Məhkəmə qərarları › İş №1(012)-766/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-766/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-766/2025 05.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: X4 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1998-ci ildə, Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Fatmayı kəndində yerləşən yaşayış evinin plastik pəncərəsini əli ilə itələyib açaraq həmin evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan hər birinin qiyməti 150 manat, ümumilkdə 300 manat dəyərində iki ədəd xrustal qab, bir ədəd dəyəri 300 manat elektrik soba, bir ədəd 1650 manat dəyərində “Asus” markalı notbuk və bir ədəd qiyməti 400 manat olan “Xiomi MİA2” markalı mobil telefonu gizli olaraq talayıb ümumilikdə 2650 manat (iki min altı yüz əlli) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmiş, xx.xx.2024-ci il tarixdə gecə saat 22-radələrində yaşadığı Fatmayı kəndində küçədə gəzərkən yaşadığı məhlədən aralıda yaşayan Zərərçəkmiş şəxs evinin işıqları yanmadığını görmüş və evdə heç kimin olmadığını bilib həmin evə girib oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt evin hasarına dırmaşmaqla həyətə daxil olmuş və evin ön tərəfində olan pəncərəni əlnən sıxıb açmış və həmin yerdən mənzilə daxil olmuşdur. Həmin vaxt mənzili axtarmış və mənzildə stolun üstündə olan 1 ədəd notbuk kompyuteri və bir ədəd markasını xatırlamadığı telefonu götürmüş və mənzilə girdiyi pəncərədən də bayıra çıxmışdır. Hasara dırmaşmaqla həyəti tərk etmişdir. Notbuku Bakı şəhərində “28may” metrosunun yaxınlığında tanımadığı şəxsə 80 manata satmış, telefon isə işləmədiyi üçün və həmdə qırıq olduğundan xatırlamadığı ərazidə tullamışdır. Əldə etdiyi pulları xərcləmişdir. Həmin mənzildən elektriklə çalışan soba və ya xurustal qab oğurlamamışdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirini bir daha etiraf edərək, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, törətdiyi əməldən peşman olduğunu, bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş X6 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olmamış, təxminən gecə saat 11 radələrindən sonra artıq evə gəldikdə isə pəncərənin açıq, əşyaların isə dağınıq vəziyyətdə olmasını və stolun üstündə olan 1650 manata aldığı “asus” markalı notbuk kompyuterin, 1 ədəd 300 manat dəyərində olan elektriklə çalışan sobanın, 2 ədəd hər birinin qiyməti 150 manat ümüumilikdə 300 manat olan xrustal meyvə qablarını, 1 ədəd 2021-ci ildə aldığı 400 manat dəyərində olan “Xiomi” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona vurulmuş 2650 manat dəyərində maddi ziyan ödənilməsə də, heç bir tələb və şikayətinin olmadığını, həmin məbləğdən imtina etdiyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid qismində dindirilərək, istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Telestop” kompyuter alışı və satışı mağazasında satıcı işləyir. 2024cü ilin dekabr ayında təxminən günorta saatlarında əvvəllər tanımadığı şəxs mağazaya daxil olaraq, özünə məxsus olan “Asus” markalı notbuku 120 manata satmaq isdədiyini deyərək, şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etmişdir. O, notbuku yoxlayaraq, 80 manata ala biləcəyini dedikdə Hüseynbala həmin təkliflə razılaşmış, lakin ona həmin notbukun oğutluq olmasını deməmişdir. Təxminən 3 gün sonra notbuku hissələrə ayıraraq tanımadığı şəxsə 100 manata satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilmısi” haqqında 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında X7 toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosseual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən vəsatət rədd edilmiş, toplanmış material üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cəlal Hacıyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilmısi” haqqında 29 dekabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilmiş, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, istintaq aparılmasından ötrü Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir;

2. “Cinayət işinin başlanmasının rədd edilmısi” haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması barədə 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cəlal Hacıyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilmısi” haqqında 29 dekabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilmiş, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, istintaq aparılmasından ötrü Abşeron RPİ-nin İŞ-nə göndırilmişdir;

3. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir;

4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

6. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(012)-54/20253 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

8. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 30 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübut növü kimi qiymətləndirilmişdir;

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, bundan sonra yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin hökmdən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarına əsasən dəyişdirilmədəm saxlanılmış, həmin hökmün icrası ilə bağlı məhkum tərəfindən verilmiş müraciət Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-570/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, və 29 noyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Əsgərzadə X1 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, o, zərərçəkmiş şəxs X5 məxsus mənzilə qanunsuz daxil olaraq, həmin evdən sonuncuya məxsus kombi aparatını talamaqla oğurluq etmişdir. Onun tərəfindən həmin cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını əməlində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 1(060)-327/2020 saylı, 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-572/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 03 (üç) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdır. 29 noyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməklə, əməlində cinayətlərin residivinin müəyyən edilməsini, bundan başqa zərərçəkmiş şəxsin ona qarşı şikayət tələbinin olmamasını cəzanın yüngülləşdirici halı olaraq müəyyən edilməsini, o cümlədən cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 fevral 2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs X5 maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (bir yüz altmış beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs X5 maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saat üçün 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar