Məhkəmə qərarları › İş №1(012)-798/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-798/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-798/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə 08 avqust 1993-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 124.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə saat 02 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Qrand market” və “Soliton” mağazalarının qarşısında saxlayıb orada yolun hərəkət hissəsi ilə hərəkət edən, spirtli içki aludəçisi olan və “narkotik vasitələrin birgə qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu, zərərli istifadə” xəstəliklərindən əziyyət çəkən qardaşı X10 evə aparmaq məqsədilə avtomobilə əyləşməsini desə də, sonuncunun onun sözünə məhəl qoymadığını görüb, xəstəliyindən asılı olaraq hər hansı qanunazidd hərəkətlər törətməsinin qarşısını almaq və onu evə aparmağa nail olmaq üçün, öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərib, idarə etdiyi avtomobildən istifadə edib Akşin Rüstəmlinin qabağındakı piyada səkidə yolunu kəsmək niyyəti ilə avtomobili hərəkətə gətirib qəsdən sükanı sağa döndərərkən bu zaman sonuncu dayanmayıb ona tərəf hərəkətinə davam etdiyinə və ayağının səkidən aşağıda olmasına görə avtomobilin sağ qanad hissəsinin ona dəyməsi nəticəsində yıxılaraq başının yerin bərk səthinə dəyməsi səbəbindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “Başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları” xəsarətini alması onun 31 yanvar 2025-ci il tarixdə müalicə aldığı “X23” PHŞ-də ölümünə səbəb olması ilə ehtiyatsızlıqdan adam öldürmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri atası Aqil Rüstəmovdan, analığı, yəni atasının 2-ci arvadı Şahid1, arvadı Şahid2, 2022-ci il təvəllüdlü azyaşlı övladı Əkbər Rüstəmlidən və mərhum qardaşı Akşin Rüstəmlidən ibarət olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməsə də, “Chevrolet Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili Müslüm adlı şəxsdən icarəyə götürüb gündəlik taksi fəaliyyəti kimi işləmişdir. Qardaşı Akşinlə münasibəti həmişə yaxşı olmuş, son vaxtlar Akşin spirtli içkiyə aludə olmuş, xəstə olduğu üçün dəfələrlə içməməsi üçün xəbərdarlıq etmişdir. Akşin hepatit C virusu, ağciyər vərəmi, narkotiklərin birgə qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu xəstəlikləri ilə xəstəxanada qeydiyyatda olmuş, onun içki içməyə davam edərsə xəstəliyinin ağırlaşacağına və narkotik vasitələrdən yenə də istifadə etməyə başlayacağına görə ehtiyat edib daim onu nəzarətdə saxlamağa çalışmış, Akşinin ailəsi elə içkiyə və narkotikə görə dağılmışdır. Sonuncu dəfə 29 yanvar 2025-ci il tarixdə təxminən saat 01 radələrində harada olmasını bilmək üçün Akşinə zəng vuranda o, Xırdalanda 120 deyilən yerdə olduğunu demiş, ona evə getməyi təklif edəndə o, getmək istəməmiş, ona maşınsız olduğunu deyib gəlib onu evə aparmasını demiş, əslində isə maşınla olmuş, sadəcə onun evə getməsi üçün belə demişdir. Təxminən 10 dəqiqədən sonra Akşin idarə etdiyi “Toyota Prius” markalı **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 1-ci binanın yanına gəlmiş, bu zaman ona dərmanlarını vaxtlı-vaxtında içmədiyini irad kimi bildirib evə getməsini demiş və buna görə aralarında sözlə mübahisə olmuş, bu zaman Akşin ona onun üçün elədiklərini başına qaxdığını deyib avtomobili orada qoyaraq piyada getməyə başlamışdır. Onu arxadan çağırsa da, dayanmadığı üçün öz avtomobilinə əyləşib onu evə aparmaq məqsədilə arxasınca getmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Qrand market” və “Soliton” mağazalarının qarşısında Akşini görüb avtomobili onun yanında saxlayıb avtomobilə evə getmək üçün əyləşməsini demişdir. Həmin vaxt Akşinin əlində pivə şüşəsi olmuş, ona etiraz edib evə getməyəcəyini deyib əli ilə getməsinə işarə etmişdir. Onu tək buraxsa xəstəliyinə görə yenə pis vərdişlərinə qurşana biləcəyini, kiminləsə yolda mübahisə edib dalaşaraq özünün xəsarət ala və kiməsə də xəsarət yetirə biləcəyini, problemlərinin yaranacağını düşünüb dayanması və avtomobildən düşün onunla rahat söhbət edib avtomobilə əyləşdirərək evə aparması üçün avtomobillə onun qarşısını kəsmək istəmişdir. Buna görə də qardaşı evə getməyəcəyini deyəndən sonra avtomobili bir az irəli verib sükanı ona, yəni səkiyə tərəf sağa döndərib qarşısını kəsmək istəmiş, avtomobili sağa döndərən zaman qardaşı Akşin də dayanmayıb hərəkət etməyə başlamış və bu zaman avtomobili saxlamaq üçün əyləcə bassa da, avtomobilin sağ hissəsi ilə qardaşını vurmuşdur. Bundan sonra tez avtomobildən düşüb qardaşına yaxınlaşmış, təcili tibbi yardıma zəng etmiş, həm də dostum Elvinə zəng edib onu da çağırmışdır. Təcili tibbi yardım avtomobili ilə qardaşını Semaşko xəstəxanası kimi tanınan X21 aparmış, 2 gün sonra, yəni yanvarın 31-i qardaşı Akşin aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hadisə baş verən gün ailə üzvləri rayonda toyda olmuş, qardaşını da küçədə qalmaması, avaralanmaması, pis vərdişlərinə yenidən qurşanmaması üçün evə aparmaq istəmiş, avtomobili bir az qabağa verib onun qarşısını kəsə biləcəyini düşündüyü üçün sükanı sağa döndərəndə istəmədən ehtiyatsızlıqdan qardaşını vurmuş, onu qəsdən vurmamış, heç vaxt öldürmək niyyəti olmamış, aralarında heç vaxt problem olmamış, əksinə başına heç bir iş gəlməməsi üçün ona daim nəzarət etməyə çalışmışdır. Əməlindən çox peşimandır.Keçirdiyi mənəvi iztirablaraı və ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 özünə və yaxın qohumlarına qarşı ifadə verməmək hüququ izah edilmiş və o, özü könüllü olaraq hadisə barədə ifadə verərək göstərmişdir ki, X6 ilə rəsmi nikahından 1991-ci ildə Akşin Rüstəmli və 1993-cü ildə Təqsirləndirilən şəxs anada olmuş, arvadı Rəsmiyyə 1998-ci ildə vəfat edəndən sonra 2003-cü ildə X8 ilə ailə həyatı qurmuş, həmin nikahdan övladları olmasa da, o, ana kimi övladlarına baxıb boya-başa çatdırmış, övladları da onu ana kimi sevmişlər. Oğlu Akşin bir dəfə qeyri-rəsmi nikahda olmuş, digər oğlu Ayqar da 2020-ci ildə ailə həyatı qurmuş, övladları arasında heç vaxt mübahisə, düşmənçilik və ədavət olmamışdır. Akşin uzun müddət narkotik vasitələrdən istifadə etmiş, bununla bağlı Respublika Narkoloji Mərkəzində müalicədə olmuş, Ayqar isə qardaşının pis vərdişlərdən və avara insanlardan uzaq olmasına daim nəzarət etmiş, hətta onu taksi sürücüsü kimi işə düzəltmişdir. 28 yanvar 2025-ci il tarixdə İmişli rayonunda qohumlarının toyunda iştirak etmək üçün ailə üzvləri ilə birlikdə toydan bir həftə qabaq rayona getmiş, övladları isə getməmiş, yanvarın 29-da gecə saat 03 radələrində oğlu Ayqar gəlini Zəhraya zəng edərək “Akşinin vəziyyəti pisdir” demişdir. Bunu ona dedikdən sonra oğlu Ayqara zəng edib nə baş verdiyini soruşmuş, bu zaman Ayqar “Akşinin vəziyyəti pisdir, onu aparmışıq Semaşko xəstəxanasına” deyə bildirmişdir. Bundan sonra o, da rayondan xəstəxanaya gəlmiş, yolda olanda Bakı şəhərində yaşayan bibisi oğluna həmin xəstəxanaya getməsini və nə baş verdiyini öyrənməsini xahiş etmiş, bir müddət sonra yolda olduğu zaman bibisi oğlu zəng edərək oğlu Ayqarın digər oğlu Akşini avtomobillə vurduğunu və hazırda X19 reanimasiya şöbəsində olduğunu söyləmişdir. Bir neçə saatdan sonra xəstəxanaya çatdıqda artıq polis əməkdaşları oğlu Ayqarı orada saxlayaraq polis idarəsinə aparmış, həkimlərlə görüşdükdə Akşinin vəziyyətinin ağır olduğunu öyrənmişdir. 31 yanvar 2025-ci il tarixdə günün birinci yarısı oğlu Akşin müalicə aldığı xəstəxanada ölmüş, elə həmin gün də digər oğlu Təqsirləndirilən şəxs məhkəmə tərəfindən həbs olunmuşdur. Oğulları arasında heç bir problem olmamış, bunu bədbəxt hadisə kimi qəbul etmiş, Ayqar Akşini evə aparmaq üçün qarşısını kəsdikdə ehtiyatsızlıqdan ona avtomobillə dəyərək xəsarət yetirmiş, onu öldürmək və xəsarət yetirmək istəməmiş, sadəcə onu evə aparmaq üçün yolunun qarşısını kəsmişdir. Olanlarda çox məyusdur,təqsirləndirilən şəxsə qarşı şiukayəti, tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ildə Aqil Rüstəmovla ailə həyatı qurmuş, onun ilk evliliyindən olan 1991-ci il təvəllüdlü Akşin Rüstəmli və 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs öz balaları kimi sevib boya-başa çatdırmışdır. Akşin bir dəfə qeyri-rəsmi nikahda olmuş, narkotik vasitələrdən istifadə etmiş və spirtli içki alüdəçisi olmuş, bununla bağlı Respublika Narkoloji Mərkəzdə müalicə almışdır. Amma digər oğlu Ayqar isə narkotik vasitələrdən istifadə etməmiş, çox nadir hallarda bir az spirtli içki qəbul etmişdir. Ayqar özü daim qardaşı Akşinlə maraqlanmış, onun narkotikdən uzaq olmasına çalışmış, hətta onu taksi sürücüsü kimi işə düzəltmişdir. 28 yanvar 2025-ci il tarixdə İmişli rayonunda qohumların toyunda iştirak etmək üçün bir həftə əvvəl ailəvi rayona getmiş, Ayqar və Akşin isə taksi sürücüsü kimi işlədiklərinə görə toya getməmişlər. 29 yanvar 2025-ci il tarixdə təxminən saat 02 radələrində gəlini Zəhraya oğlu Ayqar zəng edərək qardaşı Akşinin vəziyyətinin pis olduğunu və hazırda “Semaşko” kimi adlanan X1, bundan sonra əri Aqil bir neçə dəfə onunla telefonla danışandan sonra Ayqar ərinə təcili bura gəlməsini söyləmiş və Aqil də xəstəxanaya getmişdir. Daha sonra Akşinin reanimasiya palatasında olduğunu, Ayqarın isə polislər tərəfindən saxlanıldığını öyrənmiş, bundan sonra onlar da evə qayıtmış, evdə olduqları zaman əri Aqil ona Ayqarın idarə etdiyi avtomobillə Akşini vurduğunu söyləmişdir. 31 yanvar 2025-ci il tarixdə əri Aqilə oğlu Akşinin öldüyü və hazırda mərkəzi meyitxanada olduğu deyilmişdir. Ayqarla Akşinin arasında heç bir ədavət və düşmənçilik olmamış, əksinə Ayqar daim qardaşı Akşinin narkotik vasitələrdən uzaq olmasına çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dost münasibətlərində olmuş, onun heç kimlə problemi, ədavəti və düşmənçiliyi olmamışdır. Onun qardaşı Akşin Rüstəmli isə onlardan bir neçə yaş böyük olmuş, onun narkotik vasitələrdən istifadə etməsinə görə Ayqar çox əziyyət çəkmiş, bundan uzaq olması üçün daim ona nəzarət etmişdir. 28 yanvar 2025-ci il axşam saat 21 radələrində Ayqarla Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Beer Bokal” çay evində görüşüb ortaq dost-tanışlarla oturub çay içib söhbətləşmiş, bir neçə saat sonra Ayqar qardaşı Akşinə zəng edərək gəlib onu götürüb öz evlərinə aparmasını bildirmiş, o da onunla sağollaşıb evə getmişdir. Bir müddət sonra, yəni 29 yanvar 2025-ci il tarixdə təxminən saat 02 radələrində Ayqar ona zəng edib həyəcanlı şəkildə “Akşinin vəziyyəti pisdir” demiş, ondan harada olduqlarını soruşanda o, Xırdalan şəhəri, “Grand marketin” yanında olduqlarını söyləmişdir. Dərhal evdən çıxıb təxminən 3-4 dəqiqədən sonra həmin yerə çatmış, ora çatanda Akşinin hərəkətsiz vəziyyətdə yerdə uzandığını və baş nahiyəsindən qan gəldiyini görmüş, həmin vaxt Ayqar qardaşı Akşinin yanında oturmuş və təcili tibbi yardım stansiyasının əməkdaşlarını gözləmişdir. Təcili tibbi yardım stansiyasının briqadası gəlib Akşini yerdən götürərək avtomobilə qoyub “Semaşko” kimi adlanan X21 yerləşdirmişlər. Ayqar özündə olmamış, şokda olmuş, ancaq qardaşı Akşinin ayılmasını istəmiş, hadisənin necə baş verməsi barədə soruşanda isə şokda olduğundan bir söz deməmişdir. Daha sonra polis əməkdaşları gələrək Ayqarı polis idarəsinə aparmış, bir neçə saatdan xəstəxanaya onların atası Aqil Rüstəmov gəlib Ayqarın polis tərəfindən saxlanıldığını, Akşinin isə reanimasiyada olduğunu öyrənmişdir. 31 yanvar 2025-ci il tarixdə atası Aqildən Akşinin müalicə aldığı xəstəxanada öldüyünü, Ayqarın isə məhkəmə tərəfindən həbs olunduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və əlavə olaraq əri Ayqarla qardaşı Akşin arasında ədavət olmadığını, Akşinin uzun müddət narkotik vasitələrdən istifadə etdiyi üçün Respublika Narkoloji Mərkəzdə müalicədə olduğunu, Ayqarın da onun pis vərdişlərdən uzaq olmasına və avara insanlara qoşulmamasına nəzarət etdiyini göstərmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əmisi nəvəsi Şahid5 təklifi ilə 5 illik lizinq şərti ilə öz adına “Chevrolet Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil götürüb həmin gün milliyyətcə türk olan Müslüm adlı şəxsin arvadı Seda Dəmirə avtomobilə dair mülki etibarnamə vermiş, bundan sonra həmin avtomobili görməmiş, bildiyi qədər avtomobil taksi kimi işlənmiş və lizinq müqaviləsinin şərtlərinə əsasən hər ay ödənişi olunmuşdur. 30 yanvar 2025-ci il tarixdə axşam saatlarında Hümbət ona zəng edib “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsünün həmin avtomobillə öz qardaşını vurduğunu, xəsarət alan şəxsin xəstəxanada olduğunu, sürücünün polislər tərəfindən saxlanıldığını, avtomobilin isə cərimə meydançasında olduğunu bildirmiş, bir necə gün sonra isə xəsarət alanın xəstəxanada öldüyünü bilmişdir. Hadisəni törədən sürücünü və ölən şəxsi ümumiyyətcə tanımamış, aralarında nə baş verdiyi barədə məlumatı olmamışdır. İbtidai istintaqda şahid qismində şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda şahid qismində şahid qismində dindirilmiş X27 və X12 ifadələrində göstərmişlər ki, Şahid4 adına olan “Chevrolet Cobalt” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili “Uber” şirkəti ilə müqavilə bağlayıb taksi kimi istifadəyə vermişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə tanış olub həmin avtomobili idarə etmək üçün ona vermiş, o da öz qardaşı Akşin Rüstəmlini də taksi sürücüsü kimi təklif etmiş və onlar ona “Toyota Prius” markalı avtomobili vermişlər. Avtomobilin hərəkətdə olmadığını müəyyən etdikdən sonra onlara məlum olmuşdur ki, Ayqarın idarə etdiyi avtomobil X19 yanında yolun kənarında olmuş, Ayqar özü polis tərəfindən saxlanılmış, qardaşı Akşin isə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2025-ci il tarixli 23 saylı rəyindən görünür ki, X9 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda ”Başın küt travması. Baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı və kəllə əsası sümüklərinin sınığı. Sağ gicgah-təpə nahiyəsinin dərialtı hematoması əzilmiş-cırılmış yarası. Üst dodaq, boyun, sağ diz oynağı, sol baldır və sağ iç topuq nahiyələrinin sıyrıqları” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 29 yanvar 2025-ci il tarixdə Akşin Rüstəmlinin piyada qismində hərəkətdə olan zaman avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür. Akşin Rüstəmlinin ölümünün səbəbi – baş beyin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları olmuşdur. Ölüm 31 yanvar 2025-ci il tarixdə saat 02:10-da xəstəxanada baş vermiş, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilailamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilmədi. Kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 18 mart 2025-ci il tarixli 906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur, bu onda o dərəcədə ifadə edilməyib ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hazırki müayinələrin nəticəsinə əsasən onda törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da o, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, təfəkkür, qavrama və s.) normaya uyğun olduğu, emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, impulsivlik, tez özündən çıxmaq, emosional dayanıqsızlıq, özünə qarşı hörmət tələb etmək, öz fikirlərini üstün tutmaq və s. müəyyən edilir. Onun əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədərkən onun psixi-emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda, situasiya ilə əlaqədar qıcığa qarşı həssaslıq, əsəbilik kimi hallar əmələ gəlmişdir, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Abşeron RPİ-nin növbətçi hissəsinin 29 və 31 yanvar 2025-ci il tarixli raportlarından görünür ki, 29 yanvar 2025-ci il tarixdə saat 02:05-də “Chevrolet” markalı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı bir nəfər kişi piyadanı vurmuş, 31 yanvar 2025-ci il tarixdə isə həmin piyada – X13 aldığı xəsarətlərdən X23 PHŞ-də ölmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Grand market” və “Soliton” mağazalarının qarşısıdır, yol iki istiqamətli olmaqla hərəkət və ehtiyat hissələrindən ibarətdir. Hadisə yerində Təqsirləndirilən şəxs qardaşı Akşin Rüstəmlini vurması ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilmədi. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Akşin Rüstəmli gecə vaxtı yolun hərəkət hissəsi ilə piyadalar üçün müəyyən olunmamış yerdən yolu qarşıdakı “Grand market” və “Soliton” mağazalarına tərəf keçmiş və bu zaman onun gəldiyi istiqamətdən ağ rəngli minik avtomobili (Chevrolet Cobalt markalı) Akşin Rüstəmliyə yaxınlaşıb yanında dayanmışdır. Bu zaman Akşin Rüstəmlinin əlində içki (nə içkisi olduğu bilinmir) içə-içə avtomobildəki sürücüyə (qardaşı Təqsirləndirilən şəxs) baxıb əli ilə qabağı göstərmiş və sürücüyə nəsə deyəndən sonra hərəkətinə davam etmişdir. Bundan sonra sürücü bir qədər irəli gedib avtomobili sağa döndərərkən Akşin Rüstəmliyə dəymiş və sonuncu yıxılaraq başı yerin bərk səthinə dəymişdir. Bundan sonra sürücü avtomobili geri çəkib dayanmış və avtomobildən düşüb Akşinə kömək etməyə çalışmışdır. Minik avtomobilinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ağ rəngli “Chevrolet” markalı “Cobalt” modelli **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər iki yan tərəflərində qırmızı rəngdə “YANGO”, qara rəngdə “tətbiqi yükləyin” məzmunlu reklam yazısı yapışdırılmış, çöl tərəfdən zədəsiz vəziyyətdədir, hər hansı əzik, dağılma, sökülmə, çatlama və bu kimi əlamətlər müşahidə edilməmiş, yalnız avtomobilin ön sağ hissəsində buferin üzərində kiçik ölçülü 1,2x2,5 sm sahədə rəngin qopması görünsə də, həmin hissədə batıqv və əzik izləri yoxdur və hər hansı bərk əşyaya, o cümlədən avtomobilə sürtülmə nəticəsində əmələ gəlməyə xarakterikdir. Avtomobilin salonu da səliqəli və təmizdir, salonda hər hansı kəsici-deşici və digər bu kimi alət və əşyalar aşkar edilməmişdir. Ümumilikdə avtomobilə baxış keçirilərkən qanabənzər ləkələr müşahidə edilməmiş, iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya və alətlər aşkar olunmamışdır. Geyim əşyalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə vaxtı mərhum X9 üzərində olmuş geyim əşyaları - açıq mavi rəngli gödəkcə, göyümtül rəngli klassik tipli cins şalvarı, uzunqol qara rəngli köynək bir cüt qara rəngli kişi ayaqqabısı, bir cüt qara rəngli kişi corabında zədə işləri aşkar edilməmiş, gödəkcə, şalvar və köynək üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 18 mart 2025-ci il tarixli məktubundan görünür ki, X13 2023-2024-cü illərdə “Virus mənşəli xroniki C hepatiti, Yuxarı tənəffüs yollarının çoxsaylı və dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin infeksiyası”, “Şəxsiyyətin emosional davamsız pozuntusu, Ağciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması”, “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla mühitdə artımla və ya artımsız, Mycobacterium tərəfindən törədilən ağciyər infeksiyası” və “Narkotik vasitələrin birgə qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu, zərərli istifadə” diaqnozları ilə dispanser qeydiyyatda olmuşdur. Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 29 mart 2025-ci il tarixli məktubundan görünür ki, X13 2017 və 2022-ci illərdə stasionar müalicələrdə olmuş, 2023-cü ildə isə tam müayinə olunmadan xəstəxanadan evə yazılmışdır. Respublika Narkoloji Mərkəzi PHŞ-nin 15 mart 2025-ci il tarixli məktubundan görünür ki, X13 30 dekabr 2024-cü il tarixdən “eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixotik maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları. Zərərli istifadə” diaqnozu ilə mərkəzdə narkoloji qeydiyyatda olmuşdur. Abşeron RPİ-nin əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs ilə qardaşı X13 arasında əvvəllər hər hansı ədavət və düşmənçilik olmamış, hadisə görüntüləri istintaq orqanı tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3.000 manat cərimə cəzasına məhkum olunmuşdur. Sumqayıt Probasiya Şöbəsinin 16 iyul 2025-ci il tarixli məktubundan görünür ki, cərimə 05 dekabr 2018-ci il tarixdə tam ödənilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir,Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürməyə görə ona elan edilmiş ittihamla razılaşmış, özünü müdafiə etmək üçün konkret heç bir dəlil gətirməmiş, hadisənin ehtiyatsızlığı ucbatından baş verdiyini, niyyətinin onu vurmaq yox, avtomobilə əyləşdirib evə aparmaq istəməsi olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 124.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olması və zərərçəkənin hüquqi varisinin ondan şikayətçi olmaması, aralarında barışıq əldə edilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun zərərçəkən tərəflə barışıq əldə etməsi, himayəsində azyaşlı uşaqlarının olması kimi cəzasını yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 124.1--ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halı, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Bir ədəd hadisənin baş verməsini özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 1 ədəd disk maddi sübut kimi çinayət işinin materiallarında saxlanılmalıdır . Cinayət işi üzrə əhəmiyyət kəsb edən Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanan zərərçəkmiş şəxs X9 üzərində olmuş geyim əşyaları - açıq mavi rəngli gödəkcə, göyümtül rəngli klassik tipli cins şalvarı, uzunqol qara rəngli köynək bir cüt qara rəngli kişi ayaqqabısı, bir cüt qara rəngli kişi corabı və geyim əşyaları hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablansın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar