Məhkəmə qərarları › İş №1(012)-779/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-779/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-779/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Liman şəhəri, M,Ə.Sabir küçəsi ev 81-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi ünvan 1 ünvanının qarşısında saxlanılmış «VAZ-21074» markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsini, AC 549726 nömrəli sürücülük vəsiqəsini, AC 662617 nömrəli nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsini və «VAZ-21074» markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ƏN-VİN 184170 nömrəli etibarnaməni talamış və həmin sənədləri xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evdə qayçı ilə kəsməklə məhv etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 14 ilə yaxındır ki, tanıyır, əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. 2010-cu ildən 2024-cü ilin dekabr ayına kimi Zərərçəkmiş şəxslə qeyri rəsmi olaraq ər arvad münasibətində bir yerdə yaşamışlar. 6 övladı var, 2 oğlan, 4 qız, 4 uşağı bir kişidən, 2 qızı isə Qalibdəndir, lakin Qabil sonuncu qızına öz atalığını verməmişdir. Qeyri rəsmi münasibətdə olduqları zaman mütamadi olaraq Qaliblə mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Qaliblə aralarında mübahisə baş vermiş və qızı 2019-cu il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən sığınacağa yerləşdirmişdir. Qalibin bu hərəkətləri ona pis təsir etdiyi üçün o, Qalibin idarə etdiyi avtomobildən sürücülük və şəxsiyyət vəsiqələrini, Kapital Bank kartını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və həmin avtomobilin idarə edilməsi üçün verilmiş etibarnaməni gizli olaraq götürüb həmin vaxt Abşeron rayonu, Qobu qəsəbəsində kirayə yaşadığı evə aparıb orada da həmin sənədləri qayçı ilə kəsmişdir. Həmin vaxt Qalib evə daxil olub onun sənədləri kəsdiyini görmüş və sənədləri götürüb çıxıb getmişdir. Törətdiyi əməldə səmimi peşmançılıq çəkdiyini və himayəsində övladlarının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən bir neçə il bundan qabaq qeyri rəsmi münasibəti olmuş, sonradan Vəfa ilə münasibətləri pisləşmiş və 2020-ci ildə ayrılmışlar. Ayrıldıqdan sonra Vəfa mütəmadi olaraq onun yaşadığı ünvana gələrək hər dəfə mübahisələr etməyə başlamış, bununla bağlı dəfələrlə Qobu polis bölməsində müvafiq şikayətləri və araşdırmalar olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi sexə gələrək oradan ona məxsus etibarnamə ilə idarə etdiyi «VAZ-21074» markalı dövlət qeydiyyat nişanlı **-GG-*** olan avtomobilinin açarlarını xəbərsiz götürüb getmişdir. Sonradan yaşadığı ünvana gedərək evin girişində saxladığı sözü gedən avtomobilin sol yan güzgüsünü və ön şüşə təmizləyicisini sındırmış və avtomobilin içərisində olan özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsini, nəqliyyət vasitəsinin qeydiyyat şəhadətnaməsini, «Kapital Bank» tərəfindən verilmiş bank kartını və nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnaməni oğurlamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə gedib özünə məxsus oğurladığı sənədləri istədikdə Təqsirləndirilən şəxs sənədləri qayçı ilə kəsərək yararsız vəziyyətə salıb özünə qaytarmışdır. Avtomobilin sol yan güzgüsünü və şüşə təmizləyicini sındırması nəticəsində ona təxminən 30 manat zərər dəymişdir.Təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” barədə 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək, istintaqı aparılmışdır - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsindən Həmin Məcəllənin 326.1 və 326.2-ci maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - “İttiham elan edilməli olan şəxs barəsində axtarış elan edilməsi barədə” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərar ilə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 27 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu sübut növü kimi qiymətləndirilmişdır. İş üzrə AA******* nömrəli şəxsiyyət vəsiqəsi,AC549726 saylı sürücülük vəsiqəsi,AC662617 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi,ƏH-VİN 184170 nömrəli etibarnamə,Kapital Bank ASC-yə məxsus **********966570 saylı bank kartı maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron Rayon Polis idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. - AzeMis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X3 adlı, xx.xx.2021-ci il təvəllüdlü X7 adlı övladları vardır. - Məhkəmə iclasında maddi sübut olan AA******* nömrəli şəxsiyyət vəsiqəsi,AC549726 saylı sürücülük vəsiqəsi,AC662617 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi,ƏH-VİN 184170 nömrəli etibarnamə,Kapital Bank ASC-yə məxsus **********966570 saylı bank kartına tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən sənədlər qayçı ilə ikiyə bölünmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar,maddi sübut və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 326.1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində 02 azyaşlı və 01 yetkinlik yaşına çatmayan azyaşlı övladının olması yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 03 azyaşlı və yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, həbs olunacağı təqdirdə himayəsində olan azyaşlı övladlarının vəziyyətinin pisləşəcəyini, belə ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum ediləcəyi təqdirdə azyaşlı övladlarının qayğısına qalacaq yaxın qohumlarının olmaması şəxsin ailəsinin də həyat şəraitinə olduqca mənfi təsir edəcəyi qənaətinə gəlməyə imkan verir və məhkəmə onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən nömrəsiz fərdi ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış AA ******* nömrəli şəxsiyyət vəsqəsi, AC549726 nömrəli sürücülük vəsiqəsi, AC 662617 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏH-VİN 184170 nömrəli etibarnamə, “Kapital Bank” ACS-yə məxsus 5103 0714 6996 6570 nömrəli bank kartı hökm qanuni qüvvəyə minənə qədər saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 165 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək qazancından 15% dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş qazancından 15% dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 3 ünvanını saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış AA ******* nömrəli şəxsiyyət vəsqəsi, AC549726 nömrəli sürücülük vəsiqəsi, AC 662617 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏH-VİN 184170 nömrəli etibarnamə, “Kapital Bank” ACS-nə məxsus 5103 0714 6996 6570 nömrəli bank kartı hökm qanuni qüvvəyə minənə qədər Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar