Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-79/2023 22.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, inzibati bina (Nəsimi RPİ) qeydiyyatda olmaqla, ünvan 1 ünvanda kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə vahid niyyətlə Abşeron rayonu, St.Sumqayıt məcburi köçkünlər şəhərciyində yerləşən "xxxx" MMC-yə məxsus 44 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən yaşayış olmayan 19 və 20 nömrəli mənzillərinin qapısını açmaqla içəri daxil olaraq mənzillərin eyvanlarında divarda quraşdırılmış hər biri 750 manat ümumi dəyəri 1500 manat olmaqla 2 ədəd “Teplo” markalı 24 kw kombi istilik aparatı, hər biri 50 manat ümumi dəyəri 100 manat olmaqla 2 ədəd “Hidro Therm” markalı DVR-500VA model avtomatik gərginlik tənzimləyicisi, hər biri 50 manat ümumi dəyəri 100 manat olmaqla 2 ədəd kombi aparatı üçün gümüşü rəngli metal borular, hər biri 10 manat ümumi dəyəri 20 manat olmaqla 2 ədəd gümüşü rəngli uzadıcı metal boruları gizli olaraq talayıb, zərərçəkmiş "xxxx" MMC-nə ümumilikdə 1720 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2022-ci il tarixdə vahid niyyətlə "xxxx" MMC-yə məxsus 44 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən yaşayış olmayan 38 nömrəli, 8-ci mərtəbədə yerləşən 45 nömrəli mənzillərinin qapısını açmaqla içəri daxil olaraq mənzillərin eyvanlarında divarda quraşdırılmış hər biri 750 manat ümumi dəyəri 1500 manat olmaqla 2 ədəd “Teplo” markalı 24 kw kombi istilik aparatı, hər biri 50 manat ümumi dəyəri 100 manat olmaqla 2 ədəd “Hidro Therm” markalı DVR-500VA model avtomatik gərginlik tənzimləyicisi, hər biri 50 manat ümumi dəyəri 100 manat olmaqla 2 ədəd kombi aparatı üçün gümüşü rəngli metal borular, hər biri 10 manat ümumi dəyəri 20 manat olmaqla 2 ədəd gümüşü rəngli uzadıcı metal boruları gizli olaraq talayıb, zərərçəkmiş "xxxx" MMC-nə ümumilikdə 1720 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, iş olanda tikintidə qaynaqçı işləyir. İşsiz olduğuna görə son zamanlar maddi sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Uşaq Evində böyümüşdür. Təxminən 2014-cü ildən Şahid1, qardaşı Şahid1 və Şahid2 Uşaq evinin yataqxanasından tanıyır. Münasibətləri həmişə normal olmuşdur. 2022ci ilin may ayının əvvəllərində Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər şəhərciyində olan zaman tanışı Əzizin evində qalırmış. Onunla həyətdə köşkün yanında olan zaman Emil ilə görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra Emil bilmiş ki, o, Əzizin evində qalır. Həmin vaxtdan onlar bir-birinin evinə gedib gəlirmişlər. Əzizin evində qalan zaman işləmədikləri ərzaq almağa pulları olmamışdır. Bu səbəbdən Əziz özünə məxsus evində olan kombini satmaq qərarına gəlmişdir. Əziz evində olan kombini onunla birlikdə yerindən çıxarmışdır. Daha sonra həmin kombini taksi ilə Bakı şəhəri 28 May metro stansiyasının yaxınlığına aparmışlar. Həmin yerdə kombini satmışlar. Bundan sonra evə bazarlıq edib qayıtmışlar. Aradan bir neçə gün keçdikdən sonra o, şəhərcikdə Emil ilə rastlaşmışdır. Söhbət əsnasında Emilə Əzizin qonaqlarının olduğunu, bir neçə günlük onu evində qonaq etməyini xahiş etmişdir. Emil də ona heç bir söz deməyib evinə dəvət etmişdir. O, da Emilin evində bir neçə gün qalmışdır. O, Emilin evində qaldığı müddətdə Emil iki dəfə qonaq gedib başqa yerdə qalmışdır. Emilin evində qaldığı müddət ərzində Emilin qardaşı Elmar da onlarla birlikdə qalırmış. O, hətta bir neçə dəfə Emilin evinə ərzaq da almışdır. Arada Əziz də evində qaz və işıq olmadığına görə gəlib onlarla birlikdə Emilin evində qalmışdır. xx.xx.2022-ci il tarixdə evdən çıxaraq həmin binada boş mənzillər axtarmağa başlamışdır. 44 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən mənzillərdə yaşayış olmadığını görmüşdür. Bundan sonra həmin mənzillərə daxil olmaq qərarına gəlmişdir. O, həmin mənzilin qapısını möhkəm itələyib açmışdır. İçəri daxil olmüş, içəridə heç bir əşya olmamışdır. O, eyvanda divarda olan kombini turbaları və yanında olan stablizatoru ilə birlikdə sökərək yerindən çıxarmış və gətirib evin dəhlizində saxlamışdır. Daha sonra 4-cü mərtəbədə olan digər mənzilin qapısını açaraq içəri daxil olmuşdur. Eyni üsulla mənzilin eyvanında olan kombini turbaları və yanında olan stablizatoru ilə birlikdə sökərək yerindən çıxarmışdır. Götürdüyü kombiləri, turbaları və stablizatorları həmin mənzillərdən birinin dəhlizinə satmaq üçün qoymuşdur. Bundan sonra həmin əşyaların şəkillərini çəkib “tap.az” saytına satmaq üçün elan yerləşdirmişdir. Aradan bir iki gün keçdikdən sonra Sumqayıt şəhərində elanda qoyduğu kombiləri turbaları və stablizatorlarla birlikdə tanımadığı şəxsə ümumilikdə 500 manat müqabilində satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evdən çıxaraq binada boş mənzillərdən kombi oğurlamaq üçün mənzil axtarmağa başlamışdır. O, binanın mərtəbələrini gəzdikdən sonra 7-ci mərtəbəyə qalxmışdır. Həmin mərtəbədə mənzildə yaşayış olmadığını görüb daxil olmaq qərarına gəlmişdir. Qapını möhkəm itələyib açmış və içəri daxil olmuşdur. Mənzilin içərisində əşya olmamışdır. Eyvanda divarda quraşdırılmış bir ədəd kombini turbaları və yanında olan stablizatoru ilə birlikdə divardan sökərək dəhlizə gətirmişdir. Qapını bağlayıb çıxmışdır. Daha sonra bir mərtəbə yuxarı, yəni 8-ci mərtəbəyə qalxmışdır. 8-ci mərtəbədə mənzillərdən birində yaşayış olmadığını görüb qapısını itələyərək açmış və içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra eyni üsulla mənzilin eyvanında divarda quraşdırılmış bir ədəd kombini turbaları və yanında olan stablizatoru ilə birlikdə divardan sökərək dəhlizə gətirmişdir. Bundan sonra bir ədəd kombi, iki ədəd elektrik cərəyanı tənzimləyicisi, 4 ədəd kombi borularını Emilin evinə aparmışdır. Həmin vaxt Emilin qardaşı Elmar həyətə düşmüşdür, Əziz isə yatmışdır. O, həmin əşyaları evin otağında olan çarpayının altına yığmışdır. Sonra evdən çıxıb digər kombini götürmək üçün həmin mənzilə getmişdir. Digər bir ədəd kombini də Emilin evinə gətirmişdir. Sonra “Bolt” taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Taksinin yaxınlaşması barədə bildiriş gəldikdən sonra o, bir ədəd kombini götürüb aşağı düşmüşdür. Həmin kombini taksiyə yükləyən zaman komendant Xəyal onu görmüş və yaxınlaşmışdır. Xəyal kombini onun oğurladığını başa düşüb polisə zəng edərək məlumat vermişdir. Bir az sonra Emil və Elmar da gəlmişlər. Daha sonra Əziz də gəlmişdir. Onları sonradan Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman o, oğurluq etdiyini etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, cinayəti törətməmişdən əvvəl heç kimə bu barədə heç nə deməmişdir. Onun Müasir Tikinti MMC-nə məxsus binanın mənzillərinə daxil olmaqda məqsədi həmin mənzillərdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. Nümayəndə dedikləri ilə razı olduğunu, qeyd olunan mənzillərdən 4 ədəd “Teplo” markalı kombi, 4 ədəd narıncı rəngli “Hidro Therm” markalı elektrik cərəyanı tənzimləyicisi, 8 ədəd kombi istilik sistemi üçün nəzərdə tutulmuş metal borular oğurlamış, həmin əşyalardan 2 ədəd “Teplo” markalı kombi, 2 ədəd narıncı rəngli “Hidro Therm” markalı elektrik cərəyanı tənzimləyicisi, 4 ədəd kombi istilik sistemi üçün nəzərdə tutulmuş metal boruları internet saytında elan qoyaraq Sumqayıt şəhərində tanımadığı şəxsə 500 manat müqabilində satmış, qalan 2 ədəd “Teplo” markalı kombi, 2 ədəd narıncı rəngli “Hidro Therm” markalı elektrik cərəyanı tənzimləyicisi, 4 ədəd kombi istilik sistemi üçün nəzərdə tutulmuş metal borular isə polis tərəfindən götürülmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Müasir Tikinti MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2021-ci ildən Müasir Tikinti MMC-nə məxsus Abşeron rayonu, stansiya Sumqayıt yeni yaşayış massivində yerləşən 43 və 44 nömrəli binalarda komendant vəzifəsində işləyir. Adətən saat 08 radələrindən saat 18 radələrinədək həmin binalarda olur. Komendantı olduğu Müasir Tikinti MMC-nə məxsus həmin binalar şəhid ailələri, qazilər, çernobil əlilləri, internatda böyümüş şəxslərə verilir. Komendantı olduğu 43 və 44 nömrəli binalarda əksər mənzillər hələ də heç kimə verilməmişdir. 43 nömrəli binanın birinci mərtəbəsində yerləşən 2 nömrəli mənzili ofis kimi istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində ofisə daxil olmuşdur. O, ofisdə tabloda olan mənzillərin açarlarının əskik olduğunu görmüşdür. Bundan sonra o, şübhələnib özündə olan ehtiyyat açarlarını götürüb 44 nömrəli binada olan mənzillərə baxış keçirməyə başlamışdır. Baxış zamanı binanın 4-cü mərtəbəsində yerləşən 19 və 20 nömrəli, 7-ci mərtəbədə yerləşən 38 nömrəli, 8-ci mərtəbədə yerləşən 45 nömrəli mənzillərin eyvanlarında quraşdırılmış “Teplo” markalı ümumilikdə 4 ədəd kombi istilik sistemləri, 4 ədəd elektrik tənzimləyiciləri və kombinin çıxış turbalarının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, həmin vaxt həyətdə olan Emili görmüşdür. O, Emilə binanın mənzillərindən kombilər oğurlandığını və onun evində qalan şəxslərdən şübhələndiyini demişdir. Hətta Emilə evində artıq adamları saxlamamasını irad bildirmişdir. Daha sonra o, bir qədər gözləmiş ki, oğurluqla bağlı hər hansı məlumat alsın. Səhəri gün, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində o, binanın girişində taksi dayandığını görmüşdür. Bundan sonra o, kənardan müşahidə etməyə başlamışdır. Bir qədər keçdikdən sonra Süleyman əlində döşəyə nəsə bükülmüş vəziyyətdə nəyisə taksinin yük yerinə qoyduğunu görmüşdür. Bundan sonra o, Süleymana yaxınlaşıb nə apardığını soruşduqda, Süleyman onun Emilə irad bildirdiyi üçün Emilin evindən çıxıb getdiyini demişdir. Bundan sonra o, avtomobilin yük yerinə baxdıqda döşəyin arasında bir ədəd kombinin olduğunu görmüşdür. O, dərhal bu barədə polisə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Daha sonra Emilin mənzilinə baxış zamanı da oradan bir ədəd kombi aparatı, 2 ədəd elektrik tənzimləyicisi və kombiyə aid turbalar aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, komendantı olduğu Müasir Tikinti MMC-nə məxsus hər biri 500 manat olmaqla ümumi 2000 manat dəyərində 4 ədəd “Teplo” markalı kombi, hər biri 70 manat olmaqla ümumi 280 manat dəyərində 4 ədəd elektrik tənzimləyicisi, hər biri 30 manat olmaqla ümumi 120 manat dəyərində 4 ədəd kombinin turbalarının oğurlanması nəticəsində ümumilikdə 2400 manat maddi ziyan dəymişdir. Müasir Tikinti MMC-nə məxsus mənzillərdən oğurlanmış kombilər, elektrik tənzimləyiciləri və kombiyə aid metal boruların qiymətlərini dəqiq bilmədiyi üçün oğurluq nəticəsində ümumilikdə 2400 manat maddi ziyan dəydiyini bildirmiş, lakin ekspertiza rəyində göstərilmiş qiymətlərə əsasən bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində komendantı olduğu Müasir Tikinti MMC-nə məxsus 44 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən 19 və 20 nömrəli, həmin binanın 7-ci mərtəbəsində yerləşən 38 nömrəli, 8-ci mərtəbəsində yerləşən 45 nömrəli mənzillərin eyvanlarında divarda quraşdırılmış hər biri 750 manat olmaqla ümumi 3000 manat dəyərində 4 ədəd “Teplo” markalı kombi, hər biri 50 manat olmaqla ümumi 200 manat dəyərində 4 ədəd elektrik tənzimləyicisi, hər biri 50 manat olmaqla ümumi 200 manat dəyərində 4 ədəd kombinin metal boruları və hər biri 10 manat olmaqla ümumi 40 manat dəyərində 4 ədəd kombinin uzadıcı metal boruların oğurlanması nəticəsində ümumilikdə komendantı olduğu Müasir Tikinti MMC-nə ümumilikdə 3440 manat maddi ziyan dəymişdir. Hazırda onlara dəymiş ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, qardaşı Şahid3la birlikdə yaşayır. Heç bir yerdə işləmir. Qardaşı Elmarla birlikdə Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq tipli Uşaq Evində böyümüşlər. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.2021-ci il tarixdə ona uşaqlar evində böyüdüyünə görə Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər şəhərciyində 44 nömrəli binadan 30-cu mənzili vermişlər. Həmin vaxtdan etibarən qardaşı Elmarla birlikdə həmin mənzildə qalır. Təqsirləndirilən şəxs və Şahid2 təxminən 2014-cü ildən tanıyır. Həmin şəxslərlə Bakı şəhəri Nizami rayonu Qara Qarayev metro stansiyasının yaxınlığında olan sığınacaqda tanış olmuşdur. Münasibətləri normal olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində yaşadığı şəhərcikdə olan zaman Süleymanla Əzizi köşkdə görmüşdür. Onlarla görüşüb bir qədər söhbət etdikdən sonra ona Süleymanın Əzizin şəhərcikdə olan evində qaldığı məlum olmuşdur. Aradan bir neçə gün keçdikdən sonra o, şəhərcikdə Süleymanla rastlaşmışdır. Söhbət əsnasında Süleyman ona Əzizin qonaqlarının olduğunu, bir neçə günlük onu evində qonaq etməyini xahiş etmişdir. O, da Süleymana heç bir söz deməyib onun da uşaq evində böyüdüyünü nəzərə alıb evinə dəvət etmişdir. Süleyman onun evində bir neçə gün qalmışdır. Həmin ərəfədə heç bir narahatçılıq olmamışdır. Təxminən 2022-ci ilin may ayının ortalarında tanışı Zaman onu Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən evinə qonaq çağırmışdır. O, da qardaşı Elmarla Süleymanı evdə qoyub getmişdir. O, bir neçə gün tanışının yanında qaldıqdan sonra evə qayıtmışdır. Evə qayıdan zaman evdə çoxlu ərzaq məhsulları olduğunu görüb, həmin məhsulları haradan aldıqlarını qardaşı Elmardan soruşmuşdur. Elmar ona heç nədən xəbəri olmadığını, həmin ərzaq məhsullarını Süleymanın alıb gətirdiyini demişdir. Bundan sonra o, Süleymandan həmin ərzaq məhsullarını hardan aldığını soruşduqda, Elmar ona narahat olmamağını demişdir. Həmin gün tanışı Əziz də onun evinə qonaq gəlmişdir. Əziz ona evində qaz gəlmədiyini deyərək soyuq olduğu üçün onu evində qonaq etməyini xahiş etmişdir. O, da heç bir söz deməyib onun evində qalmasına razılıq vermişdir. Həmin vaxtdan onlar birlikdə qalmağa başlamışlar. Bir neçə gün keçdikdən sonra o, xx.xx.2022-ci il tarixdə xalasının yaşadığı Xırdalan şəhərinə gedən zaman evdə Süleyman və Əzizə artıq çıxıb getmələrini bildirmişdir. Süleyman da ona bir gün sonra gedəcəyini demişdir. O, həmin gün xalasıgilə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evə getmişdir. O, şəhərciyə çatanda köşkün yaxınlığında qardaşı Elmarı görmüşdür. Elmar ona çörək almaq üçün aşağı düşdüyünü demişdir. Onlar çörək alıb birlikdə evə qayıtmışlar. Onlar yaşadıqları binanın qarşısına yaxınlaşan zaman polis əməkdaşlarını görmüşlər. Həmin vaxt binanın komendantı Xəyal ona zəng edərək evə qalxmağını bildirmişdir. O, da Elmarla birlikdə evə qalxmışdır. O, evə qalxan zaman Xəyalın onun mənzilinin qarşısında olduğunu görmüşdür. Xəyal ona qapını açmağı dedikdə, o, Xəyala açarın onda olmadığını bildirərək qardaşı Elmardan qapını açmasını istəmişdir. Qardaşı Elmar da qapının açarının onda olmadığını, açarın evdə onunla qalan Süleyman və Əzizdə olduğunu demişdir. O, da Elmara əsəbləşərək evi ona etibar edib getdiyini, açarı niyə onlara verdiyini demişdir. Elmar da ona çörək almağa göndərdiklərini demişdir. Bundan sonra Xəyal açarla qapını açmışdır. Onlar içəri daxil olmuşlar. Xəyal ona evində qonaq etdiyi Süleymanın kombi oğurlayaraq onun evində saxladığını bildirmişdir. O, dərhal yataq otağına baxan zaman çarpayının altında 1 ədəd ağ rəngli kombi, 2 ədəd kombinin elektrik tənzimləyicisi və kombinin turbasının olduğunu görmüşdür. Bundan sonra o, evin hər yerini axtarsa da, başqa heç nə tapa bilməmişdir. Evindən aşkar olunmuş 1 ədəd ağ rəngli kombi, 2 ədəd kombinin elektrik tənzimləyicisi və kombinin turbasını sonradan könüllü olaraq polisə təqdim etmişdir. O, tanışı Əzizdən evindən aşkar olunmuş həmin əşyaları kimin evinə gətirdiyini soruşduqda, Əziz ona həmin əşyaları Süleymanın evə gətirdiyini demişdir. Əlavə olaraq bildirmişdir ki, evində aşkar olunmuş 1 ədəd ağ rəngli kombi, 2 ədəd kombinin elektrik tənzimləyicisi və kombinin turbasının cinayət yolu ilə əldə olunmasını, kimin tərəfindən oğurlanmasını, həmin əşyaların evinə gətirilməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır, sonradan tanışı Əziz ona dedikdən sonra həmin əşyaların Süleyman tərəfindən oğurlandığını və o, evdə olmadığı vaxt Süleymanın həmin əşyaları yaşadığı evə gətirməsini bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, tək yaşayır. Heç bir yerdə işləmir. İş olanda tikintidə fəhlə işləyir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi X4 Cəmiyyətində böyümüşdür. 2022-ci ilin fevral ayında ona uşaqlar evində böyüdüyünə görə Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər şəhərciyində 64 nömrəli binadan 33-cü mənzili vermişlər. Həmin vaxtdan həmin mənzildə tək yaşayır. Şahid1 və Təqsirləndirilən şəxs təxminən 2014-cü ildən tanıyır. Həmin şəxslərlə Bakı şəhəri Nizami rayonu Qara Qarayev metro stansiyasının yaxınlığında olan sığınacaqda tanış olmuşdur. Münasibətləri normal olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində yaşadığı şəhərcikdə olan zaman Süleymanı görüb görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra Süleyman ona qalmağa yerinin olmadığını deyərək ondan bir neçə gün onu evində qonaq etməyini xahiş etmişdir. O, da Süleymana qaldığı evə komendant tərəfindən nəzarət olunduğunu deyərək evə qonaq aparmadığını demişdir. Süleymana razılıq verməsə də, Süleyman inadla qalmağa yerinin olmadığını deyərək ondan bir həftəlik onu evində saxlamağını xahiş etmişdir. O, da Süleymanın da uşaq evində böyüdüyünü nəzərə alaraq ona yazığı gəlmiş və bu səbəbdən razılıq vermişdir. Süleyman təxminən 10 gün onun evində qalmışdır. Süleyman onunla qalan zaman işləmədiyi üçün ərzaq almağa pulu olmamışdır. Bu səbəbdən özünə məxsus evində olan kombini satmaq qərarına gəlmişdir. O, evində olan kombini Süleymanla yerindən çıxarmışdır. Süleyman ona həmin kombini satmaqda köməklik edə biləcəyini demişdir. O, da razılaşmışdır. Bundan sonra Süleyman taksi sifariş etmişdir. Onlar kombini taksi ilə Bakı şəhəri 28 May metro stansiyasının yaxınlığına aparmışlar. Həmin yerdə Süleyman tanımadığı bir nəfər şəxslə görüşmüşdür. Süleyman onun kombisini 320 manata həmin şəxsə satmışdır. O, 320 manat puldan 100 manat Süleymana müştəri tapdığı və kombini satmaqda ona köməklik göstərdiyi üçün vermişdir. Bundan sonra yaşadığı evə bazarlıq etmişdir. Aradan bir neçə gün keçdikdən sonra Süleyman onun evindən getmişdir. Bir neçə gün sonra Süleymanla telefonda danışan zaman Süleyman ona tanışı onunla eyni şəhərcikdə yaşayan Emilin evində qaldığını demişdir. Onun evində kombini satdığı üçün hava soyuq olduğuna görə Emilin evinə getmişdir. O, evinin soyuq olduğunu Emilə deyərək 3-4 gün onun evində qalmağını xahiş etmişdir. Emil də ona heç bir söz deməyərək razılıq vermişdir. Həmin vaxtdan o, Emilin evində qalmağa başlamışdır. O, Emilin evində qaldığı müddətdə Emil bir neçə dəfə evdən gedərək bir neçə gün sonra qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində evdə yatmışdır. Həmin vaxt Süleyman onu yuxudan oyadaraq üstündə yatdığı döşəyi ondan istəmişdir. O, da Süleymana yatdığını demişdir. O, yuxulu vəziyyətdə olmuşdur. Süleyman onun yanına yerə ədyal salaraq onu həmin adyalın üstünə keçib yatmağını bildirmişdir. O, da yerindən bir qədər sürüşərək həmin adyalın üstündə yatmışdır. Qapı səsinə o, yuxudan oyanmış, Süleymanın evə gəldiyini görmüşdür. O, Süleymanın həyəcanlı vəziyyətdə olduğunu görüb nə baş verdiyini soruşduqda, Süleyman ona komendantın onu gördüyünü bildirmişdir. O, Süleymana komendantın nəyi gördüyünü soruşmuşdur. O, həmin vaxt yatdığı otaqda çarpayının yanında döşəyə bükülmüş halda kombi görmüşdür. Bu zaman Süleyman ona həmin kombini qonşuluqdakı evdən götürdüyünü, hətta digər bir ədəd kombini aşağı düşürərkən komendantın gördüyünü bildirmişdir. Bundan sonra Süleyman çarpayının yanında olan döşəyə bükülmüş kombini çarpayının altına salmışdır. Bundan sonra o, aşağı düşmüşdür. Aşağıda olan zaman bir qədər aralıdan komendantın polis əməkdaşları ilə gəldiklərini görmüşdür. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq onu və Süleymanı polis bölməsinə aparmışlar. Sonradan Süleymanın onun yaşadığı şəhərcikdə bir neçə evdən kombi oğurladığını bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid1 evində aşkar olunmuş 1 ədəd ağ rəngli kombi, 2 ədəd kombinin elektrik tənzimləyicisi və kombinin turbasının cinayət yolu ilə əldə olunmasını, kimin tərəfindən oğurlanmasını, həmin əşyaların evə gətirilməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır, sonradan Süleyman ona dedikdən sonra həmin əşyaların Süleyman tərəfindən oğurlandığını və o, yatan zaman evə gətirdiyini bilmişdir. O, Təqsirləndirilən şəxs həmin əşyaları oğurlayan zaman onunla həmin cinayətin törədilməsində iştirak etmədiyini, ümumiyyətlə heç bir oğurluq cinayəti törətmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanışahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, qardaşı Şahid1la birlikdə yaşayır. Heç bir yerdə işləmir. Qardaşı Emil ilə birlikdə Lənkəran şəhərində yerləşən Osman Mirzəyev adına Qarışıq tipli Uşaq Evində böyümüşlər. xx.xx.2021-ci il tarixdə qardaşı Emilə Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər şəhərciyində 44 nömrəli binadan 30-cu mənzili vermişlər. Həmin vaxtdan etibarən qardaşı Emillə birlikdə həmin mənzildə qalırlar. Təqsirləndirilən şəxs təxminən bir neçə gün, Şahid2 isə təxminən 1 ay müddətdir ki, tanıyır. Əzizi yaşadığı şəhərcikdən tanımışdır. Münasibətləri normal olmuşdur. 2022-ci ilin may ayının ortalarında o, axşam evə gələndə evdə Süleymanı görmüşdür. Həmin vaxt qardaşı Emil Süleymanı ona təqdim edərək tanışı olduğunu deyib bir neçə gün onlarla birlikdə qalacağını demişdir. O, da heç bir söz deməmişdir. Sonradan söhbət əsnasında Süleymanın Əzizin evində də qaldığını bilmişdir. Aradan bir müddət keçdikdən sonra qonşuluqda yaşayan Əziz də onlara gələrək evinin soyuq olduğunu deyib onu qonaq etməklərini istəmişdir. Qardaşı Emil də etiraz etməmişdir. Onlar birlikdə bir neçə gün qalmışlar. Arada qardaşı Emil tanışlarının yanına gedərək bir neçə gün qalıb qayıdırmış. Onlar evdə qaldıqları müddətdə Süleyman evə çoxlu ərzaq məhsulları almışdır. Qardaşı Emil evə gələndə hətta həmin məhsulları kimin aldığını ondan soruşduqda, o, həmin ərzaq məhsullarını Süleymanın alıb gətirdiyini demişdir. Bundan sonra Emil Süleymandan həmin ərzaq məhsullarını hardan aldığını soruşduqda, Emil ona narahat olmamağını demişdir. xx.xx.2022-ci il tarixdə Emil xalasıgilə gedən zaman evdə Süleymana və Əzizə artıq çıxıb getmələrini bildirmişdir. Süleyman da gedəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o, evdə yatmışdır. Süleyman onu yuxudan oyadaraq yatdığı döşəyi istəmişdir. O, da Süleymana gedib Əzizin altındakı döşəyi almasını demişdir. Bundan sonra o, yuxudan oyanmışdır. O, yuxudan duran kimi Süleyman üstündə yatdığı döşəyi götürüb evdən çıxmışdır. Bundan sonra o, çörək almaq üçün həyətə düşmüşdür. O, aşağıda qardaşı Emil ilə qarşılaşmışdır. Onlar marketə gedərək çörək alıb birlikdə evə qayıtmışlar. Yaşadıqları binanın qarşısına yaxınlaşan zaman polis əməkdaşlarını görmüşlər. Həmin vaxt binanın komendantı Xəyal da orada olmuşdur. Orada olan polis əməkdaşları Süleyman ilə Əzizi maşına mindirib aparmışlar. O, da Emil ilə birlikdə evə qalxmışdır. Onlar evə qalxan zaman Xəyalın mənzilin qarşısında olduğunu görmüşlər. Xəyal Emilə qapını açmağı dedikdə, Emil ondan açarı istəmişdir. O, da açarın onda olmadığını, açarın Süleyman və Əzizdə olduğunu demişdir. Qardaşı Emil də ona əsəbləşərək evi ona etibar edib getdiyini, açarı niyə onlara verdiyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Sonradan Süleymanın qonşuluqdakı evlərdən bir neçə kombi oğurladığı ona məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, yaşadıqları evdə aşkar olunmuş 1 ədəd ağ rəngli kombi, 2 ədəd kombinin elektrik tənzimləyicisi və kombinin turbasının cinayət yolu ilə əldə olunmasını, kimin tərəfindən oğurlanmasını, həmin əşyaların evə gətirilməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır, sonradan həmin əşyaların Süleyman tərəfindən oğurlanmasını və o, evdən çıxıb çörək almağa gedən zaman Süleymanın həmin əşyaları yaşadığı evə gətirdiyini bilmişdir. O, Təqsirləndirilən şəxs həmin əşyaları oğurlayan zaman onunla həmin cinayətin törədilməsində iştirak etmədiyini, ümumiyyətlə heç bir oğurluq cinayəti törətmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İcarə əsasında götürdüyü “Toyota Prius” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin maşınla “Bolt” taksi şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində “Bolt” tətbiqi vasitəsi ilə Süleyman adlı şəxsdən taksi sifarişi qəbul etmişdir. Həmin şəxsi götürmək üçün Abşeron rayonu, Stansiya Sumqayıt məcburi köçkünlər şəhərciyinə getmişdir. Şəhərcikdə yerləşən 44 nömrəli binanın qarşsında maşını saxlamışdır. Bir qədər sonra bir nəfər şəxs ona yaxınlaşaraq adının Süleyman olduğunu bildirib sifariş edən şəxsin o, olduğunu bildirmişdir. Həmin şəxs ona avtomobilin yük yerini açmağını xahiş etmişdir. O, da avtomobildən yerə düşərək avtomobilin yük yerini açmışdır. Süleyman adlı həmin şəxs ədyala bükülmüş bir əşyanı avtomobilin yük yerinə qoymuşdur. Həmin vaxt kənardan bir nəfər, sonradan bildiyi həmin yerdə komendant işləyən Xəyal adlı şəxs onlara yaxınlaşmışdır. Xəyal adlı şəxs yükün nə olduğunu soruşduqda, Süleyman yükü komendanta göstərmək istəmədiyini başa düşüb o, avtomobilin yük yerinə Süleymanın qoyduğu ədyalı açıb komendant Xəyala göstərmişdir. Həmin ədyalın arasında bir ədəd kombi olmuşdur. Xəyal həmin ərazidə kombi oğurlandığını deyərək bu barədə polisə zəng edərək məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəldikdən sonra həmin kombi aparatını götürmüşlər. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, həmin şəxsi ilk dəfədir ki, görmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 9/4318 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmamış malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1720,00 manat müəyyən edilir. O cümlədən: - 02 ədəd ağ rəngli, “Teplo” markalı 24 kw kombi istilik aparatı – 1500,00 (2x750m) manat; - 02 ədəd narıncı rəngli, “Hidro Therm” markalı, DVR-500VA model avtomatik gərginlik (elektrik cərəyanı) tənzimləyicisi – 100,00 (2x50m) manat; - 02 ədəd gümüşü rəngli, kombi aparatı üçün metal boru – 100,00 (2x50) manat; - 02 ədəd gümüşü rəngli uzadıcı metal boru – 20,00 (2x10) manat. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nə məxsus 2 ədəd “Teplo” markalı 24 kw kombi istilik aparatı, 2 ədəd “Hidro Therm” markalı DVR-500VA model avtomatik gərginlik tənzimləyicisi, 2 ədəd kombi aparatı üçün gümüşü rəngli metal borular, 2 ədəd gümüşü rəngli uzadıcı metal borular saxlanması üçün zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə qaytarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Azərbaycan Respublikası CM-in 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 23 gün müddət olamaqla cəmi 03 ay 25 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut 2 ədəd “Teplo” markalı 24 kw kombi istilik aparatı, 2 ədəd “Hidro Therm” markalı DVR-500VA model avtomatik gərginlik tənzimləyicisi, 2 ədəd kombi aparatı üçün gümüşü rəngli metal borular, 2 ədəd gümüşü rəngli uzadıcı metal borular saxlanması üçün zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 23 gün müddət olamaqla cəmi 03 ay 25 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 04 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 2 ədəd “Teplo” markalı 24 kw kombi istilik aparatı, 2 ədəd “Hidro Therm” markalı DVR-500VA model avtomatik gərginlik tənzimləyicisi, 2 ədəd kombi aparatı üçün gümüşü rəngli metal borular, 2 ədəd gümüşü rəngli uzadıcı metal borular saxlanması üçün zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin.. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-79/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-79/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver