Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-77/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə, saat 16 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana gələrək, sonuncunun qohumlarına zəng edib onun barəsində xoşagəlməz sözlər dediyinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bir neçə dəfə yumruq və təpiklə qəsdən vurub yerə yıxaraq ona – başın ənsə nahiyəsinin, üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırları, sol gözün ağlı qişasına qansızma, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sol yan səthinin, sol said və sağ dirsək oynağı nahiyələrinin siyrıqları, sağ əlin arxa səthinin, sol baldır nahiyəsinin şişkinlikli qançırları kimi xəsarətlər yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs təxminən 10 ildir taksi sürücüsü kimi tanıyır. Təxminən 2 il bundan əvvəl Mircəfər ondan borca aldığı 1100 manat pulunu qaytarmamışdır. Mircəfərdən pulunu qaytarmasını dəfələrlə tələb etməsinə baxmayaraq, Mircəfər pulu qaytarmasına söz verməsinə baxmayaraq, qaytarmamışdır. Son vaxtlar tanımadığı adamlardan Mircəfərin onun barəsində yalançı və dələduzluq olduğu barədə sözlər danışdığını eşitmişdir. Bu söhbəti aydınlaşdırmaq üçün 01 iyun 2022-ci il tarixdə, saat 16 radələrində Mircəfərin yaşadığı evinə getmiş və Mircəfərdən onun barəsində niyə xoşagəlməz sözlər danışdığını soruşduqda, Mircəfər bunun yalan olduğunu, onun barəsində heç bir xoşa gəlməz söz danışmadığını demişdir. Buna görə Mircəfər ilə aralarında mübahisə başlamış, Mircəfər onun sinəsindən itələyərək ondan həyətdən çıxmasını tələb etdikdə, onunla əlbəyaxa olmuş və onu özündən uzaqlaşdırmaq üçün yumruq və təpiklə vurmuş, Mircəfər yerə yıxıldıqda oradan uzaqlaşıb getmişdir. Bir neçə gündən sonra Mircəfərin ondan polisə şikayət etdiyini eşitmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2003-cü ildən Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımışdır. Həmin vaxt taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. 01 iyun 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin həyətində olduğu vaxt, həyətinə qəfildən Təqsirləndirilən şəxs gəlmiş, ondan qohumları və tanışlarına zəng edərək barəsində xoşagəlməz sözlər nə üçün dediyini soruşduqda, Nəbiyə heç vaxt onun barəsində heç kimə xoşagəlməz söz demədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yumruq və təpiklə onu vuraraq yerə yıxmış, yerdə də onu təpiklə vura-vura söymüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1144 nömrəli ekspert rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyyəsinin, üzün sol gözaltı və yanaq nahiyyələrinin, göz qapaqlarının şişkinlikli qançırları, sol gözün ağlı qişasına qansızma, sol bazu oynağı nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin, sol said və sağ dirsək oynağı nahiyyələrinin siyrıqları, sağ əlin arxa səthinin, sol baldır nahiyyəsinin şişkinlikli qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayyinədən bir gün əvvəl törənmişdir, yetirilmə müddəti xx.xx.2022-ci il tarixınə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.
2. Vət: Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər başqa şəxs tərəfindən yumruq və təpiklə, nikel çibuğu ilə ilə vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər.
3. Vət: Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və yerləşmə yerinə görə demək olar ki, onun Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşya (əşyaların) dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov