Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-796/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə gündüz vaxtı Bakı şəhəri Yasamal rayonu ərazisində İnşaatçılar metro stansiyası yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 1,086 qram olan xeyli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış və üzərində saxlamış, 10 fevral 2025-ci il tarixdə saat 19:12-də Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri “Kristal 2” yaşayış kompleksinin qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq orada həmin gün, saat 19:12-dən saat 19:23-dək üzəri yoxlanılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 1,086 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 fevral 2025-ci il tarixdə saat 19:12-də Abşeron rayonu, Xırdalan şəhəri Kristal 2 saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmiş, polis əməkdaşları ona video çəkiliş vasitəsi ilə üzərinə baxış keçiriləcəyini bildirmişlər. O da etiraz etməmiş və həmin vaxt əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroini təqdim edərək bildirmişdir ki, həmin narkotik vasitəni 10 fevral 2025-ci il tarixdə gündüz vaxtı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata almış və öz şəxsi istifadəsi üçün daşımışdır. Daha sonra həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, daha sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfendensial görüş təmin edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. 10 fevral 2025-ci il tarixdə üzərimdən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini 10 fevral 2025-ci il tarixdə gündüz vaxtı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata almış və öz şəxsi istifadəsi üçün daşımışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Aldığı heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hərhansı bir digər formada təsir olunmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Abşeron rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. xx.xx.2025-ci il tarixdə gecə saat 18 radələrində Abşeron RPİ-də gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Ərzuman adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və hal-hazırda Abşeron rayonu Xırdalan şəhəri ərazisindədir. Odur ki, bu barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 10 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kiristal 2 Y/K-nin yaxınlığında saxlanılmış hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya aşkar olunmamışdır. Sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Yasamal rayonundan tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-yə gətirib təhqiqat bölməsinə təhvil vermişlər. Təhqiqat bölmsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə onun təqdim etdiyi bükümə baxış keçirilmiş və bükümdə olan kütlənin tərkibinin və miqdarının müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:20 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/612 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “... Rasim Məmmədov (imza) ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,086 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi – 1,086 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 0,986 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir; - “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin X4 dərhal azad olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 M 2 hissəsinin Z bəndi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il traixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 29, 177.2.2; 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzası 01 ilə endirilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 ay 27 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəzası bitmiş və qeydiyyatdan çıxarılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il traixdə Abşeron RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-134/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 26 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X3 haqqında xx.xx.2025-ci il tarixli, 1687 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra Abşeron RPİ-yə göndərilmiş 0,986 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Abşeron RPİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik narkotik vasitə heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 ay 27 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəzası bitmiş, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1687 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı təyin edilməlidir. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,986 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 17 saat üçün nəzərdə tutulan 187 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Abşeron RPİ-nin anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,986 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi- 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 17 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 187 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(012)-796/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-796/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver