Məhkəmə qərarları › İş №1(012)-796/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-796/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-796/2023 19.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Nəbi küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs geyim tərzi ilə bağlı irad bildirərkən bununla bağlı aralarında yaranmış narazılıq üstündə ailə daxili münasibətlər zəmnində mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun baş, ənsə nahiyələrindən yumruqla zərbələr vuraraq, saçını yolub dartaraq və ayaq, bud nahiyələrindən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin hematoması (dərialtına qansızması), sağ və sol bud nahiyəsinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, yaşadığı Qobu qəsəbəsindəki kafelərdən birində oturub pivə içən zaman arvadı Zərərçəkmiş şəxs ona zəng etmiş və qardaşının qonaq gəldiyini bildirərək evə gəlməsini istəmişdir. Buna görə də o, kafedən durub təxminən saat 22 radələrində evə getmiş və qardaşı Aqilin Şəbnəmlə həyətdə oturduqlarını görmüşdür. Haləhval edib əyləşdikdən sonra Şəbnəmin geyimi onun xoşuna gəlməmiş, bu səbəbdən də o, «vatsap» vasitəsilə ismarıc yazıb Şəbnəmdən paltarını dəyişməsini tələb etmişdir. Şəbnəm də öz növbəsində evə keçib əynində olan paltarın üzərinə digər bir paltar da geyinib yenidən onların yanına qayıtmışdır. Bir qədər oturduqdan sonra Aqil çıxıb getmiş, o isə bu cür geyimlə qardaşının qarşısına çıxmasına görə Şəbnəmə irad bildirmişdir. Bununla əlaqədar onlar arasında mübahisə yaranmış və o, əsəbləşərək əli ilə Şəbnəmin başına və bədəninə bir neçə dəfə zərbələr vuraraq onu döymüşdür. O, əlavə olaraq məlum hadisənin təxminən 5-6 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa şəxslərin olmadığını bildirmiş, eləcə də Şəbnəmin ona hər hansı bir formada müqavimət gxstərmədiyini də qeyd etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 5 ildir ki, ailə həyatı qurmuş və onlar birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində o, evdə olan zaman qaynı Aqil onlara qonaq gəlmiş, o isə əri Mahirə zəng edərək bu barədə məlumat vermiş və ondan evə gəlməsini istəmişdir. Bir qədər sonra Mahir də sərxoş vəziyyətdə evə gəlmiş və oturub birlikdə çay içib söhbət edən zaman ona «vatsap» tətbiqi vasitəsilə ismarıc yazaraq üst geyimini dəyişməsini bildirmişdir. O isə etiraz etmədən paltarını dəyişib yenidən onların yanına qayıtmış, bir qədər də oturduqdan sonra Aqil çıxıb getmişdir. Bundan sonra Mahir ona qardaşının yanında açıq-saçıq geyimdə oturması ilə bağlı irad bildirmiş və bununla əlaqədar onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Mahir əsəbləşərək yumruqla bir neçə dəfə onun baş nahiyəsinə zərbələr vurub saçından tutmuş və təpiklə bud nahiyələrinə zərbələr endirməyə davam etmişdir. Bu zaman o, Mahirin əlindən çıxıb küçəyə çıxmış və DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq məlum hadisənin 5-6 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa şəxslərin olmadığını bildirmiş, eləcə də həmin vaxt Mahirə hər hansı bir formada müqavimət göstərmədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1794 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin hematoması (dərialtına qansızması), sağ və sol bud nahiyəsinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs X2 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşmahesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar