Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-781/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 13 iyun 2023cü il tarixdə saat 22 radələrində orta dərəcədə sərxoş vəziyyətdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “X15” adlı ictimai iaşə obyekti hesab olunun kafeyə gələrək orada ofisant işləyən Zərərçəkmiş şəxs1 onu qarşılaşmadığını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, həmçinin özünü cəmiyyətin fövqündə göstərərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs1 ünvanına nəlayiq ifadələr işlətməklə və ona qarşı zor tətbiq edərək hər iki əli ilə boğaz nahiyəsindən tutub sıxaraq başı ilə bir dəfə alın nahiyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxıldıqdan sonra qolundan tutaraq yerdə sürüyərək ona alın, sağ kürəküstü, bel nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrıqları kimi dərəcələri təyin edilməyən, sağlamlığa zərərvurmayan xəsarətlər yetrimiş və bundan sonra daha da azğınlaşıb xuliqanlıq hərəkətlərini davam etdirərək kafenin giriş qapısının sol tərəfindəki şüşəbəndini yumruqla vurub sındıraraq yerə tökülmüş şüşə parçasından birini götürüb ondan silah qismində istifadə etməklə sonuncunun üzərinə hücum edib vuracağı ilə hədələməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan, nəticədə kafeyə 200 manat ziyan vurmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, ünvan 2 ünvanda atası, anası, arvadı və bir az yaşlı övladı ilə birlikdə yaşamış, yaşadığı rayonda tikinti təmir işlərində usta kimi işləmiş, arada bir Bakı şəhərinə də iş olduqda orada da işləmiş, sonuncu dəfə xx.xx.2023cü il tarixdə Abşeron rayonu “Cənnətpark yaşayış komleksi”ndə təmir tikinti işlərində usta kimi işləmişdir. Həmin gündən “Cənnətpark yaşayış kompleksi”ndə yaşamış, ara bir yaşadığı rayona da gedib gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində əmisi oğlu X7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Vedi” kafesinə getmiş, onlar həmin kafedə masaların birində yemək sifariş edərək həmin yeməklə 2 litr spirtli içki olan çaxır qəbul etmiş, həmin vaxtı ikisidə keflənmiş, kafedə yemək yeyib içki qəbul etdikdən sonra hesablarını ödəyərək təqribən həmin günü saat 22 radələrində kafedən çıxmış və Cabbar ondan ayrılaraq çıxıb getmişdir. O, isə pivə içmək üçün həmin vaxt oturduğu kafe ilə üzbə üz yerləşən “X15” adlı kafeyə daxil olmuş, kafeyə daxil olarkən kafedə stolda əyləşmiş kafedə işləyən sonradan adını bildiyi Gülnarəyə onu nə üçün qarşılamadığına irad bildirmiş, həmin Gülnarə onu tanımadığını dedikdə sərxoş olduğundan onu təhqir etmiş, bu zaman Gülnarə onun kafedən çıxmasını tələb etmişdir. Həmin vaxtı digər masada tanımadığı şəxslər əyləşmiş, belə olan halda Gülnarə onu kafedən çıxarmaq istəyərkən iki əli ilə onun boğaz nahiyəsindən tutaraq kəllə ilə bir dəfə onun alın nahiyəsindən vurmuş, bu zaman Gülnarə yerə yıxılmışdır. Gülnarənin qolundan tutaraq özünə tərəf çəkdikdə bu zaman kafedə olan sonradan adını bildiyi kafenin icarədarı Elnarə adlı qadın və həmçinin kafedə olan digər müştərilər Gülnarəni əlindən almış, həmin vaxt Gülnarə yıxıldığı yerdən duraraq kafedən çölə qaçmış, sərxoş olduğundan əsəbləşib kafenin şüşəsini əli ilə vurub sındırmış, şüşənin parçaları yerə tökülmüşdür. Oraya toplaşan tanımadığı adamlar onun sakitləşməyini istəmiş, daha sonra polis əməkdaşlarının ora gəldiyini görüb onların qanuni tələblərinə tabe olaraq polis avtomobilinə minmişdir. Abşeron rayon polis idarəsinə gətirilmiş, Polis idarəsində doydüyü qadın Zərərçəkmiş şəxs1 olmasını bilmiş, sərxoş olduğundan bu kimi hərəkətlərə yol vermiş, sərxoş olduğundan Zərərçəkmiş şəxs1nın onu kafedən çıxarmaq istəməsinə əsəbləşərək ona kəllə vurmuş, şüşəbəndi də yumruqla vurub sındırmasına səbəb əsəbləşməsi və sərxoşluğu olmuş, yerə tökülmüş şüşə parçası ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum etməsi, vuracağı ilə hədələməsi kimi əməllər törətməmiş, əməlindən peşmançılıq çəkir, xahiş edir əməlinə düzgün qiymət verilsin. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “X15” adlı kafendə ofisant və həmçinin də xadiməçi kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində kafedə olarkən bir nəfər şəxsin, yəni sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs kafeyə daxil olduğunu görmüş, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, həmin vaxtı Qalib adlı həmin şəxsə yaxınlaşaraq hansı masada əyləşmək istəməsini soruşduqda, Qalib heç bir əsas və səbəb olmadan üvanına nəlayiq ifadələr işlətmiş, bu zaman onun kafedən çıxamsını tələb etmişdir. Qalib boyun nahiyəsindən hər iki əli ilə tutaraq kəlləsi ilə bir dəfə alın nahiyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxılmış, yerdə olanda qolundan tutaraq yerdə sürütləmiş, həmin vaxtı boyun, alın və yerə yıxıldıqda isə kürək nəhiyyəsindən xəsarətlər almışdır. Həmin vaxtı səsə Elnarə gəlmiş, araya girərək onu Qalibin əlindən almış, bu zaman bir təhər yerdən qalxaraq kafedən çölə qaçmış, həmin vaxtı Qalib kafenin giriş qapısının yanında yerləşən pəncərənin şüşəsini əsəbləşərək yumuruqla sındırmışdır. Həmin vaxtı ərazidə xidmət aparan polis əməkdaşları səsi eşidərək polis avtomobili ilə kafenin qarşısına özlərini dərhal çatdırmış, polis əməkdaşlarına qısa da olsa hadisə barədə məlumat vermiş, polis əməkdaşları Qalibi sözlə başa salıb sakitləşdirmiş, daha sonra onu polis maşınına əyləşirib Abşeron rayon polis idarəsinə gətirilmişdir. Həmin vaxtı Abşeron RPİ-nə gələrək hadisə barədə ərzizə yazmış, eyni zamanda Elnarə də kafenin şüşəsinə dəymiş maddi ziyanla bağlı ərizə yazmış, Polis İdarəsində xəsarət yetirən həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hadisə vaxtı Qalibin əlində hər hansı bir əşya, şüşə və ya silah görməmişdir. Şüşəni isə Qalib içkili vəziyyətdə əsəbləşərək əli ilə vurub sındırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əlavə olaraq Qalib onu əli ilə vurduğunu bildirmişdir. Hadisə zamanı pencərinin şüşəsi qırılıb yerə töküldüyündən elə zənn etmişdir ki, Qalib şüşə qırıqnı əlinə alıb onun arxası ilə gəlir. Hadisədən sonra polis idarəsində qorxduğu üçün izahatında, daha sonra ifadəsində kafedən çölə qaçdığını, həmin vaxtı Qalib kafenin giriş qapısının yanında yerləşən pəncərənin şüşəsini yumuruqla sındırdığını, həmin şüşə parçasının bir hissəsini əlinə götürərək arxası ilə kafedən çölə çıxdığını, nəlayiq söyüşlərək söyməklə əlində olan şüşə parçası ilə üzərinə hücum çəkdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “X15” adlı kafeni icarə əsasında işlətmış, Zərərçəkmiş şəxs1 da həmin kafedə ofisant işləyir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində kafedə olarkən bir nəfər şəxsin, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs kafeyə daxil olduğunu görmüşdür. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, Gülnarə həmin vaxtı Qalibə yaxınlaşaraq hansı masada əyləşmək istəməsini soruşduqda, Qalib heç bir əsas və səbəb olmadan Gülnarənin üvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Gülnarə ona kafedə başqa müştərilərin də olmasını və həmçinin onların rahatlığını pozduğunu bildirirək kafedən çıxamsını tələb etdikdə, Qalib Gülnarənin üzərinə gedərək boyun nahiyəsindən hər iki əli ilə tutaraq kəlləsi ilə bir dəfə onun alın nahiyəsindən vurmuşdur. Gülnarə zərbənin təsirindən yerə yıxılmış, bu zaman özü və kafedə olan tanımadıqları müştərilərdən bir iki nəfər araya girərək Gülnarəni Qalibin əlindən almağa çalışmış, həmin vaxtı Qalib Gülnarənin qolundan tutaraq yerdə dartışdırmış, nəhayət Gülnarəni Qalibin əlindən almış, bu zaman Gülnarə yerdən qalxaraq kafedən çölə qaçmışdır. Həmin vaxtı Qalib kafenin giriş qapısının yanında yerləşən pəncərənin şüşəsini əsəbləşərək yumruqla sındırmışdır. Oraya toplaşan bir neçə tanımadığı şəxslər Qalibi sakitləşdirməyə çalışmışlar. Ərazidə xidmət aparan polis əməkdaşları hadisə yerənə gəlmiş, polis əməkdaşlarına qısa da olsa hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları Qalibi sözlə başa salıb sakitləşdirmiş, onu polis maşınına əyləşdirib Abşeron rayon polis idarəsinə aparmışlar. Özü, həmçinin Gülnarə də həmin vaxtı Abşeron RPİ-nə gələrək hadisə barədə ərzizə yazmışlar, Polis İdarəsində həmin şəxs Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hadisə vaxtı Qalibin əlində hər hansı bir əşya və ya silah görməmişdir. Həmin şüşəni o, içkili vəziyyətdə əsəbləşərək əli ilə vurub sındırmışdır. Təqsirləndirilən şəxs kafeye dəymiş ziyanı odədiyi üçün onunla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X6 yalnız əli vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən DİO-da xidmət etmiş, ƏÇPA-nın 12-ci patrul bölyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 22:30-da polis seryantı Şahid1la birlkdə 9681 çağrış avtopatruluda xidmətdə olarkən Abşeron rayonu, Heydər Əliyev prospektində yerləşən “X15” adlı kafenin qarşısında tanımadıqları şəxslərin toplaşdığını, kafenin qarşında səs-küy gəldiyini, bir nəfər qadının kömək çağırması səsini eşidib həmin kafeyə yaxınlaşmışlar. Həmin vaxtı bir nəfər şəxsin sərxoş vəziyyətdə olduğunu gördüyü üçün həmin şəxsə yaxınlaşıb onu sakitləşdirməyə çalışmış, onu nizam intizama dəvət edərək xidməti avtomobilə əyləşdirib Abşeron RPİ-nə gətirmişlər. Növbətçi hissədə həmin şəxsin gətirilməsi ilə bağlı tərəfindən raport yazılmış, həmin şəxsi növbətçi hissəyə təhvil vermişdir. Polis idarəsininin növətçi hissəsində həmin şəxsin Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Əlavə olaraq o, Təqsirləndirilən şəxs əlində hər hansı bir əşya görmədiyini, lakin həmin qadınlardan biri sonuncu tərəfindən kafenin şüşəsini sındırıldığını bildirmiş və bu səbəbdən həmin şüşə parçasını götürüb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid Turan Nəcəfsoylunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “MTE və PA Birliyi” PHŞ-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1183 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər - alın, sağ kürəküstü, bel nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası SN-nin “Respublika Narkoloji Mərkəzi” X13 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aprılan xx.xx.2023-cü il tarixli, 2H8700 saylı tibbi müayinə protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 05 ay, 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışlar, onların sonuncuya qarşı şikayətlər və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə aydınlıq gətirilməsini də zəruri hesab edir. Silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. “Xidməti və mülki silah haqqında” Qanunun 16-cı maddəsinin məzmununa görə silahın tətbiqi dedikdə, silahdan atəş açma başa düşülür. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə və vətəndaşlar üzərində zor tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etməsi sübut edilməmişdir. Əksinə həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və tibbi ekspertin rəyi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs hər hansı silah və silah qismində istifadə olunan əşya ilə zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf etməkdə düzgün nəticəyə gəlməmişdir. Təqsirləndirilən şəxs nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək qərəzli xuliqanlıq etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. İbtidai istintaq zamanı şahidlərin ifadəsində göstərdiyi şüşə parçası ilə zərərçəkmiş şəxsə zor tətbiq etməsi ilə bağlı göstərdiyi xüsusatlar məhkəmə iclasında iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər, şahidlər və iş üzrə keçirilmiş tibbi ekspert rəyi və iş üzrə digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, onların həcmi təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməlllərin əlamətləri ilə CM-nin 221.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunur ki, 13 iyun 2023-cü il tarixdə saat 22 radələrində orta dərəcədə sərxoş vəziyyətdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “X15” adlı ictimai iaşə obyekti hesab olunun kafeyə gələrək orada ofısant işləyən Zərərçəkmiş şəxs1 onu qarşılaşmadığını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, həmçinin özünü cəmiyyətin fövqündə göstərərək, ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs1 ünvanına nəlayiq ifadələr işlətməklə və ona qarşı zor tətbiq edərək hər iki əli ilə boğaz nahiyyəsindən tutub sıxaraq başı ilə bir dəfə alın nahiyyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxıldıqdan sonra qolundan tutaraq yerdə sürüyərək ona alın, sağ kürəküstü, bel nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrıqları kimi dərəcələri təyin edilməyən, sağlamlığa zərərvurmayan xəsarətlər yetrimiş və bundan sonra daha da azğınlaşıb xuliqanlıq hərəkətlərini davam etdirərək kafenin giriş qapısının sol tərəfindəki şüşəbəndini yumruqla vurub sındırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan, nəticədə kafeyə 200 manat ziyan vurmaqla qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə həmin maddənin sanksiyası hüdudlarında, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsi nəzərə alınmaqla təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı himayənsində (xx.xx.2019-cü il təv. X4) bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəyərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək şübhəli və həbsdə saxlanıldığı 04 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd şüşə parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 221.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 ay 29 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd şüşə parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-781/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-781/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver