ödəmə terminalından son 8 rəqəmi "xxxx" olan kart hesabına 4000 manat(komissiya məbləği 24 manat hesablanmaqla), xx.xx.2023-cü il tarixdə Abşeron r. Masazır qəs. Q.Nəbi küç-də yerləşən ödəmə terminalından son 8 rəqəmi "xxxx" olan kart hesabına 360 manat pul köçürülmüşdür. UNİBANK ASC-nin Nərimanov filialı tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə son 4 rəqəmi “9978” olan kart hesabına 3976 manat, xx.xx.2023cü il tarixdə son 4 rəqəmi “9978” olan kart hesabına 356,4 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun “X2 Sistemindən” əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar