Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-765/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkill Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 14 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən «X5» Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialının yaxınlığında yerdən tapdığı Zərərçəkmiş şəxs məxsus «X5» Açıq Səhmdar Cəmiyyətinin əmtəə nişanı olan «Leobank»a aid 5411-2498- 1260- 8813 №li bank kartından nağdsız ödənişlərin qəbul olunmasını təmin edən POS terminalda istifadə etməklə 15 noyabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ərzaq mağazasında saat 00:08-də 0,70 manat, saat 00:09-da 1 manat, saat 00:10-da 3 manat məbləğində, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Xırdalan market»də saat 00:13-də 6,18 manat və saat 00:14-də 6,50 manat məbləğində, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Bolmart market»də saat 00:43-də 28,15 manat və saat 00:54-də 38,39 manat məbləğində, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Grand market»də saat 01:32-də 44,13 manat, saat 01:38-də 109,25 manat məbləğində qida və qeyri qida məhsullarını almaqla elektron məlumat daşıyıcısından vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 237,3 manat pul vəsaitini Zərərçəkmiş şəxs məxsus «X5» Açıq Səhmdar Cəmiyyətinin əmtəə nişanı olan «Leobank»a aid kartdan gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı X1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə ailə üzvlərilə birlikdə yaşadığı Rusiya Federasiyasından, yaşamaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmişlər. 2022-ci ildə atası və anası ayrılıblar, hal hazırda o tək yaşayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində piyada hərəkət edərkən, yerdə qara rəngli “Leo” Banka məxsus plastik kart olduğunu aşkar eləmişdir. Sözü gedən plastik kartı yerdən götürmüşdür. Ətrafa baxmış heç kim yox idi. Həmin vaxtı cibində pulu olmadığına görə tapdığı plastik kartdan istifadə etmək qərarına gəlmişdir. İlkin olaraq xx.xx.2024-cü il tarixdə saat 00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Abşeron marketə daxil olmuş və kartda pul vəsaitinin olub-olmadığını yoxlamaq məqsədi ilə ilkin olaraq 5-6 manatlıq bazarlıq eləmiş və həmin plastik kartla ödəniş etmişdir. Bundan sonra Abşeron rayonu Xırdalan şəhəri, ərazisində yerləşən “Bomart” adlı marketə daxil olaraq şəxsi ehtiyacları üçün ümumilikdə təxminən 240 manat dəyərində müxtəlif ərzaqlar almış və bir qədər əvvəl tapdığı “Leo” banka məxsus plastik kartla ödəniş eləmişdir. Marketdən çıxdıqdan sonra “Leo” banka məxsus plastik katı boşluq əraziyə atmışdır. Hal- hazırda əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl “Leo” bankdan plastik kart əldə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində kartından pul çıxartmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində fəaliyyət göstərən “Unibank”a getmişdir. Sözü gedən bank 24 saat işləyir. Bankın içərisində olan ödəniş terminalına özünə məxsus 5411- 2498-1260-8813 nömrəli plastik kartı daxil edərək ümumilikdə 40 manat pul vəsaiti çıxartmış və evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində telefonuna bank hesabından pul çıxarılması barədə smslərin gəldiyini aşkar etmişdir. Sözü gedən pul vəsaitlərinin çıxarıldığı plastik kartı axtarmış, lakin kartı tapa bilməmişdir. Bundan sonra başa düşmüş ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində fəaliyyət göstərən “Unibank”a aid bankomatdan kartdan pulu çıxartıqdan sonra naməlum şəraitdə kartını itirmiş, həmin plastik kart naməlum şəxs tərfindən tapılmış və plastik kartından pul çıxarılmışdır. Bu səbəbdən Abşeron polis idarəsinə müraciət edərək, baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Ona məxsus plastik kartdan hissə-hissə olmaqla ümumilikdə 237,3 manat pul vəsaiti çıxarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyam tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqıda” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə -240271421 nömrəli cinayət işi başlanmış və istintaq üçün icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Toplanmış sübutlara qiymət verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxsin qismində dindirmə protokolu, bank çıxarışı, məlumatlara baxış keçirilməsi protokolu sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edlmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam olaraq ödəyib, onun pulunu qaytarıb, başqa heç bir şikayəti, tələbi yoxdur. “AZEMİS” Elektron Məhkəmə İnfotmasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs atası X4 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan əməli, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.2.4-cü maddəsinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 05 saata görə 30 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 05 saata görə 30 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-765/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-765/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver