Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-79/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Cəlilabad rayonu Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu Adnalı kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi X.R.Ulutürk küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə 25 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman rastlaşdığı tanışı Zərərçəkmiş şəxs Sücəddin oğluna yaxınlaşaraq əynindəki paltarın yaxasından tutub əlini şalvarının cibinə salaraq 150 (yüz əlli) manat pulunu çıxardıb açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən “Günəş” yanacaqdoldurma məntəqəsinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, çəkisi 0,565 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısf’-na (Siyahı İ) daxil olan narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edərək Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi X.R.Ulutürk küçəsinə daşımış və üzərində saxlamış, 26 yanvar 2023- cü tarixdə saat 16:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin küçədə saxlanılaraq polis idarəsinə gətirilərək xx.xx.2023-cü il tarixdə saat 16:50-dən 17:10-dək polis idarəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən kustar üsulla hazırlanmış çəkisi 0,565 qram olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi X.R.Ulutürk küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ildir narkotik vasitə hesab edilən tiryəkdən istifadə edir. 25 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən “Günəş” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsdən 5 manat pul müqabilində şəffaf sellofan bükümdə narkotik vasitə tiryək alıb əynində olan tünd boz rəngli şalvarın sağ yan cibinə qoyaraq istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 22:00 radələrində Abşeron rayonu Xırdalan şəhərinə qayıdıb təkbaşına yaşadığı küçə ilə piyada şəkildə hərəkət edərək H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığına çatdıqda təxminən 2 il əvvəl tanımağa başladığı Zərərçəkmiş şəxs Sücəddin oğlu ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, sadəcə arabir gördükdə salamlaşmışlar. Həmin vaxt pulu qurtardığı üçün Zərərçəkmiş şəxs ona pul verə bilib- bilməyəcəyini soruşmuş, sonuncu isə “Pulum yoxdur” deyə cavab vermişdir. Bu cavaba inanmadığı üçün ətrafa göz gəzdirib heç kimin olmadığına əmin olduqdan sonra Zərərçəkmiş şəxs yaxınlaşmış və paltarının yaxasından tutub özünə tərəf çəkmişdir. Daha sonra əlini Zərərçəkmiş şəxs şalvarının arxa cibinə salıb oradakı pulu götürərək öz şalvarının cibinə qoymuş və dərhal həmin yerdən uzaqlaşmışdır. Bir qədər getdikdən sonra ələ keçirdiyi pulu sayanda 150 manat olduğunu müəyyən etmiş və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Ertəsi gün, yəni 26 yanvar 2023-cü il tarixdə tarixdə saat 16:00 radələrində yaşadığı evin yaxınlığında dayandığı zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan ad-soyadını soruşduqda onlara özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinin inzibati binasına getmişdir. Polis idarəsinə gətirildikdən sonra üzərində narkotik vasitə saxlaması ilə əlaqədar şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə xidməti otaqlardan birində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş müdafiəçisi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demiş və bu barədə ərizəni imzalamışdır. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə tiryək olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda bükümü 25 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən “Günəş” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsdən aldığını və yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra üzərindən aşkarlanan büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə protokolu imzalamışdır. Bundan başqa ona narkotik vasitə satmış şəxsin adını, mobil telefon nömrəsini və digər heç bir əlaqə vasitəsini bilmir, heç vaxt kiməsə narkotik vasitə satmamış və belə bir niyyəti olmamış, psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün saxlamış və 26 yanvar 2023-cü il tarixdə üzərimdə şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sücəddin oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi X.R.Ulutürk küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 ildir tanıyır. Əvvəllər aralarında heç bir qərəzli münasibət olmamış, Raufu arabir gördükdə salamlaşmışlar. 25 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı küçə ilə hərəkətdə olub H.Z.Tağıyev küçəsində yerləşən “Xəzinə Palace” şadlıq sarayının yaxınlığına çatanda təsadüfən Raufla rastlaşmışdır. Rauf ondan pulunun olub-olmadığını soruşmuş, pulu olmadığını bildirdikdə Rauf paltarının yaxasından tutaraq əlini onun şalvarının arxa cibinə salmış və orada olan 150 manat pulu götürdükdən sonra qaçaraq uzaqlaşmışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib hadisə barəsində məlumat vermişdir. Hadisə 25 yanvar 2023-cü il tarixdə ərizə yazarkən əsəbi olduğu üçün Raufun daha ağır şəkildə məsuliyyətə cəlb ediləcəyini düşünərək hadisə zamanı “Samsung” markalı mobil telefonunun da Rauf tərəfindən açıq şəkildə talandığını qeyd etmiş, əslində həmin telefonu hadisədən təxminən 3-4 gün əvvəl istifadə etməsi könüllü surətdə Raufa vermişdir. Hadisə nəticəsində heç bir xəsarət almamış, Rauf ona hər hansı formada zor tətbiq etmədən 150 manat pulu cibindən çıxarıb hadisə yerindən uzaqlaşmışdır. Hadisədən sonra isə bu barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə tiryək əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 rəhbərliyi ilə 26 yanvar 2023- cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə saat 16:00 radələrində o, Şahid2 ilə birgə Abşeron rayonu Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi X.R.Ulutürk küçəsində piyada şəkildə hərəkətdə olan və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. İdarənin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs bədənində və ya üzərindəki əşyalarda olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarmış və içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı ilə bağlı məlumat verilmiş, ancaq şəxsi axtarış zamanı əhəmiyyət kəsb edə biləcək başqa hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim edilmiş büküm ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində olan kütlənin nə olduğu və bükümü haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bükümün içərisində olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddənin narkotik vasitə tiryək olduğunu, narkotik vasitəni 25 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Yasamal rayonu “Günəş” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamış, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumat əldə edilməmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı heç bir zor tətbiq və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 6/480 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,565 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (qalıq 0,465 qram - 0,05 qram narkotik vasitə tiryək tədqiqata sərf edilmişdir). Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 fevral 2023-cü il tarixli 5-41/2-xx-xx/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Adnalı kəndində qeydiyyatdadır, yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 16 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası CPM- in 40.2.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,465 qram narkotik vasitə tiryək Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Sücəddin oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,465 qram narkotik vasitə tiryək məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə 110 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,465 qram narkotik vasitə tiryək məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-79/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-79/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver