Məhkəmə qərarları › İş №1(012)-793/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-793/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-793/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı şəhəri, M.Müşviq küçəsi ev 13-də qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi. “Sentralnı” adlanan məhəllədə istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində siqaretin gümüşü rəngli kağızında bir büküm halında, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, 0,411 qram çəkidə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində daşıyaraq yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparıb saxlamış, 01 fevral 2024-cü il tarixdə saat 18 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evin yaxınlığındakı “Nurlan“ marketin qarşısında küçədə saxlanılaraq, Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış və həmin günü saat 20:30-dan saat 20:45-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən həmin bir büküm 0,411 qram çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş,əməlindən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 5-6 ay olar ki, azyaşlı uşağının faciəli şəkildə ölməsi ilə bağlı əhvalında olan depresiyadan çıxmaq üçün psixotrop maddə olan metamfetamindən istifadə edir. 01 fevral 2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi kəndi, “Sentralnı” adlanan məhəllədə olarkən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün siqaretin gümüşü rəngli kağızında bir büküm metamfetamin alıb, sonra istifadə etmək üçün əynindəki gödəkçəsinin cibinə qoymuş, həmin günü saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığındakı “Nurlan” marketin qarşısında küçədə olduğu vaxt mülki geyimdə olan iki nəfər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar. O da onlara lazım olan məlumatları verdikdən sonra polislər onun narkotik vasitə və psixotrop maddə qəbul etməsi barədə məlumatları olduğunu deyib, birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getməli olduğunu söyləmişlər. O da onlarla birlikdə polis bölməsinə getmiş, bundan sonra polislər xidməti otaqlardan birinə vəkil dəvət edib, onun üzərinə videoçəkilişlə şəxsiaxtarış keçiriləcəkləri barədə məlumat verib, hüquq və vəzifələrini izah edib, üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. O da əynindəki gödəkçəsinin cibində, 1 büküm metamfetamin olduğunu söyləyib, həmin 1 bükümü cibindən çıxarıb polisərə təqdim etmiş, bundan sonra polislər dəvət etdikləri qadının vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirimişlər. Lakin heç nə tapmayıb, onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Həmin bükümdə ağ kristallik maddə aşkar olunmuş, polislər ondan həmin kütləni haradan və nə vaxt aldığını soruşmuşlar. O da bir büküm metamfetamini elə həmin günü səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, “Sentralnı” adlanan məhəllədə olarkən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmişdir. Bundan sonra polislər onun təqdim etdiyi həmin bir büküm metamfetamini zərfə qoyaraq qablaşdırıb bu barədə protokol tərtib etmişlər. O və orada olan digər iştirakçılar həmin zərflə protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2024-cü ildə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad- Pirşağı avtomobil yolunun kənarında yerləşən ”Nurlan” marketin yaxınlığında nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbulu ilə məşğul olması, az sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki həmin ”Nurlan” marketin yaxınlığında olacağı, həmçinin üzərində narkotik vasitə və yaxud da psixotrop maddə olması barədə məlumat alıb, həmin məlumatı polis bölməsinin rəhbərliyinə məruzə edib, bir sıra zəruri sənədləşmə işlərini etdikdən sonra saat 18 radələrində iş yoldaşı, Mehdiabad PB-nin polis nəfəri Şahid2 ilə birlikdə Mehdiabad qəsəbəsindəki ”Nurlan” marketin yaxınlığına gedib gözləməyə başlamışlar. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs piyada gəldiyini görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Mehdiabad PB-nə getmişdir. Bu barədə polis bölməsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra xidməti otaqların birinə təhqiqatçısı tərəfindən vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyi bildirilmiş, axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək, üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir büküm metamfetamin olduğunu bildirib, əlini əynindəki açıq qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibinə salmış və oradan gümüşü rəngli kağıza bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da heç nə aşkar edilmədiyinə görə sonuncunun təqdim etdiyi bükümə baxış keçirmişlər. Həmin bükümdə ağ rəngli kristallik kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin metamfetamin olduğunu və həmin bir büküm metamfetamini səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisindəki “Sentralni” adlanan məhəllədə tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün alıb cibində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş həmin bir büküm kütlə kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilərkən Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin polis nəfəri Şahid2 da Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İstintaq materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən baxış keçirilmiş 01 fevral 2024-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən 01 ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,411 qram olan ağ rəngli kristallik maddə aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2024-cü il tarixli 3- 16-16/2-6/751 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,411 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 02 may 2024-cü il tarixli, 2889 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş hökm surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Tutulduğu və ev dustaqlığında olduğu cəmi 04 ay müddət təyin edilmiş cəzasından çıxılmış, üzərində qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 01 fevral 2024-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş 03 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran və Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı, CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun bu cinayət işi üzrə 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək tutulduğu 02 gün və Bakı Ağır Cinayətlər məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən tutulduğu və ev dustaqlığında olduğu 04 ay müddət, cəmisi 04 ay 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli Bakı Ağır Cinayətlər məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 büküm psixotrop maddə metamfetamin tədqiqat nümunələri götürüldükdən sonra cəmi 0,361 qram çəkidə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə aazadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun bu cinayət işi üzrə 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək tutulduğu 02 gün və Bakı Ağır Cinayətlər məhkəməsinin 08 may 2024-cü il tarixli hökmünə əsasən tutulduğu və ev dustaqlığında olduğu 04 ay müddət, cəmisi 04 ay 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnun cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,361 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxsnun üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar