Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-795/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış sahəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 1,151 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşımış və üzərində saxlamış, 21 fevral 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən Duz gölünün yaxınlığında olan zaman Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 20:12-dən 20:19-a kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd sellofana bükülmüş 1,151 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən bir il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 21 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 (on beş) manata psixotrop maddə-metamfetamin almışdır. Həmin psixotrop maddəni üzərinə geyindiyi şalvarın sağ yan cibinə qoyaraq yaşadığı ünvandan çıxaraq duz gölünün ətrafında istifadə etməyə getmişdir. Novxanı qəsəbəsində duz gölünün yaxınlığında olan zaman tanımadığı mülkü geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim etmiş və Abşeron RPİnin Saray PB-nin əməkdaşları olduğunu bildirmişdir. Polis əməkdaşları onu narkotik vasitənin və psixotrop maddənin gəzdirilməsində şübhəli bildiklərini bildirmiş və onun Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Onlar birlikdə Saray PB-nə gəlmişlər. Saray PB-də hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O üzərinə geyindiyi şalvarın sağ yan cibində olan içərisində psixotrop maddə-metamfetamin olan bir ədəd sellofan bükümü çəkiliş orqanına təqdim etmişdir. Üzərindən aşkar edilmiş, içərində olan kütlə zərfə qoyularaq üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçi X3 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün izahatında qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır. 21 fevral 2024-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini, 21 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 (on beş) manat pul ödəməklə şəxsi istifadə etmək məqsədi ilə əldə etmişdir. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Əməlindən peşman olduğunu bildirərək,himayəsində iki azyaşlı uşağın olmasını, hazırda narkotik vasitə istifadə etmədiyini və etməyəcəyini bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxs Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində iş yoldaşı Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid1 birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı axşam gəzintisində olduqları zaman Duz gölünün yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslə söhbət edilən zaman narkotik vasitə aludəçisi olmasını və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş və həmin şəxs üzərində psixotrop maddə olmasını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Həmin şəxs də onlara etiraz etməyib razılaşaraq birlikdə polis bölməsinə gəlmişdir. Abşeron RPİ-nin Saray PBdə olduqları vaxt həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Cavid bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop vasitə olan metamfetamindir. O, həmin psixotrop vasitə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı gəzintidə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmışlar. Həmçinin Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda Cavidin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Saray PB-nin əməkdaşı Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin günü saat 19:55 radələrində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, 6/1044 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksləri, “1) (imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,151 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 1,151 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,101 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında Abşeron RPİ-nin İstntaq Şöbəsinin müstəntiqi Məcid Məcidlinin xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxsi barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. - 11 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki,, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə 1,151 qram olan psixotrop maddə metafetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,101 qram olan psixotrop maddə metafetamin saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 24 fevral 2024-cü il tarixli, 1244 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu əticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - 11 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümü götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 01 ədəd bükümdə olan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 15 manat müqabilində almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan metamfetamini əldə edib üzərində saxlaması və daşıması cinayətini 21 fevral 2024-cü il tarixdə törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntüylə, ekspert rəyi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar, əvvəlllər məhkum olunmaması, törərtdiyi əməldən səmimi peşmançılığı və himayəsində yetkinlik yaşına çatmayan iki övladının- xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 olmasıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi əvvəlllər məhkum olunmaması, törərtdiyi əməldən səmimi peşmançılığı və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdara yaxındır. Bu da əməlin ictimai təhlükəliliyinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 24 fevral 2024-cü il tarixli, 1244 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,101 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80(səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,101 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi-80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-795/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-795/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver