Məhkəmə qərarları › İş №1(012)-77/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-77/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-77/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X11 iştirakı ilə, xx.xx.1979-cı ildə Şəmkir rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, evdar qadın, Abşeron rayonu, Xırdalan şəhəri, S.Əfəndizadə küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 qohumu Şahid1 Seyidaga qızının kirayədə yaşadığı ev sahibinin qızı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq üçün xx.xx.2023cü il tarixdə 14:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, M.Hüseyn küçəsində Zərərçəkmiş şəxs yaşadığı nömrəsiz fərdi evin həyətinə gələrək, Zərərçəkmiş şəxs Şərit qızı ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət nahiyyəsinə, ayaqla sağ diz, sağ baldır nahiyələrindən qəsdən vurub, itələyib beli üstə yerə yıxaraq, sol göz qapaqlarının həmin gözün agılı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik, sol gözaltı almacıq, alın və sağ almacıq-yanaq nahiyəsinin qançır-şişkinlikləri (hemotomaları), sağ kürək, sağ bud, sağ diz oynağı və sağ baldır nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, zərərçəkənə hər hansı xəsarət yetirmədiyini, əksinə zərərçəkənin özü-özünə xəsarət yetirdiyini bildirdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hava bibisi qızıdır. 2022-ci ildə Həvanın həyat yoldaşı ilə aralarında olan nigah pozulduğundan o, yaşamaq üçün Abşeron rayonuna gəlmiş və maddi vəziyyətrlləri pis olduğu üçün onlara bir qohum kimi köməklik etməyə başlamışdır. Onların yaşaması üçün kirayə ev tapmaq lazım olduğundan, soraqlaşıb Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə Şərif adlı şəxsin fərdi evinin kirayə verdiyini eşidib Şərifin arvadı ilə əlaqə saxlamış, o həqiqətən evlərini 170 manat müqabilində aylıq kirayə verə biləcəklərini dediyi üçün həmin mənzili kirayəyə götürmüşlər. Həva 3-oğlu ilə birlikdə Şərif adlı şəxsə məxsus bir otaqlı mənzilə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radəllərində yaşadığı mənzildə olarkən, Hava zəng edərək, “məni ev yiyəsinin qızı Şəlalə döydü” dedikdə ondan səbəbini soruşduqda o, “uşaqlar həyətdə oynayırdı həyət qapısının dəstəyi bilmədən köhnə olduğundan əlində qırıldı və uşaq dəstəyi gətirib mənə verdi, məndə Şəlaləyə dedim ki, bacıma deyərəm dəstəyi alıb gətirər, həmin vaxt Şəlalə məni döydü” dediyi üçün Hava yaşadığı mənzilə gəldiyini və Havanın boyun və sifət nahiyyələrində və eyni zamanda Həvanın azyaşlı oğlu Sərxanın da boyun nahiyyəsində xəsarətlər olduğunu gördüyünü bildirmişdir. Həmin vaxt Havaya sən otur mən Şəlalə ilə bu məsələni aydınlaşdırım dediyini və Şəlalənin yaşadığı mənzilə yaxınlaşaraq onu çağırdığından, Şəlalə bayıra çıxmış və ondan həva ilə dalaşmaqlarının səbəbini soruşmaqla aşağı düş biz məsələni aydınlaşdıraq dediyini göstərmişdir. Həmin vaxt Şəlalə pilləkandan aşağı enərək, “sənin bacın Hava yaxşı qadın olsaydı, boşanmazdı, siz pozğunsunuz” deməklə atası və anasının görünə nalayiq söyüşlər deyərək yaxınlaşan kimi təpik atdığından geri çəkildiyini və o, ikinci dəfə təpik atdığından onun ayağından tutaraq onu kənara itələyərək ona özünü yığışdırması barədə xəbardar etdiyini bildirdiyini göstərmişdir. O, təkrarən hücum etdiyindən onun sifət nahiyyəsindən şillə ilə vurduğunu və əlbəyaxa olduqlarından bir-birinə təpik atmışlar və onun sağ ayağına və sifət nahiyələrindən vuraraq itələyib beli üstə yerə yıxdığını göstərmişdir. Həmin vaxt Hava ilə adını bilmədiyi qonşu qadın onları ayrdığını bildirmişdir. Şəlalənin Hava tərəfindən vurmadığı və Şəlaləni yalnız özü vurduğunu göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radəllərində yaşadığı evdə olarkən yaxınlıqda atası evində kirayədə yaşayan Hava adlı qadının azyaşlı oğlu həyət qapısının bəzək hissəsindən sallanaraq dartıb qırdığını görmüşdür. Həmin vaxt bu barədə Sərxanın böyük qardaşına bildirərək geri dönüb yaşadığı mənzilə gəlmişdir. Sonradan arxadan Hava çağıraraq, “Şəlalə nə olub” dedikdə ona sənin oğlun atama məxsus həyət qapısını qırıbdır, atam gələndə özünüz aranızda danışıb həll edərsiniz dedikdə o, sən “subut edə bilərsənmi, mənim oğlum sındırıb?” dedikdə ona bəli, mən gördüm ki, sənin oğlun sındırdı deyə cavab verdiyini bildirmişdir. O, “puluynan deyil, pulunu verərəm” dediyini sonradan o, “nə pul ödəməliyəm sizə, 3 gündür atan evdə yoxdu, mən öz yaşadığım evin kanalizasiyasın pul verib açdırmışam” dedikdə ona evin sahibi atamdır, onunla danışarsan dediyini göstərmişdir.Ona sizin günahınız ucbatından olubsa özünüzdə xərcini ödəməlisiz deyə aralarında qısa müddətli söz mübahisəsi olduğunu bildirmişdir. O, onsuz mən bu evdən çıxacam deməklə əlavə olaraq ünvanına nalayiq söyüşlər söydüyündən ona bu barədə atasına zəng edib deyəcəyini göstərmişdir. Aradan təxminən yarım saat keçəndən sonra, həyət qapısınının döyüldüyünü eşidib, qapını açanda Havanın Dzheıkhuna ilə birlikdə qapının qarşısında durduğunu gördükdə Dzheıkhuna ünvanına təhqiramiz söyüşlər söyərək “bacım sizin üçün nə qapı düzəltdirməlidir ki?” dedikdə ona uşaq qapını qırıbsa düzəltdirməlidir deyə cavab verdikdə, həmin vaxt gözləməduiyi anda Dzheıkhuna üstünə cumub sağ bud və sağ diz oynağından təpiklə vurduğunu və eyni zamanda Həvva isə pol silənin dəstək hissəsi ilə kürək nahiyyəsindən bir neçə dəfə vurduğunu və zərbənin təsirindən yerə yıxıldığını göstərmişdir. Həmin an Dzheıkhuna sacından tutub yuxarı qaldırıb sifət nahiyyəsindən yumuruqla bir necə zərbə vurduğunu, zərbənin təsirindən sol göz nahiyyədən xəsarət aldığını, baş nahiyyəsını Dzheıkhuna hasara çırpdığını bildirmişdir. Həmin vaxt hava ayaq nahiyyəsinə təpiklə vurduğunu və səsə gələn qonşusu Zülalə ora gələrək onları ayırdığını göstərmişdir. Həyat yoldaşı evə gəldikdən sonra olmuş vəziyyəti ona danışdığını və oda bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Havanı və ya onun azyaşlı oğlunu döymədiyini onların bədənləri üzərində olan xəsarəti kim yetirdiyini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 6 aydır ki, Şəmkir rayonundan köçüb Xırdalan şəhərinə gəlmiş və Xırdalan şəhərində kirayədə ev tapmasına dayısı qızı Dzheıkhuna köməklik etmişdir. Sonradan adını bildiyi Şərif adlı şəxsin evində kirayədə yaşamağa başlamışlar və hər ay ona 170 manat kirayə haqqı ödəmişdir. Bundan əlavə Şərif 80 manat artıq pul alaraq internet, su, işıq və qaz pulunu oradan çıxacağını, lakin internet vermədiyini, qaz və işıq pulunu artıq aldığını göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10-11-radələrində oğlu Sarxanın qışqırıq səsinə bayıra çıxmış və onun Şəlalə yerə çırpırıb və qulağından tutub dartaraq qaldırdığını və boğazından tutub sıxdığını görüb onlara yaxınlaşıb Şəlaləyə iradını bildirdikdə həmin vaxt o, qırılmış qapının dəstəyini götürüb üstünə tulladığını və “sənin oğlun qırıbdır bu dəstəyi” demişdir. Ona sındırıbdısa uşaqdı eybi yoxdu bacıma deyərəm alıb gətirər deyə cavab vermiş, o, onsuzda “sən düzəldəcəysən” deməklə ona cavab vermişdir. Şəlaləyə mənim uşağımı niyə bügünə salıbsan və uşağımın ağzını qanadıbsan dedikdə o, üstünə cumub boğazımdan tutub sıxmaqla boğazını dırnaqları ilə sıyırdığından boyun nahiyyəmdən xəsarət almışdır. Onun qışqırıb saçlarını yolub “ay qonşular Hava məni döyür” deyə yalandan qışqırmağa başlamışdır. Əslində isə ona yaxın getməmişdir və uşağı götürüb yaşadığım mənzilə getmişdir. Evə getdikdən sonra dayısı qızı Dzheıkhuna zəng etmiş hadisə barədə ona bildirmişdir. Dzheıkhuna gəlmiş və olmuş hadisəni ona danışmışdır. Dzheıkhuna gedib Şəlaləni çağırmış və “uşağı niyə döyübsən aşağı gəl mübahisəni aydınlaşdıraq” dedikdən sonra Şəlalə qışqıra-qışqıra aşağı enərək Dzheıkhunanın ünvanına, hətta Dzheıkhunanın ata anasının görünü söyməyə başlayaraq Dzheıkhuna təpik atmışdır. Təpik Dzheıkhunaya dəyməmiş, ikinci dəfə Dzheıkhunaya Şəlalə təpik atarkən Dzheıkhuna onun ayağından tutduğundan, Şəllalə arxası üzstə yerə yıxılmış və öz saçlarını yolub qışqırmağa başladıqda Dzheıkhuna onun ayağından təpiklə vuraraq ona “nə artiistikdi edirsən yalandan qışqırırsan” dedikdə, şəlalə “ay qonşular kömək edin məni döyürlər” dediyindən onun tərəfindən şərləndiyini görüb ondan aralanaraq evə getdiklərini göstərmişdir. Şəlaləni vurmadığını, şəlaləni Dzheıkhuna vurduğunu. Şəlalə tərəfindən az yaşlı oğlu Sarxanın döyüldüyü və özünündə boğaz nahiyyəsinə Şəlalə xəsarət yetirdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid1 Seyidaga qızımın ifadəsinə uyğun ifadə verməklə onun ifadədə göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2023- cü il tarixli 341 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayət olunan qançır-şişkinlik sol gözaltı-almacaq, alın və sağ almacıq-yanaq nahiyəsinin qançır-şişkinlikləri (hemotomaları) sağ kürək, sağ bud, sağ diz oynağı və sağ baldır nahiyələrinin qançırları, bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava -dalaş nəticəsində əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 himayəsində xx.xx.2010-cu il təvəllüdlü bir azyaşlı övladı vardır. Beləliklə, X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər sübutlarla təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxs X3 elan olunan ittihamda özünü təqsirli bilməməsinə hüquqi qiymət verərək məhkəmə bunu özünü müdafiə kimi qiymət verir.Belə ki, X3 ibtidai istintaqda verdiyi ifaədisndən görünür ki, elan olunan ittihamda özünü təqsirli bildiyini göstərmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cinayət məsuliyyətini yüngülləşdirən hal himayəsində bir azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs X3 əməlində cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs X5 cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkən şəxs təqsirləndirilən şəxslə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, X1 böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1.maddəsinə görə cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs X3 hüquqlarının müdafiəsinə görə ümumilikdə 40 saat olmaqla, 240 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs X3 hüquqlarının müdafiəsinə görə ümumilikdə 40 saat olmaqla, 240 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar