Məhkəmə qərarları › İş №1(012)-780/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-780/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-780/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, həmin yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 19,064 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə daşımış, 11 iyun 2023-cü il tarixdə, saat 09:00 radələrində həmin ünvanda xidmət aparan Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan şalvarin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Aərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Uzun müddətdir ki, ev təmir ustası işləyir. Təxminən 2-3 gün bundan əvvəl Lənkəran rayonundan Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. 10 iyun 2023-cü il tarixdə iş axtarmaq üçün Yasamal rayonu ərazisində gəzirmiş. Belə ki, həmin ərazidə yeni yaşayış binaları inşa edildiyindən o da fasad işi bacardığı üçün orada özünə uyğun iş axtarırmış. Həmin vaxt təsadüfən bir nəfər şəxslə tanış olmuş və həmin şəxslə söhbət əsnasında onunda narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Ondan istifadə etmək üçün “nəşə” yəni marixuana istəmişdir. Həmin şəxs isə 20 qram qurudulmuş marixuananı 180 manata ona sata biləcəyini bildirmişdir. O da razılıq verdikdən sonra 180 manat pul müqabilində 20 qram narkotik vasitəni ondan almış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra kirayə qiyməti münasib olduğu üçün kirayə ev tutduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsinə gəlmişdir. 11 iyun 2023-cü il tarixdə saat 09 radələrində piyada olaraq Mehdiabad qəsəbəsində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmışdır. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhələndiklərini bildirmişlər. Bu məqsədlə onu üzərində şəxsi axtarış aparılması üçün Mehdiabad PB-nə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Orada iştirakçıların iştirakları ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzalarıyla təsdiq etmişlər. Narkotik vasitəni Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 180 manat pul müqabilində almışdır. Həmin narkotik vasitədən isə istifadə etməmiş, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Bu barədə kiminsə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid Abşeron RPİ-nin X9 polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-da Abşeron RPİ-nin X9 polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərci”yinin yaxınlığında 1 nəfər şəxsin yerişindən və hərəkətindən özünü şübhəli apardığını görmüşlər və bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin X9 əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə həmin şəxs danışarkən suallarından yayınmağa və oradan getməyə çalışmışdır. Onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnib ondan bu barədə soruşmuşlar, həmin şəxs isə üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1976-cı il təvəllüdlü, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bu barədə raportla PB-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ- nin təhqiqatçısı, polis mayoru Polad Ağayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra isə Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin X9 polis nəfəri, polis serjantı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 və onun iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Polad Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot şəkilli kütlə olan 01 ədəd bükümü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin “nəşə” adı ilə tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il “20 Yanvar” stansiyası yaxınlığında tanımadığı şəxsdən 180 manata özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. İş üzrə ifadəsi elan edilmiş şahid Abşeron RPİ-nin X9 polis nəfəri, polis serjantı Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 11 iyun 2023-cü il tarixli, 7/846 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi-19,064 (qalıq 19,044) qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 dair 14 iyun 2023-cü il tarixli 3759 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, Abşeron RPİ- nin Mehdiabad PB-nin inzibati binasındakı xidməti otaqlardan birində Abşeron RPİ-nin X9 polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 və Abşeron rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Polad Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı Polad Ağayev tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot şəkilli kütlə olan 01 ədəd bükümü təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin “nəşə” adı ilə tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il “20 Yanvar” stansiyası yaxınlığında tanımadığı şəxsdən 180 manata özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 19,064 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 19,044 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 11 iyun 2023-cü il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Polad Ağayev tərəfindən 11 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü təqdimatın verilməsi üçün Abşeron rayon prokuroruna vəsatətlə müraciət edilmiş, Abşeron rayon prokuroru vəzifəsini icra etmiş, baş ədliyyə müşaviri Aslan Surxayev tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilmişdir. 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 19.044 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə 72 (yetmiş iki) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 19.044 qram narkotik vasitə olan marixuana məhv edilsin. İş üzrə 72 (yetmiş iki) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar