Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-786/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 18 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 1,882 qram olan xeyli miqdarda ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 30 manat müqabilində əldə edib Abşeron rayonu, Qobu Qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, 19 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində küçədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, Abşeron RPİ-nin Qobu polis bölməsinə gətirilib orada həmin gün, saat 02:40-dan saat 03:00-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən həmin 1,882 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 aydır ki, narkotik vasitə istifadə edir. 19 yanvar 2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Abşeron rayonu Xırdalan şəhərinə yaşadığım evə getmək üçün taksi gözləyən zaman küçədə iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Daha sonra isə polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş, o da polis əməkdaşlarına üzərimdə narkotik vasitə olmasını etiraf etmişdir. Daha sonra polis əməkdaşları məni polis bölməsinə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Qobu PB-nə getmişdir. Polis bölməsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkili ilə konfendensial görüş təmin edildi. Daha sonra videoçəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, video çəkiliş zamanı o da heç bir etirazının olmadığını bildirmişdir. Axtarış keçirilməzdən əvvəl onan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o da tünd boz rəngli şalvarının sağ yan cibində olan şəffaf rəngli sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olmasını, həmin psixotrop maddəni 18 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 (otuz) manata almış və öz şəxsi istifadəsi üçün daşımışdır. Daha sonra üzərinə şəxsi axtarış keçrilmiş, lakin üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükümündəki psxiotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd içərisi boş kağız zərfə qablaşdırılıb möhürləndi, zərfin üzərinə imzalar etmişdirlər. Son sözündə isə onun üzərində olan narkotik vasitənin narkotik vasitə olmadığını, limon duzu olduğunu bildirdi. Həmçinin əməlindən səmimi peşman olduğunu, yaşını, himayəsində yetkinlik yaşına çatmayan övladının həmçinin baxıma ehtiyacı olan anasının olmasını və arvadının səhhətində xəstəliklərin olduğunu bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid qismində dindirilərkən, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakı ilə 19 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmiş, 19 yanvar 2024-cü il tarixdə o, əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs Elbəy oğluna bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Rəfailə üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı E.Quliyevə təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümədkinin psixotrop maddə olan metamfetamin olmasını, metamfetaminin özünə məxsus olduğunun, öz istifadəsi üçün Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 30 manata əldə etdiyini bildirmişldir. Bundan sonra Rafail Quliyevin üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, tkristal şəkilli, psxiotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü, yəni xx.xx.2024-cü il tarixdə, saat 02:30 radərində tutulmuşdur. - “Cinayət işinin başlanması” və “cinayət işinin icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/364 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,882 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 1,882 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 1,832 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir; - “Maddi sübut kimi tanınma haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,882 qram psixotrop maddə metamfetamin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və 1,832 qram qalığı saxlanılması Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilmişdir. - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X3 azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 67.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il 08 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək qəti olaraq 05 il 08 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətinə endirilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edillməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 22 aprel 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 2618 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ifadəsi, şahidlərin ifadələri şəxsi axtarış və götürmə protokolu, videogörüntüyə baxış protokolu, ekpertiza rəyi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı kristal şəkilli ağ rəngli kustar üsulla hazırlanmış psixotrop vasitəyə bənzər kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, 1 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat məbləğində pul verməklə əldə etməsini bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 67.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il 08 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək qəti olaraq 05 il 08 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətinə endirilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki ildən artıq müddət keçməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, sonuncunun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,narkotik vasitənin miqdarını, cəzanın şəxsin islah olunmasına təsirini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 04 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində məhkəmənin hazırlıq iclasında 22 avqust 2024-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 22 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,832 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün, təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01(bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,832 qram psixotrop maddə metamfetamin qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-786/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-786/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver