Məhkəmə qərarları › İş №1(012)-782/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-782/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-782/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 26 may 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 40 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə, çəkisi 1,865 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb, Abşeron rayonu, Xırdalan şəhərində həmin psixotrop maddəni üzərində daşımış, xx.xx.2023-cü tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xcırdalan dairəsində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, idarənin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 1,865 qram psixotrop maddə metamfetamin əynində olan mavi rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Bədənində ağrılar olduğu üçün təxminən 5-6 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni və psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Daha çox “Şüşə” adlanan psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddəni əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında dayanacaqda olarkən tanımadığı bir şəxslə söhbət edən zaman həmin şəxsin narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu görmüşdür. O da həmin tanımadığı şəxsə psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə ona bir büküm psixotrop maddə metamfetamin təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs ona bir büküm psixotrop maddə metamfetamini 40 manat müqabilində təşkil edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin şəxslə razılaşmışdır. Həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Həmin şəxs cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamin çıxardıb ona vermişdir. Sonuncu da həmin bükümün içərisində şüşə adlanan psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsə 40 manat verərək həmin bükümü almış və əynində olan mavi rəngli cins şalvarının sağ yan cibininə qoymuşdur ki, onu istifadə etsin. Daha sonra isə həmin şəxslə sağollaşaraq Xırdalan şəhərində Xırdalan dairəsinin yaxınlığında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında dostunu gözləməyə başlamışdır. Dostunu gözləyən zaman cibində təxminən 2 saat bundan öncə tanımadığı şəxsdən aldığı psixotrop maddə metamfetamin də olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında gəzib həmin ərazidə siqaret çəkib dostunu gözləyən zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Onlar Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron RPİ-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə olduğunu bildirir. Daha sonra ona müdafiəçi dəvət etmişdirlər. Təqsirləndirilən şəxs isə təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə psioxotrop maddə mertamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanacaqda olarkən tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 40 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Üzərində olan psixotrop maddə metamfetamindən başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır, habelə əldə etdiyi psixotrop maddədən heç kimə pay vermədiyini və bağışlamadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin CAŞnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantıdır. 26 may 2023-cü il tarixdə məxfi mənbədən ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan və hal hazırda görüş üçün Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında “Lukoil” yanacaqdoldurma məntəqəsində olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qansunsuz olaraq psixotrop maddə metamfetamin olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Polis İdarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Xırdalan şəhəri, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim edərək, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs ilə bağlı baş təhqiqatçı Fərman Rəhimov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfemin olduğunu və həmin metamfetamini xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan dairəsinin yaxınlığında dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Qeyd etmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması tərəfindən müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni özü qəbul etmək üçün əldə etmişdir. Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-də müdafiəçini iştirakı ilə baxış keçirilmişdir.Bundan başqa Şirinov X3 Rayon Polis İdarəsinə gətirilən zaman onun üzərinə heç bir baxış keçirilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2, ifadəsində şahid qismində dindirilmiş polis baş leytenantı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 27 may 2023-cü il tarixli, 6/3053 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,865 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 1,865 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq -1,765 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4880 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,765 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Şirinov X3 RPİ-nin TŞ-nin baş təhqiqatçısı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 28 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokrorluğuna vəsatətlə müraciət olunmuşdur. Lakin Abşeron rayon prokuroru vəsatəti təmin etməyərək Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY- dən azad edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probaşiya idarəsində qeydiyyata alınmış, xx.xx.2023-cü ii tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 ay 10 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 2 il 3 ay 16 gün təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Nərminə Şirinova adlı 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv və məhkumluğu olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qararı ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək CM-nin 68.1.1-1-ci maddəsinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “ polisin nəzarəti altına vermə “ qətimkan tədbiri ləğv edilməli, “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki eksperthəkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 1.765 qram narkotik vasitə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 02 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-nin 68.1.1-1-ci maddəsinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli məhkəmə zalında həbs olunduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 1,765 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar