Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-786/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri Xətai küçəsi ev 2-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmə və saxlama cinayətini törətmişdir. Belə ki, o, 08 may 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 20 manat müqabilində öz istifadəsi üçün 1 ədəd qara rəngli siqaret kağızı bükümündə, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş, 0,600 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamış, Abşeron rayon polis idarəsinin X2 əməkdaşları tərəfindən 08 may 2023-cü il tarixdə saat 21 radələrində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Əliyev X3 rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, H.B.Zərdabi küçəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı 01 ədəd qara rəngli siqaret kağızı bükümündə olan, ağ rəngli kristallik formalı maddədən kustar üsulla hazırlanmış 0,600 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə- metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində 26-cı məhəllədə olarkən tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün bir büküm metamfetamin almış və həmin bükümü sonra istifadə etmək üçün əynindəki cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Xırdalan şəhəri, 26-cı məhələdə olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu söyləmişlər. O da razılaşmış və polislərin idarə etdiyi avtomaşına əyləşib onlarla birlikdə Abşeron RPİ-nə gəldikdən sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi barədə məlumat vermişlər. Bundan sonra xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah edilərək üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxtı o da əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuş, bundan sonra da polis əməkdaşları onun üzərində şəxsi axtarış aparsalar da heç nə tapmayıb, onun təqdim etdiyi həmin bükümə baxış keçirmişlər, baxış zamanı həmin bükümdə ağ rəngli kristallik kütlə aşkar olunmuş, polislər ondan həmin kütləni haradan və nə vaxt əldə etdiyini soruşmuşlar. O da həmin bir büküm metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xırdalan şəhərində 26-cı məhəllədə tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmiş, bundan sonra polislər onun üzərindən aşkar edilmiş, həmin bir bükümü kağız zərfə qoyularaq qablaşdırııb bu barədə protokol tərtib etmişlər. O da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin X2 sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 may 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və az sonra Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, H.B.Zərdabi küçəsində olmaqla üstündə narkotik vasitə və ya psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmişdir. Müvafiq əməliyyat qrupu yaradıldıqdan sonra Abşeron RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Xırdalan şəhəri 26-cı məhəllə, H.B.Zərdabi küçəsinə gedib gözləməyə başlamış, saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs küçədə dayandığını görüb, sonuncuya yaxınlaşıb özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılması üçün polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə getmişdir. Bu barədə idarə rəisinə məruzə edildikdən sonra prosessual hərəkətlərin sənədləşdirilməsi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Aslan Allahverdiyevə həvalə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Abşeron vəkil bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyi bildirilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək, üzərində qanunsuz saxlanılan əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o da üzərində özü istifadə etmək üçün bir büküm metamfetamin olduğunu bildirmiş və əlini əynindəki tünd göy rəngli şalvarının sağ cibinə salıb oradan qara rəngli siqaret kağızına bükülmüş maddəni çıxarıb könüllü olaraq təqdim etmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar sonuncunun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir bükümə baxış keçirmişlər. Bükümdə ağ rəngli kristalllik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin metamfetamin olduğunu, həmin bir büküm metamfetamini xx.xx.2023-cü ildə səhər saatlarında Xırdalan şəhəri 26-cı məhəllədə tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün alıb, cibinə qoyduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kütləni kağız zərfə qoyularaq qablaşdırmış və bu barədə protokol tərtib etmişdir. O və digər iştirakçılar həmin protokolda yazılanların doğru olduğununu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilərkən Abşeron RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin polis nəfəri, polis serjantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2680 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,600 (qalıq 0,550) qram olan ağ rəngli kristallik maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5311 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Hal- hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq etmək mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə o, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair tərəfimdən Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımova vəsatət verilmişdir. Abşeron rayon prokurorunun eyni tarixli qərarı ilə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, ilk dəfə cinayət əməli törətməsini və əməlindən peşiman olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini məqsədə müvafiq hesab etmişdir. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, bir büküm təmiz çəkisi 0,600 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq tədqiqat nümunələri götürüldükdən sonra 0,550 qram çəkidə işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron rayon Pl-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işinin icraatı Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə bağlı dayandırılmış, xx.xx.2023-cü il tarixdə zərurət aradan qalxdığı üçün cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,550 qram narkotik vasitə metamfetamin məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,550 qram narkotik vasitə metamfetamin məhv edilsin. İş üzrə 65 (altmış beş) manat məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-786/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-786/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver