Məhkəmə qərarları › İş №1(012)-786/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-786/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-786/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi Chevrolet Cruzee markalı, ** VZ *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22,7-ci kilometrliyində Bakı istiqamətində yolun orta hissəsi ilə 50 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolun solundan sağma keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs müştərək travma, açıq kəllə-beyin travması, başbeyin ağır dərəcəli əzilməsi, baş beyinin sağ təpə-gicgah paylarının subaraxnoidal qansızması, sağ orbitanm medial divarının mediala yerdəyişmiş sınığı, orbitanın aşağı divarının az yerdəyişməli sınıqları, sağ bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş qəlpəli sınığı, sağ incik sümüyünün proksimal əsasının qəlpəli yerini dəyişmiş sınığı, daxili orqanların – qaraciyərin sağ döş boşluğuna doğru yerdəyişməsi, ağciyərlərin paylararası sahədə qansızması fonunda kəskin ödemi, baş beyin ödemi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirməklə xx.xx.2025-ci ildə saat 03:45-də X6 ölməsinə səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 29 oktyabr 2024-cü il tarixdə saat 23 radələrində «Rent-A Car 85» MMc-dən etibarnamə əsasında icarəyə götürdüyü və texniki cəhətdən saz vəziyyətdə olan Chevrolet Cruzee markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Şamaxı şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində yolun orta hissəsi ilə təxminən 50 km/saat sürətlə yaxın vuran işıqlarla hərəkətdə olarkən qarşıda yolun solundan sağma doğru bir nəfər piyada qadının asta yerişlə yolu keçdiyini görüb tez ayağını tormoza atıb sükanı sağa burmuş, buna baxmayaraq avtomobilin qabaq sol tərəfi ilə piyadanı vurmuş, piyada qadın avtomobilin alın şüşəsinə çırpılıb sola yıxılmış, o, tez avtomobili saxlayıb yerə düşmüş və piyada qadına yaxınlaşmış, qadın ağır xəsarət almış və danışmamış, o, tez həmin qadını avtomobilinə qoyub Bakı şəhərində yerləşən Respublika Kliniki xəstəxanasına aparmışdır. O, bildirmişdir ki, hadisədən əvvəl avtomobilində sərnişin qismində tanımadığı iki böyük və iki uşaq olmaqla dörd nəfər sərnişin olmuş, hadisədən sonra onlar hadisə yerindən getmişlər. Hadisə zamanı onun avtomobilində yük olmamış, spirtli içki qəbul etməmişdir. Sonda Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, 29 oktyabr 2024-cü il saat 23 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 22,7-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə anası X2 piyada qismində yolu keçərkən vurulmuş, nətitcədə anası ağır dərəcəli bədən xəsarəti almış və 03 mart 2025-ci il tarixdə saat 03.45-də stasionar müalicədə olduğu X6 ölmüşdür. Həmin günü anasının meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Qobustan şəhər qəbiristanlığında dəfn etmişlər. Sonda hadisə ilə bağlı sürücüdən heç bir şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində iki uşağının olmasını və hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirərək, təqsiləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməməsini xahiş etdi. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 25100012 nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 30 oktyabr 2024-cü il tarixli 5896 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;

3. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 30 oktyabr 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 22,7-ci kilometrliyində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Hərəkət hissə Şamaxı istiqamətinə olmuşdur, piyada vurulanadək tormoz izləri aşkar olunmadı. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;

4. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, 25100012 nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ölməsi faktı üzrə atası X4 hüquqi varis qismində tanınmışdır;

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X10nin Abşeron rayon şöbəsindən verilən 29 mart 2025-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində - aşağıdakı xəsarətlər aşkar edilmişdir: Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər müştərək travma, açıq kəllə-beyin travması, baş-beyin ağır dərəcəli əzilməsi, baş beyinin sağ təpə-gicgah paylarının subaraxnoidal qansızması, sağ orbitanın medial divarının mediala yerdəyişmiş sınığı, orbitanın aşağı divarının az yerdəyişməli sınıqları, sağ bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş qəlpəli sınığı, sağ incik sümüyünün proksimal əsasının qəlpəli yerini dəyişmiş sınığı, daxili orqanların - qaraciyərin sağ döş boşluğuna doğru yerdəyişməsi, ağciyərlərin paylararası sahədə qansızması fonunda kəskin ödemi, baş beynin kəskin ödemi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl xx.xx.2024-cü il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin (avtomobilin) hissələri ilə vurulması zamanı əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb - aldığı açıq ağır kəllə-beyin travması, beyin toxumasının qansızması, sağ orbitanın, sağ bazu, sağ incik sümüklərinin sınıqlarından sonrakı vəziyyət fonunda inkişaf etmiş baş-beynin və ağciyərlərin travmatik ödemi olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə əsasən onu demək olur ki, ölüm onun meyitxanadakı (xx.xx.3025-ci il saat 12:00) müayinəsindən 6-12 saat əvvəl baş vermişdir və bu da onun adına olan xəstəlik tarixində qeyd olunan xx.xx.2025-ci il saat 03:45-ə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 05 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 06 noyabr 2024-cü il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 507716 nömrəli, “A, B, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;

8. “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 07 yanvar 2025-ci il tarixli, 8/3141 saylı rəyindən görünür ki, Chevrolet Cruzee markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir;

9. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi Həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir.

10. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, 25100012 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

11. “Qətimkan qətimkan tədbiri seçilməsi haqqında” haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

12. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2025-ci il tarixli qərara əsasən iş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibində saxlanılması nəzərə alınmış, iş üzrə məhkəmə tibbi ekspertizasının və məhkəmə yol-nəqliyyatı hadisələri ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir;

13. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 məhkəməyə ərizə təqdim edərək, ziyanlığın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirmişdir;

14. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 noyabr 2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 uşağı vardır.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçü təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi oğlu X4 ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Şəhəri Probasiya Şöbəsinin 15 fevral 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-144/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 7(012)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə aminstiya tətbiq edildiyi üçün cəzası 01 il azaldılmış və cəzası xx.xx.2023-cü il tarixdə başa çatdığından barəsində olan şəxsi işi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə etməsini, himayəsində 2 azyaşlı övladının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, maddi sübut kimi tanınmış ““Chevrolet Cruze” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar