Məhkəmə qərarları › İş №1(012)-773/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-773/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-773/2025 02.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə İmişli rayonu, Soltanmuradlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Ölçələr Ərazi Dairəsi, Soltanmuradlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-435/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olayan mənbədən xeyli miqdarda bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan çəkisi 24,60 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 50 manat müqabilində əldə edərək Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 10 fevral 2025-ci il tarixdə saat 23:19 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə saxlanılaraq, həmin tarixdə saat 23:19-dən 23:25-ə kimi üzəri yoxlanılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli selofan bükümdə çəkisi 24,60 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, təxminən iki il olar ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən ayrı-ayrı üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata narkotik vasitə hesab edilən qurudulmuş marixuana alıb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır ki, daha sonra istifadə edər. Həmin günü təxminən saat 23:19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmışlar və onu qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Hadisə yerində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli sellofan bükümdə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilən 1 ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli sellofan büküm zərfə qoyularaq qablaşdırılmışı, möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, həmin narkotik vasitə olan qurulumuş marixuana özünə məxsusdur, polis əməkdaşları tərəfindən ona fiziki və yaxud psixi zor tətbiq ediləmişdir. Sonda əməlindən peşman olmasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsi daşıyır. Bildirmişdir ki, 10 fevral 2025-ci il tarixdə İmişli rayonu, Ölçələr Ərazi Dairəsi, Soltanmuradlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvləri ondan, Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 fevral 2025-ci il tarixdə saat 23:19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqə göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün ondan sənədlərinin üzərində olmamasının səbəbini soruşduqda həmin şəxs onlara adekvat cavab verərək verdikləri suallara cavab verməkdən yayınmaq istədiyindən həmin şəxsi saxlayaraq ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı etiraz etməmişdir. 10 fevral 2025-ci il tarixdə saat 23:19-dan saat 23:25-ə kimi olan vaxt ərzində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 iştirakı ilə tərəfindən Təqsirləndirilən şəxs üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli selofan bükümə baxdıqda həmin bükümün içərisində yaşıl rəngli ot kütləsi olan narkotik vasitə qurudulmuş marixuananın olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli selofan bükümdə narkotik vasitə qurudulmuş marixuanadır”. Bildirmişdir ki, “iki il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananı 10 fevral 2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata alıb üzərində saxlamışdır. Onun narkotik vasitə və psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli selofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman “Redmi” markalı mobil telefonun videoçəkmə funksiyalarından istifadə edilməklə Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışın çəklişi tərəfindən dayandırıldı. Bununla bağlı tərəfindən protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokolu imzalamışlar. Bundan sonra araşdırmanın aparılmasından ötrü Cəfərov X3 rayon polis idarəsi Saray polis bölməsinə dəvət edilərək barəsində toplanmış material aidiyyəti üzrə təhqiqat şöbəsinə verilmişdir. Məhkəmə iclasına dəvət edilmiş,lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə şahidlər Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə polis nəfəri polis serjantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16-2-7/275 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) kağız bağlamada təmiz çəkisi 24.60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - marixuanadır. Tədqiqata təqdim olunmuş marixuananın təmiz çəkisi – 24,60 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 24,55 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir;

3. “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;

5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Cəfərovun vəsatəti təmin edilməmişdir.

6. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.

7. “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 24,55 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir.

8. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.

9. “Axtarışda olan şəxsin tutulması” barədə 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir.

10. “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 01 aprel 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır.

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında 01 aprel 2025-ci il tarixli, 1784 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabiniodilərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

12. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

13. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)- 435/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

14. “Sübutların qiymətləndirilməsi” haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, 02 ədəd DVD disk maddi sübit kimi tanınmaqla,cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokol, məhkəmə-bioloji ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir.

“Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” 10 fevral 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 23:19 dəqiqədə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə saxlanılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yapışqanlı lentə bükülmüş şəffaf rəngli sellofan bükümə baxdıqda həmin bükümün içərisində olan narkotik vasitə marixuanaya bənzər yaşıl rəngi ot kütləsinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 10 fevral 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal olaraq himayəsində azyaşlı uşaqların olmasıdır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 10 fevral 2025-ci il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir.Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və onun hazırki cinayət işi üzrə ittiham olunduğu əməlinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli hökmü qanuni quvvəsini almamışdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün, ümumilikdə 05 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona cinayətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci saylı hökmü ilə müəyyən edilmiş 10 iyun 2025-ci il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 Ekspert komissiyasının 01 aprel 2025-ci il tarixli, 1784 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 24,55 qram marixuana məhv edilməli, iş üzrə - 02 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 385 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-435/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu 03 (üç) gün və məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 25 (iyirmi beş) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-435/2025 saylı, 16 sentyabr 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın,həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 24,55 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 02 (iki) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saat üçün nəzərdə tutulan 385 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar